Yaxın günlərdə Azərbaycan dilçilik elmində öz dəsti-xətti ilə tanınmış filologiya elmlər doktoru Ədalət Abbasovun 55 yaşı tamam olur.
Ədalət Abbasovun 55 illik həyat yoluna nəzər salanda məlum olur ki, o, 22 yaşında Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, 33 yaşında filologiya sahəsində elmi dərəcəli gənc alim, 44 yaşında isə Azərbaycanın ən nüfuzlu universitetlərində Azərbaycan dilini tədris edən müəllim idi. 55 yaşında Ədalət Abbasov Azərbaycanın qocaman təhsil ocağı, minlərlə müəllim yetişdirmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə elmlər doktorudur.
Ədalət Abbasovun həyat yolundan seçdiyimiz qoşa rəqəmlər insanı düşündürür, assosativ olaraq yunan filosofu Pifaqoru xatırlayırsan. Pifaqor rəqəmləri Tanrı hesab edirdi. O yazırdı ki, riyaziyyat və rəqəmlər həyatda hər şeyi izah edə bilər, Pifaqora görə 5 rəqəmi rəngin rəqəmidir. 5 rəqəmi sakral rəqəmlər silsiləsində həm də məqsədli yaşamı simvolizə edir. Məqsədli yaşam isə məqəsədə çatmaq üçün insan ömründən qurbanlar tələb edir. Ədalət Abbasovun həyat və fəaliyyətini, elmi əsərlərini göz önündə canlandırdıqda aydın olur ki, 55 yaşa gələnə qədər qarşısına Azərbaycan dilçilik elminə xidməti, azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olmağı, onların savadlı müəllim kimi yetişdirməyi məqsəd qoyan dəyərli alimimiz bu müqəddəs yolda yuxusuz gecələr keçirmiş, gənclik illərini elmi tədqiqata, bilimə həsr etmişdir. Konfutsiyə görə insanı bilimə üç yol aparır və bu yolların ən asanı təqliddir, ikinci və ən çətini təcrübədir, üçüncüsü və şərəflisi düşüncədir. Ədalət müəllimin keçdiyi 55 illik ömür yolunda Konfutsinin təlim eylədiyi üç yolun ikisi var, biri yoxdur. Ədalət Abbasovun elmi, pedaqoji fəaliyyətində təqlid yoxdur. O heç vaxt, nə əsərlərində, nə də elmi araşdırmalarında təqlidə yol verməmiş, özünəqədərki tədqiqatları fərqli prizmadan təhlil etmiş, öz elmi üslubunu formalaşdırmışdır. Onun elmi araşdırmaları arasında Azərbaycan dilinin sintaksisinə dair elmi əsərlər üstünlük təşkil edir. Xüsusilə, Azərbaycan dilində cümlə, cümlənin məqsəd və intonasiyaya, şəxsə görə növləri məsələləri, dilin sintaktik xüsusiyyətlərinə aid aktual dilçilik məsələləri alimin diqqət mərkəzində olmuşdur. “Sadə cümlənin sintaktik semantikasının formalaşmasında fonetik vasitələrin rolu”, “ Sual cümləsinin sintatkik-modal semantikası “, “Müəyyən şəxsli cümlələrin üslubi-semantik xüsusiyyətləri“, “Ümumi şəxsli cümlələrin sintaktik semantikasının formalaşmasında xəbərin morfoloji ifadə vasitələrinin rolu”, “Qeyri-müəyyən şəxsli cümlənin üslubi-semantik xüsusiyyətləri”, “Sadə cümlənin sintaktik-struktur sxemi: sintaktik-semantik təhlil”, “Azərbaycan dilinin sadə cümlə sintaksisi (semantik təhlil) Bakı: Bakı Universiteti, - 2006 dərs vəsaiti, “Sadə cümlə sintaksisinə dair praktikum, Bakı: Mütərcim, - 2011 dərs vəsaiti. kimi elmi əsərlərdə Ədalət Abbasov yaradıcılığının özünəməxsusluğunu müşahidə etmək mümkündür.
Ədalət Abbasov Konfutsi təlimində göstərildiyi kimi elmi-pedaqoji fəaliyyətində ikinci və ən çətin yolu təcrübə yolunu seçmişdir, onun bütün elmi əsərlərində uzun illərin, gərgin əməyin, zəngin təcrübənin izlərini görmək mümkündür. Azərbaycan dilinin fonetik, leksik və qrammatik xüsusiyyətləri üzərində aparmış olduğu elmi-nəzəri tədqiqatlar, ali məktəb auditoriyasında tədris zamanı əyaniləşdikcə, təcrübəyə çevrildikcə ortaya Azərbaycan dilçilik elmi üçün, Azərbaycan dilinin tədrisi üçün dəyərli elmi əsərlərə dərsliklərə çevrilir. Müəllifi olduğu “Azərbaycan dili və nitq mədəniyyəti”Bakı- 2016 və “Şifahi nitqin inkişafı” Bakı-2016 dərslikləri elmi-nəzəri tədqiqatların təcrübəyə əsaslanmış sanballı əsərlərdir. Yeri gəlmişkən qeyd edək ki, Ədalət Abbasov 5 dərslik, 3 dərs vəsaiti və 1 metodik vəsait, 14 tədris proqram müəllifi, eyni zamanda ölkədə və respublikamızdan kənarda, dünyanın ən nüfuzlu elmi jurnallarında çap edilmiş iki yüzdən artıq elmi məqalənin müəllifidir.
Ədalət Abbasovun 2017-ci ildə nəşr olunmuş “Şifahi nitqin inkişafı” dərsliyi ali məktəblərdə tədris edilən Azərbaycan dili, Azərbaycan dili və nitq mədəniyyəti fənlərininin mənimsədilməsi üçün əvəzsiz mənbədir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmiş “Unudulmaz lider” mətni ilə başlayan bu dərslikdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin şifahi nitq vərdişlərinin formalaşması üsulları, tələbələrin ilk lüğət ehtiyatının yaranma yolları kimi aktual mövzular dilçi- metodist tərəfindən öyrənilməsi ən rahat üsul və vasitələrlə tələbələrə izah edilir.
Dərslik tələbələrin nitqinin inkişaf etdirilməsində mətnlərin rolu, oxu dərslərində lüğətlərlə işləmək üsullarını, lüğətlərin tərtibi məsələlərini də özündə ehtiva edir.
Tələbələrin şifahi nitq vərdişlərinin formalaşması onların oxu bacarıqlarından, natiqlik sənətinə nə qədər bələd olmalarından, lüğətlərlə işləmək barıqlarından asılı oluğu kimi fənni tədris edən müəllimin nitqindən də asılıdır. Təcrübəli müəllim Ədalət Abbasov bu mühüm amili nəzərə almış və dərsliyin bir bölməsini “Şifahi nitqin inkişafında müəllimin nitqinin rolu” adlandırmışdır.
Azərbaycan dili inkişaf etmiş, dinamik, ordunun və iqtisadiyyatın dilidir. Azərbaycan dilinə iqtisadi, mədəni və elmi əlaqələr səbəbindən hər gün onlarla yeni sözlər gəlir, və yaxud Azərbaycan dilinin daxili imkanları, dialekt və şivələri hesabına dilimizə yeni sözlər daxil olur. Yeni sözlərin ümumişləklik qazanmaması bəzən şifahi nitqdə əsas fikrin düzgün anlaşılmasına çətinlik yaradır. Şifahi nitq bacarıqlarını inkişaf etdirmək istəyən tələbələrimiz bu amilə diqqət yetirməlidir. Bu mənada müəllifin dərslikdə toxunduğu “Yeni sözlərin izahında Azərbaycan dilinin imkanlarından faydalanma bacarığının formalaşdırılması” mövzusu alim yanaşması, təcrübəli metodistin dəyərli fikirləri kimi təqdirəlayiqdir. Dildə sözlərin qoşa işlənməsi, bəzi sözlərin zidd anlamlar kəsb etməsi, dil daxilində baş verən sözün törəmə mənası, məcazlar, frazemlər v.s. bu kimi dil hadisələri natiqdən dilin leksik tərkibinə bələd olmağı, hər sözü yerində işlətməyi, şifahi nitqdə yersiz təkrarların, eyni zamanda mənanın dəqiq ifadə olunmasını tələb edir. Dərslikdə əksini tapmış “Sözün şərhində sinonim və antonimlərdən istifadə vərdişlərinin yaranması”, “Frazeoloji birləşmələr və aforizmlər hesabına nitqin zənginləşməsi” kimi dəyərli bölmələr Azərbaycan dilinin nəzəri və praktik cəhətlərinin tədrisi üçün əhəmiyyətldir.
Ədalət Abbasovun yazdığı əsərlər arasında 2024-cü ildə akademik Arif Paşayevin tövsiyəsi ilə nəşr edilmiş “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi xüsusi yer tutur.
Dərslikdə Azərbaycan dilinin praktik, işgüzar münasibətlər müstəvisində işləkliyi, dilin ekspressivliyi və etik cəhətləri, diskussiya zamanı tələb olunan şərtlər, münaqişəli şəraitdə dildən istifadə imkanları və bu kimi müasir tələblərə cavab verə biləcək dil bilgiləri əks olunmuşdur.
Onere de Balzak yazırdı ki, biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. Ədalət Abbasovun elmi yaradıcılığı ilə yaxından tanış olduqca aydın olur ki, onun əldə etmiş olduğu elmi nailiyyətlərin, elmi ad və titulların ərsəyə gəlməsində ciddi zəhmət, illərin əziyyəti dayanır.
Konfitsiyə görə bilimə gedən üçüncü şərəfli yol düşüncədir. Ədalət Abbasov yaradıcılığında da bilimə-elmə gedən şərəfli yol düşüncədən keçir. Onun müasir ədəbi prosesləri diqqətlə izləməsi, yeni yaranan və çoxsaylı oxucular tərəfindən rəğbətlə qarşılanan bədii əsərləri, poeziya örnəklərini fikir süzgəcindən keçirməsi alim düşüncəsinin təzahürü kimi qiymətləndirilməldir.
“Səməd Vurğun yaradıcılığında istifadə edilən aforizmlərin sintaktik-semantik xüsusiyyətləri”, “P.Vaqif poeziyasında dil-üslub xüsusiyyətləri və sadə cümlə sintaksisi” kimi bədii və elmi düşüncənin qovuşuq inkası olan bu məqalələri oxuduqca bir daha aydın olur ki, 55 illik ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədrisinə həsr etmiş dilçi alim tədqiq etmiş olduğu dilçilik sahələri rəngarəngdir.
Bu rəngarənglik istər-istəməz bizə Pifaqorun məşhur deyimini “5 rəqəmi rəngin rəqəmidir” deyimini xatırladır. Ədalət Abbasov elminin rəngləri əlvandır, işıqlıdır, cazibədardır. O, yaşın sehrindən sözün sehrinə nüfuz etdikcə araya-ərsəyə bir-birindən dəyərli əsərlər meydana gəlir. 2022-ci ildə çağdaş Azərbaycan poeziyasının sayılıb seçilən şairlərindən, professor Mahirə Hüseynovanın yaradıcılığı haqqında yazmış olduğu “Yaradıcılığı insanlıq gövhəri və mənəvi gözəllik xəzinəsi olan xanım şairəmiz” adlı elmi-publisistik məqaləsi diqqəti cəlb edən, ədəbiyyatşünaslıq tarixində qalacaq əsərlərdəndir.
Ədalət Abbasovun çoxşaxəli elmi fəaliyyəti, pedaqoji ustalığı onun Azərbaycan ictimai fikir tarixində seçilən alimlərdən olmasını şərtləndirir. Təsadüfi deyil ki, bir neçə il öncə akademik Nizami Cəfərovun aparıcısı olduğu, Azərbaycan Dövlət Televiziyasında yayımlanmış “Azərbaycan dili” verlişində mərhum professor Əzizxan Tanrıverdi ilə birlikdə “Müasir adlar” mövzusunda çıxış etməsi çoxsaylı tamaşıçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Ədalət Abbasov alim, müəllim olmaqla yanaşı həm də təhsil idarəçisidir. O, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsində çalışmış, müxtəlif ali məktəblərdə tədrisin təşkil edilməsində iştirak edərək müxtəlif vəzifələrdə çalışmışdır.
Səhih-əl Buxari yazır ki, islam Peyğəmbəri belə buyurmuşdur: “Allahın mənim vasitəmlə göndərdiyi doğru yol göstəricisi və elm torpağa düşmüş bol yağmura bənzəyir.” Buxarinin bu səhih hədisi bizə elmin, elm öyrənməyin, elmi təlim etməyin nə qədər dəyərli olduğunu xatırladır. Ədalət müəllim 55 illik ömrünün böyük bir hissəsini, öyrənməyə, elmə və elmi təlim etməyə həsr etmiş aydınlarımızdandır. Şübhə yoxdur ki, Ədalət müəllim Tanrı tərəfindən ona bəxş edimiş həyatının irəlidəki illərini dilçilik elminin tədqiqinə, əldə etdiyi bilginin, təcrübənin təliminə həsr edəcəkdir...
Bəhram Cəfəroğlu,
ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru