Modern.az

“Nuh tufanı və Gəmiqaya - Qobustan əlifbası” - I məqalə

“Nuh tufanı və Gəmiqaya - Qobustan əlifbası” - I məqalə

21 Aprel 2015, 14:20

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan dilinin və tarixinin kökləri indiyə qədər lazımi səviyyədə tədqiq olunmamışdır. Bu baxımdan Əjdər Fərzəlinin 2014-cü ildə rus dilində çap olunmuş “Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabı əhəmiyyətli rol oynayır.  Azərbaycan ərazisi və Azərbaycan xalqı dünyada getmiş tarixi prosesləri izah etmək, tədqiq etmək baxımından böyük əhəmiyyət kəsb edir. Bəşəriyyətin tarixində dərin kökləri olan Azərbaycanın oynadığı rolu aşkarlamaq üçün Azərbaycan tarixi və dili ilə bağlı aparılacaq tədqiqatlara ehtiyac böyükdür. Bu mənada Gəmiqaya-Qobustan yazılı abidəsinin öyrənilməsi Azərbaycan tarixində və əlifbamızın tarixində əvəzsiz rol oynayır. Gəmiqaya-Qobustan əlifbası barədə fikirlər belədir: Bu əlifba, bu yazı piktoqrafik yazıdır. Başqa bir fikrə görə, bu yazı, əlifba türk-runik yazılı əlibasının elementləri ilə bağlıdır. Ancaq Əjdər Fərzəlinin araşdırmalarına görə, Gəmiqaya-Qobustan Azərbaycan xalqının yaratdığı əlifbadır. Həm də bu, Azərbaycan xalqının yazı mədəniyyətinin tarixi barədə gərəkli bir mənbədir.

Gəmiqaya-Qobustan əlifbasının öyrənilməsində Əjdər Fərzəlinin zəhməti böyükdür. O, 1970-ci illərdən başlayaraq ömrünün sonuna qədər bu əlifbanı tədqiq etmişdir. Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının tədqiqinə qədər “Kitabi-Dədə Qorqud” dastanlarını, dastandakı dil məsələlərini, dilin inkişaf tarixini, praazərbaycan dilini, Azərbaycan mifologiyasını, dastandakı toponimləri, suya və oda inam məsələlərini, qədim tayfa və tayfa birliklərinin qohumluğu məsələlərini araşdırmışdır.


Əjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını Azərbaycan və ona yaxın ərazilərdə olan qayalara, daşlara, yer altından çıxarılan müxtəlif qablara, xalçalara həkk olunmuş yazılarla birgə öyrənmişdir. Eyni zamanda qədim Azərbaycan əlifbasının elementlərini – işarələrini Naxçıvanla, Qobustanla bərabər, həm də Gəncə, Şamaxı, Mingəçevir, Hacıqabul, Pirallahı adası, Nüvədi, Təbriz yaxınlığında tapılan yazılarda da tədqiq etmişdir. O, Kəlbəcər, Mingəçevir  daşlarında həkk olunmuş yazılarda da qədim Azərbaycan sözlərini oxuya bilmişdir. Əjdər Fərzəli Alban yazıları barədə də maraqlı elmi nəticəyə gəlmişdir. Əjdər Fərzəliyə görə, Alban əlifbasının əsli ermənilər tərəfindən məqsədli şəkildə təhrif edilmiş, gərəksiz bir formaya salınmışdır. Onun fikrincə, əsl Alban əlifbası Gəmiqaya-Qobustan əlifbasıdır. Bu əlifba qayaların, daşların, xalçaların, qabların üstündə həkk olunmuş yazılarda da qorunmuşdur. Müqayisə üçün qeyd edək ki, Orxon-Yenisey yazılı abidələri mətnlərin daş üzərinə həkk olunmasından ibarətdir. Hazır mətnləri oxumaq mətnsiz yazıları oxumaqdan asandır. Gəmiqaya-Qobustan yazıları isə mətnsiz yazılardır. Məhz Əjdər Fərzəli belə mətnsiz yazıları oxumuşdur. Əjdər Fərzəlinin tədqiqatları sübut edir ki, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinə bağlı olan müstəqil əlifbalardır. Hər ikisi türk əlifbasıdır və bunlardan çoxsaylı dünya əlifbaları törəmişdir.

Qafqaz Albaniyası qədim Azərbaycanın, qədim Azərbaycan tarixinin tərkib hissəsidir. Qafqaz Albaniyasına aid yeganə mənbə Moisey Kalankatukulunun (VII-VIII əsrlər) “Alban tarixi” və VIII əsrə aid “Eranşəhr”dir. Bu dövrə aid mənbələrin azlığı Azərbaycan tarixinin Qafqaz Albaniyası ilə bağlı olan dövrünə kölgə salmış və nəticədə ermənilər bundan istifadə edərək qərəzli, saxtakar mövqe tutmağa başlamışlar. Ermənilər “Alban tarixi” əsərini və Qafqaz Albaniyasının ərazisini əsassız şəkildə “erməniləşdirmə”yə çalışmışlar. Bununla da Qafqaz Albaniyası mübadiləsi bir mövzu kimi ortalığa çıxmışdır. Hələ vaxtilə Azərbaycan dilçisi Voroşil Qukasyan Alban yazısı və ədəbiyyatı tarixinin bəzi məsələləri ilə məşğul olmuşdur. Bu istiqamətdə araşdırmalar aparmışdır. O, A.Ş.Mnatsakanyanın 1966-cı ildə Yerevan şəhərində erməni dilində çap olunmuş və “Qafqaz Albaniyası ədəbiyyatının tarixi” adlı əsərinin elmsizliyini faktlar, dəlillər əsasında sübut etmişdir. Voroşil Qukasyan A.Ş.Mnatsakanyanın əsəri ilə bağlı dörd mühüm ümumiləşdirici nəticə (bax: Ворошил Гукасян. О некоторых вопросах истории Албанской писменности и литературы (в связи  c работой А.Ш.Мнацаканяна, «О литературе Кавказской Албании»). – Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1968, №2, s.85-101)  söyləmişdir:

I.    Kür çayının sağ sahili heç zaman Ermənistanın tərkibinə rəsmi şəkildə daxil olmamışdır. Halbuki A.Ş.Mnatsakanyan əsassız olaraq Qafqaz Albaniyasının sərhədi olan Kür çayının sağ sahilini eramızın IV əsrinədək (387-ci ilə qədər) “Böyük Erməsnitan”ın tərkibində olması fikrini irəli sürmüşdür.

II. Voroşil Qukasyan onlarla tarixi və filoloji dəlillər əsasında sübut etmişdir ki, albanların öz yazısı olmuşdur. Onun fikrincə, bunu alban əlifbası və Mingəçevirdə tapılmış yazılar da təsdiq edir. Lakin A.Ş.Mnatsakanyan öz əsərində iddia etmişdir ki, guya albanların yazısı olmadığı üçün onların ədəbiyyatları da yaranmamışdır. Halbuki elmə sirr deyil ki, alban yazısı olmuş və bu indiyə qədər oxunmamışdır. Bizcə, alban yazıları oxunsaydı Azərbaycan tarixinin qədim dövrünə aid xeyli zəngin material əldə etmiş olardıq. Bu da ermənilərin əsassız iddialarına birdəfəlik son qoyardı. Təbii ki, A.Ş.Mnatsakanyan alban yazılarının indiyə qədər oxunmadığını və bununla bağlı çətinlikləri çox gözəl bildiyinə görə, elə bu abidələrin “sahibi”, “yiyəsi” iddiası ilə əsər yazmışdır. Lakin Moisey Utilinin (Kalankatuklunun) “Alban tarixi” əsəri bizə erməni dilində çatsa da, Voroşil Qukasyanın dediyi kimi, onun nə vaxt, kim tərəfindən, hansı dildə yazıldığı elmə məlum deyildir. Erməni tədqiqatçısı bu reallıqdan “məharətlə” istifadə edərək Alban abidələrini öz adlarına çıxmışdır.

“Alban tarixi” əsərinin yazılma tarixi barədə iki fikir mövcuddur. Birinci fikir tərəfdarı T.Ter-Qriqoryan “Alban tarixi”nin I, II kitabının yazılması tarixini VII əsrə, III kitabı isə X əsrə aid edir. İkinci fikir tərəfdarları Y.A.Manandyan, N.Akinyan isə “Alban tarixi”nin yazılmasını X əsrə çəkirlər. Bu ikinci fikir həqiqətə uyğun gəlmir və əsassızdır. Ona görə ki, X əsrə qədər “Alban tarixi” əsərinin orijinalı mövcud olmuşdur. Bu orijinalı ermənilər ələ keçirdikdən sonra onun üzünü erməni dilinə çevirmişlər. Xüsusilə, Azərbaycan tarixçisi F.C.Məmmədova “Alban tarixi” mətnini təhlil edərək onu X əsrə aid edən erməni tədqiqatçılarının gətirdikləri dəlillərin əsassız olduğu və həqiqətə uyğun gəlmədiyi qənaətinə gəlir (bax: Ф.Дж.Мамедова. Проблема датировки «Истории Албан». – Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1974, №3).

Ərəb qoşunları Azərbaycana gələrkən ermənilərin kiçik etnik qrup kimi indiki Ermənistan ərazisindəki bəzi yerlərdə heç bir dövləti olmadan Azərbaycanın hüdudları içərisində yaşaması mümkünlüyünü bəlkə də qəbul etmək olar. A.Bakıxanovun verdiyi məlumata görə, “O zaman (ərəb xilafəti dövründə - B.X.) ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır” (bax: A.Bakıxanov. Gülüstani – İrəm. Bakı, 1951, s.51).

Onu da qeyd edək ki, VII əsrdə, ondan əvvəl, X əsrdə, XIX əsrə qədər Qafqazda, Qafqaz Albaniyasında, indiki Ermənistanda erməni adlı bir millətin dövləti olmamışdır. Ona görə də bu ərazilərdə erməni dövlətinin olmasını təsdiq edən tarixi, sosial, siyasi, etnik, coğrafi məlumatlar da yoxdur. Bu da ermənilərin Qafqaz mühitinə kənardan gəlmələrini sübut edir.

Hələ 1861-ci ildə K.Patkanyanın “Alban tarixi” əsərini rus dilinə tərcümə etməsini də təsadüfi saymaq olmaz. Ona görə ki, o, bu işi ilə Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmiş qədim Alban tarixini və Azərbaycan tarixini saxtalaşdırmış erməni mütəxəssislərini dəstəkləməklə yanaşı, bu yolla saxta erməni tarixi yaradaraq onu rus dili vasitəsilə daha geniş səviyyələrdə yaymağa çalışmışdır.

Əslində ermənilər Alban kilsələrini ələ keçirtdikdən sonra albanlara məxsus olan materialları erməniləşdirməyə başlamışlar.

Bunu Mingəçevirdən – Sudaqılan yaşayış yerindən aşkar edilmiş, qədim alban kitabələrindən olan xaçaltı daşın üzərindəki kitabə də təsdiq edir. Burada tapılmış xaçaltı yazılı daş qarqar-türk dilinə aiddir. Xaçaltı yazılı daşı qarqar-türk dilində oxuyan müəllif yazır: “Əlbəttə, bu (mətn – B.X.), Qriqoryan kilsəsinin alban kilsəsi üzərində birinci qələbəsinə qədər olan bir dövrü əhatə edir. Bundan sonrakı dövrlərdə alban yazılı mədəniyyəti məhv edilmişdir. Ona görə də V-VIII əsrlər arasında olan dövrə aid alban əlifbası ilə Mingəçevir epiqrafik abidələrindən savayı heç bir yazılı material əldə edilməmişdir. Bu onu göstərir ki, yad əllər daim alban mədəniyyətini məhv etməyə çalışmışdır” (bax: Xanlar Mustafayev. Mingəçevir epiqrafik abidələri. Elm və həyat, №11-12, 1990, s.25).

Deməli, ermənilər ələ keçirə bilmədikləri alban kilsələrinə, alban yazılı mənbələrinə toxuna bilməmişlər.

Ancaq ermənilər “Alban tarixi” əsərinin orijinalını məhv edərək onu erməni dilində çap etdirmişlər. V.Qukasyan yazır: “... Utilinin əsəri alban dillərinin birində (bəlkə də udin dilində) yazılmış, çox sonra isə qədim erməni dilinə tərcümə edilmişdir. Bunun nəticəsində də əsərdə yerli dilə məxsus sözlər və qrammatik formalar qalmışdır”. (bax: Ворошил Гукасян. Удинское слова в «Истории Албан». – Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, Dil və incəsənət seriyası, 1968, №1, s.61).

Başqa bir tərəfdən əsərin erməni dilində bizə çatması isə hələ onun müəllifinin erməni olmasından xəbər verə bilməz. Onda ərəb, fars, rus və s. dillərdə əsər yazmış ərəb, fars, rus olmayan müəllifləri ərəb, fars, rus adlandırmalıyıqmı? Ərəb dilində “Divani-lüğət-it türk” əsərini yazmış M.Kaşğarini, fars dilində yazmış N.Gəncəvini necə adlandırmalıyıq?! Birinə ərəb, digərinə farsmı deməliyik?! Deməli, sadəcə olaraq, albanları erməniləşdirmək əsassızdır. “Alban tarixi” əsərinin müəllifini erməni kimi qələmə vermək isə əsl tarixi həqiqəti inkar etməkdən başqa bir şey deyildir.

“Alban tarixi” əsəri ermənilərin əlinə keçdikdən sonra təbii ki, təhriflərə də yol verilmişdir. Məsələn, kitabda Salar türklərinin mənşəyi təhrif edilərək heç bir əsas olmadan tacik kimi təqdim olunur. Guya tacik xalqının sayının azalması nəticəsində bir xalq meydana çıxır və onun adı da Salar olur (bax:  Мовсэс Каланкатуации. История страны Алуанk. Ереван, 1984, с.169).

Halbuki Salar türklərinin mənşəyinin taciklərlə heç bir əlaqəsi yoxdur. Türkologiyadan məlumdur ki, Salarlar karluq-uyğur qrupu türk dillərinə daxildir. Bu qrupda salarlarla yanaşı, özbək, yeni uyğur, sarı-uyğur dilləri də vardır. Bəzən salarlar müstəqil türk dili deyil, uyğur dilinin bir dialekti də hesab olunur. Eyni zamanda onların uyğur dilinin dialekti olmadığı, müstəqil türk dili olması fikri də vardır. Salarların oğuz, oğuz-türkmən qrupuna daxil olması və XIV əsrə qədər qıpçaqların əhatəsində yaşaması, Şərqi Türküstana köçdükdən sonra Xuançe çayı boyunca çinlilər, tibetlilər və monqollarla əlaqədə olması məlumdur.

Salarlar Çində Syunxua, qismən də Tenxay əyalətində, Qansuda yaşayırlar. Bu dildə 40 mindən çox adam danışır.

Salar etnonimini türkmən tayfalarından biri olan salqur//salur//salorla da bağlayırlar. Hər halda türkologiyada salarların türk mənşəli olması fikrini heç cür inkar etmək mümkün olmadığı halda, “Alban tarixi” əsərində bu xalqın kimliyi aydın şəkildə təhrif olunur.

III. Voroşil Qukasyan A.Ş.Mnatsakanyanın digər mənasız iddialarını da zəngin faktlarla təkzib etmişdir. A.Ş.Mnatsakanyan saxta yolla erməni ədəbiyyatını qədim etmək üçün alban şairi Dəvdəki və alban tarixçisi Moisey Utilini (Kalankatuklunu) erməni müəllifləri kimi qələmə vermişdir. V.Qukasyan tarixi və filoloji faktlarla Dəvdəkin və Moiseyin alban olduğunu sübut etmişdir. O, alban toponimik adlarının erməni dilinin lüğət tərkibində olmadığını da tədqiq etmişdir. Doğrudan da Dəvdəkdən, Moiseydən başqa, Mxitar Qoş, Qarakos Qanzakedzi kimi alban müəllifləri də olmuşdur. Eyni zamanda alban sözü bir etnik, toponimik ad olmaqla erməni dilinin morfoloji və qrammatik quruluşuna yabançıdır. Alban sözünün etimoloji cəhətinə və morfoloji strukturuna uyğun gələn etnik adlar türk dillərində qanunauyğun hal kimi özünü göstərir. Bu mənada alban (alb-an) sözünün tarixi-etimoloji və morfoloji strukturu bayan (bay-an), Salyan (Sal-(y)an), Qacaran (Qacar-an), avaran//abaran (avar//abar-an), Sisiyan (Sisi-(y)an) və s. sözlərdə də qorunur.

IV. A.Ş.Mnatsakanyan qədim alban qəbilələrini və udinləri erməniləşdirmiş və guya onların dillərinin də erməni dili olmasını saxta bir yolla sübut etməyə çalışmışdır. Bu mənada da V.Qukasyanın tədqiqatının nəticəsi maraqlıdır. O yazır: “...Bu, qədim Azərbaycan tarixini saxtalaşdırmaqdan başqa bir şey deyildir. Belə ki, alban dillərinin, o cümlədən də udin dilinin özünəməxsus qrammatik quruluşu, fonetik və leksik tərkibi vardır” (bax: Ворошил Гукасян. О некоторых вопросах истории Албанской письменности и литературы (в связи с работой А.Щ.Мнацаканяна, «О литература Кавказской Албании») – Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1968, №2, s.101).

Məhz “Alban tarixi” əsərini və bütövlükdə albanları erməniləşdirmək həmin dövrə aid mənbələrin bizə gəlib çatmaması ilə bağlıdır. Belə bir boşluqdan erməni mütəxəssisləri istifadə edərək, albanları erməniləşdirməyə çalışmışlar. Bununla həm də qədim Azərbaycan tarixini saxtalaşdırmışlar. Ona görə ki, albanlar və alban tarixi qədim Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmişdir. Bu dövrə aid mənbələrin müxtəlif səbəblərlə bağlı olaraq dağıdılması hal-hazırda tariximizin incəliklərini öyrənməkdə çətinlik yaradır.

Əjdər Fərzəliyə görə, dünya Tanrıdan başlanır. Tanrıdan sonra ən qədim olan  dünyadır. Dünyada isə ən qədim əlifba Orxon-Yenisey əlifbası və Gəmiqaya-Qobustan əlifbasıdır. Hər ikisinin hələ də açılmayan sirləri çoxdur. Ancaq “Orxon-Yenisey əlifbası Avrasiya mühitində şərq, Gəmiqaya-Qobustan isə qərb əlifbasıdır. Elə bu səbəbdəndir ki, qədim və müasir Avropa əlifbaları, Yaxın Şərqin bir sıra əlifbaları da Gəmiqaya-Qobustanın törəmələridir. Mən bu fikrə demək olar ki, saysız müqayisələr, tutuşdurmalar apardıqdan sonra gəlmişəm. Bütün müqayisələrin cədvəllərini tərtib etmişəm. Müqayisələr göstərir ki, finikiya, yunan, latın, kiril, yəhudi, ərəb, İran (pəhləvi), sanskrit, brahmi (hind) və s. əlifbaları Gəmiqaya-Qobustan əlifbasından iqtibasla yaradılmışdır”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat- Poliqrafiya Birliyi, 2003, s.13).

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!