Modern.az

Arayik Arutunyan neçəyədir?

Ədəbi̇yyat

31 Mart 2022, 10:20

Mahir Qabiloğlu


Sovetlər dönəmində bir gürcü qış vaxtı Moskvaya gedir. Bir rus xalasının evində otaq kirayələyir. Səhər durub deyir ki, ay Nataşa, bəs mənə kanadski dublyonka lazımdır, görəsən, hardan ala bilərəm? Nataşa da deyir ki, Giya, başın xarabdır? Qışın oğlan çağında da Moskvada dublyonka tapmaq olar? Özü də kanadski. Giya da deyir ki, bəs mən taparam. İstəyirsən, birini də sənə alım. Gedir və iki dənə dublyonkayla qayıdır. Arvad məəttəl qalır. Hardan aldığını soruşur. Cavabında Giya deyir: “Girdim univermağın müdirinin yanına, dedim ki, mənə on dənə kanadski dublyonka lazımdır. O da başladı məni söyməyə ki, başın xarabdır? Dur rədd ol burdan. Dedim ki, ay kişi, hamısını özümçün istəmirəm ha, səkkizi sənin, ikisi mənim. O da dərhal dublyonkaları gətirib qoydu stolun üstünə”.


Ertəsi gün gürcü yuxudan durur ki, bəs bu gün Böyük Teatrda Çaykovskinin “Sonalar gölü” baleti gedəcək. Görəsən bileti haradan tapım? Özü də birinci sıra, orta yer. Axı gözüm zəif görür. Nataşanın təzədən qışqırığı çıxır: “Sən hələ amfiteatra bilet tap, deyim kişisən. Yoxsa ki, birinci sıra”.
Giya gedir, az sonra əlində birinci sıra, orta yerə iki biletlə qayıdır ki, bəs, Nataşa, getdik. Soruşanda ki, Giya, bunu necə əldə elədin? Cavab verir ki, girdim Böyük teatrın müdirinin yanına. Dedim ki, birinci sıranın əlli yeri mənim. Əlbəttə, direktor məni söydü. Amma mən “qırx səkkizi sənin, ikisi mənim” deyəndəndən sonra...


Nə isə, üçüncü gün Giya yenə yuxudan ayılır ki, bəs, ay Nataşa, sizdə mavzoley deyilən yer var e, oranı ziyarət etmək istəyirəm. Nataşa deyir ki,  bax burda stop. Mavzoley bir aylıq təmirə bağlanıb. Giya da başlayır əsəbiləşməyə ki, necə yəni, Moskvaya gələsən, mavzoleyi, Lenini görməyəsən, deməli, Moskvada olmamısan da... Mən belə Gürcüstana qayıda bilmərəm. Biabır olaram qohum-əqrabanın yanında. Gəl gedək. Mən Lenini hökmən görməliyəm. Nataşa əyləşir Giyanın maşınına, gəlirlər Qızıl meydana. Maşını saxlayır düz mavzoleyin qapısında. Giya düşür maşından, fəhlələri haylayır:


– Burada başçı kimdir?

Bir bədheybət rus irəli çıxır ki,  mənəm.


– Mən Lenini görmək istəyirəm.


– Qələt eləyirsən, görmürsən təmirdir? Rədd ol burdan, “çornomazı!”


– Sizi bir dəqiqə olar? – deyə Giya fəhlələrin böyüyünü çağırır maşının arxa tərəfinə və baqajı açır. Maşındakı bir yeşik araq, bir yeşik konyak, bir yeşik çaxırı göstərərək, – Bunlar hamısı sizindir, – deyir.


Fəhlələrin başçısı da nə cavab versə yaxşıdır?


– Lenini bura gətirək, yoxsa Siz əziyyət çəkib mavzoleyə girəcəksiniz?


İndi başqlıqda qoyduğum suala cavab verək:


- Rus soldatı üçün Arayik Arutunyanın vücudu neçəyədir?


Cavab:


- Cəmi-cümlətanı bir yeşik araq, bir yeşik konyak, bir yeşik də çaxır.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir