Modern.az

YAP-dan YAP-a şikayət​

Ədəbi̇yyat

20 Oktyabr 2023, 09:50

Mahir Qabiloğlu

Sözləri Süleyman Rüstəmə, musiqisi Ələkbər Tağıyevə məxsus olan “Sədaqətim var” mahnısını İslam Rzayevin ifasında dəfələrlə eşitmisiniz. Gözəl mahnı, gözəl ifa. Unudanlar üçün bir-iki bəndi yada salım:​


Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə “sev” deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimə sədaq­ətim var.
 

Məntək sevən hanı sə­ni dünyada?
Başımdan çıxmayır mə­nim bu sevda,
Ölsəm də açmaram sir­rimi yada.
Səndən yar, sənə yar şikayətim var...​


İndi sual yarana bilər ki, bu mahnının, özü də sevgi nəğməsinin siyasi partiya olan YAP-a nə dəxli var? İzah edim. Nazirlər,​ yüksək vəzifəli şəxslər mütəmadi olaraq rayonlara gedir, əhalinin şikayətlərini dinləyirlər. Bunu bir vətəndaş, bitərəf kimi yüksək qiymətləndirirəm. Amma bir tərəfdən də qəribə gəlir mənə. Heç kimə sirr deyil ki, bütün yüksək vəzifəlilər hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) üzvüləridirlər. Şəhər və rayonlarda da icra başçısından tutmuş ən kiçik vəzifəlilərə qədər əksəriyyət YAP-ın vəsiqəsini gəzdirir. Bəs görəsən qəbullara gələn əhalinin şikayəti əsasən kimdən olur? Əlbəttə ki, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirə bilməyən, YAP-ın vəsiqəsini döş cibində gəzdirən vəzifə sahiblərindən. Deməli, belə çıxır ki, camaat YAP-a YAP­dan​ şikayət edir? Özü də bu şikayəti ürəklərində gəzdirirlər, qoruyurlar, vədəsi çatanda qəbula düşüb ürəklərini boşaldırlar. Çünki salim və öz dövlətçiliklərinə, prezidetlərinə sədaqətli insanlardır.​ Amma yerlərdə bütün YAP-çılar onlara münasibətdə ədalətli deyillər. Öz həmkəndlilərini sevmirlər, öz qulluqçu, xidmətçi borclarını yerinə yetirmirlər. Bəs haqsızlıqla üzləşənlər onlara nə deyir? Lap mahnının birinci bəndində olan kimi:​


Mən sevim, sən sevmə, qoy belə olsun.
Sənə “sev” deməyə nə cürətim var?
Ürək özünündür özün bilərsən!
Mənimsə əhdimə sədaqətim var.​


Dözürlər, dözürlər. Yox, başqa qapı döymürlər. BMT, AŞPA, Avropa Birliyinin qapısını da tanımırlar. Nazirlərdən kimsə rayonda qəbul elan edən kimi düzülürlər növbəyə. Dillərində eyni sözlər:
 

Məntək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevda,
Ölsəm də açmaram sirrimi yada.
Səndən YAP, sənə YAP şikayətim var...​


P.S.​ Mahnının sözlərinə balaca düzəliş etdim. Süleyman Rüstəmin ruhu keçsin günahımdan.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir