Modern.az

Tezislər həmişə əlimizdən tutur

Ədəbi̇yyat

1 Noyabr 2022, 13:50

Mahir Qabiloğlu

Evdəyəm. Kompüterin arxasındayam. Saytlara nəzər yetirirəm. Televizor isə “Rossiya-24” kanalını göstərir. Soçidə üçtərəfli görüşdür axı. Bu kanal da həmin görüşdən canlı yayım verir. Putinin Valdaydakı açıqlamaları, Paşinyanın sülhməramlıların vaxtının artırılmasına dair sərsəmləmələri, mühacir internet televiziyaların bədbin proqnozları, politoqların narahatedici açıqlamaları, regionun qaynaşması fonunda çox narahatam. Görəsən görüş necə başa çatacaq? Canlı yayımda ikitərəfli görüşdəki qısa çıxışları dinləyirəm. Prezident İlham Əliyevin giriş nitqi nigarançılığıma azca da olsa su çiləyir. Niyə “azca?” Çünki görüş hələ qabaqdadır.


“Feysbuk” səhifəm isə çoxdan bağlıdır. Bu an dostum Əkbər Qoşalıdan votsapıma bir foto gəlir. Rauf Arifoğlunun “feysbuk” paylaşımıdır. İki fotodur: birində Putin və Əliyev. Hərəsinin də əlində bir çətir. O biri fotoda isə Putin və Paşinyan. Putin əlində çətir tutub, Paşinyan isə o çətirin altına sığınıb. Çoxları buna “Putin o boyda prezidentdir, amma “kakoy-to” Paşinyan üçün çətir tutub” deyərdi. Üstəlik “hələ bundan – İlham Əliyevdən yox ha... – bundan üzr də istəyib ki, yağış yağır” söyləyərdi. Və ya çox oxunmağa yönələn “Putin Paşinyandan üzr istədi” başlığıyla informasiya paylaşardı. Amma Rauf bəyin yanaşması çox orijinal və mənim narahatçılığıma qismən də olsa rahatlıq gətirən yanaşma oldu:  “Əliyevin öz çətiri... Paşinyan Putinin çətiri altında. Gerçəklik detallardan boy verir...”.


Canlı yayımda bütün bunlara tamaşa etsəm də, bu məqamı tutmamışdım. Sizcə bu, TEZİS deyilmi? Əgər Prezident İlham Əliyevin Soçi səfəriylə bağlı məqalə yazsam və bu tezis xarakterli yönəltməylə – yanaşmayla həmin yazını başlasam və fotoları da yanına qoşsam, yerinə düşməzmi? Lap istinad etməsəm də, inanıram ki, Rauf bəy məndən inciməz. Yaxud da bu fotoları paylaşıb, Rauf bəyin statusuna Putinin dilindən qüvvət versəm? “Ay Nikol, onsuz da sənin Ermənistanda günəşin batıb. Sərsəm, yaltaq  açıqlamalarınla ümid yerin olan, Moskvaya yox, özün seçdiyin görüş yerinə – günəşli Soçiyə gəlmişdin – qızınmağa. Burda da yağış yağmağa başladı. Sən Allah bağışla. Təbiət də sənin tərəfində deyil. Çətirin də ki, yox. Gəl gir çətirimin altına, yoxsa islanarsan. Görüm də... ümidini tam öldürməmək üçün bir şey eləməyə cəhd edərəm. Əsas İlhamın fikirləridir. Sən bir İranı da qıdıqla. Gör onlar nə deyir?”. TEZİS: “Ümid sonda – İranda ölür”.


Ertəsi gün həm yerli, həm də erməni saytlarına nəzər yetirirəm. Haqqın.az saytında “Politoloq Sergey Melkonyan: Soçidəki görüş Ermənistanın diplomatik fiaskosudur” başlıqlı yazı diqqətimi çəkir. Həmən üstünə tıklayıram. Melkonyan deyir ki, yekun bəyanatda heç Qarabağın adı xatırlanmır, hətta sülhməramlıların adı da çəkiləndə... Əsirlərin qaytarılması məsələsi də yoxdur. Yəqin ki, bu humanitar məsələlər blokunda öz əksini tapıb. Melkonyan sonda fikrini belə yekunlaşdırır: “Ermənistanın maraqlarından irəli gələn nəsə, bu sənəddə öz əksini tapmayıb”.


Bəyanatın tam mətnini oxumuşdum. Haqqın.az-da yayımlanan informasiya isə fikrimi xüsusilə bu məqama yönəltdi. Bu, yazacağım məqaləylə bağlı TEZİS deyilmi?


Yox, iki TEZİS  bəs eləməz. Axı görüşlə bağlı özəl fikirlərim də var. Bəs orda, bağlı qapılar arxasında keçirilən ikitərəfli görüş? Mətbuat nümayəndələrinin yalnız şəkil çəkmək üçün buraxıldığı üçtərəfli görüş? Canlı yayımda efirə getməyən məqamlar? Bəs onları, yəni ki, ictimaiyyətə açıqlanması mümkün olmayan məqamları hardan əldə edə bilərəm? Ki, dolğun bir yazı meydana gəlsin. Üç yanaşmanı izləməliyəm: bunlardan biri Paşinyanın İrandan qayıdandan sonra verəcəyi açıqlamalardır. Yox, axı Ermənistan bizə düşmən dövlətdir. Yaxşısı budur düşmən ölkənin müxalifətinin açıqlamalarını dəyərləndirim. İkinci yanaşma istirahət günü Rossiya-1 kanalında – “Moskva. Kreml. Putin” həftə icmalı verilişində açıqlanacaq. Görmədiklərimizi məhdud da olsa göstərəcəklər. Burdan da bəhrələndiklərimin hansısa məqamı məqaləm üçün TEZİS ola bilər. Bəs üçüncü yanaşma? Bu yanaşma Prezident Administrasiyasından, Xarici İşlər Nazirliyindən gəlməlidir. Onlar bilirlər danışıqların məğzini, diqqəti hara yönəltməyi, informasiya müharibəsinin konturlarını. Əgər mən iqtidar və iqtidaryönümlü televiziya, mətbuat, deputat, Vətənimi, prezidentimi sevən qələm adamıyamsa, Qarabağ məsələsində, Bötöv Azərbaycan naminə mücadilədə bir nöqtəyə vurmağı əsas götürən bir vətəndaşamsa – heç mənə tezis göndərməsələr belə bunu yuxarılardan tələb etməliyəm – məqaləmin dolğun çıxması üçün. Çünki düzünü onlar bilir. Bunun adına isə TEZİS deyilir.


Tezis sözünün mənalarını internetdən götürüb yazmağa lüzum görmədim. Bilməyənlər, bu sözün mənasını pis tərəfə yönəldənlər, bu sözü axtarışa verib oxuyarlar.


Tezisdən – xüsusilə də yuxarıdan gələn tezisdən istifadəyə görə kimisə, xüsusilə də millət vəkilini – fərqi yoxdur partiya mənsubiyyəti var, yoxsa ki, bitərəfdir –  ittiham etməyə, qanunsuz olaraq telefon səs yazısını yazıb yayımlayaraq günahlandımağa kiminsə ixtiyarı yoxdur.


Tezislər hər zamanın tələbidir. “İtbaşı” roman-trilogiyamı yazanda stolun üstündə tezislər vərəqim vardı. Axı tezis həm də yaddaşdır. Yada salır. Gözündən qaçan, yadından çıxan məqamları xatırladır. Fərqi yoxdur, məqalə yazırsan, yoxsa ki, bədii əsər –yazıçısan, jurnalistsən, yoxsa ki, siyasətçi. Xüsusilə də, televiziya verilişində və ya kürsüdən sinədəftər çıxış edəndə. Tezislər həmişə bizim əlimizdən tutur. İstər aparatdan gəlsin, istər informasiya məkanından, istərsə də beyindən, ürəkdən...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi