Modern.az

Deputat olmaq istəyirəm - BİRCƏ ÇAĞIRIŞ

Parlament

1 Sentyabr 2024, 11:02

Bu həvəs məndə 16 yaşında baş qaldırıb. Bircə arzum ürəyimdə qaldığı üçün.

LENİN BABA VƏ DEPUTAT

1982-ci il idi. Sinif rəhbərimiz Ramizə İsmayılova Yeni il tətili günlərində 18 nəfər 10-cu sinif şagirdi olan bizi Moskvaya aparmışdı. Paytaxtın gəzməli-görməli yerlərini gəzdik.  Demək olar ki, hər yerdə olduq. Sonda Qızıl Meydana gəldik. Mavzoleyə böyük bir növbə uzanmışdı. Havada da 25-30 dərəcə şaxta. Ramizə İsmayılova xəstələnərik deyə 4-5 saat növbəyə dayanmağa risk etmədi. Beləcə, o vaxt hər bir sovet övladının, oktyabryat, pioner, komsomolçunun böyük arzusu olan Lenin babanı görmək istəyi ürəyimizdə qaldı. Bir vaxtlar SSRİ Ali Sovetinin deputatı olmuş Ramizə müəllimə də pərt olmuşdu. Tez-tez təkrar edirdi:

- İndi olaydım SSRİ-nin deputatı. Burda qabağımızı kəsib növbəyə düzən milis “çest” verib özü bizi qapıyacan müşayiət etmişdi. Bilirsinizmi nə qədər azərbaycanlını növbəsiz  Lenini görməyə aparmışam? Eybi yox, bu dəfə qaldı, yayda gələndə ziyarət edərik.

Ramizə müəllimə sonra onu da dedi ki, bəs Mavzoleyə növbəsiz giriş səlahiyyətinə yalnız SSRİ deputatı malikdir, Azərbaycan SSR Ali Sovetinin deputatları yox. SSRİ-nin deputatı 200 rubl maaş alır. Dəmiryol, təyyarə biletləri də havayıdır, bronu da öz yerində. Nədənsə ilk dəfə onda deputat olmaq istədim.

DEPUTAT İSMAYIL ŞIXLI

Deyirlər ki, deputat seçilmirlər. Təyin edilirlər. Yaxud da ki, deputatlıq da Həcc kimi adamın boynuna düşməlidir. Bu sovet dövründə belə idi. Məsələn,  Azərbaycan Yazıçılar İttifaqının sədri SSRİ-nin deputatı, minimum Azərbaycanın deputatı seçilməliydi. Yaxud da iki dəfə Sosialist Əməyi Qəhrəmanları hökmən deputat olmalıydılar. O cümlədən bütün raykomların 1-ci  katibləri. İndi də bu prinsiplərin bəziləri davam etməkdədir. Kimi “Azərkimya”nın, AzTV-nin sədri qoyurlar o saat deputat seçilir. Kimi də bu vəzifədən çıxarırlar, o saat da deputatlığından məhrum olur. Sovet dövrü başqa tələblər də vardı. Məsələn, 10 uşağı olan “qəhrəman ana”, sağıcı axtarırdılar ki, bəs SSRİ deputatlığına namizədliyini irəli sürsünlər. Göründüyü kimi, deputatlıq sovet dövründə  həm də vakant vəzifə əlavələriydi. İstəsən də, istəməsən də. Sadəcə bəxtin gətirməliydi.

Nəisə, böyük yazıçımız İsmayıl Şıxlı 1987-ci ildə Yazıçılar Birliyinin sədri, eyni zamanda həm də deputat idi. Günlərin bir günü İsmayıl əmi vəzifəsindən istefa verdi. Qalanın isə öz dilindən versəm yaxşı olar:

“Mən mənzilimi dəyişmişdim. Aralı düşmüşdük. Amma əlaqəmiz kəsilməmişdi. Bir gün Qabil yenə qapımızı döydü. Hay-harayla içəri girdi. Xoş-beşdən sonra gözlənilmədən soruşdu:

- Mirzə, hələ səni deputatlıqdan çıxarmayıblar ki?

Qəfil sualdan özümü itirsəm də cavab verdim:

- Yox.

- Lap yaxşı,- deyə azacıq fikrə getdi və sonra yenidən gözünü üzümə zillədi: - Yəqin sənə hələ beş-on gün dəyməzlər.

- Mən də elə bilirəm.

- Sən vəzifədən çıxmısan... bunun deputatlığa nə dəxli?

Keçib əyləşdik. Qabilin sorğu-sualının dalını gözlədim. O məni intizarda qoymadı. Təzədən qəribə sual verd:

- Deputat sərhəd rayonlarına “propusksuz” gedə bilərmi?

- Gedə bilər.

- Bəs maşında yanınca gedənlər necə?

- Onlar da “propusksuz” gedə bilərlər.

Bu dəfə mən dözmədim.

- Qabil, mus-mus deyincə bir dəfəlik Mustafasını de görək.

- Bu saat, Mirzə, səbr elə. Heç Yardımlıda olmusanmı?

- Yox. Yolum düşməyib.

- Hə, indi düşəcək. Salyanda, Şorsuludan o tərəfdəki sərhəd məntəqəsindən bizi sən keçirəcəksən. Elçin bala əyləşəcək “Volqa”sında, yanında da sən. Arxada da üç nəfər. Birbaş qalxacağıq Yardımlıya.

- Xeyirdimi, Qabil?

- Xeyirdir, Mirzə. Mahir balama elçiliyə gedirik. Onun kirvəsi müqəddəs adam, elçisi də deputat olmalıdır. Yoxsa bizi sərhəddən buraxmazlar”.

Sovet dövrü deputatın belə səlahiyyətləri də vardı. Sərhəd-keçid məntəqəsindən öz maşınında kimi istəsə keçirə bilərdi. Heç kim də soruşmurdu ki, hara gedirsən?..


İCLAS ZAHİD QARALOVUNDUR

AzTV-də işləyəndə tez-tez Milli Məclisin komissiya iclaslarına gedirdim. Əvvəlcədən bilmirdik ki, hansı komissiyadır. O vaxtlar deputatlar xarici səfərlərə tez-tez gedirdilər. Təcrübəni öyrənirdilər. Tətbiq edirdilər.

Komissiyanın iclaslarında ortaya “Badamlı” düzürdülər. Kiminsə boğazı qurusa içsin. İçəri girdik. Həmkarlardan soruşdum ki, “Bəs hansı komissiyadır?”. Dedilər ki, görmürsən ortada “Badamlı” və stəkanlar yoxdur? Hamısını qıraqda bir stolun üstünə yığıblar. Deməli Zahid Qaralovun komissiyadır. Hansısa xarici ölkədə görüb, gəlib bizdə də tətbiq edib. “Ortaya su düzmək olmaz, qonaqlıq-zad deyil a... Kim istəyir getsin qıraqda içsin”, - deyir Zahid Qaralov.

MƏN SOVET HÖKUMƏTİNİ ...

Deyilənə görə olmuş hadisədir. Amma lətifə kimi danışırlar. Mənə də arvadı deputat olmuş bir tanışım danışmışdı.

Deməli sovet dövründə raykom katiblərinə hay çəkirlər ki, bəs on uşağı olan, sağıcı qadın tapmalısınız ki, SSRİ deputatlığına namizədliyini verək. Çətinliklə də olsa ucqar dağ kəndindən birin tapırlar. Sənədlərin toplayıb seçkiyə buraxırlar və sağıcı qadın deputat seçilir. Seçkinin səhəri günü sağıcının əri gedir ZAQS-a ərizə verir ki, bəs boşanıram. Soruşurlar ki, niyə? Heç nə demir. Söhbət gedir çıxır rayon aktivinə. Kişini çox çək-çevirə salırlar. Axırda dözmür:

- Ay camaat, bu mənim üçün əvvəllər arvad idi. Bir yastığa baş qoyurduq. Gecələr də ki... On uşağımız var. İndi deputat seçilib. Dövlət adamı sayılır. Mən hər gün gecə Sovet Hökumətiylə necə intim əlaqədə ola bilərəm? Ona görə də boşanıram. Bildiz?

MƏNİMÇÜN DEPUTAT OLMAQ VACİBDİR

Günlərin bir günü yenə komissiya iclasıydı. Özü də bir neçə komissiya bir yerə toplaşmışdı. Deməli gündəlikdə vacib məsələ olmalıydı. Bir passiv millət vəkili Minayə Əliyeva vardı. Amma nədənsə bu dəfə çox aktiv görünürdü. Onun bu fəallığı mənim də diqqətimi cəlb etdi. Qanun layihəsini anlamağa çalışan deputata digər həmkarı Eldar İbrahimov köməyə gəldi. Loru dildə onu başa saldı:

- Ay qız, bax sən indi deputatsan. Sabah isə deputat seçilməyə bilərsən. Bax yaşın çatanda, pensiyaya çıxanda sən fəaliyyətdə olan deputatın maaşının 80 faizini alacaqsan. Mütəmadi onların maaşı qalxdıqda, sənin də pensiyan artacaq. Bildin?

İndi həmin gündən yuxum ərşə çəkilib. Pensiyama isə cəmi  8 il qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri