Modern.az

Gömrük haqqında ballada

Ədəbi̇yyat

17 Aprel 2023, 18:10

Başlıqda “gömrük” sözünü  görüb, elə bilməyin ki, “aslanı yaralayıblar”.  Sərhədi keçəndə, yaxud da avtomobil gətirəndə Mahirə yüksək rüsum təyin ediblər ki, tüstüsü təpəsindən çıxıb. Qanunlardan və gömrük rüsumlarından xəbəri olmayan o da əl atıb silaha, yəni ki, qələmə və başlayıb demaqoqluğa. Əsla! Nə gəzməklə aram var, nə də alverlə. Ona görə də gömrük işçiləriylə yolum kəsişməyib. Gömrüyün indiki rəhbərliyi ilə sıx – qədimdən, ötən əsrin 92-si illərindən dostluq əlaqələrim var. Amma elə bilməyin ki, bu, Kəmaləddin Heydərov və şair Baba Vəziroğlu dostluğu səviyyəsindədir. Nə Şahin Bağırov həvəskar bəstəkardır, nə də mən şair.

Yəqin ki, Baba Vəziroğlunun   “Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl...” başlıqlı müsahibəsinə işarə etdiyimi anladınız. Nəinki gecə saat  2-də, sutkanın digər saatlarında da nə mənə zəng edir, nə də yemək-içməyə çağırır. 1992-ci ildən tanıdığım, Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tam başqa cür adamdır. O bu vəzifəyə yaraşır, amma “adı başqa cürə çıxan” bu vəzifə ona yaraşmır. Məncə bu da müvəqqətidir. Hər şey yerini alacaq. Şəxsən mənə bunu sübut edib – bircə hərəkətiylə. Nə ilə? Demirəm. İndiki yazımda məqsədim bu deyil. Bəs bayaq “yaraşır” deyəndə nəyi nəzərdə tutdum? Çünki Şahin respublikada tək-tük gömrükçülərdəndir ki, 31 il ərzində sıravi inspektordan bu vəzifəyə yüksəlib. Pillə-pillə, qiymətləndirilərək. Birdən-birə general (nəinki general, o cümlədən kapitan, mayor...) rütbəsi alanlardan deyil.  İşi incəliklərinə qədər bilir. Ali gömrük təhsili alanlardandır. Təmiz adamdır. O qədər təmizdir ki, suyu da üfürə-üfürə içir... Başqa müsbət cəhətlərini də yaza bilərəm. Amma ki, bu yazıda məqsədim tam başqadır.  Onun haqqında “Şahin Bağırov kimdir?” başlıqlı yazımda o məsələlərə daha dərindən baş vuracağam. Onda tanıyacaqsınız dostum Şahini.

Prezidentimiz Şahin Bağırovu bu ali vəzifəyə təyin edəndə Xalq Şairi Qabilin “Ömür həbləri” romanı yadıma düşdü. Bu romanda prototiplərdən biri – sovet dövründə uzun müddət Ali Məhkəmənin sədri işləmiş Abdulla İbrahimov haqqında atamın yazdıqlarını eyniylə Şahin Bağırova da aid etmək olar.

Hələlik isə gömrük haqqında təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. Türk dostum Əhməd qayıtdı. Görəsən Əhməd niyə indi qayıtdı?

1988-ci il

21 yaşım var. Evdə qərar verdilər ki, məni evləndirsinlər. Sabit Rəhmanın “Hicran” tamaşasında deyildiyi kimi, birinci hansı addım atılmalı idi? Əlbəttə ki, bəyi də, gəlini də geyindirmək lazım idi. Sovet dövrü yaxşı geyim-keçim, ayaqqabını bəs hardan tapmaq olardı? Yalnız və yalnız alverçidən. Özü də ki, baha qiymətə. Tələbə dostum Mehmanın (Mehman Sadıqov – indi təqaüdçü-gömrükçü) bacısının və bibisinin köməkliyi ilə nişanlıma “tufli” tapdıq. Getdik alverçigilə. Gözəl ayaqqabı idi. Amma elə ki, ayaqqabını əlimə götürdüm... Bu nədir? Baxırsan ki, təzədir. Amma altını çevirirsən ki, geyinilib. Mənə geyilmiş ayaqqabını sırımaq istəyirlər? Özü də ki, 250 rubla? Alverçi rəngimin dəyişdiyini görüb güldü. Mehman da, bacısı da ona qoşuldu. “Ay rəhmətliyin oğlu, bunu guya ki, özümçün almışam. Altını da asfalta sürtüb, guya geymişəm vəziyyətinə də gətirmişəm ki, sovet gömrükçüləri əlimdən almasınlar. Sərhəddə hər rublun davasını döyürlər gömrükçülər. Müsadirə edirlər. Cınqırını da çıxara bilmirsən. Alverçiliyin də statyası var da... bilirsən. Altına fikir vermə, təmiz maldır, rahat ol” izahından sonra mən də güldüm.

SOVETİN QƏHRƏMAN ATA-ALVERÇİSİ

Sovet dövründə “Qəhrəman ana” deyilən  fəxri ad vardı. 10 və 10-dan çox uşaq doğan analara verirdilər bu adı. Ananı başa düşdük, bəs ata? Sovet dövləti “biçən”i qiymətləndirirdi, amma “əkən” qalırdı qıraqda.

Özünü qeyri-rəsmi “qəhrəman ata” adlandıran belə şəxslərdən biri alverçilik edibmiş. Amma onu heç kim alverçi kimi həbs edə bilmirmiş. Tutub saxlasalar da, milis idarəsinə aparsalar da, hətta qatardan düşürsələr də, sonra sərbəst buraxırlarmış. Hətta üzr də istəyərlərmiş. Kompensasiya kimi təzə reysə bilet də alırlarmış.

“Qəhrəman ata” ayda bir dəfə gedirmiş SSRİ-nin digər şəhərlərinə, piştaxtada olan, amma Azərbaycanda qıt sayılan malları süpürləyib alırmış. Qatar bələdçiləriylə sıx əlaqədə işləyən milis də onu saxlayıb “bu qədər malı hara aparırsan? Sən alverçisən. Sovet adamına layiq olmayan işlərlə, zəhmətsiz gəlirlə məşğul olursan. Bu cinayətdir” deyəndə, çıxarırmış cibindən arvadının “Qəhrəman ana” kitabçasını, nikah haqqında şəhadətnaməni və 10-15 uşağın doğum şəhadətnaməsini ki, bəs arvad-uşağa pay-puş almışam. Bu qeyri-qanunidir ki?

Yəqin ki, anladınız. SSRİ-də respublikalarası yollar açıq olsa da, maneə olmasa da, gömrük rolunu milis həyata keçirirdi.

NİŞANA HAZIRLIQ

1989-cu il idi. Bir tələbə dostum nişan aparmağa hazırlaşırdı. Moskovski şokolad-konfet də adla çağrılırdı. Amma ki, çox baha idi. İndi 10 manata olan korobka-şokolad isə 50-100 rubl arasında satılırdı. O da ki, Kubinkada. Bu dostum da eləmə tənbəllik, qohumunu da götürüb gedir Moskvaya. Qəşəngcə bazarlıq edir. Amma bazarlığı ikiqat edir. Ki, yarısını sataram, nişan mənə havayı başa gələr, üstəlik yolpulunu da çıxararam. Gəlib düşürlər aeroportda, qutuları doldururlar taksiyə,  gəlib çatırlar evə. Boşaldanda... milis naryadı alır başlarının üstünü. Malın bir hissəsini – “rüsum”u alıb, çıxıb gedirlər.

Bayaq dedim axı, sovet dövrü gömrük rolunu milis oynayırdı.

“GÖMRÜKÇÜ MİLİS”Ə MİN ŞÜKÜR

SSRİ dağılan ərəfələr idi. Artıq milis də öz rolunu oynaya bilmirdi. Təşəbbüsü banditlər, ədəbi-bədii dildə desək çeçen, Dağıstan yaraqlıları ələ almışdılar. Sərnişin qatarlarına hücum edirdilər. Onlar nəinki malın bir hissəsini zəbt edirdilər, hamısını əllərindən alırdılar. Üstəlik ciblərini də çevirtdirirdilər. Başqaları qorxsun deyə, avtomatın qundağı ilə bir-ikisinə ilişdirirdilər də... Müstəqillik dövrünə isə az qalırdı.

ƏHMƏD QAYITDI

Müstəqilliyin ilk illərində Əhməd adlı bir Türkiyə vətəndaşıyla tanış oldum. 1992-ci ildən başlanan bu dostluq indi də davam edir. O, biznesmen idi.  Şirniyyat, çay gətirirdi. Gömrükçülər haqqında danışanda isə... Monopoliya sözü də dəbə minməyə başlamışdı. Bir müddətdən sonra Əhməd Azərbaycanda işlərini bağlayıb geri qayıtdı. 2022-ci ilin sonlarında isə yenidən Azərbaycanda iş qurmağa başlayıb. Dilindən hələ ki bir narazılıq eşitməmişəm. Gömrüklə bağlı xüsusi sual versəm də, neqativ bir cavab almamışam. Bircə bunu deyib: “Əvvəlki vaxtlar deyil”.

YELİSEYVSKİ UNİVERSAM

Rus televiziyalarında sovet dövrünün ən xod gedən universamlarından olan – Yeliseyvski universamın direktoru Berkutov haqqında serial nümayiş etdirilir. İki dəfə baxmışam o seriala. Çox maraqlıdır. Sonda Berkutova güllələnmə cəzası verirlər. Orda maraqlı bir məqam var. Yoxlama vaxtı məlum olur ki, Berkutov Finlandiyadan şəxsi xətir-hörmətə iri soyuducular alıb, gətizdirib. Hər ay da işçilərinə defisit mallardan pay ayırırmış. Bu qanunsuzluğa əslində bilirsinizmi niyə imza atırmış? Demə xarab olanla oğurlananın qabağını almaq, 20 faiz itkini aradan qaldırmaq, dolayısı yolla 20 faiz qabağa düşmək deməkmiş. Berkutov işçilərinə ayırdığı  payla oğurluğun, soyuducular vasitəsilə isə malların xarab olmasının qabağını alırmış. Hələ digər pay-puşlar da öz yerində.

MÜSTƏQİLLİK DÖVRÜ

Müstəqillik dövründə dörd dəfə xarici-turist səfərində olmuşam. İki dəfə Türkiyədə, bir dəfə Həştərxanda, bir dəfə də Dubayda. Heç birində gömrükçülərlə bir problemim olmayıb. Amma Dubay səfərindən sonra özümə tövbələtmə vermişəm.

Bir dostum dedi ki, gedək Dubaya – mənə yoldaşlıq elə. 350 manata başa gəlir 3 gün 2 gecəsi. 3 dənə telefon, 2 dənə televizor gətirərsən gələndə, satarsan, yolpulunu çıxarar. Razılaşdım. Dostumun dediyinə görə 1500 dollarlıq mal gətirməyə icazə verilirdi. Bu məbləğ demə keçən ay 1000 dollar imiş, 500 dollar da qaldırıblar. Dostum hələ üstəlik gömrüyün bu addımına görə  ovaxtkı sədrin canına dua da oxudu.  Xülasə, çatdıq Dubaya. Dediyi kimi, həm mənim adıma, həm də özünə 3 telefon 2 televizor aldı, qoydu mehmanxananın anbarına. Mallar üçün dükandan nakladnoylar da götürdü. Bir telefona simkart salıb başladıq işlətməyə. Mən evdəkilər üçün əlavə olaraq ucuz qiymətə bahalı  pal-paltar və sairə hədiyyə aldım. Gəzdik-dolandıq. Dubay sərhədini keçəndə bir problemimiz olmadı. Bakıya çatdıq. Baqajı gözləməyə başladıq. Bir də gördük ki, sumkalarımız gəlir. Sanki oğlan evi qız evinə nişan aparır. Və ya qız evindən oğlan evinə cehiz gəlir. Hamısına qırmızı lent bağlayıblar. Dostum izah etdi ki, qırmızı lent o deməkdir ki, baqaj çox diqqətlə yoxlanılacaq. Telefon və televizorları deklarasiyadan keçirtdim.

Dekabr ayı. Səhər saat 4. Yuxu gözümdən tökülür. Bayırda qar yağır. Əynimdə Dubay havasına uyğun nazik paltar. Nəhayət növbəm çatdı. Malları çıxarıb stolun üstünə qoydum. Hamısının qutusu açıq idi. Gömrükçü soruşdu ki, niyə qutuları açmısan? Cavab verdim ki, “telefonları yoxlamamış necə alaydım? Birdən, xarab, sınıq olaydı”. Demə satış üçün aparılan telefonların qutusunu alverçilər açmırmış. Kiminçün aldığımı soruşdu. Evdəkilər üçün, – deyə yalan danışdım dostumun əvvəldən öyrətdiyi kimi. Nakladnoyları istədi, verdim. “Qiymətlər niyə düz verilməyib burda?” deyə üstümə çımxırdı. Rəngim qaçdı. – Neçəyə almışam, onu da yazıblar, – deyə cavab verdim. “Axı Dubayda bu mallar ucuzdur. Bizdə də qiymət cədvəli var. Amma sizdə yuxarı yazılıb. Əsasən mövcud qiymətdən də aşağı yazdırırlar ki, 1500 dollara çox mal gətirsinlər”. “Mən alverçi deyiləm” cavabı verdim. Uşaqlar, nəvələr üçün aldığım ucuz, amma bahalı pay-puş barədə isə heç nə soruşmadılar. “Keçə bilərsiniz” deyə gənc gömrükçü sənədlərimi qaytardı. Malları götürüb qapıdan çıxırdım ki, podpolkovnik rütbəli, yaşlı bir gömrükçü qolumdan yapışıb qışqırdı:

- Hara gedirsən? (Filoloq olsam da, hansı ləhcədə danışdığını ifadə edə bilməyəcəyəm)

- Evə?

- Necə yəni evə? Kim buraxdı səni?

- O oğlan, – deyə işarət barmağımla gənc gömrükçünü göstərdim.

- Sən buraxmısan bunu? Yaxşı yoxladın? – deyə yaşlı podpolkovnik sanki cinayətkar yaxalayıbmış kimi qolumu bir az yuxarı qaldırdı.

- Yoxlamışam. Gedə bilər, – deyə uzaqdan cavab gəldi. Üzünü bir az da turşudub qolumu buraxdı. Küçəyə çıxdıq. Xəcalət çəkirdim yalan danışdığıma görə. Bu xəcalətim isə səhərisi günü yox oldu. Yalanım çin çıxdı. Telefonların birini qızım hədiyyə götürdü, ikisini isə qohumlar öz qiymətinə aldılar. Televizorlar isə evdə qaldı, evi bəzədi.

O vaxtdan özümə söz verdim ki, bir də xaricdən qayıdanda belə alvertipli mallar almayacağam. Pay-puş olar. “Mahir, birdən onu da sorğu-sual etsələr? Rüsum tələb etsələr? Əlindən alsalar?” Heç qorxusu yoxdur. Qanuni yolunu bilirəm. “Qəhrəman ata”dan öyrənmişəm. Gömrükçü qardaşa yaxınlaşıb deyəcəyəm: “Bir qanuni arvadım var. Bunu onun üçün almışam. Bu da nikah haqqında şəhadətnaməmiz. İki qanuni qızım var. Bu da onların doğum haqqında şəhadətnamələri. İki kürəkənim, beş nəvəm var. Bu da onların sənədlərinin surəti. Bu da bizim kollektiv fotomuz. İndi də oturub hədiyyələri gözləyirlər evdə. Əliboş getsəm, sabah Gömrük Komitəsinin qabağında 11 nəfərlik piket keçirəcəyik. “İç xəbər”də baxarsınız”.

Əlbəttə ki, bu bir yumordur. İndi dükanlarda hər şey var. O vaxt 82 sm ekran televizor dükanlarda 750 manat – təqribən 900 dollar, Dubayda 350 dollar idisə, indi lap müasiri 200 dollardır. Telefonu da Samsunq-dan alıram – 200 dollara. Pal-paltar da bol – əgər “Sədərək”də, “Binə”də axtarmağa vaxtınız varsa. Yəqin lətifəni eşitmisiniz: “Sədərək”də 20 manata olan şalvarı, əgər 28 MALL-dan 40 manata alırsınızsa, deməli siz 29-cu malsınız.

Həəə, yəqin siz brend mallara tətbiq edən rüsumları deyirsiniz. Daxili bazarı qorumaq, gömrükçünün qanuni rüsum tətbiq etmək tələbi nə vaxtdan qanunsuzluq sayılıb ki?

OPERATORUN BUNTU – ABŞ-a GETMƏYƏCƏYƏM

AzTV-də işləyəndə çəkilişlərin birində qəribə etirazla rastlaşdım. Özəl televiziyanın operatorlardan biri belə dedi:

- Bir də mən rəsmi nümayəndə heyətiylə ABŞ-a çəkilişə getməyəcəyəm. Təhqirolunmuş hesab edirəm özümü hər dəfə.

- Niyə? Əksinə fəxr etməlisən ki, xüsusi nümayəndə heyətinin tərkibində səfərə gedirsən. Sənə həsəd aparanlar var. Özü də ki, havayı gedib gəzirsən də. Bundan gözəl fürsət bir də nə vaxt ələ düşəcək ki? Qudurma!

- Ondan narazılıq etmirəm. Çox sağolsunlar ki, məni də heyətə salırlar. Söhbət ABŞ gömrüyündən gedir. Adamı nə qədər yoxlayarlar?

- Yoxlamalıdırlar da. Kamerada, ştatifdə, akkumlyatorlarda nə istəyirsən keçirmək olar.

- Onu başa düşürəm. Burda da prezident çəkilişlərinə gedəndə yoxlayırlar – xüsusi aparatlarla. ABŞ gömrüyü isə məni elə yoxlayır ki, sanki terroristəm, ya da narkokuryer. Paltarımı soyundurub, ayaqqabımı da çıxartdırırlar. Bircə o qalır ki, əllərinə əlcək taxıb, arxamı da axtarsınlar.

Operatoru həmən başa düşdük. O “əlcək görmüşdü”.

SON

Bu qədər. Çox qısa oldu. Axı nə edim ki, xarici səfərlərdə az olmuşam. Azərbaycan gömrükçüləri ilə təmasım az olub. Biznesmen də deyiləm. Eşitdiyimə görə də gömrük qanunları günü-gündən sərtləşdirilir. Ola bilsin ki, çatışmayan cəhətlər bu gün də var. Bir də ki, iş olan yerdə nöqsan da olmalıdır. Atalar sözünə arxalansaq: “Meşə çaqqalsız olmaz”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü