filologiya üzrə elmlər doktoru,
professor
Hər bir gözəlliyin sonu qorxudur. Məsələn, gözəl olan nəsə əbədi deyildir. Həmin gözəllik tez-gec öz gözəlliyini itirir. Hər bir xoşbəxtlik də əbədi deyildir. Həmin xoşbəxtlik dəyişə bilər. Gözəl olan bir qızın gözəlliyi qocalanda itir, dəyişir. Beləliklə, gözəllik özü ilə sonda qorxu gətirir.
Həyat əbədi olmadığı kimi, gözəllik də əbədi deyildir. Xoşbəxtlik də əbədi deyildir. Onun da sonunda bir qorxu vardır. Həyatın iki tərəfi həmişə var: gözəllik– qorxu, xoşbəxtlik – qorxu, sevinc – qorxu və s.
Görün dünya yaranandan indiyə qədər nə qədər gözəllər olub. İndiyə qədər nə qədər xoşbəxtlər olub. İndiyə qədər nə qədər sevinənlər, sevənlər olub. Onların heç biri indi dünyada yoxdur. Torpağın altında saysız-hesabsız gözəllər, xoşbəxtlər, sevinənlər, sevənlər yatır. Torpaq üçün onların gözəlliyi və xoşbəxtliyi, sevdikləri və sevildikləri əhəmiyyətli deyil. Bəlkə də torpaq həm də ona görə müqəddəsdir ki, onun altında çoxlu gözəllər, xoşbəxtlər, sevənlər, sevilənlər, qiymətli insanlar yatır.
XX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Herman Hessenin “Knulp” povestində oxuyuruq: “Bir də ki... fikir ver, tez-tez öz – özümə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey varsa, o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz deyil, həyatda görürsən ki, qaraşın qız daha gözəldir. Hərdən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın ən gözəl- göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən qəşəng bir quş. Bir az keçmiş, qanadları üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü buludları al qana boyayan, par-par parıldayan, lakin adamın gözlərini qamaşdırmayan, yerə - göyə sevinc, məsumluq bəxş edən adicə günəş şüası qədər heç nə məni məftun etmir.
- Doğrudur, Knulp. İnsanın xoş saatlarında gördüyü hər şey ona gözəl görünür.
- Elədir. Ancaq mənim bir fikrim də var. Məncə, gözəl o şeydir ki, onda məmnunluqla yanaşı nisgil də, qorxu da var.
- Hə, necə ki?
- Lap tutaq ki, belə: əgər bilməsən ki, hər hansı bir dünya gözəlinin də vaxtı çatacaq, qocalıb dünyadan köçəcək, bəlkə də, onun gözəlliyini duymazsan. Gözəl olan şey əbədiliyə qovuşa bilsəydi, ürəkdən sevinərdim. Amma o zaman mən ona gözucu baxıb düşünərdim ki, bunu sən istədiyin vaxt görə bilərsən, bu gün olmasa da, olar. Əksinə, ötəri, dəyişkən, gəldi-gedər şeylərə daha çox baxıram, baxdıqca da təkcə zövq almır, həm də yanıram.
- Dayan görək!
- Ona görə də atəşfəşanlıqdan gözəl heç nə tanımıram. Göylü, yaşıllı cınqı halqalanıb göyə sıçrayır, xırdaca bir qövs cızıb qaranlıqda sönür. Gözəllik bax buna deyərəm! Ona baxanda səni həm sevinc, həm qorxu hissi bürüyür: qorxursan ki, indicə sönəcək. Əslində, belə də olmalıdır, gözəlliyi də orasındadır ki, ömürləri gödəkdir. Yoxsa yox?
- Hə, hə, ancaq bunu hər şeyə şamil etmək olmaz.
- Niyə?
- Məsələn, deyək ki, iki nəfərin bir-birindən xoşu gəlir, sonra da evlənirlər, ya da ikisi bir-biri ilə dost olur. Bax bu, ona görə gözəldir ki, ömrü uzundur, hələ sonu yaxınlaşmayıb.
Knulp diqqətlə mənə baxdı, sonra zil qara kipriklərini çıppıldadıb fikirli- fikirli dedi:
- Razıyam. Ancaq hər şey kimi onun da sonu var. Ortadan dostluğa, sevgiyə xələl gətirən çox zibil çıxır.
- Haqlısan. Bu əngəllər üzə çıxana qədər onun haqqında düşünən olmur axı.
- Bilmirəm... Bəri bax, eşidirsən, ömrümdə iki dəfə vurulmuşam. Özü də yalandan yox ha. Hər ikisində də demişəm ki, həmişəlikdir, yalnız ölüm bunu qıra bilər, ancaq hər ikisində də qırılıb, mənsə hələ sağam. Elimdə - obamda bir dostum da vardı, ömrümdə ağlıma gəlməzdi ki, bir-birimizdən ayrılarıq, amma ayrıldıq. Özü də lap çoxdan ayrıldıq” (Herman Hesse. Seçilmiş əsərləri. Bakı, “Şərq – Qərb”, 2010, s.261-262).
Gəlin fikirləşək: mənim üçün gözəllik nədir? Eləcə də sənin üçün nədir? Ya da o, gözəlliyə necə baxır, onu necə qiymətləndirir? Bizim hər birimiz gözəllik haqqında hansı fikirdəyik? Axı çoxlarına çirkin görünən başqa birisinə gözəl görünür. Hər göz, hər baxış gözəlliyi eyni dərəcədə qiymətləndirmir. Elə gözlər, elə baxışlar var ki, onlar gördükləri hər bir şeydə gözəllik axtarırlar. Ancaq bunun əksinə olanlar da var...
Gözəlliyin də, xoşbəxtliyin də nisbi olduğunu fikirləşənlər azdır. Hər bir gözəlliyin və xoşbəxtliyin arxasında nisgilin və qorxunun dayandığını duyanlar da çox deyil. Heç fikirləşirikmi: bu gün olan gözəllik və xoşbəxtlik sabah olmaya bilər? Sabah xoşbəxtliyin və gözəlliyin sonu çatacağını düşünürükmü?
Bu gün gözəl kimi qəbul etdiklərimizin və xoşbəxt saydıqlarımızın ömrü çox qısadır. Məhz bu gəlimli-gedimli dünyada gözəlliyin də, xoşbəxtliyin də ömrü qısadır, gödəkdir və sonu olandır. Hər şeyin sonu olduğu kimi, onun da sonu vardır. Hər şeyin sonunu fikirləşənlər gözəlliyi də, xoşbəxtliyi də daha düzgün qiymətləndirir, onun qədrini bilirlər. Ancaq bu barədə düşünənlər az olur və həmişə də az olacaqdır.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsın 1975-ci ildə Nobel mükafatını aldıqda geniş nitq söyləmişdir. Onun nitqində belə bir məqam var: “Bir dəfə Dostoyevski müəmmalı bir fikir söyləmişdi: “Dünyanı gözəllik xilas edəcək”. Bu nə deməkdir? Uzun müddət mənə elə gəlirdi ki, sadəcə, bir deyimdir. Bu axı necə ola bilər? Tarix boyu qana həris gözəllik, kimi və nədən xilas edib? Nəcibləşdirib, yüksəldib – bəli, amma kimi xilas edib?
Amma gözəlliyin mahiyyətində, xüsusilə də incəsənətin mövqeyində belə bir xüsusiyyət var: əsl bədii əsərin inandırıcılığı təkzibolunmazdır və o hətta ən güclü müqavimət göstərən qəlblərə belə hakim kəsilə bilir. Siyasi nitqi, israrlı publisistikanı, sosial həyat proqramını, fəlsəfi sistemi həm yanlışlıqlarla, həm də yalanlarla zahirən hamar, həmahəng şəkildə qurmaq olar; nələr gizlədilib, nələr təhrif olunub – dərhal gözə çarpmayacaq. Və əgər əks-yönəmli nitq, publisistika, proqram, başqa sistemli fəlsəfə mübahisəyə qalxmış olarsa da, - yenə hər şey əvvəlki kimi həmahəng və hamar qalacaq və yenə də hər şey düz gələcək. Buna görə də onlara inam həm var və həm də yoxdur.
Sadəcə, deyirlər: adamın ürəyinə yatmır.
Bədii əsər isə öz sınağını özündəcə daşıyır: süni, qondarma konsepsiyalar obrazlarla sınaqdan keçə bilmir: həm birincilər, həm də ikincilər dağılıb gedir, çəlimsiz, solğun görkəm alır, heç kəsi inandıra bilmir. Həqiqəti canına hopdurmuş və onu kəskin – canlı şəkildə təqdim edən əsərlər isə bizi amiranə tərzdə öz təsirləri altına salır, özlərinə cəzb edirlər – və heç kəs, heç vaxt, hətta əsrlər keçəndən sonra da onları təkzib etmək fikrinə düşmür.
Ola bilər ki, Həqiqət, Xeyir və Gözəllik üçlüyünün bu qədimi vəhdəti materialist gəncliyimizdə düşündüyümüz kimi, sadəcə, təmtəraqlı formul deyil? Əgər bu üç ağacın başları, tədqiqatçıların dedikləri kimi, birləşirsə, lakin bu zaman Həqiqət və Xeyirin yetərincə açıq, yetərincə aşkar duyulan pöhrələri basılıb əzilmişdirsə, kəsilmişdirsə, irəli buraxılmırsa – onda ola bilməzmi ki, Gözəlliyin ecazkar, öncədən necə olacaqları bilinməyən, gözlənilməz pöhrələri özlərinə yol tapa bilsin, elə həmin yerdəcə üzə çıxsın və onların hər üçünün işini görmüş olsun?
Belə olan halda Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” deyimi təsadüfən yox, peyğəmbərcəsinə söylənilmiş olmur ki? O axı çox şeyi görə bilirdi, hər şey ona heyrətamiz dərəcədə əyan olurdu.
Deməli, incəsənət, ədəbiyyat, doğrudan da, müasir dünyaya kömək edə bilər?” (Aleksand Soljenitsın. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2010, s.14-15).
Deməli, Həqiqət, Xeyir və Gözəllik birləşməlidir. Onların hər üçünün vəhdəti irəliyə buraxılmalıdır. Ancaq bu vəhdətə qədər gözəlliyin xilas etmə imkanı barədə düşünmək lazımdır. Gözəllik kimi xilas edə bilər? Gözəllik kimdən kimi xilas edə bilər? Eyni zamanda Gözəllik nəyi xilas edə bilər və nədən xilas edə bilər? Gözəllik hamını nəcibləşdirə də bilməz. Nəcib olmayana nəcib olan gözəllik təsir edə bilməz, dəyişə bilməz. O cümlədən gözəllik də nəcib olmayanların qəlbinə yol tapa bilməz. Nəcib olmayanlar gözəlliyi və onun pöhrələrini elə əzirlər ki, heç “uf”da demirlər. Gözəlliyi və onun pöhrələrini əzmək nəcib olmayanların əlində çox asan bir işdir. Odur ki, gözəlliyi qorumaq, onun pöhrələrini inkişaf etdirmək asan başa gəlmir. Bu yolda gözəllik həqiqət və xeyirlə birləşməlidir, vəhdət yaratmalıdır. Həm də ədəbiyyatın, incəsənətin meydanını müasir dünyada, məhz müasir dünyada genişləndirmək lazımdır. Dünya hər şeyi silahla, güclə idarə etmək dövrünü yaşayıbdır. Hal-hazırda elmi-texniki tərəqqi dövründədir. Dünyanın yalnız elmi-texniki tərəqqiyə olan ehtiyacı ilə dünya irəli gedə bilməz. Müasir dünyanın həqiqət, xeyir, gözəllik vəhdəti ilə yanaşı, ədəbiyyat və incəsənətə də ehtiyacı az deyil.