Modern.az

Gördüklərim, tanıdıqlarım, sevdiklərim... - Sözə sığal çəkən ŞAİR

Gördüklərim, tanıdıqlarım, sevdiklərim... - Sözə sığal çəkən ŞAİR

Ədəbi̇yyat

7 İyun 2024, 13:04

(Cənub ədəbi mühitinə bir nəzər)


Mübariz Süleymanlının adı gələndə həmişə mərhum şair, yazıçı və publisist, Ağdamın Xaçınçaylı kəndindən olan Qələmdər Xaçınçaylı yadıma düşür.

O, hələ sağlığında dostum Mübariz haqqında “Sözdən söz toxuyan şair adlı bir gözəl yazı yazmışdı və mən həmin yazını sosial şəbəkədə dəfələrlə oxumuşdum, həm də çox bəyənmişdim. Ona görə ki, onun yazdıqları real gerçəklikdən xəbər verirdi. Ona görə ki, şair Mübariz Süleymanlı həqiqətən də, sözdən söz toxuyan şairdir.

Ancaq təkrar olmasın deyə, mən şair dostumun yaradıcılığını araşdırıb belə qərara gəldim ki, yazımın adını “Sözə sığal çəkən şair Mübariz Süleymanlı” qoysam, rəhmətlik Qələmdər Xaçınçaylı ilə fikirlərimiz yəqin ki, üst-üstə düşər və onun ruhu da məndən razı qalar. Allah ona qəni-qəni rəhmət eləsin!

Şair Mübariz Süleymanlının yaradıcılığından danışarkən onun özünün şeir haqqında gözəl fikrinə istinad etmək istəyirəm. Mübariz müəllim yazır: “Gərək elə şeir yazasan ki, o, yarımçıq doğulan uşağa bənzəməsin”.

Həqiqətən də, şeiri yazmaq məsuliyyət tələb edir. Şeir içəridən gəlməli, şairi narahat etməlidir, onu günlərlə yuxusuz qoymalıdır. Şair sözü dəyərləndirməli, onun ölçü-mizanını bilməlidir. Mahir heykəltəraş kimi onu cilalamalı, sözə sığal çəkməlidir.

Şair Qələmdər Xaçınçaylının təbirincə desək: “Söz İlahi bir güc, İlahi bir varlıqdır. Bu varlığı ancaq onu dərk edənlər, onu duyanlar, onun Tanrı böyüklüyünə inananlar anlaya bilər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir”.

Doğrudan da, elə yazarlar var ki, dəstədən geridə qalmamaq üçün hətta bəzi “əliaşağı” şairlərdən pulla şeirlər alır, öz küllüyatına daxil edir, çap olunur, qürrələnir, lovğalanır, hətta ad almaq üçün dəridən-qabıqdan çıxır, müxtəlif yollara da əl atırlar.

Yəni, belələri başa düşmürlər ki, başqalarının şeirlərindən istifadə edib kitab çap etdirmək nə qədər gülüncdür. Axı xalqın gözü tərəzidir. Həqiqi oxucu hər bir şairin, hər bir yazıçının üslubuna yaxşı bələddir və o, çox gözəl bilir ki, başqasından oğurlanmış şeirlərin bir gün axır ki, üstü açılacaq.

Öz bənzərsiz şeirləri ilə diqqəti çəlb edən, çağdaş ədəbiyyatımızda öz dəst-xətti ilə tanınan, çox səmimi, savadlı, rəvan nitqi olan, 30 ildən artıq AzTV-də məsul vəzifələrdə işləmiş və hazırda da orada fəaliyyətini davam etdirən şair Mübariz Süleymanlı haqqında poetik düşüncələrimi yazarkən fikirləşdim ki, bu şairin şeirlərini oxuyarkən həmişə duyğulanıram. Niyə? Nə üçün? Ona görə duyğulanıram ki, onun şeirləri sadə və şirindir. Oxucu ilə ünsiyyət bağlamağı bacarır şair. Xalqın başa düşdüyü dildə yazır. Əsasən də, qoşma janrında yazdığı şeirlər ona çox uğurlar qazandırıb.
 

 Bülbül gülə, gül bülbülə taydı, tay,

 Gözəl xanım Tanrı verən paydı, pay.

 Gündüz Günəş, gecələr də Aydı, Ay,

 Gülər üzlü, şirin dilli xanımlar.

 

Güllər içrə ən ətirli çiçəkdir,

 Gül-çiçəyə göz oxşayan ləçəkdir,

 Ala gözlüm gözəllərdən göyçəkdi,

 Al yanaqlı, incə belli xanımlar.

 
Mübariz Süleymanlı öz şeirlərini xüsusi diksiya ilə oxuyur, şeir yazmağın qayda-qanunlarını mükəmməl bilir, sözə hörmət edir, onu əzizləyir, övladı kimi sevir, onu kərpic-kərpic düzür, artıq misralardan qaçır, dilinin şirinliyinə bir qədər də bal qatır. “Qayıt gəl” şeirinə diqqət yetirək:
 

 Əl-ayağım buza dönüb vətənsiz,

 Yaxın deyir, uzaq deyir, qayıt gəl.

 Eşqim, ruhum solub-sönüb vətənsiz,

 Öləziyən çıraq deyir, qayıt gəl.

 

Bülbüllərin göyə çıxan naləsi,

 Çatdığımız ocaqların şöləsi,

 Yaxdığımız çıraqların haləsi,

 Qışlaq deyir, yaylaq deyir, qayıt gəl.



Zəhər dadır səhər, axşam yediyim,

 Dağ-daşını canım qədər sevdiyim,

 Saf ürəklə ana, vətən dediyim,

 Candan əziz, torpaq deyir, qayıt gəl.

 

Hey sarsılıb, hey saralıb solmuşam,

Qaralmışam bulud kimi dolmuşam,

Həsrətindən saçlarımı yolmuşam,

Məni üzən fəraq deyir, qayıt gəl.
 

Mübariz Süleymanlı haqqında yazan bir çox ədəbiyyatşünas-alimlər onun poeziyası və özü haqqında yazırlar ki, Mübarizin bir üstün cəhəti, xoşbəxtliyi ondadır ki, sadədir, insanlarla tez ünsiyyət yaradır, onların qəlblərini oxşamağı bacarır. Həyatda necədirsə, yaradıcılığında da elədir. Çox rəvan, şirin, sadə dilimizdə yazıb-yaradır.

Onun şeirləri də özü kimi bal dadır, tez yadda qalır və sevilir.
 

 Səni elə sevərəm ki,

 Yuxuların ərşə qalxar.

 Gözlərin bir kəsi görməz,

 Bu dünyada mənə baxar.

 

Səni elə sevərəm ki,

 Dəli-divanə olarsan.

 Yar yolunu gözlədikcə,

 Saralıb gültək solarsan.

 

 Səni elə sevərəm ki,

 Görüşümə tələsərsən.

 Nəfəsində nəfəsimi,

 Gecə-gündüz hey gəzərsən.


Səni elə sevərəm ki,
Gözləyərsən gələnəcən.

Unutmazsan bu gəlişi,

Vallah, inan, ölənəcən.


Şair bir-birindən fərqli, bənzərsiz və dəyərli obrazlar yaradır. Əlbəttə, hər şair bu keyfiyyətlərə malik deyil, bundan ötrü gərək Mübariz olasan, Mübariz kimi söz bolluğundan məharətlə istifadə edəsən və sözləri seçərkən Mübariz kimi ona sığal çəkəsən, təkrarçılığa yol verməyəsən, təfəkkür fondundan elə istifadə edəsən ki, gələcək şeirlərin üçün də söz ehtiyatı saxlaya biləsən.

Mübariz Süleymanlı ölkəmizin Cənubunda-Lənkəran rayonunda dünyaya göz açıb. İxtisasca politoloq-jurnalistdir. 30 ildən artıq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər redaksiyasında böyük redaktor vəzifəsində çalışmışdır. 17 il adıçəkilən qurumun Həmkarlar İttifaqı Komitəsi sədrinin 1-ci müavini və büro üzvü olub. “Bir ömür sevdası”şeirlər kitabının müəllifidir. Onun yaxşı bir sözü var: “Hər bir yazar özünə bənzəyir...”.

Mübariz Süleymanlının yaradıcılıq uğurları çoxdur.O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin fəxri doktoru, beynəlxalq müsabiqələr laureatıdır. Şeirləri bir çox dillərə tərcümə olub və həmin ölkələrin qəzet və jurnallarında çap olunmuşdur.


Mübariz müəllimi mən lirik şair kimi tanıyıram. Lirika bütövlükdə onun şeirlərinin mayasıdır.Onun şeirlərini lirikasız təsəvvür etmək olmur. O, nədən yazırsa-yazsın, şeirlərindəki incə ruh, lirik ricətlər yazdığı şeirlərinə yeni don geydirir. “Şeir yazım”ı oxuyarkən bunu bir daha yəqin edirsən:
 

 Hər qaşın misra şeir,

 Mən necə şeir yazım..?

 Gözlərin dur gəl deyir,

 De, necə şeir yazım?
 

 Günəş çıxar, Ay batar,

 Mənə aşiqmi çatar?

 Özümü mənə qaytar,

 Ölüncə şeir yazım...
 

 Əlimdə qom çiçəksən,

 Sən hamıdan göyçəksən,

 Yanıma gələcəksən,

 Bu gecə şeir yazım...
 

 Dadaydım bal dodağın,

 Öpəydim al yanağın,

 Kaş olaydım qonağın,

 Gəlincə şeir yazım...

 

Başını qoy sinəmə,

Məni heç vaxt sınama,

Gəlin olsan anama,

Bolluca şeir yazam.


Mübariz Süleymanlı 44 günlük Vətən müharibəsində qələmini süngüyə çevirərək Torpaq, Vətən, Ana, Şəhidlərimiz haqqında şeirləri ilə gündəmdə oldu.

Qarabağ mövzusu onun yaradıcılığına önəm verdi. “Qarabağ” şeirində şairin xəyalı işğaldan azad olmamış torpaqlarımızı gəzir, (Bu, o zaman idi ki, hələ torpaqlarımız alınmamışdı) bənzərsiz gözəllikləri seyr edir, darda qalmış Qarabağa tezliklə qovuşacağına ümidlərini artırır. Şairin Qarabağla bağlı 30-dan çox şeiri var.
 

Dağların nəfəsi, suların səsi,

Anamın nəğməsi səsim, Qarabağ!

Qoy sussun kamanın acı naləsi,

Yollardan itməsin izim, Qarabağ!

 

Hələ gözüm qalıb Cıdır düzündə,

Zənguləm haqq umur göyün üzündə,

İsa bulağının çeşmə gözündə,

Gəlib qurbanımı kəsim, Qarabağ!

 

Qalxım Kirs dağına atın belində,

 Bir gözəl gözləyim yovşan telində,

 İgidlər yurdunda, ərən elində,

 Yarımla barışıb, küsüm, Qarabağ!
 

 İndi nalə çəkir, kaman da, tar da,

 Sönmüş ocaqlarım qalıbdır darda.

 Yaşasam xan kimi, olsam da harda,

 Toxunsun daşına üzüm, Qarabağ!

 

Əzəldən dünyanın işi kələkdi,

Haqqın söz toxumun Mübariz əkdi.

Sənə qovuşmağım nə uzun çəkdi,

Vüsalın olacaq bəsim, Qarabağ!

 

Şair Mübariz Süleymanlı deyir ki, o, şair kimi özünü 14 yaşından dərk edib və “ Kəndimiz ” şeirilə əlinə qələm alıb ədəbiyyata gəlib. Bir də onu deyir ki, yaradıcı insanlar həmişə duyğusal olurlar, istər evdə, istərsə də bayırda, cəmiyyətdə. O, kiçik yaşlarında xırda hisslərə, xəyallara qapılır, gözəgörünməyən İlahi bir varlıq, İlahi bir gücün onu narahat etdiyini hiss edirdi. Hətta yuxusuna qəribə məxluqlar girir, hətta ağ atın belində buludların üstündə uçurmuş.

Mübariz sonradan uşaqlıq xatirələrini, möcüzəli aləmin kövrək duyğularını şeirlərinə gətirdi, onları həzin nəğmələrə çevirdi. Beləcə, gənc Mübariz şeirləri ilə təbiətə söz sığalı çəkdi.

 Bilmirəm baxmısınız, ya yox, Mübariz müəllim sosial şəbəkələrdə qoyduğu şəkillərin əksəriyyətində gözəl təbiətin qoynundadır. Yer seçməyi də çox gözəl bacarır. Şairin şəkillərində dünyaya narazılığı hiss olunur. Bu, hər şeydən əvvəl onun dünya dövlətlərinə haqsızlığa, dünyada ədalətsizliyin qalmasına üsyanıdır.
 

 Daş üstə qoymadın yurdun daşını,

 Əzaba, zillətə qatdın başımı,

 Sel kimi axıtdın gözüm yaşını,

 Haqqımı daşlara çaldın, a dünya!
 

 Əydin, kaman kimi, əydin qəddimi,

 Çox erkən tanıtdın mənə həddimi.

 Bu bir taledirmi, bir qismətdimi?

 Özün də məəttəl qaldın, a dünya!
 

 Şeirlərinin yazılmasına məsuliyyətlə yanaşan şair sözlərə sığal çəkdikcə onu bir mahir rəssamın fırçası ilə rənglər dünyasına qərq edir. Nəticədə, al-əlvan rənglərin işığında şairin söz tablosu yaranır. Burada hər şey var: sevgidən tutmuş dərdə, qəmə, göz yaşlarına qədər...
 

 Belə getsə, ay gözəlim,

 Mən beləcə öləcəyəm.

 Mən çəkəni duya bilsən,

 Sənlə dərdi böləcəyəm.

 

Oxuyuram gözlərindən,

 Sən sussan da biləcəyəm.

 Tuta bilsəm əllərindən,

 Göz yaşımı siləcəyəm.
 

 Bu həsrətə, intizara,

 Nə sözüm var deyəcəyəm.

 Əyər yetişsək vüsala,

 Mən danışıb, güləcəyəm.
 

 Dönürəm eşqin başına,

 Oda düşən pərvanəyəm.

 Yandırsa da ahım məni,

 Ruhən sənə gələcəyəm.

 

Mübariz müəllim façebook səhifəsində “Poet Azerbaydjana Mübariz” adı ilə çıxış edir və bir dəfə onun üç bəndlik bir şeirinə rast gəldim. Şeir məni yaman tutdu.

Mənim şair haqqında deməyə çox sözüm var. Ancaq burada fikrimi yekunlaşdırmaq istəyirəm. Elə onun öz şeiri ilə yazıma yekun vurur, tanınmış şairimizə cansağlığı, gözəl həyat və yaradıcılıq uğurları arzulayıram.

Şair demişkən:
 

 Qəlbdə sağalmaz yara var,

 Hələ ölümlə ara var,

 Ağa sığınan qara var,

 Bəlkə, bəladan qaçılar.
 

Şair, sən hələ çox cavansan. Hələ nə qədər gözəl şeirlər, qəlbləri riqqətə gətirən sevgi nəğmələri yazacaqsan, nə qədər ürəkləri sevgi şeirləri ilə fəth edəcəksən.

 Mən yazımın sonunu sənin daha nikbin şeirinlə qurtarmaq istəyirəm:
 

 Fırtınalı bir dənizəm,

 Əlimdəki qələm nizəm.

 Mən ölməzəm, mübarizəm,

 Ölüm məndən çox uzaqdır.
 

 Yaşa, şair! 100 il yaşa!
 

Səyavuş  Süleymanlı,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü,
“Qızıl Qələm” və “Dəmir yumruq” media mükafatları laureatı,
Prezident təqaüdçüsü
 

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı