Modern.az

Təkərli kitab dükanı  

Ədəbi̇yyat

19 Dekabr 2023, 11:46

Müəllimlərin XVI qurultayında ADA Universitetinin rektoru Hafiz Paşayev gəncləri bədii ədəbiyyata həvəsləndirmək çağırışı etdi. Bu çağırış mütaliə mədəniyyətinin, ənənələrinin bərpasına çağırış idi. Çünki intellektual varislik zənciri əməlli qırılıb və internet platformasının dəbə minməsi ilə əski oxu mədəniyyəti, onun yaratdığı gözəl dəyərlər əlimizdən elə sıyrılıb çıxır ki, bu da ölkə ziyalılarını, ədəbiyyat təəssübkeşlərini qayğılandırmaya bilməz.                                                                                

                                                                 ...

Şahbaz Xuduoğlu adlı ədəbiyyat aşıqi var, əksəriyyət tanıyır onu. Klassik və çağdaş dünya, həmçinin milli ədəbiyyat nümunələri sahib olduğu nəşriyyatda davamlı işıq üzü görür. Adam millətin övladlarına kitab oxutmaq üçün dəridən-qabıqdan çıxır. Metroda, dayanacaqlarda həm də kitab satır. Endirimli yarmarkalar, imza günləri təşkil edir. Təkərli kitab dükanı yaradır. Diqqəti cəlb etmək üçün bu dükana bəstəkar Cavanşir Quliyevə marş da yazdırır. Dükan-maşını universitetlərin həyətinə, əyalətlərə sürdürür. Kitabın, bədii ədəbiyyatın piarını onun kimi və sistemli quran birisi yoxdur; əla menecerdir. 

Bəs, bu qədər gözəl həngamənin qarşılığını ala bilirmi?

Alır.

Baxmayaraq ki, hərdən polis onun təkərli kitab arabasını karlı ticarət sanıb, yollardan yığmağa çalışır, halbuki tum, limon...satanlarla kitab satanın hədəfi və əziyyətinin miqyası tərəzinin eyni gözünə aid deyil.

Şahbaz bəy ənənəvi təkərli meyvə-tərəvəz dükanlarının paralelliyinə yazıçıların gözünün nuru, əlinin zəhməti, ürəyinin hərarəti olan roman, povestlər, dünyanın sirrini açan intellektual məhsullar satan dükanı gətirib qoyub. İnsanın kitaba sarı getmədiyi gerçəyinin kitabın insana sarı getməsi gerçəyi ilə əvəzlənməsi ideyasıdır bunun adı! Bu paralellikdə şüurların alt qatına o informasiya ötürülür ki, yemək nə qədər gündəlik təlabatdırsa, oxumaq da ruhun gündəlik ehtiyacıdır.  

Hansısa inzibati bir işdə məmur olmaq şansı varkən, məhz bu yolla pul qazanması onun sahibkar imicindən daha çox maarifpərvər obrazını qabardır ki, uğurlu oxu mədəniyyəti təşviqatında bu, çox önəmli detaldır. Şahbaz bəy Mirzə Cəlilin, Sabirin, Zərdabinin və adının qarşısında millət adamı olan kim varsa, onun uğurlu xələfi kimi meydanlardadır. 

Düşüncə estetikası ilə məşğul olan bu ədəbiyyat aləminin “cərrah”ının əlindəki alət kitablardır və plastik cərrahlardan fərqli olaraq onun beyinlərdə apardığı iş hər zaman mükəmməllik vəd edir. Çünki ədəbiyyat bir alət olaraq şüurlarda elə mənəviyyat qanunları, elə bilgi xəzinəsi yaradır ki, insan düşüncəsi, insan nitqi bununla heyranedici bir gözəlliyə sahib olur.       

Ona görə də bu maraqlı kitab piarına sevə-sevə təslim olanlar var: məsələn, kitablı günlər görən nəsil Şahbaz bəyin sevimli müştəriləridir. Evində böyüklərdən, məktəbdə müəllimindən mütaliə örnəyi ala bilən gənclər də var; onlar da kitabın keçmiş şöhrətini qaytarmaq istəyən ədəbiyyatın bu populyar təbliğatçısının çağırışlarına səs verirlər...

Amma mütaliə məsələsi hələ kütləvi deyil. Oxumaq gənclərimizin həyat tərzinə çevrilməyib.   

Görünür, mənəvi zənginliyin açarı olan ədəbiyyata maraq yaratmaqda nəsə çatmır və bunun yolunu əslində heç Şahbaz bəy özü də tam bilmir.


                                                            ...

Çağdaş nəsil savadlıdır. Aralarında nə qədər olimpiada qalibləri var. Okeanın o tayında yerləşən adlı-sanlı universitetləri qazanırlar. Hər il müxtəlif imtahan modelləri ilə fərqli ölkələrin təhsil mühitinə gedib çıxırlar. Bəs, gözəl ünsiyyət, savadlı dialoq qurmaq? Ən başlıcası, həyatı yaxşı ədəbiyyat örnəklərindən öyrənmək? İnşa yazmaq? Əksəriyyəti bu cəhətdən zülm çəkir. Dövlət İmtahan Mərkəzi də imtahanlarda “dəyişikliklər olacaq”- anonsu ilə ara-sıra uşaqların gözünü qorxutmağa çalışır, amma nə fayda...                                                              

                                                             ...

Oxuyan insanlar əskilərdə qaldı. İntizamlı və vəfalı oxucu yenə də köhnə nəsildir.  Uşaqlar nədən özümüzə oxşamır? 

Günahkar məktəb, valideyn, yoxsa dövrdür?

Elə hamısı! Tədrisin yükü çox ağırdır. Biliklər mürəkkəb metodlarla çatdırılır. Hələ dərsdən sonra repititorluq da var.    

Valideynlər hamısı və həmişə tələbkar deyil.

Ən sərt mühakiməyə isə zəmanə layiqdir. Texnologiya dünyamıza daxil olandan günümüz qaradır. Uşaqların ədəbiyyat yanğısı yox, əyləncə yanğısı aşıb-daşır! Texnoloji əsri çox da öyməyək. Burada kim necə istəyir yazır: səhv, qüsurlu. Nə qədər insan hekayəsi: bəsit, cılız, dramatik. İnsanın maraq dairəsində zövqsüzləşmə baş verir. Örnək buradakı insan taleləridir. İnternet platformasından qazanılan bərbad dil, vulqar söz, kobud üslub yeni nəslin danışıq tərzinə çevrilir. Uşaqların böyük əksəriyyəti mədəni yox, söyüşkən, dalaşqan obrazda rastımıza çıxır. Halbuki burun, çənə estetikasından daha çox düşüncə, ünsiyyət estetikasına ciddi ehtiyac var.   

                                                                 ... 

Bu estetikanı kim yaratmalıdır? Həm də universitetlər!

Dünya və milli ədəbiyyat nümunələrini əvvəlki nəsil hər gün Axundov adına kitabxanada oxuyar, dərsə belə hazırlaşardı. Müasir tələbələr internet resuslarından roman, povestlərin 10 cümləlik qısa məzmununu əldə etməklə kifayətlənir. Bu isə standartı pozulmuş mütaliə metodudur; kseroks vərəqlərindəki qısa xülasə ilə qədim dünyanın bütün dövrlərə miras qoyduğu ədəbiyyat cazibəsini zəiflətməkdir.                                                                       

                                                            ...

Kitab ticarəti bu gün yemək sifarişi götürən, geyim satan saysız-hesabsız şirkətlərə uduzur...Ağrılı həqiqətdir!

Ədəbiyyat piarının yükü isə təkərli kitab dükanı ilə yanaşı, həm də LİBRAFFın öhdəsindədir. Buradakı dekorasiya: hər tərəf kitab, mərkəzdə ağ rəngli piano, çox həzin musiqi, ortada çoxlu masalar...çay, kofe və buranın kitab biznesindən daha çox güclü olan oxu ruhu! Kim dizayn edibsə, ideyanı kim veribsə, müvəffəq olub: birlikdə kitab oxuyan, müzakirələr aparan gənclərin pıçıltılarını eşidə bilirsən. Gəncliyi bu ünvanda tapa bilirsən...

Amma “LİBRAFF”dakılar, hətta Şahbaz bəyə onu yaxşı oxucuya çevirdiyinə görə təşəkkür məktubları yazanlar dəryada bir damladır...

Kitab heç zaman gözdən düşməyən klassika kimidir. Bu klassikaya kütləvi qayıdış bir gün mütləq başlayacaq. Amma yeni və daha güclü təşviqat predmetləri hesabına!    

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü