Modern.az

Sabirin satirasını necə başa düşməli?!

Sabirin satirasını necə başa düşməli?!

Ədəbi̇yyat

20 May 2024, 12:55

Son vaxtlarda Sabir yaradıcılığına inkarçı münasibət meyli sezilməkdədir. İçtimai şüura Sabir satirasının müasirliyini itirməsi fikri ötürülməkdədir. Bu yanlış meyllər Sabir satirasının mürəkkəb məzmununu qavraya bilməməkdən və sovet ədəbiyyatşünaslığının sənətkarın yaradıcılığına birtərəfli, eyni zamanda, ideoloji mövqedən verdiyi təhlillərin həm içtimai, həm də elmi düşüncədə  özünə möhkəm yer etməsi ilə bağlıdır.

M.Ə.Sabir Azərbaycan tənqidi realizminin iki böyük nümayəndəsindən biri sayılır. Tənqidi realizm ədəbiyyatşünaslıqda maarifçi realizmdən sonrakı inkişaf mərhələsi və realizmin yeni tipi kimi dərk və qəbul edilir. Realizmin yeni mərhələsində və tipində tənqidi gülüşün mahiyyətcə maarifçi realizmdəkindən fərqlənməsi və inqilabi demokratik dünyagörüşünə əsaslanması fikri önə çəkilir.

Buna görə də tənqidi realizmdə inkar pafosu onun estetik prinsiplərini müəyyənləşdirən əsas şərt kimi qəbul edilir. Beləliklə, estetik idealın inkar yolu ilə təsdiqi tənqidi realizmin əsas qanunauyğunluğu hesab edilir. Milli realizmin yeni inkişaf mərhələsi üçün bu prinsiplərin “qəti normativ akt” kimi qəbul edilməsi bizə mübahisəli görünür. Ən azı ona görə ki, milli tənqidi realizmin böyük nümayəndələrinin- C. Məmmədquluzadənin, xüsusən Sabirin yaradıcılığı bu “qanunauyğunluq”dan kənara çıxır. Sabir satirasında inkar pafosu ilə təsdiq pafosu bir-birini tamamlayaraq, onun dialoji məzmununu önə çıxarır. Bu satira heç də həmişə eybəcərliyi inkar məzmunu ilə özünəməxsusluq qazanmır. Burada cəmiyyətdə gedən proseslər bütün mürəkkəbliyi, ziddiyyətləri, müsbət və mənfi tərəfləri ilə əks olunur. Cəmiyyət həyatına analitik bədii nüfuz, “Hophopnamə”nin “milli həyatın ensiklopediyası”na çevrilməsi onun təsdiq pafosu ilə də şərtlənir. Sabir satirası maarifçi dünyagörüşünün ifadəsi olaraq öz üzərinə milli şüurun formalaşdırılması funksiyasını götürür. Bu funksiya onun cəmiyyətin bütün təbəqə və zümrələrinin həyatını bədii təhlil predmetinə çevirməsini qaçılmaz edir.

Cəmiyyətin sıçrayışlar (inqilablar) yolu ilə deyil, tədrici təkamül yolu ilə tərəqqi edəcəyi, millətinin məhz bu yolla”millətlər içində öz imzası”nı təsdiq edə biləcəyinə inam Sabirin estetik idealının aparıcı xəttinə çevrilir. Böyük sənətkar xalqının milli şüurunu oyatmaq, onda həqiqi vətəndaş düşüncəsi formalaşdırmağı özünün əsas məramı kimi qəbul edir.

Sabir satirada inqilab yaratmışdı. Lakin bu, “inqilab uğrunda satira” deyildi. Sabir şüurda inqilabdan danışırdı. O, mənsub olduğu millətin sosial şüurunun oyanması, insanın özünü və millətini, milli varlığını dərk etməsi, vətəndaş kimi yetişməsi uğrunda mübarizə və mücadilə yolunu seçmişdi. Sabirin məqalələrində biz satirik şeirlərində ifadə olunan məramın açıq, publisistik ifadəsini görürük. Sabir milli tərəqqi uğrunda mübarizədən danışır. Bütövlükdə İslam dünyasının geriliyindən söhbət açır və yana-yana, vətəndaş ağrısı ilə bildirirdi ki, “bu cəhalət bizi odlara yandırır, biz hələ bixəbər qalırıq”. Sabir mədəniyyət, hürriyyət zamanının gəldiyini uca səslə elan edir və ona yetişməyin çarələrini axtarırdı. “Bilirmisən çarəmiz nədir?” sualına Sabir belə cavab verirdi: “Bəli, çarəmiz, ən böyük çarəmiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı” [4,206].

Məktəb uğrunda mübarizə Sabirdə milli düşüncəni oyatmaq, xalqı cəhalət əsarətindən qurtarmağın, hürriyyətə yetişməyin, azad vətəndaş cəmiyyəti yaratmağın əsas yolu kimi mənalanırdı. Sabir gələcəyə, istiqbala gedən yolun məktəbdən keçdiyini israrla təkrar edir, “məktəb uğrunda mübarizə”ni “böyük vəzifə”, “ali məqsəd!” hesab edirdi.

Sabirin milli varlığın tərəqqisi, azad vətəndaş cəmiyyəti uğrunda mübarizəsi konsepsiya xarakteri daşıyırdı və bütöv bir sistemə malik idi. Bu sistemdə bütün millət övladlarının yeri var idi və hər bir kəsin, hər bir təbəqənin üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilmişdi.

Sabir satira ilə bərabər, uşaqlar üçün də şeirlər yazırdı. Bu, müəyyən mənada, onun məktəbdarlığı, məktəblərdə qiraət materiallarına olan böyük ehtiyacla bağlı idi. Lakin bizi düşündürən məsələnin başqa bir tərəfidir. Sabirin satirik yaradıcılığı ilə uşaqlar üçün yaradıcılığı arasında daxili bir əlaqə var idimi? Məsələ burasındadır ki, Sabirin milli varlıq uğrunda mübarizəsinin başlanğıcında uşaqlar üçün yazdığı şeirlər dayanır. Sabir milli ruhun tərbiyəsi, vətəndaşlıq düşüncəsi uğrunda mübarizəni işin təməlindən – uşaqlardan başlamağı vacib sayırdı. 

“Hophopnamə”də bütün nəsillərin tale yolu, bütün sosial təbəqələrin düşüncə tərzi analitik bədii təhlildən keçirilir və dəyərləndirilirdi. Əksər satiralarda dünyagörüşü, məsələlərə baxış bucağı ilə tənqid hədəfinə çevrilən tiplərlə bərabər, cəmiyyətdə gedən mütərəqqi proseslərin təmsilçisi olan insanın – ictimai şüuru inkişaf etmiş vətəndaşın da obrazı görünməkdədir. Sabirşünaslıqda demək olar ki, diqqətdən kənarda qalan bu məsələ - Sabir satirasının dialoji məzmunu onun özünəməxsusluğunu şərtləndirən ən əlamətdar keyfiyyətlərdən biri kimi nəzərə çarpır.

“Hophopnamə”nin “Millətnamə” olmaq məramı “Məktəbnamə”dən keçir. Bütün sosial təbəqələr, bütün nəsillər məktəb adlı məhək daşına vurularaq qiymətləndirilir. Çünki sənətkarın uğrunda mübarizə apardığı milli hərəkatın gerçəkləşməsinin əsas meyarı məktəbə münasibət idi. Milli taleyin irəliyə doğru hərəkəti, milli tərəqqiyə gedən yol məktəbdən keçirdi. İlk növbədə, məktəblər açılmalı, məktəbin açılması zərurəti dərk olunmalı idi. Məktəb ictimai şüuru formalaşdırmanın təməlini qoyan bir məbəd kimi təsəvvür edilməli idi. Sabir satirasında valideynin məktəbə, uşağın oxumasına münasibətinə son dərəcə ciddi əhəmiyyət verilməsinin əsas səbəbi bu idi. Onun məktəblə bağlı qaldırdığı ilk problem uşaqların təhsil alması zərurətinin milli düşüncədə yer alması idi. Buna nail olmaq milli düşüncənin formalaşması istiqamətində ilk addımın atılması demək idi. Məhz buna görə, Sabirin yaradıcılığında tənqidin ilk hədəfləri “uşaq mənimdir əgər, oxutmuram, əl çəkin!” deyən və sosial şüurdan məhrum olan ata-analar idi. 1906-cı ildə dövri mətbuatda Sabirin iyirmi üç satirası çap olunub. Bunlardan doqquzu elmin və təhsilin əhəmiyyəti, valideynin uşaqların elmə və təhsilə cəlb olunmasına münasibəti məsələsinə həsr olunmuşdur: “Ol gün ki, sənə xaliq edər lütf bir övlad”, “Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!”, “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”, “Ata nəsihəti” və s. İlk növbədə, bu satiralarda milli mühitdə məktəbə münasibətdəki köklü ziddiyyətlərin məharətli bədii təsvirini görmək mümkündür. Bir tərəfdə heç cürə oxumaq istəməyib, küçəni özünə fəaliyyət meydanı seçən uşağın obrazı, digər tərəfdə bütün varlığı ilə təhsilə, elmə meyl salmış məktəblinin obrazı, bir tərəfdə elmə, təhsilə qənim kəsilən atanın obrazı, o biri tərəfdə oğlunu oxumağa həvəsləndirdiyi üçün əri tərəfindən olmazın töhmətlərə məruz qalan ananın obrazı və s. Göründüyü kimi, mənzərə kifayət qədər mürəkkəbdir.

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
İncəldi uşağım –

misralarında elmə, təhsilə cahil, nadan münasibəti simvollaşdıran atanın obrazı tənqid hədəfi seçilmişdir. Lakin tənqid hədəfinin dilindən səslənən monoloq ancaq onun dünyagörüşünün ifadəsi deyildir. Bu “monoloq” sözün həqiqi mənasında polifonik məzmunludur. Çünki bu monoloqda təhsilin, elmin əhəmiyyətini dərk etməyən, buna görə də ona gəc baxan cahilin obrazı ilə bərabər, elmə, təhsilə milli qurtuluş yolu, vasitəsi kimi baxan, ictimai şüuru inkişaf etmiş vətəndaşın da obrazı görünməkdədir. Bu satira bir “ailə dramı”dır. Atanın müqavimətinə baxmayaraq zamanın tələbi kimi elm, təhsil bu ailəyə də nüfuz edə bilmişdir. Atadan fərqli olaraq ana ayıq düşüncəlidir. Zamanın irəliyə doğru hərəkətini, bu hərəkətdə elmin, təhsilin əhəmiyyətini başa düşmüş, bir an da tərəddüd etmədən oğlunu oxumağa təşviq etmişdir.

         Haşa, oda yaxmaz ana istəkli balasın,
                            Kəssin səni Allah!
         Bu tifli oxutmaqlığa etdin məni tərğib
                            Həp eylədin iğva –

misralarından milli şüuru inkişaf etmiş ananın obrazı boylanır. Adı çəkilən satirada elm, təhsil yoluna düşən, oxumağı, təhsil almağı özünün həyat məramına çevirən, dünyəvi elmləri öyrənməyə ehtirasla can atan, artıq bu yolun fədakar yolçusuna çevrilən gəncin də obrazı görünür. Sabir satirasında atalar-oğullar problemi çox vaxt mühafizəkar dünyagörüşünə malik ata ilə yeniləşən dünyanın təmsilçisi olan övlad arasındakı münaqişə şəklində öz həllini tapır:

Bəsdir oxudun, az qala canın tələf oldu,
                   Bu kardan əl çək!
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,
Əşardan əl çək!

misralarının və bu kimi digər misraların dialoji məzmunu elmə, təhsilə cahil münasibət göstərən ata obrazı ilə bərabər, cəmiyyətdə gedən mütərəqqi proseslərin axarına düşən, “zülmət səltənəti”ndəki “işıq şüaları”nın gündən-günə güclənəcəyinə ümid yaradan məktəbli gəncin obrazını da təsəvvür etməyə imkan verir. Dahiyanə istedad və iti müşahidə vətəndaş sənətkara cəmiyyətdə gedən yeniləşmə proseslərinin, milli düşüncənin formalaşmasının, vətəndaş cəmiyyəti yaratmaq uğrunda mübarizənin genişlənməkdə olduğunu, qarşısıalınmaz mədəni hərəkata çevrildiyini müşahidə etməyə imkan verir. Sabir cəhalət dünyasını göstərməklə bərabər, ona müqavimət göstərən “güc”ün də mövcudluğunu müşahidə edir və öz müşahidələrini satiralarının dialoji məzmununda çox aydın əks etdirir. Biz Sabir satirasında artıq elm, təhsil yoluna düşən məktəbli, gəncin obrazını gördükdə buna təəccüblənmirik. Çünki cəmiyyətdə gedən proseslər bütün tərəfləri ilə bu satira güzgüsündə əks olunmaqdadır:

         Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,
                            Ax, ax, a beyinsiz!
         Hər bir gədə bir az oxuyub adəm olubdur,
                            Zakonu bəyənməz;
         Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
                            Hamunu bəyənməz;
...Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə,
                   Bircə usan, oğlum!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
                   Axır utan, oğlum!

“Ata nəsihəti” adlı satiradan verdiyimiz bu parça cəmiyyətdə gedən ədəbi-mədəni hərəkata, hətta sosial-siyasi həyata güzgü tutur, ictimai həyatın qarşısıalınmaz inkişafa doğru təkamülünü əks etdirir. İctimai həyatı öz durğunluğunda, “qaranlıq dünya” çərçivəsində saxlamaq istəyənlərin acizliyi, yeniləşmənin həm mədəni, həm də sosial-siyasi hərəkat kimi cəmiyyəti bütövlükdə öz ağuşuna alması və bunun get-gedə genişlənməkdə olması, “oğullar”ın “atalar”ın qaranlıq dünyasından birmənalı şəkildə sıyrılıb çıxmağa çalışması, milli intibah hərəkatına qoşulması Sabir satirasında inkar pafosu ilə təsdiq pafosunun bir-birini tamamlamasından soraq verir, hər ikisinin bu sənətin üzvi tərkib hissəsi kimi meydana çıxıb, onun həyati gücünü təsdiq etməsinin əlamətdar cəhətləri kimi meydana çıxır.

Sabir satirasının təsdiq pafosunda cəmiyyətin maariflənməsinə qarşı çıxan qüvvələrlə müqayisədə maarifçilik uğrunda dönməz mübarizə yoluna qədəm qoyanların artan gücü, həyatın bütün sferalarına təsiri, həyatı, yaşayış tərzini, həyata, yaşayışa baxış sistemini dəyişdirmək imkanları əks olunur. Burada maarifçilik hərəkatının milli həyata getdikcə daha artıq nüfuz etməsi bədii təhlil predmeti olur. “Ey fələk, zülmün əyandır...” satirasında “məktəbi-nisvan”ın cəmiyyət həyatına nüfuzunun satirik tipin monoloqunda əks olunan məzmunu məktəbin ictimai şüurdakı obrazının dəyişməkdə olduğunu sübut edir. Hiss olunur ki, milli mühitdə nəinki yeni tipli məktəblərin, hətta “məktəbi-nisvan”ların açılmasına rəğbət bəsləyənlərin, bu işə təkan verənlərin sayı gündən-günə artmaqdadır. Mütərəqqi fikir daşıyıcılarının məktəb hərəkatını irəli aparmasının, məktəb şəbəkəsini hər gün daha artıq şəkildə genişləndirmək məramlarının qarşısını almaq mümkünsüzdür; zamanın ictimai-mədəni hərəkatı mühafizəkar qüvvələrin müqavimətini qırmaqdadır: “... Gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət...aman, ey vah! Ay Allah!”

Satirik tipin yuxusunu qaçıran, onu vahiməyə salıb narahat edən yeni tipli məktəb uğrunda mübarizə aparanların ictimai bir qüvvəyə çevrilməsi, sosial düşüncəni bu hərəkata səfərbər etmək əzmidir. Yenilik sürətlə irəliləməkdə, köhnə, sxolastik düşüncəni sıxışdırmaqdadır:

...Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı, - deyirlər...

Yeni tipli məktəb uğrunda mübarizə nəticə etibarı ilə yeni dünyagörüşünə malik, dünyəvi elmlərin əsaslarını mənimsəmiş ziyalı təbəqəsinin yetişməsinə hesablanmışdı. Sabir satirasında millətin savadlanması, elm və təhsil uğrunda mübarizənin əməli nəticələri də əks olunmuşdur. Vaxtı ilə dünyəvi məktəbə olan müqaviməti qırıb millət balalarını təhsilə, elmə cəlb edən işıqlı qüvvələrin zəhmətləri bar verməkdə, dünyəvi elmlərə mükəmməl şəkildə yiyələnmiş gənclərin sayı artmaqda, çoxalmaqdadır. Dünyəvi təhsil alan bu uşaqlar Sabir satirasında gələcəyin qurucuları, millətin istiqbalının təminediciləri kimi təsvir edilirlər. Satirik tipi azyaşlı uşaqların dünyəvi elmlərdən xəbərdar olmaları nə qədər qorxudur, vahiməyə salırsa, vətəndaş sənətkarı bir o qədər sevindirir, ümidləndirir. Satirik tipin dilindən səslənən:

Ana dilini belə bilmir iyirmi yaşlı cəvanlar,
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!-

misralarında təhsili, elmi özünün həyat amalına, fəaliyyət meydanına çevirən gəncliyin yetişməsi həqiqəti də ifadə olunmuşdur. Bu həmin o gənclikdir ki, Sabir milli tərəqqiyə olan bütün ümidlərini onlara bağlamışdı. Oxumuş, ziyalı gənclik milləti birləşdirəcək, onu milli şüura, vətəndaşlıq düşüncəsinə kökləyəcək, vətən övladını “nadanlıqdan danalığa” dəvət edəcək əsas və həlledici qüvvə idi. Sabirin qəti inamına görə “o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, oxumuş olalar, ali mədrəsələrdə təhsili-elm, təhsili kəmalat etmiş olalar” [4,205]. Sabir milli ictimai qüvvələr qarşısında məsələni belə qoyurdu: “Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oxumuş, böyük oxumuş, ana dilində əqaidi-diniyyəsindən xəbərdar olan cəvanlar sahəarayi-meydanı-tərəqqi olsunlar” [4,207].

 Sabir satiralarının bir qismində satirik tipin, və yaxud tiplərin dünyagörüşü ilə “şair məni”nin dünyagörüşü arasındakı təzad bədii konflikti şərtləndirən əsas amilə çevrilir. Çox vaxt da biz bu konflikt tipini bütövlükdə Sabir satirası üçün xarakterik olan əsas konflikt tipi kimi qələmə veririk. Ədəbiyyatşünaslıqda Sabir satirasında ikinci konflikt tipi kimi “ictimai aşağılar”la “ictimai yuxarılar” arasındakı ziddiyyətlərin bədii ifadəsi səciyyəvi hesab edilmişdir. Bu konflikt tipinin mahiyyətində “meydan oxuyanlar” və “fəryad edənlər” [2,220] arasındakı ziddiyyətlərin durduğu əsaslandırılır. Bu mənada ədəbiyyatşünaslıq Sabir satirasında “fəhlənin burjuya, kəndlinin mülkədara meydan oxumağa başladığı bir dövrün hərtərəfli inikası”ndan [2,221] söz açır. Bu zaman Sabirin ayrı-ayrı sosial təbəqələrə münasibəti birmənalılıq müstəvisinə gətirilir və totallaşdırılır. Məsələ burasındadır ki, Sabir satiralarında ayrı-ayrı sosial təbəqələrə total münasibət yoxdur. Sabirdə burjuaziyanın, mülkədarın tənqidi var, lakin bu, bütövlükdə burjuaziyanın, mülkədarlığın tənqidi deyildir. Sabirdə burjuaziyanın və mülkədarlığın tənqidi onlara oxunan “ölüm və matəm mahnısı” [2,221] deyildir. Sabirdə ictimai şüuru oyanmaqda olan, haqqı nahaqdan ayıran fəhlənin, kəndlinin təqdiri var, amma bu bütövlükdə fəhlə və kəndlinin sosial mədhi deyildir. “Fələ, özünü sən də bir insanmı sanırsan?”, “Bakı fəhlələrinə”, “Əkinçi” satiralarında fəhlə və kəndliyə ictimai şüurunun oyanması nöqteyi-nəzərindən müsbət, təqdiredici münasibət ifadə olunursa, “Səbr eylə” satirasında bu, tənqidi münasibətlə, hətta sarkazmla əvəz olunur:

Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

 Ədəbiyyatşünaslıqda çox vaxt məsələ belə qoyulur ki, “iki qəhrəmanın mübarizəsi bu realizmin ən yaxşı nümunələrində iki zidd ictimai şəraitin, sinfin, təbəqənin açıq mübarizəsi səviyyəsində ümumiləşir” [2,215]. Bu fikirlə razılaşmaq çətindir. Sabir satiralarında bədii konfliktin mayasında siniflərarası mübarizə dayanmır. Sabirin tənqid hədəfi nə ayrı-ayrı siniflər, nə də ayrı-ayrı təbəqələr deyil. Sabirdə hər hansı təbəqəyə (istər aşağı, istərsə də yuxarı) birmənalı münasibət, birmənalı tənqidi və yaxud təqdiredici münasibət yoxdur. Sabirdə tənqidin meyarı kimin hansı sinfə, yaxud sosial təbəqəyə mənsubluğu deyil, kimin hansı səviyyədə ictimai və milli şüur, vətəndaşlıq düşüncəsi nümayiş etdirib, etdirə bilməməsidir. Satiraların dialoji məzmunu bunları deməyə əsas verir və satirik tiplərin əksər “monoloq”larına birmənalı yanaşmanı sərf-nəzər edir.

Elmi ədəbiyyatda tamamilə doğru vurğulanır ki, “ümumiyyətlə, şairi tərəqqiyə kömək edə bilən hər cür iş maraqlandırmışdır” [1,86]. Sabir millətin bütün təbəqələrini sosial-tərəqqi, milli intibah uğrunda mübarizə yoluna səfərbər etməyi əsas fəaliyyət məqsədi kimi seçmişdir. Sabir məsələni belə qoyur: Millətin halı pərişandır və onu bu “pərişanlıq”dan xilas etmək üçün çalışmalıyıq. “Qəm yemə, səbr et, bu da, yahu, keçər” nidası millət uğrunda mübarizəyə çağırışın, milli səfərbərlik zərurətinin kinayə örtüyünə bürünmüş ifadəsidir. Millət uğrunda mübarizə ideyasının milli birlikdən keçdiyini və başqa heç bir çıxış yolunun qalmadığını oxucusuna çatdırmaq, onun bəsirət gözünü açmaq üçün Sabir bəzən sözünün üstündəki kinayə örtüyünü götürür, məsələni açıq və birbaşa qoyurdu:

         İki qonşu bir-birinin milləti,
Hər ikisi bir peyğəmbər ümməti,
Biri kəsir qurban, bişirir əti,
                   Bayram edir Xəlilullah eşqinə,
                   O biri də baxır Allah eşqinə.

Burda, əlbəttə, tənqid var. Kinayə, sarkazm da var. Ancaq Hacı Piriyə, Hacı Pirilərə yönəlmiş bu tənqid ifşa xarakteri yox, ayıldıcı, təsiredici səciyyə daşıyır. Burdakı tənqid “bir şairi-kinayəafərin”in, “kor-kar ruhlarda milliyyət hissi” [5,233] oyandırmaq məqsədindən güc alır. Şair öz niyyətini açıq deyir. Millətin imkanlı şəxslərinin üzərinə düşən missiyanı onlara bir daha açıq və aydın bir dillə xatırladır. Sabir öz soydaşını himmətçiliyə, ümmətçiliyə çağırır. Ona üzərinə düşən vəsifəni, milli varlıq naminə üzərinə düşən missiyanı dönə-dönə xatırladır, onun yatmış ruhuna təsir etməyə, vicdanını oyatmağa çalışır. Sabirdə “sərvətü-saman”ına, “bol pulu”na, “milyon”una görə varlını, kapitalisti, mülkədarı töhmətləndirmək niyyəti yoxdur. Sabir varlıya himmətçilik, ümmətçilik düşüncəsi təlqin edir. Milli birlik olmadan milli tərəqqi yoluna çıxmağın mümkünsüzlüyünü başa düşməyə çağırır. O, sosial təbəqələr arasında təfriqə yox, harmoniya, bir-birinin səsinə səs vermək istəyi, düşüncəsi axtarır. Sabir “Çox da demə sərvətü samanlıyam, ey filan!” misrası ilə başlayan satirasında üzünü “sərvətü-saman” sahibinə tutub üzərinə düşən missiyanı ona belə xatırladır:

                   Qonşuda lakin neçə üryan da var, - qış, boran...
                   Giryə də var, naləvü əfğan da var, nimcan...

Sabirə görə milli həmrəylik olmadıqca, pullular milli mənafe uğrunda mübarizənin zərurətini duymadıqca, tərəqqi, milli inkişaf yoluna düşən, bu yolda böyük uğurlar əldə edən millətlərin təcrübəsini öyrənmədikcə bir millət kimi özümüzü təsdiqdən söhbət gedə bilməz. “Təbaət” şeiri bu məntiqə söykənir. Şair məsələni belə qoyur: “Rütbeyi-irfan”a gedən yol “təhsili-ülum”dan keçir. “Təhsili-ülum” üçün məktəb lazımdır. Məktəbə kitab lazımdır. Başqa xalqların sərvət sahibləri məktəbin, kitabın inkişafına maraq göstərir, imkanlarını əsirgəmirlər. Bu sahəyə pul qoyub, şirkətlər yaradırlar. Sabir üzünü millətin var-dövlət sahiblərinə tutur, təkid və təlqin xarakteri daşıyan sualla onlara müraciət edirdi:

Etsək nə olur biz də belə şirkətə iqdam?

Sabir üçün varlının-əğniyanın nə düşündüyü, necə düşündüyü, nə üçün yaşadığı, necə yaşadığı gün kimi aydın idi. O, bu düşüncəni də, günün acı reallığını da satira güzgüsündə əks etdirirdi:

         Tikmə, kənar ol, gözümə milləti!
         Neyləyirəm milləti, milliyyəti?!
         Oldu başım dəng, dəyiş söhbəti,
         Az sölə millət belə, ümmət belə!..

Sabir ağır bir yolun yolculuğuna çıxdığını çox dəqiq bilir, buna görə də qətiyyən ruhdan düşmür, yorulmur, usanmır, ayaq geri qoymaq haqqında düşünmürdü. Sabir:

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə?!

deyən sərvətdarı çox yaxşı tanıyır, ondakı düşüncə məhdudluğunu çox aydın görür, bundan dərdlənir, ağrınır, lakin ruhdan düşmürdü. Sabirə görə, ümidsizliyə bir elə əsas yox idi. Əksər pullular millət uğrunda, millətin mənafeyi uğrunda mübarizəni felən qəbul etmirdisə də, zaman onları bu məsələyə münasibətdə “dalan”a dirəmişdi. Çünki burjua münasibətlərindən doğulmuş “əğniya”lıq burjua münasibətlərindən doğulmuş milli həmrəylikdən kənarda qala bilməz, yaxasını qırağa çəkə bilməzdi. Əğniyanın – varlının millətçilik, ümmətçilik uğrunda mübarizə yoluna qədəm qoyması qaçılmaz bir proses idi, zamanın istəyi idi. Zaman varlının, əğniyanın qarşısında millətinə cavabdehlik vəzifəsi qoyurdu. Əğniya “fikrim budur ancaq olam, öz keyfimə məşğul” desə də, cəmiyyət, həyat ona görəcəyi, görməli olduğu işi təlqin və təkid edirdi. Bu təkid və təlqin qarşısında ayaq geri qoya bilməyən əğniyanın psixoloji portreti Sabirdə belə cızılırdı:

Yəni nə deməkdir bu ki, sən pulunu xərc et,
Ta elm oxuyub dərs ala millət, uçitellər?!

Bu “uçitellər” burjua münasibətlərinin doğurduğu ideoloqlar idilər. Onlar zamanın səsi kimi zamanın tələbini millət övladlarına çatdırır, onlara psixoloji təsir göstərir, onları millət uğrunda mübarizəyə kökləyirdilər. Cəmiyyət artıq ağı qaradan seçə bilir, “millət qəminə baxmayan” “bihimmət əğniya” ilə millət uğrunda mübarizləri fərqləndirməyi bacarır, Sabir satirasının tənqid və təlqin gücü ilə onları millət və vətən uğrunda mücadiləyə səsləyirdilər.

Bu səsləniş qarşısında ictimai şüurca tam yoxsul olan əğniya öz kor inadı hesabına:

Mən nə cəmaət, nə vətən anlaram,
Yansa vətən, batsa cəmaət belə -

desə də cəmiyyətdə gedən proseslər, milli intibah uğrunda gedən mübarizənin dönməzliyi onlara da təsirsiz qalmır, “yanan vətən, batan cəmaət”lə bağlı düşüncələr onları da tədricən narahat etməyə başlayırdı.        Bu mənada vaxtı ilə sabirşünaslıqda qoyulmuş bir məsələ öz aktuallığını və müasirliyini indi də saxlamaqdadır. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, nəzəriyyəçi alim Mir Cəlal 1961-ci ildə yazdığı “Sabirin surətlər aləmi” adlı məqaləsində yazırdı: “Bəzi ədəbiyyatşünaslar arasında bir təsəvvür gəzir ki, guya Sabir ancaq mənfi tiplər yaratmışdır, müsbət adamlara, müsbət hadisələrə diqqət yetirməmiş və ya az fikir vermişdir. Sabir yaradıcılığını, xüsusən böyük şairin məqsəd, qayə və amalını dərindən öyrənənlər və dürüst dərk edənlər bu iddiaların boş, əsassız və insafsız olduğunu yaxşı bilirlər” [3,59]. Görkəmli nəzəriyyəçi alimin bu tezisləri “Hophopnamə” estetikasının düzgün elmi dərkinin metodoloji açarı kimi qəbul edilə bilər.   Əksər satiralarda tipin monoloqu hadisəyə yalnız özünün münasibətini yox, həm də başqalarının münasibətini ifadə edir. Məhz bu cəhət, bir daha təkrar edək ki, satiraların inkar və təsdiq məzmununu önə çıxarır. “Bizə nə?!” satirasına diqqət yetirək:

Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur avarələri?

Bu, artıq monoloji nitq deyil və ancaq satirik tipin düşüncəsini, məsələyə baxışını ifadə etmir. Bu, dialoji nitqdir. Burda satirik tiplə bərabər, tamam fərqli bir dünyagörüş sahibinin düşüncələri də əks olunmuşdur. Bu dialoji nitqdə iki obraz var. Birincisi, əğniyanı himmətçiliyə, millət yolunda xidmətə çağıran vətəndaş, ikincisi, himmətçiliyin, millət yolunda fədakarlığın mahiyyətini dərk etməyən əğniya – varlı obrazı. Satira ictimai proseslərə fərqli baxışların ifadəsi olmaqla cəmiyyət həyatındakı geriliklə bərabər, inkişafı da təsvir və təhlil predmetinə çevirir. Satirada tipin ictimai şüurunun yoxsulluğu ilə bərabər, onu ictimai və milli şüura dəvət edən vətən övladının vətəndaş düşüncəsi oxucunu düşünməklə yanaşı, müsbət ovqata da kökləyir.

İctimai həyatda milli varlıq uğrunda mübarizədəki irəliləyiş vətəndaş düşüncəli qəhrəmanın daha artıq aktivləşməsi, milli şüurdan məhrum soydaşına millət və vətən naminə iş görmək zərurətini daha fəal şəkildə başa salması, izah etməsi ilə səciyyəvilik qazanır. “Ağlaşma” satirasında satirik tipin:

         Mənə böylə-böylə işdə deməyin söz, ey cəmaət!
         Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət?                           

sözlərindəki dialoji məzmun milli intibah uğrunda mübarizənin ictimai bir hərəkat səviyyəsi aldığını göstərir. Bu məzmunda millət uğrunda mübarizlərin günü-gündən çoxalması, təşkilatlanması və ictimai proseslərə təsir imkanlarının artması, real qüvvəyə çevrilməsi də ifadə olunmuşdur. Milli şüurdan məhrum vətəndaşın milli birliyə, himmətçiliyə dəvətdən ciddi narahatçılıq keçirməsi, əsəbiləşib özündən çıxması onun milli hərəkat qarşısında çıxılmazlığını, himmətçilikdən başqa yolun qalmadığını dərk etməsinin nəticəsidir:

Sənə nə, evin yıxılsın, füqarə üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?!

 Olsun ki, “iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?!” deyən satirik tipin təbdən çıxıb çılğınlaşmasında öz varını, dövlətini əvvəlki tək “annalar” yolunda yox, millət yolunda sərf etməyə hazır olan, bu yolu tutub gedən həmkarlarının da hərəkətinin rolu var. Sabir satirasında bu həqiqət də öz ifadəsini tapır. “Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!” deyən sərvətdar etiraf etməyə məcbur olur ki:

                   Bir para şəxs eyləyir mayeyi-ehsan səni,
                   Qədrini bilməz edir millətə qurban səni.

Bu misralarda satirik tipin etiraf etdiyi həqiqət Sabirin bütün ömrü boyu inandığı və uğrunda mübarizə apardığı böyük HƏQİQƏTİN artıq gerçəkləşməkdə olduğunu təsdiq edir.


Təyyar SALAMOĞLU
ADPU-nun professoru


Ədəbiyyat

1.Bayramoğlu A. Mirzə Ələkbər Sabir. Bakı. Qismət, 2003.

2.Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı. Elm, 1981.

3.Mir Cəlal. Sabirin surətlər aləmi / Mirzə Ələkbər Sabir haqqında tədqiqlər (Elmi məqalələr toplusu). Bakı. CBS., 2012.

4.Sabir M. Ə. Hophopnamə. Bakı. Şərq-Qərb, 2004.

5. Səhhət A. Sabir / M. Məmmədov. Azərbaycan ədəbi tənqidi. Müntəxabat. Bakı. Tural-Ə NPM, 2002 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı