Modern.az

Təcavüz deyil, vətəndaş müharibəsidir...

Ədəbi̇yyat

27 Fevral 2022, 13:29

Mahir Qabiloğlu

Son iki gündə Rusiyanın Ukraynaya hücumu ilə başlanan hadisələri diqqətlə izləyirəm. Yadıma, bilirsiniz, nə düşür? - SSRİ dağılanda meydana çıxan bir siyasi lətifə. 

HAŞİYƏ: Deməli, ABŞ SSRİ ilə bağlı bütün məlumatları çıxdaş edəndən sonra belə bir qənaətə gəlir: “Sovet xalqı, daha dəqiq desək ruslar çox dözümlü xalqdır”. Amma yenə də buna inanmırlar. Rusiya ərazisində 2000 işçisi olan zavodu icarəyə götürürlər. Səhəri günü onları meydana yığıb deyirlər:

Sabahdan zavodun kollektivinin yarısı ixtisara düşür.

Sonra izdihama baxırlar. Heç kim etiraz etmir, danışmır, dinmir. Dağılışıb gedirlər. Bir aydan sonra yenidən kollektivi zavodun həyətinə yığırlar. Bu dəfə elan edirlər ki, bəs zavodda hamı ixtisara düşür. Sonra izdihama baxırlar. Yenə də heç kim danışmır, dinmir. Dağılışıb gedirlər. Bir aydan sonra yenidən kollektivi zavodun həyətinə yığırlar. Amerikanlar elan edirlər ki, bəs sabah zavodda dar ağacları qurulacaq, hamını dar ağacından asacaqlar. Sonra kütləyə baxırlar. Bir rus İvanın əlini yuxarı qaldırdığını görürlər. “Axır ki, bir nəfər etiraz etdi” deyə dərindən nəfəs alırlar. 

Nə demək istəyirsən? Etirazın var? –  deyə həmin adama səslənirlər.

-İp olacaq, yoxsa özümüzlə gətirək? (SON)

Nə demək istəyirsən, Mahir? Heç nə. 70 il biz də "Sovet xalqı" olmuşuq. Bəzilərimiz indi də “Sovet” sözünü o vaxtın qrammatik qaydalarına uyğun böyük hərflə yazırıq. 

Rusiya bu gün Ukraynaya müharibə elan edib. Bu müharibələrdən çox edib: Azərbaycana, Gürcüstana, Moldovaya və üç nöqtə... Bəs Ukrayna? Niyə onu fərqləndirirəm? Çünki Ukrayna slavyan dövlətidir. Bu, “Xüsusi hərbi əməliyyat” deyil! Bu müharibə də deyil! Bu, elə bilin ki VƏTƏNDAŞ MÜHARİBƏSİdir!

Keçmiş SSRİ məkanına kim rəhbərlik edir? - Bu, Putindirmi? YOX! Bu, Andropovun SSRİ dövləti içində yaratdığı – SSRİ-dən də qüvvətli bir qurum olan “KQB”dir. Onun isə 7 başı var. KQB nədir və ya kimdir? "Quql"a müraciət etməyin. Məhdud informasiyaya qaçmayın və ya aldanmayın. Gəlin sizə açıqlayım:

KQB-ni yüksək səviyyəyə qaldıran SSRİ-nin rəhbəri Yuri Vladimiroviç Andropov olub. SSRİ-nin Macarıstandakı səfiri olarkən, özünün və ailəsinin aldığı mənəvi zərbələrdən danışacağam. Orda Heydər Əliyevin ona etdiyi şəxsi yaxşılığı qeyd eyməyəcəyəm. Sözümün canı nədir? Macarıstana yeridilən Sovet qoşunlarının törətdiyi vəhşilikləri pəncərədən seyr edən  Andropovun arvadının dəli olmaq həddinə çatması Andropovda siyasətçilərə bir nifrət hissi alovlandırmışdı. 

Məhz Andropovun siyasətçilərə olan nifrətidir dünyanı saran. Nifrət isə qarşılıqlı nifrəti gətirir. Bu KQB nifrəti Azərbaycanı sardı, dinən olmadı. Macarıstanı, Çexoslovakiyanı, Pribaltikanı, Gürcüstanı, Moldovanı, Krımı... sardı, dinən olmadı. Axır ki, Ukraynaya növbə çatdı. Bu isə müharibə, təcavüz, ilhaq deyil. Bu, elə bil ki, VƏTƏNDAŞ MÜHARİBƏSİdir, qardaş qırğınıdır. Andropovun qoyduğu xətdən kənara çıxıb Rusiya. Bu isə anasının əmcəyini kəsmək deməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır