Modern.az

Əlisa Nicatın ETİRAFI...

Ədəbi̇yyat

4 Dekabr 2022, 22:27

Nüşabə Hüseynli

Əlisa Nicat ətrafındakı söhbətlər qurtardısa, özünə keçək deyirəm. İsi Məlikzadənin “Qatarda” tamaşasında çəkməçi Dadaşovun hamıya ünvanlanmış ritorik bir sualı var: “Bayaqdan bu boyda vaqonda bir nəfər də cürət edib soruşa bilmir ki, ay yoldaş Dadaşov, axı sən kimsən, kim?”.
Buna qayıdacağam. Azca səbir...

“Əlisa Nicat-qazpulu” olayına o yön, o bucaq qalmadı ki ordan baxıb fikir söylənilməsin. Bir neçəsini qeyd etmək istəyirəm, üzrlü sayın.

1. Şahbaz Xuduoğlunun düşünülmüş marketinq planı olduğu deyildi.
Məncə, yox. Əlisa müəllim yazdığını yazıb qurtarıb. Allah ömür versin, amma ondan yeni əsər gözləmək ciddi deyil. Biznes tərəfi ilə fikirləşəndə nəşriyyat marketinq planını perspektivi olan, özünün inkişaf etdirdiyi məhsuldar və təbii, ümidverici müəllif ətrafında qurmalıdır.
Əlisa müəllimin satılsın lap 200 kitabı. Hə sonra? Bir də ki özümüzü tanıdığım qədəri biz çox yardımsevər, xeyirxah və səxavətli xalqıq. Amma bu məziyyətimizi də ən asan üsullarla həyata keçirməyi sevirik. Yəni özümüzə əziyyət verməklə aramız yoxdur. Məsələn, bizim üçün Əlisa müəllimin kartına pul atmaq daha uyğundur, nəinki kitabını alıb oxumaqla onun evini isitmək. Dolayısı ilə xeyriyyəçi vicdanımızı birbaşa yolla rahatlayırıq.


2. “Kitabı satılmırsa yazmasın” fikri də maraqlı idi.
Yaradıcılığa konveyr üsulu ilə baxmağın tərəfdarı deyiləm. Yazdığını kitablaşdırıb satışından qazının pulunu ödəyəcəyini proqnozlaşdıran yazıçı tanımıram. Bunu ulduz falı kitabları ilə eləmək olar, razıyam, amma beyin məhsulu ilə yox.

3. “Əlisa Nicat yazıçı deyil” fikri ətrafında da dostların münasibətini gördüm: Hitleri bütləşdirir, qadınları aşağılayır və s. Onda belə çıxır ki, qazını bolabol işlədib pulunu ödəmək iqtidarında olanların hamısı yaxşı yazıçıdır, deməli, dolayısı ilə yaxşı həyata da layiqdirlər, Əlisa Nicat isə pis yazıçı olduğuna görə qazsız qalmalıdır... Bir də ki bu halda onun yazıçı olması da ona xüsusi imtiyaz qazandırmır. O, hər şeydən əvvəl adi vətəndaşdır. 87 yaşında belə qənaətə oturan, bundan sonra nə qədər ömrü qaldığını bilmədən son gününədək bədxərclik edib canını qızdırmaqdan qorxan ahıl vətəndaş. Bu yaşında da qışda isinməyi özünə rəva bilməyən vətəndaş – problem budur.

Nəsə, uzun söhbətdir. İndi keçək çəkməçi Dadaşov xatırlamasına. Danışırıq, danışırıq, amma niyə soruşmuruq ki, Əlisa müəllim, siz özünüz bu baş verənləri necə dəyərləndirirsiniz? Niyə soruşmuruq ki, “qazpulu” söhbəti ətrafındakı hərəkətlilik ona necə təsir etdi? Onu yazıçı kimi, vətəndaş kimi sındırdımı? Yoxsa bizim təxmin edə bilməyəcəyimiz hansısa yeni duyğular, fikirlər oyatdı onda?

İTV-nin “Sabaha saxlamayaq” verilişinin studiyasında Əlisa Nicat çox maraqlı etiraf etdi. Həmişə “Mənim xalqım min nəfərdir” deyən Əlisa Nicat indiyədək yanıldığını boynuna aldı.

“Mən çox şeyi düzgün qiymətləndirməmişəm” dedi. Düşünürəm ki, bütün insanların hər şey barədə həqiqəti bilmək haqqı var. Ömrünün 87-ci ilində Əlisa Nicat yanlışını görüb, etiraf edib həqiqətini tapırsa və buna hansısa “qazpulu” söhbəti səbəb olursa, burda artıq qara-qura söhbətləri kənara qoymalıyıq, məncə. Olayın canı da bu imiş demək. Materialist Əlisa müəllimə edilən lütfdən – yanlışını göstərmək - bütün bəndələrə arzulayıram.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır