Modern.az

Kəlmələrə yaşamaq şansı verək

Ədəbi̇yyat

22 Yanvar 2022, 17:14

Nüşabə Hüseynli

Orfoqrafiya lüğəti yenidən nəşr ediləcək. Nə gözəl. Gəlin növbəti lüğətin formalaşmasında özümüz də iştirak edək.

Hər şeydə bir xeyir var. Bu, dil qanunlarına görə bildiyinin təsdiqini lüğətdə tapa bilməyələrin prosesdə iştirakı üçün gözəl şansdır. Təkliflər verək, dilimizdə olub lüğətə düşməyən sözləri, məntiqə, mənaya, ehtiyaca əsasən, tez-tez rast gəlinən dil hadisələrinin də lüğətdə nəzərə alınmasına nail olaq. Bu işi məhz bir qrup alimin deyil, hamımızın məsuliyyətinə çevirək. Ən azı, dildə yazarkən, danışarkən hansı sözlərdə, mənaların ifadəsində əziyyət çəkdiyimizi, harda dalana dirəndiyimizi söyləyək. Şikayət, giley-güzar şəklində deyil, istək, ehtiyac şəklində. Məncə, bu, həm lüğəti tərtib edənlər üçün, həm də axtardığı sözü orda tapmayanlar üçün gözəl imkandır.

Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ciddi qüsurlara görə ləğv edilməsi və satışdan yığışdırılmasını nəzərə alsaq, biz düz 9 ildir bu lüğətin yolunu gözləyirdik. 6-cı nəşrdə hansı qüsurların olduğunu deyə bilmərəm, amma düşünürəm ki, hər halda “hörümçək” söhbətinə bənzər səbəb olmayıb. Bu dil bizim dilimizdir. Hər birimizin də gözəl, səliqəli, özəl özünüifadə hüququ var və bu hüququmuz orfoepiya ilə təmin olunmalıdır. Biz dildaşlar 9 ildən sonra nəşr edilən lüğətimizə “hörümçək”siz qalmağı rəva bilsəydik, bu imkan yaranmayacaqdı. Ya zəlzələdən, ya vəlvələdən, ictimaiyyətin, medianın qınağı, sözü, doğrusu-düzü yerə düşmədi. Bir halda ki, sözümüz yerə düşmədi, onda bu lüğətin formalaşmasında, zənginləşməsində özümüz də iştirak edək ki, yerə düşməyən sözümüz lüğətin 8-ci nəşrinə düşsün. Özümüzə aid olana özümüz qərar verək.

Bildiyiniz və bildiyimiz kimi, sözlər orfoqrafiya lüğətinə həm də işlənmə tezliyinə əsasən daxil edilir. Xalqın dilində hansı sözə və onun hansı formasına daha tez-tez rast gəlinirsə, həmin sözün lüğətə düşmək ehtimalı daha çoxdur. Dil yaradıcılığı xalqa məxsusdur. Bu dildə danışan, bu dildə düşünən hər kəsin bu lüğətdə axtardığını tapmaq iddiası var. Dil toxunulmaz, dəyişməz deyil. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, orfoqrafiya lüğəti, ən geci, 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 7-ci nəşrdən 9 ay sonra 8-ci nəşrə qərar verilməsi isə hər deyəndə ələ düşmür.

Sonuncu lüğətdə “nigaranlıq” sözü  də var, “nigarançılıq” da, “düşmənlik” də var, “düşmənçilik” də. Eyni yanaşmadan çıxış etsək, əslində, “narahatlıq”, “peşmanlıq” sözlərilə yanaşı, “narahatçılıq”, “peşmançılıq” sözləri də olmalıydı. Axı niyə də olmasın? Bir halda ki, xalq bu kəlmələrə yaşamaq hüququnu verir, o sözlərə sadiqdir, hələ də dilimizdədir, deməli, lüğətdə olmalıdır.

Dil daim dəyişən, inkişaf edən canlı orqanizm kimidir, göydən enmiş müqəddəs kitab deyil. Bu, təbii şəkildə zamanla dəyişən, proses istəyən məfhumdur.

Və nəhayət, dil doğmalıq əlamətidir, birliyin, mədəniyyətin, tarixiliyin təcəssümüdür. Biz bir-birimizə dildə qovuşuruq, bütövləşirik. Sözlərə, ifadələrə qısqanclıqla yanaşmaq araya yalnız xilaf salar. Dərin düşün, zəngin danış, doğru yaz – meyar bu olsun gərək. Kəlmələrə yaşamaq şansı verək – hansına nə qədər ömür vermək mənim, sənin, onun deyil, hamının, xalqın ixtiyarındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü