Modern.az

“...İndi baxmır sözlərimə ayaqlarım” - Nəbi Xəzrinin tavazökarlığı

“...İndi baxmır sözlərimə ayaqlarım” - Nəbi Xəzrinin tavazökarlığı

Ədəbi̇yyat

17 Noyabr 2014, 13:49

Azərbaycan Jurnalistlər  Birliyinin üzvü,
Pedaqogika  üzrə  fəlsəfə doktoru, publisist

Dağ vüqarlı şair və ya çinarlardan boylanan ömür

Nəbiyəm, bir dağam,başı qarlıyam,
Demə  zirvəmdəki o duman nədir.
Bütün varlılardan daha varlıyam,
Dövlətim məhəbbət , varım sevgidir.
- deyən, öz əzəməti, dağ vüqarı, bütöv şəxsiyyət mücəssəməsi, əyilməzliyi ilə, dərin fəlsəfi poetik nümunələri ilə insan beyninə, qəlbinə, zəkasına nüfuz edərək, onları düşündürən, sehrli, rəngarəng poeziya dünyasına səyahətə aparan ustad sənətkarımız-xalq şairi, dövlət mükafatları laureatı Nəbi Xəzrinin bu yaxınlarda 90 yaşı tamam olur.

Bu ölməz sənətkarın 90 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti, əsl sənət xiridarı, zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamı olub.

Dərin məna çalarları ilə zövq oxşayan, insan ürəyini riqqətə gətirən sətirləri, ölməz poetik inciləri ilə məktəb yaratmış Nəbi Xəzrinin çağdaş Azərbaycan ədəbiyyatı tarixində xüsusi, əvəzsiz xidmətləri olub. Təsadüfi deyildir ki, aydınlar Nəbi Xəzrini çağdaş Azərbaycan şerinin dağ vüqarı adlandırırlar.


Nəbi Xəzrinin ecazkar sənət dünyasına baş vuranda həqiqətən, onun böyüklüyünün şahidi olursan. Doğrudanda Nəbi Xəzri çağdaş şerimizdə yeniliklər etməklə, şerimizin əzəməti zirvəsinə qalxa bilmişdir. Nəbi Xəzri mənimçün, ilk növbədə,bütöv bir şəxsiyyət, şair, dramaturq, nasir, ictimai və dövlət xadimidir. 82 illik mənalı, şərəfli bir ömür yolu keçmiş bu ustad sənətkarla tanışlıq mənim də ömür yoluma bir parlaq, əbədi işıq saçmışdır. Nəbi Xəzri son dərəcə ağır təbiətli, yerini bilən, çox bilib az danışan, ciddi, əyilməz, riyakarlıqdan və yaltaqlıqdan uzaq, nəcib, xeyirxah, mehriban, qayğıkeş, vətənini, elini-obasını sevən, dövlət və dövlətçiliyə daim sədaqətli, yüksək və dərin ensiklopedik biliyə malik, istedadlı, zəkalı, olduğu kimi görünən, təmənnasız sözü mərdi-mərdanə çəkinmədən üzə deyən, həssas qəlbli, öz ləyaqətini gözləyən bir insan, dəyərli söz sərrafı canlanır gözlərim önündə.
            
İlk dəfə adını orta məktəbdə oxuduğum illərdə eşitmişəm. 4-5-ci sinifdə oxuyarkən ədəbiyyat dərsliyndə “Günəşin bacısı” poemasını keçərkən onun yaradıcılığı ilə tanış olmuşam. Sonralar  onun “Azərbaycan“ şerinə Müslüm Maqomayevin bəstələdiyi və ifa etdiyi mahnı mənim şairə olan rəğbətimi daha da artırdı.

Sonralar tale elə gətirdi ki, mən şairlə şəxsən tanış oldum. Azərbaycan Dövlət Televiziyasında telejurnalist kimi fəaliyyətimdə portret verilişlər hazırlayırdım.Cəfər Cabbarlı haqqında “Cəfər təbiətin möcüzəsidir”, Ənvər Əlibəyliyə həsr olunmuş “Dünya insanlara qalacaq” verilişlərini hazırladığım zaman Nəbi Xəzridən bu ədiblər barəsində söz deməyi xaiş etmişdim. İlk dəfə Nəbi müəllimi o vaxt canlı gördüm. Nəbi müəllimlə müsahibəni bitirdikdən sonra o, məndən növbəti həftə efirdə başqa bir verilişdə onun müsahibəsi gedəcəyindən, əgər bu veriliş onunla üst-üstə düşəcəksə müsahibəni verməməyi xahiş etdi. Nəbi müəllim o qədər təvazökar idi ki, bir həftə ərzində 2 dəfə efirdə görünməsini istəmirdi. Bunu məqbul saymırdı. Bu onu digərlərindən fərqləndirən ən böyük cəhətdir, deyilmi?

Bu verilişlərdən sonra mən onunla ömrünün sonuna kimi ünsiyyətdə oldum. Həmişə Nəbi müəllimin yanına iş yerinə gedəndə diqqətimi 2 hal çəkirdi.1-ci onun qəbul otağında əməkdar rəssam Hacıağa Nəzərlinin Mikayıl Müşfiqə həsr etdiyi tablo və otağındakı zəngli, antikvar saat. Nəbi müəllim çox maraqlı bir şəxs idi. C.Cabbarlının ev muzeyində dəfələrlə təşkil edilən tədbirlərdə Nəbi müəllimlə görüşüb ədəbiyyat, poeziya, söz-sənət haqqında fikir mübadiləsi aparar, maraqlı söhbətlər edərdik. Onun mənə böyük hörmət, rəğbəti vardı.

Poetik ürək sahibi olan Nəbi müəllim ilk növbədə lirik şairdir.Onun şeirləri öz axıcılığı, lirizmi ilə seçilir. Şairin şeirlərinin leytmotivini isə əsasən, çinar ağacı təşkil edir. Onun şeirlərində çinar şairin poetik fövqündə dayanır:

O min nəğməlidir, min aləmlidir,
Məna var çinarın şair dilində.
Araz kənarında çinar qəmlidir,
Çinar fərəhlidir Kür sahilində.

Mən aldım cahandan arzu da, kam da,
Dolaşdım çinarın adı dilimdə.
Mən çinar altında doğulmasam da,
İstərəm o bitsin son mənzilimdə.

Nəbi müəllim Xəzəri hədsiz dərəcədə, varlığı qədər sevirdi. Abşeron bağlarında Xəzərin qumlu sahillərini gəzməkdən, Xəzərin pıçıldaşan dalğalarına tamaşa etməkdən xüsusi zövq alardı. Neçə-neçə sənət əsəri elə məhz bu qumlu sahillərdə həyata vəsiqə alıb. İstilər düşəndə bağlarda hamının səbirsizliklə gözlədiyi xəzri küləyi insanların qəlbinə sərinlik gətirər, sanki su çilənərdi ürəklərə. Bu üzdən özünə “Xəzri” təxəllüsünü seçən Nəbi müəllim bu adla Azərbaycan ədəbiyyatının əsl xəzrisinə çevrilib:

Xəzər!Xəzər! Dedim gözüm yaşardı,
Olmasın bir ilim,əsrim Xəzərsiz.
Bilmirəm,dünyada necə yaşardı
Xəzərim xəzrisiz, xəzrim Xəzərsiz.

Klassik və dünya ədəbiyyatına yaxından bələd olan şair, Azərbaycan ədəbiyyatını da mükəmməl mənimsədiyindən şerin dərinliklərini, incəliklərini gözəl bilirdi. Fitri istedad sahibi olan Nəbi Xəzrinin ecazkar sənət dünyası rəngarəng , maraqlı olduğu qədər də zəngindir. Əsərlərində vətənə, millətə, torpağa sevgi, dövlətə sədaqət, doğma ana dilinə məhəbbət diqqəti çəkir. Doğma Azərbaycana olan sonsuz məhəbbət bu bənzərsiz poetik təfəkkür sahibinin “Azərbaycan” şerində yüksək poetik boyalarla, fəlsəfi düşüncələrlə təsvir olunur:

Ey, əziz anam , Azərbaycan,
 Sənə bağlıyam, Azərbaycan.
Ömrümün mənasısan,
 Qardaşlıq dünyasısan,
Anamın anasısan,Azərbaycan.

Zaman-zaman bu ölməz misralar-zamanəmizin qüdrətli sənətkarı SSRİ Xalq artisti, bəstəkar Müslüm Maqomayevin bəstələdiyi mahnı ölkələr gəzərək, məmləkətlər dolaşaraq Sovetlər dönəminin qadağalarının hökm sürdüyü bir vaxtda sözün əsl mənasındaAzərbaycanın himninə çevrilərək, Azərbaycan elinin, respublikasının varlılığını dünyaya car çəkirdi. Bəli, bu idi Nəbi Xəzrinin vətənpərvərliyi, böyüklüyü, qüdrəti, sözünün hikməti, dəyəri.

Həyatda çox ciddi, ağır təbiətli olan Nəbi Xəzri daxilən, çox səmimi, xoş xasiyyətli, qəlbi daim gənclik həvəsi ilə alışıb yanan, eşq-məhəbbət şöləsi ilə ətrafa işıq saçan nadir söz sərraflarındandır.

Poetik ürək sahibi olan Nəbi Xəzrinin ölməz sətirlərindəki xeyirxahlıq, nəciblik, insanpərvərlik kimi duyğuları insan qəlbinə yol taparaq, onları bu bəşəri hiss və duyğulardan bəhrələnməyə sövq edir.

Ədəbiyyatımıza yeni ruh, yeni üslub, yeni nəfəs gətirərək qiymətli sənət inciləri yaradan ilhamlı söz ustadı şeirlərində sözün hikmətinə böyük dəyər verib:

                                         Ürək atəşindən
                                                  Söz su içəndir,
                                                 Odu da , suyu da 
                                                     Yıxıb keçəndir.
                                          Ürəkdən gəlməyən
                                                      ürəksiz olur.
                                          Ürəksiz söz də ki ,
                                                      Gərəksiz olur.
                                         Demirəm bəd sözlə 
                                                 üzün ürəyi.
                                              Ürəyin özüdür,
                                              Sözün ürəyi .

Şeiri özünə bir kainat seçən şair əsərlərində Qarabağ dərdini böyük ürək yanğısı ilə qələmə alıb.Yaxşı xatırlayıram, 80-ci illərdə Millət vəkili olaraq, Ali Sovetin sessiyasında Qarabağla bağlı müzakirələrdə xüsusi fəallıq göstərərək, daim öz sərt mövqeyini sərgiləyən Nəbi Xəzri o zamankı respublika rəhbərliyinin yarıtmaz işini cəsarətlə tənqid edir, öz etiraz səsini qaldırırdı. Qarabağa həsr etdiyi “Çəkin Qarabağdan qara əlləri”, “Şuşa”, ”Şuşanın yolları”, “Xocalıda ərik ağacı”, “Şuşa gəlir yuxularıma” və s. şeirlərində şairin ürək ağrılarını, üzüntülərini, həsrətini açıq-aydın sezmək olar:

                        Sinəmdə döyünür bu yerin qəlbi,
                        Əyilməz dağlara bir də baş əyim.
                        Vaqin ürəyi,
                                                           Üzeyirin qəlbi
                        Mənim ürəyimdir, mənim taleyim.
                        Əsməsin hicranın qara yelləri,
                        Çəkin Qarabağdan qara əlləri.

Şair-vətəndaş, vətəndaş-şair kəlmələrinin vəhdətindən doğulan Nəbi Xəzri əsərlərində vətənpərvərliyi, Vətənin müqəddəsliyini,torpaq bütövlüyünü açıq şəkildə məharətlə nümayiş etdirir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını aşılayır:

                        Şair səndə yurdun keşiyində dur,
                        Vətən müqəddəsdir, vətən əzizdir.
                        Bizə bizdən başqa bir arxa yoxdur,
                        Bizim qüdrətimiz qeyrətimizdir!
                        Bizim qeyrətimiz qüdrətimizdir!
                                                          
Və ya 
                        Yer üzündə mənim Odlar 
                        Diyarımsan,Azərbaycan!
                        Səhərlərin qoy açılsın,
                        Təzə nurlu bahar ilə,
                        Gələcəyə mərd addımla 
                        Uğurla get, Azərbaycan.
                        Şəhidlərin al qanından,
                        Lalə açmış yollar ilə, 
                        İstiqlalın sabahına 
                        Qürurla get,Azərbaycan.



Bəli, Vətənini daim hürr görmək istəyən, xalqının müstəqilliyini, onun istiqlalını sevən, dəyərləndirən ustad sənətkarın hələ sovetlər dövründə tutduğu bütün məsul vəzifələrdə-Mədəniyyət nazirinin müavini, Azərbyacan Dövlət Televizya və radio verilişləri komitəsinin sədr müavini, Xarici ölkələrlə dostluq və əməkdaşlıq cəmiyyətinin sədri olduğu vaxtlarda bu sahədə səmərəli, məqsədyönlü iş aparmış, Azərbaycan xalqının tarixini, dilini, ədəbiyyatını, incəsənətini, mədəniyyətini böyük ustalıqla , məharətlə təbliğ etmişdir. Əsərlərində daim bəzən açıq, bəzən də sətiraltı mənaları, zəngin ifadə çalarları ilə, insanları daim düşüncələrə qərq etmiş, onlarda dərin bədii, fəlsəfi, estetik fikir  formalaşdırmağa müvəffəq olmuşdur.

Nəbi Xəzrinin ömür gəmisi Azərbaycanın ədəbiyyat ümmanında şərəflə üzərək , söz-sənət salnaməsinin parlaq səhifələrinə imza atmışdır:

Dünyanı qürurla
Məndim düşünən.
Deyirdim öz sözüm-
Öz sənətimdir.

Elə yazıram ki,
Şeri mən dünən
Sanırdım bu ilkin
Səadətimdir.

Vətənpərvərliyi özünə həyat meyarı kimi təlqin edən Nəbi Xəzri yaradıcılığında bəşəriliyə, ülviliyə xüsusi yer vermişdir. Heç də təsadüfi deyildir ki, şairin poetik təfəkkürünün məğzində məhz qloballıq durmuşdur.

Nəbi Xəzrinin böyüklüyü həm də onun özünə tənqidi münasibətində, özündən razı olmadığındadır. N.Xəzri öz poetik yaradıcılığına dərin fəlsəfi izahat verərək demişdir:”Hər hansı bir əsər (şeir, poema, pyes və s.)şairin təfəkkürünə daxil olursa və orada tədricən yetişərək püxtələşirsə, o, şairin öz malıdır, öz təfəkkür məhsuludur.Təfəkkürdə yetişərək kağıza köçürülmüş əsər yalnız müəllifin deyil, xalqın , oxucuların malıdır. Belə əsərlər işıq üzü gördükdən sonra müəllifdən ayrılaraq ondan asılı olmadan öz həyatını yaşasa da heç də müəllifi əsərdən, əsəri isə müəllifdən ayırmır”.

Bəli, ustad sənətkar çox düzgün yanaşma nümayiş etdirib. O, ədəbiyyatda külüng çalaraq zirvələr fəth edib. Akademik Budaq Budaqovun təbiri ilə desək: “Nəbi Xəzri Azərbaycan poeziyasına ehtiyatlı addımlarla, yazacağı əsərlərini beyin süzgəcindən keçirə-keçirə, poetik fikirləri ağıl xəlbirində ələyə-ələyə söz dünyasının incilərini seçə-seçə, məntiq qatları karvanında hər bir ifadəyə layiqli yer tapa-tapa gəlmişdir”.

Şairin şeir və poemaları ilə yanaşı, onun dramaturgiya sahəsindəki uğurları da sənətsevərlərin pərəstişinə səbəb olmuşdur. Nəbi Xəzrinin tamaşaya qoyulan, bu gün də teatr səhnələrində yeri görünən “Sən yanmısan”, “Əks-səda”, “Mirzə Şəfi”, “Qütb ulduzu”, “Torpağa sancılan qılınc”,”Mənsiz dünya”, “Gecə döyülən qapılar”, “Burla xatun” və s. dram əsərləri tamaşaçı rəğbəti, məhəbbəti qazanaraq, milli teatr sənətimizdə xüsusi rol oynamış, gənc nəslin tərbiyəsində önəmli olmuşdur.

Mavi Xəzərin musiqili dalğalarından pərvazlanan, ilhamlanan və gözəl musiqi duyumu ilə şux nəğmələr yaradan Nəbi Xəzri nəğməkar şair kimi də tanınmış və sevilmişdir. Onun ölməz şeirlərinə bəstələnən mahnılar xanəndə və müğənnilərimizin daim repertuarını bəzəyib.“Azərbaycan”, “Gələrmi gəlməzmi”, “Dərələr”, “Mavidir”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Güllərim” və s. mahnıları şairə şöhrət gətirməklə yanaşı, dinləyici məhəbbəti, sevgisi qazandırmışdır. Məncə, Nəbi Xəzrinin sözlərinə yazılmış nəğmələri sırasında “Heydər Əliyev haqqında oda” yaxud “Məşəl kimi yanan ürək” adlı şeiri onun şah əsəridir. Xalq artisti, böyük bəstəkarımız Ramiz Mirişlinin bu sənət əsərinə bəstələdiyi mahnı ümummilli lider, ulu öndər Heydər Əliyevə həsr olunmuş ən gözəl nəğmələrdən biridir:                                

İllər gəldi, təzə - təzə
İşıq verdi qəlbə, gözə
Düşdu bizim bəxtimizə,
Məşəl kimi, yanan ürək.

Xalqın, elin, diləyidir,
Vaxtın, əsrin, gərəyidir.
Ürəklərin, ürəyidir.
Məşəl kimi yanan ürək..

Sözü doğma, özü əziz,
Göylər işıq, səma təmiz.
Oldu nurlu talleyimiz.
Məşəl kimi yanan ürək.

İllər gəlib, parlaq – parlaq
Çiçəklənib ana torpaq
Sabahlara yol açacaq
Məşəl kimi yanan ürək.

Nəbi Xəzri uşaq mövzusun da müraciət edərək, maraqlı, sanballı incilər yaradıb, uşaqların sevimli şairinə çevrilib. Onun bu mövzuda yazdığı “Arzunun arzuları”, “Nənəm nağıl danışır”, “Qaranquş qonaqmıdır?”, “Dəniz niyə daşmayır”, “Sarı top” və s. şeirləri balaca oxucuların sevə-sevə oxuyub, əzbərlədikləri ən gözəl sənət incilərindəndir.

Xeyli mütaliəyə malik ustad sənətkar klassik və dünya ədəbiyyatının mahir bilicilərindən olduğu üçün o, A.S.Puşkinin, M.Y.Lermantovun, Ş.Petefininin, A.Tvardovskinin, D.Quramişvilinin şeirlərini, Maqsud Şeyxzadənin “Uluqbəy” pyesini və s. doğma ana dilimizə çevirərək mahir tərcüməçi kimi də özünü təsdiq etmişdir.Zəngin ədəbi irsə malik olan Nəbi Xəzrinin əsərlərini də tanınmış tərcüməçilər Anatoliy Peredreyev, Yevgeniy Yevtusenko, Robert Rojdestvenskiy, Aleksandr Lavrin, Viktor Korkiye və başqaları rus dilinə çevirərək , digər xalqlara şairin yaradıcılığını tanıtmışlar. Sovetlər dönənimdə ən çox tərcümə edilən, kütləvi tirajala çox sayda çap olunan da məhz Nəbi Xəzri olub.

Nəbi Xəzrinin “Çiçəklənən arzular”,”Vətən və qürbət”, “Xatirələr çırağında”,”Avropa xatirələri”, 2 cildlik “Seçilmiş əsərləri”, “Dərələr”, “İllər və sahillər”, “Son illərin sətirləri”, “Ulduz karvanı”, “Ümmandan damlalar” və s. kitabları çap olunaraq oxuculara ərmağan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-ci il tarixli sərəncamı ilə nəşr olunan kitablar sırasında Nəbi Xəzrinin 2 cildlik seçilmiş əsərləri də yer alıb.

Zəngin ədəbi irs qoyub getmiş Nəbi Xəzri çox mənalı, şərəfli, mübariz bir ömür yaşamış, bütöv şəxsiyyət kimi yaddaşlara köçmüşdür. O, sənətinin böyüklüyü ilə, qazandığı sənət uğurları ilə ölməzlik zirvəsini fəth edib. SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı  Zeynəb Xanlarovanın təbiri ilə desək:” Şairlərin varı-dövləti onların şeirləridir”. Bu baxımdan Nəbi Xəzri dövlətli şair kimi Azərbaycan ədəbiyyatına daxil olaraq, onun parlaq səhifələrini təşkil edir.

Əminəm ki, daim ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunan, Respublika Prezidenti cənab İlham Əliyevin yüksək dəyər verdiyi Xalq şairi, Dövlət mükafatları laureatı, “Şöhrət”  və “İstiqlal” ordenli, bir çox digər orden və medala layiq görülmüş şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, ictimai xadim Nəbi Xəzrinin adı, sənəti əbədiləşdiriləcəkdir. Onun adına küçələr, məktəblər veriləcək, haqqında kitablar, ssenarilər yazılacaq, verilişlər, filmlər çəkiləcək, vaxtilə yaşadığı binanın önünə  xatirə lövhəsi, barulyefi vurulacaq, “Azərbaycan dünyası”  Beynəlxalq əlaqələr Mərkəzi onun adını daşıyacaq.
Ustad sənətkarın xatirəsini yad etmək isə mənim payıma düşdü.

Şairin şeirlərindən bir neçəsini oxuculara təqdim edirəm:

Etiraf

Sevmədim dünyada qızıl gümüşü
Dedim ki, vüqarım etibarımdır.
Gözəl sevgilimin şirin gülüşü
Mənim dövlətimdir, mənim varımdır.

Sevmədim dünyada şanı şöhrəti
Onları həyatda əfsanə saydım.
Bax, həmin dediyim varı, dövləti
Öz ürək qanımla özüm qazandım.

Axtarıb gəzərəm könül yarımı
Gəzərəm ömrümün baharı kimi
İstəsə sevgilim göz yaşlarımı
Düzərəm boynuna mirvari kimi.

Nadan qulaq assın qoy yaxşı-yaxşı
Sevgi sevincimdir, sevgi qəmimdir.
Bir ala gözlünün odlu baxışı
Mənim cənnətimdir, cəhənnəmimdir.

Nəbiyəm, bir dağam, başı qarlıyam
Demə, zirvəmdəki o duman, nədir
Bütün varlılardan daha  varlıyam
Dövlətim məhəbbət, varım sevgidir.

Ayaqlarım

Mən dünyanı addım – addım dolaşmışam
İndi baxmır sözlərimə ayaqlarım.
Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam.
Həsrət qalıb izlərimə ayaqlarım.

Əldə əsl əsə - əsə yeriyirəm,
Yıxılıram, qan içində ayaqlarım.
Dostlar görür, xəcalətdən əriyirəm,
Hardasınız siz ey mənim dayayaqlarım, ayaqlarım.

Duyuram ki, çəmənlərin çiçək - çiçək
Gəl - gəl deyir oylaqlarım, yaylaqlarım,
Yəqin məzar evindəcə çütləşəcək
Bu dünyada qoşa gələn, ayaqlarım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?