Modern.az

Xəlil Rzanın “araba”sı və oğlu Təbrizlə bağlı ƏHVALAT

Ədəbi̇yyat

12 Fevral 2022, 12:02

Mahir Qabiloğlu

Xəlil Rza Ulutürkü lap körpəliyimdən tanıyıram. Atamın dostu idi. Çox istiqanlı, mehriban adam idi. Heç kimin xətrinə dəyməzdi. Kimsə ona Xəlil müəllim, yoldaş Xəlil Rza, yaxud da Xəlil Rza Ulutürk deyə müraciət etməzdi. Sovet dövrünün qılıncının qabağı da, dalı da kəsən dövrlərdə belə, onu Xəlil bəy deyə çağırırdılar.

Osmanlı türkcəsindən işlətdiyi sözləri əlbəttə ki, çoxları, o cümlədən mən balaca Mahir də başa düşmürdüm. Amma buna baxmayaraq 6 yaşlı mən yaxşı bilirdim ki, türklər avtomobilə (Azərbaycan dilində nə qədər gülməli səslənsə də) araba deyirlər. Onun da öz tarixçəsi vardı.

Xəlil əmi atamla hansısa məclisdən qayıdırlarmış. İkisinin də kefi yuxarıymış. Yəni ki, içiblərmiş. Onları evlərinin qapısında düşürtmək əmri almış sürücüyə deyirlər ki, “maşını evdən bir az uzaqda saxla. Burdan piyada getmək istəyirik”. Nə isə, maşından düşüblər. O vaxtkı Əzizbəyov, indiki İslam Səfərli küçəsiylə yürüməyə başlayıblar. Əlbəttə ki, səkiylə yox, yolun qırağıyla. Gecə yarısı, boş küçədə axır bir maşın tapılır ki, bunların yanından keçsin. Və keçəndə yolun hərəkət hissəsinə daha yaxın olan atamın ayağına toxunur. (Yaxud da ki, atam maşına toxunub. Çünki qapalı sınıq idi. Maşın dəysəydi sümük xıncım-xıncım olardı)

Nə başınızı ağrıdım, atamın ayağı sınır. Xəlil əmi də onu çiyninə alıb otuzdurur maşına gətirir o vaxtkı Şaumyan xəstəxanasına, indi Leyla Şıxlinskayanın klinikası yerləşən məkana. Atama yardım göstərirlər, ayağını tez rentgen edib gipsə salırlar.  O vaxtkı milis, indiki polisə də xəbər verirlər. Atam ağrıdan sızıldadığından milis  ona yaxınlaşmır. Yanaşırlar bu hadisənin canlı şahidi Xəlil Rzaya (o vaxt təxəllüsü belə idi). Deyirlər ki, danış görək hal-qaziyyə necə baş verib. O da:

- Böyük Qabilimizlə yolla yürüyürdük. Bu dəm bir araba gəlib dəydi böyük şairimizə.

- Nə? Araba? – milis təəccüblə soruşur.

- Bəli araba. – deyə Xəlil Rza cavab verir.

- Nə araba? Bəlkə fayton? – deyə milis bir qədər də dəqiqləşdirməyə can atır.

- Xeyr, araba idi.

- Gecə vaxtı, şəhərin mərkəzində... orda araba nə gəzirdi? Nə arabası idi, eşşək, yoxsa at?

- Sadəcə araba idi. Bir də gördüm ki, Qabilimiz yerdə uzanıb, ağrıdan qışqırır. Tez onu aldım çiynimə, otuzdurdum arabaya, gətirdim xəstəxanaya.

Milis Xəlil Rzanı yaxşı tanımadığından, onun leksonuna bələd olmadığından belə düşünür ki, yəqin dəmdir – onu ələ salır. Tez ordan uzaqlaşıb gedir.


Qorbaçovun bəxti gətirdi ki, Xəlil Rza deputat deyildi...


20 Yanvar faciəsindən sonra  Xəlil Rza Ulutürkün sovet rejiminə qarşı nifrəti daha da artmışdı. O vaxt çoxu bu mövqedə idi. Hətta açıqca Qorbaçovu cəllad da adlandırırdılar. Xəlil əminin bu cəllada münasibəti isə tam fərqli idi.

O vaxtlar SSRİ Xalq deputatlarının qurultayı keçirilirdi. Bizim azərbaycanlı nümayəndə heyəti də orda iştirak edirdi. Bu deputatlardan birinə söz verilmədən cürət edib çıxır tribunaya ki, xalqımızın dərdini desin. Danışmaq istəyəndə Qorbaçov mane olur. O da neçə çıxmışdısa, eləcə də qayıdıb oturur yerinə. Sonra da bunu belə izah edir ki, bəs ailə tərbiyəsi gördüyündən, ayağını bir başmağa dirəyib çıxış edə bilməzdi. Naxallıq ədəbsizlik sayılır. Xəlil əmi isə başqa cürə deyirdi:

“Olaydım o bizim deputatlarımızın yerində. Danışmaq bəhanəsiylə çıxaydım tribunaya. Birdən geri çönərək yapışardım Qorbaçovun boğazından. Görüm sonra onu mənim əlimdən ala bilərdilər, ya yox?”.

Düzdür, Xəlil Rza ailə tərbiyəsi görmüşdü. Amma milli ruhda tərbiyəsi, Türk xalqına məhəbbəti hər şeydən üstün idi.



Təbriz elə deməz


Təbriz (şəhid, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli) məndən iki yaş böyük olsa da, Rzadan fərqli olaraq dostluğumuz tuturdu. Atam təzə “Volqa” QAZ-2410 maşını almışdı. Hərdən qarajdan qaçırıb, bərabər gəzməyə də çıxırdıq. İndinin aftoş-qaqaşları savayı. Amma  xuliqanlıq etmirdik. Sadəcə əylənirdik. Hər dəfə də deyirdi ki, “Atama maşın aldıracam. Bizim də “Volqa”mız olacaq”.

Xəlil əminin isə avtomobilə heç həvəsi yox idi. Lakin ailə böyük qüvvədir. İnsanı həvəsə gətirməyə qadirdir. Moskvadan dönəndən sonra bu məsələ gündəmə gəldi. Yazıçılar İttifaqının xəttiylə “Volqa” ayırsalar da, Xəlil əmi istəmirdi. Sovet dövründə isə hər adam öz qiymətinə “Volqa” almağa layiq görülmürdü.

Günlərin bir günü onlarda olanda Təbriz mənə bir işarə elədi. Mən də başladım:

- Xəlil əmi, Təbriz deyirdi ki, papam qoy Moskvadan qayıtsın, ona maşın aldıracam.

Xəlil əmi hirsli-hirsli sifətimə baxıb sözümü kəsdi:

- Təbriz heç vaxt elə söz deməz.

- Necə yəni deməz? Deyirdi axı. Deyirdi ki, qoy papam qayıtsın, mənimçün “Volqa” alacaq.

Xəlil əmi bu dəfə də hirsini boğub:

- Mən dedim, axı, Təbriz elə söz deməz.

Naəlac qalıb, üzümü Təbrizə çevirdim:

- Təbriz elə demirdin?

- Deyirdim. – deyə o da təsdiq elədi.

Xəlil əmi, bu dəfə lap partlayaraq:

- Mən deyirəm ki, Təbriz “papa” deyə bilməz. Təbriz “atam mənim üçün maşın alacaq” deyə bilərdi.

P.S. 12 fevral tarixi Azərbaycanın Milli Qəhrəmanı, mərhum Xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlilbəylinin doğum günüdür...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!