Modern.az

Ayaz Mütəllibov kimdir?

Ədəbi̇yyat

29 Mart 2022, 00:01

Mahir Qabiloğlu

9-cu sinifdə oxuyurdum. Azad Abbasəliyev adlı sinif yoldaşımız vardı. Deyilənə görə atası böyük vəzifədə işləyirdi.  Amma heç birimiz bunun fərqinə varmırdıq. Nə o bununla lovğalanır, nə də müəllimlər ayrı-seçkilik  salırdılar.  

Günlərin bir günü sevincək gəldi ki, bəs atamın vəzifəsini qaldırıblar. Amma yenə də bilmədik ki, bu vəzifə nə vəzifədir? Təsadüfən evdə “Kommunist” qəzeti əlimə keçdi: “Sabit Abbasəliyev Dövlət Plan Komitəsinin sədri, Nazirlər Kabineti sədrinin  müavini təyin edilsin”.


Sonralar başa düşdüm ki, qısaca “Qosplan” adlanan bu vəzifə çox böyük vəzifəymiş. Azadın atası indiki dillə desək baş nazir postunun bir addımlığındaymış. Amma üstündən 2-3 ay keçməmiş 50 yaşını yenicə qeyd etmiş Sabit Abbasəliyev infarktdan vəfat etdi. Heydər Əliyevin ona böyük hörmətinin əlaməti olaraq Azadın atası 1-ci Fəxri Xiyabanda dəfn edildi. Heydər Əliyevin öz yetirməsinin xatirəsinə böyük ehtiramının əlaməti olaraq Sabit Abbasəliyevin tutduğu posta onun 40-ı çıxandan bir qədər sonra təyinat verildi. Bu hamımızın indi eks-prezident kimi tanıdığı Ayaz Mütəllibov idi. Azərbaycan SSR-in  ilk və son  prezidenti Ayaz Mütəllibovla tanışlığım 15 yaşında başladı.

HEYDƏR ƏLİYEV HƏR ADAMI İRƏLİ ÇƏKMİRDİ

Heydər Əliyev böyük dövlət və partiya xadimi idi. Onun etimadını qazanmaq hər adamın işi deyildi. Böyük insan olduğundan, tələbləri də böyük idi. Ayaz Mütəllibov bu etimada 41 yaşında nail olmuşdu. 1979-cu ildə o, artıq nazir idi.  44 yaşında isə baş nazirin müavini. Növbəti pilləni isə deməyə ehtiyac yoxdur. Bu  cümlələri elə-belə yazmadım. Yazıımın son akkordlarında  mənə lazım olacaq.

BAŞ NAZİR

Üstündən illər keçdi. 1989-cu il idi. Artıq mən tələbə idim. Mitinq dalğası Azərbaycanda geniş miqyas almışdı. Ermənistandan, Qarabağdan güllə səsləri eşidilməyə başlamışdı. Kinolarda gördüyümüz komendant saatının diqtəsi altında yaşayırdıq. Xalq hərəkatı vüsət almışdı. Mitinqlər, “İstefa!”, “Azadlıq!” şüarları Azərbaycanı bürümüşdü. Əbdürəhman Vəzirov Azərbaycanın rəhbəri, Ayaz Mütəllibov isə Nazirlər Kabinetinin sədri idi. Başqa dillə desək, Heydər Əliyevin uğurlu kadr siyasəti nəticəsində bir vaxtlar irəli çəkilən bu şəxslər artıq Azərbaycana rəhbərlik edirdilər.

Qorbaçov Vəzirovu bu vəzifəyə təyin edəndə Heydər Əliyevi qaralamaq əmri vermişdi. Vəzirov da yanıqlı idi. Çünki bir vaxtlar Azərbaycanın ikinci böyük şəhəri sayılan Kirovabada  Heydər Əliyev tərəfindən 1-ci katib təyin edilən Vəzirov elə Heydər Əliyevin də əmriylə bu vəzifədən çıxarılmışdı. Bəlkə də  əvəz çıxmaq baxımından Vəzirovun hansısa qarayaxma kampaniyası aparmağına haqq qazandırmaq olardı. Haqqı olmasaydı da belə.  (Vəzirov sonralar  SSRİ boyda dövlətin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi) Amma vəzifə pillələrində inamla addımlayan, heç yerdə büdrəməyən Ayaz Mütəllibovdan Heydər Əliyevin əleyhinə hansısa addım atacağını  gözləmək ağlasığmaz idi.

Ayaz Mütəllibov Baş nazir kimi nəzərə çapmırdı. Çünki Vəzirov çox fəal idi. Kənddə hamam tikdirirdi. Qoz ağacları əkirdi ki, gələcəkdə onun “qozlarını yeyək”. Sağıcı qadından “özün işdəsən, bəs uşaqları kimin yanında qoyub gəlmisən?” əvəzinə “uşaqların kimdəndir?” soruşurdu. Kəndli qadın da “Boooyy... kimdən olacaq? Ərimdən” deyə cavab verirdi. Mitinqçilər “İstefa!”, “İstefa!” qışqıranda, “bu Mustafa kimdir e... elə hey çağırırlar” deyə ətrafdakılardan xəbər alırdı. Etibar Məmmədova, Nəcəf Nəcəfova  “malçişka” deyirdi.  Azərbaycanlılara xas olan milli qanı da oyanmışdı. Füzuli rayonunda doğulan bir çoxlarını vəzifələrə də yerləşdirmişdi (adlarını çəkmək istəmirəm. İçərilərində Xalq yazıçısı da vardı). Bütün bu  və digər hadisələrin fonunda Ayaz Mütəllibov gözə çapmırdı. Sadəcə, öz vəzifə səlahiyyətlərinin icrasında idi. Baxmayaraq ki, iqtisadiyyat digər respublikalardakı kimi tənəzzülə gedirdi. İkinci dəfə mən onu – 23 yaşında – Nazirlər Kabinetinin sədri kimi tanıdım.

20 yanvar 1990-cı il

Yanvarın 15-dən etibarən Azərbaycanda rəhbər yox idi. Sonuncu dəfə Prezident sarayının qarşısındakı mitinqdə iştirak edəndə heç Xalq Cəbhəsinin rəhbərliyindən də gözə dəymirdi. Vəzirov üçün dar ağacı qurmuşdular. Bir nəfər əlində səsucaldan  “Ay camaat, burda durmayın. Vəzirov oğraş binada yoxdur. Qaçıb. Oturun avtobuslara. Siz Salyan kazarmasının qabağında və “Şamaxinka”da lazımsınız” deyə-deyə mitinqçiləri avtobusa doldurub o istiqamətlərə daşıyırdı. Yanvarın 19-u saat 20.30 idi. Mitinqi bilmirəm kim aparırdı, amma özündən rəhbər seçkisi də keçirməyə başlamışdı. Namizədi isə Etibar Məmmədov və Vəkil Hacıyev idi. Sonrakı hadisələri isə hamınız yaxşı bilirsiniz. Başqa bir yazının mövzusudur.  Nəhayət yanvarın 25-i. Çox çətinliklə də olsa xəbər tutduq ki, Sovet İttifaqı  Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Azərbaycanın yeni rəhbəri Ayaz Mütəllibov təyin edilib.  Ayaz Mütəllibovla 3-cü  tanışlığımız  şəhidlərin qanı üstündə hakimiyyətə gələndə oldu.


YENİ RƏHBƏR


Bax bundan sonra Ayaz Mütəllibovun qara günləri başlandı. Ilk baxışdan təqdirəlayiq addımlar atmağa başladı. Milli ruhuyla  digər partokratlardan seçilən Həsən Əziz oğlu Həsənov Nazirlər Kabinetinin sədri  təyin edildi. Məhəmməd Əsədov, İsmət Qayıbov, Tofiq İsmayılov, Vəli Məmmədov, Xeyrulla Məmmədov kimi adamlar vəzifə başına gətirildi. Xalq hərəkakatında təmsil olunanlarla əlaqələr yarandı. Onların iştirakıyla Milli Şura təsis olundu. Mitinqlər AzTV ilə canlı yayımlanmağa, müstəqil qəzetlərin sayı isə  artmağa başlandı. Çaykənd ermənilərdən boşaldıldı. Şaumyan (kənd) rayonu ləğv edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti xəritədən silindi. Xocalı rayonu, Xocalı aeroportu Qarabağda bir mərkəzə çevrildi. OMON və Azərbaycanın ilk özünümüdafiə dəstələri silahlı mübarizəyə başladı. Əlbəttə ki, bu işlərin çoxu SSRİ-nin dövründə, ermənilərin böyük təsir qüvvəsinin olduğu vaxtlarda həyata keçdi. Xalqla canlı dialoqa girməyən Ayaz Mütəllibov bircə dəfə Azadlıq meydanında mitinq keçirməklə yadda qaldı. O mitinqi televiziya ilə mən də seyr edirdim.  SSRİ xalq artisti, deputat, “91-lər”dən biri kimi  tanıdığımız Zeynəb Xanlarovanın mitinq aparmaq qabiliyyətinə malik olmasını, öz prezidenti Ayaz Mütəllibova  hörmətini  ilk də orda gördüm.

Günlərin bir günü atamın stolunun üstündə bir yazı gördüm. Oxudum. Adı “Azərbaycan SSR-in prezidenti Ayaz Mütəllibova suallar” idi. O dövrün partiyaçısı kimi nəsə maraqlı gəlmədi mənə. 

Qapıbir qonşumuz Bayram Bayramov o vaxt Qarabağa Xalq Yardımı Komitəsinin sədri idi. “Azərbaycan” qəzeti isə bu komitənin orqanı kimi çap olunurdu. Baş redaktoru da Xalq Cəbhəsinin üzvü şair Sabir Rüstəmxanlı idi. Atam götürər bu sualları, gedər birbaşa Sabirin yanına ki “Sabir, bunu çap elə. Amma Bayramın xəbəri olmasın. Xəbər tutsa çapına imkan verməyəcək”. Sabir əmi də “baş üstə” deyib, səlahiyyətləri daxilində  sualları qoyar Bayram əminin stolunun üstünə. Bayram əmi də oxuyandan sonra gülə-gülə “Sabir, sən Allah saxla, mən deyəndə çap edərsən” deyir.

HAŞİYƏ: Atam Prezident Ayaz Mütəllibova 24 sualı yazıb qoyur zərfə. Göndərir Aparata. Cavab gözləyir. Beş gündən sonra İsmayıl Şıxlının üzünə tanıdığı, çox hörmətlə yanaşdığı və həmin dövrdə Prezident Aparatında şöbə müdiri işləyən Adil Hacıyev (Heydər Əliyevin hakimiyyəti dövründə həbs edilən və məhbəsdə vəfat edən) atama zəng edib onu otağına dəvət edir, – Qabil, mən prezidentin adından sənin suallarına cavab verəcəyəm, – deyir.

- Adil, sənə böyük hörmətim var. Gedək əvvəllər olduğu kimi yeyək-içək. Amma bu məqamda  mən Qabiləm, amma sən Prezident Ayaz Mütəllibov  deyilsən, – deyib otaqdan çıxır. Və ordan birbaşa Sabir Rüstəmxanlının yanına gəlib sualları “Azərbaycan” qəzetinə təqdim edir. (SON)

Günlərin bir günü Aparatda nəsə bir iclas keçirilibmiş. Ordakı çıxışlar da (yazıçı uşaqlarıyla bağlı nəsə deyiblər) Bayram Bayramovun xoşuna gəlməyib. Ayağa durub Prezident Ayaz Mütəllibov qarışıq hamısını otuzdurub yerində. Sonra da hirsi soyumayıb. Otağına gələrək “Sabir, Qabilin suallarını qoy səhifəyə getsin, vaxtıdır” deyib.

Bu 24 sual o dövrdə böyük rezonans doğurdu. Rezonans doğurandan sonra mən də mahiyyətini başa düşdüm.

Ayaz Mütəllibovu 4-cü dəfə onda tanıdım.

AYAZ MÜTƏLLİBOV YERLİBAZ VƏ QOHUMBAZ  İDİMİ?

Gözəl şairimiz vardı. Nəğməkar şair də deyirdilər – Tofiq Mütəllibov. Ayaz Mütəllibovun doğmaca əmisi oğlu idi. Mentalitet hesablamalarına görə xalq şairi olmalıydı... olmadı. Bir müəllimimiz vardı – Təhsin Mütəllibov. Ayaz Mütəllibovun doğmaca əmisi oğlu idi. Sadəcə professor, universitet müəllimi idi. İndi də müəllimdir. Mentalitet hesablamalarına (Faiq Bağırzadə ilə müqayisədə) görə ən aşağısı prorektor, rektor olmalıydı. Olmadı.

Tez-tez Şamaxıya gedirdik. Heç bir dəyişiklik yox idi. Heç hiss olunmurdu ki, Azərbaycanın prezidenti bu rayonda doğulub. Heç bir dəfə də şamaxılıların dilindən eşitmədim ki,  prezidentin şamaxılı olmasıyla fəxr edələr. Ayaz Mütəllibovu 5-ci dəfə belə tanıdım.

“İMKAN VERİN YOLU ÇƏKDİRSİN, SONRA AD QOYUN DA...”

Atamla İsmayıl Şıxlıgildəydik:

- Qabil, bu camaat da qəribədir e. Ayaz Zabrat yolunu enlədib Maştağayacan yol çəkdirməyə başlayıb. O saat  da ad qoyublar – “Qaynana prospekti”. O da tikintini yarımçıq saxlatdırıb. Ay balam, imkan verin yolu çəkdirib qurtarsın, sonra ad qoyun da...

Tikiş kooperativində işləyirdim. Satış bazarımız isə Moskvada idi. Malı maşınla, qatarla yola salmaq təhlükəli idi. Yük vaqon qarışıq yoxa  çıxırdı. Ona görə də məcbur olub təyyarə ilə göndərirdik. Trikotaj məhsullarını da xüsusi olaraq ensiz uzun qutulara qablaşdırırdıq. Üstünə isə müdirimiz “Lalə”, “Qərənfil” və digər gül adları yazırdı. Maraqlandım ki, bəs niyə gül adları yazırsınız? Deyirdi ki, Ayazın xüsusi göstərişidir. Aeroportdan Moskvaya ancaq gül vurmağa icazə verilir. Belə yazırıq ki, aeroportdakıları aldadaq.

O vaxt mən bilmirdim ki, şamaxılı Ayaz Mütəllibov Maştağadan evlənib.  Atalar burda deyib e

- Haralısan?

- Hələ evlənməmişəm.

Ayaz Mütəllibovla 6-cı tanışlığım belə oldu.

QKÇP (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi)

QKÇP baş vermişdi.  Yəni ki, Qorbaçovu devirmişdilər. Elə bil SSRİ boyda dövlətdə “qurbağa gölünə daş atmışdılar”. Sakitlik hökm sürürdü. Nə mitinq vardı, nə də qışqıran. Qorxusundan hamı qınına çəkilmişdi. Belə bir vaxtda Ayaz Mütəllibov QKÇP-yə qahmar çıxdı. Üstündən iki gün keçməmiş Yeltsin QKÇP-ni yıxıb hakimiyyəti ələ keçirdi. Buna demokratik qüvvələrin qələbəsi deyildiyi üçün bizim demokratik qüvvələr də yavaş-yavaş dil açmağa başladı. “Azadlıq” meydanında  mitinq keçirib başladılar Ayazı “neprav” çıxarmağa ki, bəs bu QKÇP-ni niyə dəstəkləyib?  Mitinqdə mən də vardım. Bir də gördüm ki, söz atama verildi. Nə desə yaxşıdır?

- Qorbaçovun əli 20 Yanvarda, Qarabağda xalqımın qanına batıb. Ayaz neyləməliydi ki?  Qorbaçovu müdafiə etməliydi? Düz edib.

Onu da qeyd edim ki, atam şair Qabil Ayaz Mütəllibovun qəti əleyhdarı idi. Çəkinmədən küçədə belə söyürdü (söyüşün baş hərfi “o” idi). Amma bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm.

Günlərin bir günü atam, İsmayıl Şıxlı, Bayram Bayramov və başqa ziyalılar bir yerə yığışmışdılar.  İsmayıl əmi dedi ki,  “bu Ayazı hamımız tənqid edirik – biz ziyalılar da, Xalq Cəbhəsi də. Camaat da bizə baxıb öyrənir. Bu yazıq təklənib. Bəlkə buna  görə nəsə bir iş görə bilmir? Bəlkə  dəstək verək? Görək nə olur da?”. 

İsmayıl əminin bu sözü atamın da ağlına batmışdı. “Həyat özü cavab verdi” adlı  kiçik bir məqalə yazıb “Kommunist” qəzetində çap elətdirdi. Bu 10 cümləlik yazıya görə Xalq Cəbhəsinin üzvlərindən əks reaksiya gəldi. Xüsusilə də Mahir Qarayev adlı biri atamın əleyhinə böyük yazıyla çıxış etdi. Çünki  səhnəarxası proseslərdən, söhbətlərdən xəbərsiz idilər. Yəqin ki, maraqlanacaqsınız ki,  ziyalılardan gələn bu dəstək Ayaz Mütəllibovun  fəaliyyətində müsbətə doğru bir işartı oldumu? Cavab: İsmayıl əmi bu söhbətdən bir qədər sonra atama dedi ki, “Qabil, mən bu dəstək məsələsində yanılmışam”.

İsmayıl əminin bu sözü mənim Ayaz Mütəllibovla 7-ci tanışlığım idi.

İLHAM ƏLİYEV “ƏR KİŞİ”DİR...

Ayaz Mütəllibov Azərbaycanın çox mürəkkəb vaxtlarında rəhbər olub. O dövrün şahidi kimi onu çox gözəl başa düşürəm. Vertolyot qəzasında yaxın ətrafını “təmizləyiblər”. Xocalı hadisələrində təqsirkar çıxarıblar. Barəsində cinayət işi açıblar. Azərbaycan Məhkəməsinin hökmüylə cinayət məsuliyyətinə cəlb olunub,  öz şəxsi qərarıyla Moskvada 20 illik bir sürgün həyatı yaşayıb. Sonra isə qeyri-rəsmi əfv olunub. Eks-prezident kimi qocalığını yaşamaqdadır. Bütün bunları Siz də bilirsiniz, mən də. Ayaz Mütəllibov isə bizdən də yaxşı bilir. Amma məni bu yazını yazmağa bir  xüsus vadar etdi. Bir insan kimi bir suala cavab tapa bilmirəm.

Ayaz Mütəllibov Heydər Əliyevin sevimli kadrı olub. Belə olmasaydı, onu Soyuducular zavodunun direktorluğundan nazir, baş nazirin müavini kimi yüksək vəzifələrə irəli çəkməzdi.  Bəs Ayaz Mütəllibov nə etdi? Bunun əvəzin necə verdi?  “Yaxşılığa yaxşılıq hər kişinin işidir” atalar misalına məhəl qoydumu? Əsla. Əksinə, Heydər Əliyevin hakimiyyətə gəlişinin qabağını almaq üçün “vətəndaş 70-i haqlayıbsa prezident ola bilməz” kimi yaş senzi tətbiq etdi. Onun prezidentliyi dövründə  Heydər Əliyevin tərəfdarı kimi tanınan Əjdər Xanbabayev qətlə yetirildi. Heydər Əliyev Milli Məclisdə çıxış edərkən təpik, fit səsləri eşidildi. Və bütün bunlara o zalda yuxarı başda oturan prezident Ayaz Mütəllibov heç bir reaksiya vermədi. Çünki baş təşkilatçı məhz özüydü. Və sonda Heydər Əliyev Bakını tərk edib Naxçıvana getdi. Yaxşılığın əvəzi bu idimi?

İlham Əliyev isə bir prezident və Heydər Əliyevin oğlu kimi bütün bu yamanlıqların üstündən xətt çəkdi, unutdu. Təşəbbüskarı olduğu “Eks-prezidentlik qanunu”na  artıq 75-i haqlayan Ayaz Mütəllibov üçün maneə, yaş senzi qoymadı. Xocalı hadisələriylə bağlı cinayət işi və digər baş verən hadisələr də  tarixin arxivinə göndərildi. Vaxt gələcək  canlı şahidlər olan biz də yox olacağıq. Hər şey unudulacaq.  Sadəcə, bir sual cavabsız qalacaq.

“Yaxşılığa yaxşılıq hər kişinin işidir...” bunu bildik. “...Yamanlığa yaxşılıq isə  ər kişinin işidir”.  Bunu da gördük.  Bəs YAXŞILIĞA YAMANLIQ HANSI KİŞİNİN İŞİDİR?


P.S. Allah rəhmət eləsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır