Modern.az

Müəllim ən səmimi, böyük və həssas varlıqdır

Müəllim ən səmimi, böyük və həssas varlıqdır

7 Mart 2015, 12:41

Yadıma bir hadisə düşdü. 3-cü sinifdə oxuduğum vaxtı atamla Cəfər Cabbarlının ev muzeyinə çəkilişə getmişdim. Atamın ssenarisi ilə veriliş hazırlanırdı. Çəkiliş bitəndən sonra atam mənə dedi ki, “qızım Azadə, Hüseyn Cavidin “Məktəbli qız” şeirini xalq artisti İlham Əsgərovla ifa et”. Mən şeiri əzbər bilirdim və birgə ifa etdik. Şeirdə bu misralar beynimə əbədi həkk oldu:

..... Bu  dünyada sənin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən.
-Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü,
Insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra onun göndərdiyi elçilər.
-Başqa sevdiklərin nasıl, yoxmu?
-Var.....
-Kimdir onlar?
Anam, babam, müəlliməm
Bir də bütün insanlar...

Bəli, dünyada ən çox sevdiyim varlıqlar sırasında müəllim də vardır. Məncə, bunda böyük məntiq var. Çünki, hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür, əvəzsizdir.

Bu yazıda mənə çox doğma olan ibtidai sinif müəllimim Samirə Hacıyeva haqqında söz açmaq istəyirəm.

İlk dəfə Samirə müəllimin sinfinə qədəm qoyanda çox rahatsız idim. İlk baxışdan onun zəhmi məni qorxudurdu. Kövrəlmişdim, fikirləşirdim evə gedən kimi valideynlərimə deyəcəm ki, məni başqa sinfə  keçirsinlər. Elə bu fikirlər xəyalımdan keçirdi ki, birdən Samirə müəllimi qarşımda gördüm. Üzündə təbəssüm  əlləri ilə telimi sığalladı, mehribanlıq göstərdi. Sanki o, mənim ürəyimdən keçəni hiss etmişdi. Gülümsəyərək dedi ki, Azadə, diqqətin dərsdə olsun, hər şey yaxşı olacaq.....

Samirə xanım dərs zamanı çox tələbkardır. Heç kimə güzəştə getməz. Çalışar bütün  şagirdlər dərsdən bəhrələnsin, nəsə götürsün. Tənbəlləri, oxumuyanları xoşlamaz. Şagirdi dərsə həvəsləndirir, lazım olduqda həm dərs zamanı, həm də dərsdən sonra onlarla fərdi qaydada da məşğul olur. Yetər ki, onlar nəyisə mənimsəsinlər, öyrənsinlər.  O, qəlbən çox mülayim, həyatsevər, mehriban, nəzakətli, nəvazişli, istiqanlı bir insandır. Bizə öz doğma övladı kimi baxırdı. Hər birimizin uğuruna sevinərdi. Heç yadımdan çıxmır. O, bir neçə dəfə valideynlərimlə  məktəbə gedərkən yolda bizi görcək deyərdi, Azadəni özüm aparacağam məktəbə, narahat qalmayın. Elə olub ki, ikinci növbə  qaranlıq  olanda  belə, özü məni dəfələrlə evə gətirib.

Mən rus dili bölməsində təhsil alırdım. Samirə müəllim bu dilə yiyələnməyimdə, digər fənləri mənimsəməyimdə əvəzsiz rol oynayıb. Bunun nəticəsi idi ki, əlaçı şagird kimi şəklim daim  şərəf  lövhəsinə vurulardı. Onunla hər dərs, hər görüş mənim üçün toy- bayram olardı. İndi də bu belədir. Son buraxılışda Samirə müəllimin göz yaşlarını heç bir zaman unuda bilmirəm. Hər birimizi öz doğma balası kimi əzizləyib, bağrına basıb öpərək vidalaşırdı. Biz də təbii ki, bu ayrılıqdan kövrəlirdik...

Sonrakı tədris ilində bacım Ləman da Samirə müəllimin sinfində dərsə başladı. Hazırda 4-cü sinifdə oxuyur. Bütün dediklərim, Samirə müəllim haqqında vurğuladığım yüksək insani keyfiyyətləri Ləmana olan münasibətdə də demək mümkündür. Zamandan, şagirdlərdən asılı olmayaraq, Samirə müəllim üçün bir həyat meyarı var. O da “öyrətmək” , “yüksək təhsil”, “savadlı şagird”, “savadlı və tərbiyəli gələcək nəsil yetişdirmək”, “Çalışqanlıq”, “İnkişaf”.  Bir də hər bir zaman müqəddəs müəllim adını hər şeydən uca tutmaq və buna layiq olmaq.

Düşünürəm ki, Samirə Hacıyeva bu gün yorulmadan öz müqəddəs peşəsini Yasamal  rayonundakı  20 nömrəli məktəb-litseydə şərəflə davam etdirir, xalqımıza, millətimizə, dövlətimizə layiq gələcək nəsil yetişdirir. Bunun üçün onda möhkəm, tükənməz enerji, bilik, sağlamlıq, bacarıq, səbr, iradə vardır. Hələ neçə-neçə nəsil Samirə Hacıyevanın sinfindən həyata vəsiqə alacaq, xalqına,dövlətinə layiqli övlad olacaq.

Bu yazını hazırlayarkən bildim ki, bu günlər Samirə Hacıyevanın doğum günüdür. Qarşıdan həm də 8 Mart “Beynəlxalq Qadınlar günü” və “Novruz” bayramı gəlir. Bütün bu əlamətdar günlər münasibətilə Samirə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, səadət, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Samirə xanım, mən və bacım Ləman Sizi çox sevirik. Sevirik, ona görə ki, Siz çox  səmimi  və  mehriban  insan, bütün şagirdlərin sevimlisisiniz.



Azadə  Əsgərzadə,
Yasamal rayonundakı  20 nömrəli məktəbin  8-ci sinif şagirdi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər