Modern.az

Ədəbiyyat dərsliklərinə hansı yazıçı-şairlərin adı salınmalıdır? - SORĞU

Ədəbiyyat dərsliklərinə hansı yazıçı-şairlərin adı salınmalıdır? - SORĞU

Ədəbi̇yyat

28 İyul 2015, 16:20


Hər bir dövrün ədəbi prosesinin güzgülərindən biri də orta məktəb dərslikləri olub. Həm sovet dönəmimdə, həm də müstəqillik illərinin əvvəllərində internetin demək olar ki, yox sayıldığı zamanda oxucu öz yazıçısını ədəbi dərsliklərdən tanımağa başlayıb. Təbii ki, o illərin məşhur qəzet və jurnallarının da bu istiqamətdə xidmətləri çox olub. Amma orta məktəb dərsliyində bir yazıçının olması artıq onun şagird psixologiyasına müəyyən dərəcədə təsiri demək idi. Həm aşağı, həm də yuxarı sinif ədəbiyyat dərsliklərinə baxanda proqramda çox dəyişikliyin olmadığı görünür. 
Haqqında geniş məlumat verilən və əsərləri təqdim edilən yazarlar elə 10-15 il bundan əvvəlki proqrama uyğundur. Sıravi yazıçıları kənara qoyub xalq yazıçı, xalq şairlərindən danışsaq, görərik ki, hətta onların bəziləri haqqında ən çox 3 cümlə dərslik proqramlarına əlavə edilib. Bu problemin işıqlandırılması təbii ki, ayrı bir mövzudur.
Modern.az saytı isə müxtəlif ədəbi nəslə aid yazarlarla bu barədə sorğu keçirib. Onlar çağdaş Azərbaycan ədəbiyyatının hansı nümayəndələrinin əsərlərini dərsliklərə salınmasını vacib sayırlar?

Cavanşir Yusifli, filologiya elmlər doktoru, tənqidçi: “Bu məsələ fikrimcə, ədəbiyyatı və xüsusən dərslik məsələlərini bilən mütəxəssislərin işi olmalıdır. Bizdən olsa, böyük bir siyahı hazırlaya bilərik və bu heç də çətin deyil. Meyar - kriteriya müəyyənləşdirilməlidir:
1) bədii cəhətdən yüksək səviyyədə olan poetik nümunələr;
2) çağdaş ədəbiyyatın axtarış və mahiyyətini göstərə bilən əsərlər;
3) orta məktəb şagirdlərində düşüncənin sınırlarını genişləndirə bilən və gözəl dili olan əsərlər;
4) elə nümunələr seçilməlidir ki, şagirdlərin digər predmetlərdən öyrəndikləri biliklərlə “mübahisə” yarada bilsin.

Şagird düşünsün ki, məsələn, fizika, riyaziyyatla ədəbi mətnlər arasında çox dərin bir əlaqə varmış. Dərsliyə əzbərləmək üçün heç nə daxil edilməməlidir, şagirdin beynindəki  “xatirə dəftəri” loqosunu dağıtmaq lazımdır. Poeziya nümunələri kimi Məmməd İsmayıl, Məmməd Aslan, Səlim Babullaoğlu və sair, nəsrdən Mübariz Cəfərli, Məmməd Oruc və sair yazıçıların əsərlərini seçib yerləşdirmək olar. Amma... mən dərslik yazmaq sahəsində mütəxəssis deyiləm, bunu yuxarıda da qeyd etdiyim kimi, bilicisinin ixtiyarına buraxmaq lazımdır".

Ramiz Qusarçaylı, şair:  "Ramiz Rövşən, Musa Yaqub, Məmməd İsmayıl, Ələkbər Salahzadə, Əjdər Ol, Rüstəm Behrudi və sair...".

Kəmalə Abıyeva, şairə: “Çox maraqlı və aktual, həm də problemli məsələdir. Bizdə hər şey "milli" sözüylə başlayır-milli təhsil, milli dərslik, milli dərs və s. Amma nə nəzərdə tutulur aydın deyil. Ümumilikdə dərsliklər üzərində ciddi işlənməlidir. Söhbət yalnız müasir-zəngin və aydın yazılmış dərslikdən gedə bilər.Təkcə ədəbiyyat deyil, müxtəlif elm sahələrində alimlərimiz var ki, onlar haqqında məlumat verilməlidir.Yəni ədəbiyyatdan danışsaq, ayrı-ayrı keçilməsə də bu günki ədəbiyyatdan-yazarlardan mövzu salmaq olar. Uşaqlar niyə bilməsin ki, onların indi istedadlı yazıçıları var?

Çox istedadlı cavan yazarlarımız var, maraqlı ədəbi nəsil yetişir. Niyə şagirdlərimiz Sayman Aruzu, Sahiləni, Ayseli, Dilqəmi, Sevinc Pərvanəni, İlqar Fəhmini, Emini, Ramili, Elmini və başqalarını tanımasın? Mən dərsliklərə baxıram, soruşuram, maraqlanıram. 5-6-cı sinif ədəbiyyat, Azərbaycan dili dərsliklərini oxumuşam başdan-ayağa. Özüm fizikəm, amma yaradıcı adam, ana, insan kimi oxumuşam. Necə bəsit, qüsurlu mətnlər var.  Necə mənasız cümlələr var. İbtidai siniflərə baxsaq daha pis.

O ki qaldı kimi çağdaş ədəbiyyatdan, məsələn, Kamran Nəzirlini, Mövlud Süleymanlını, Seyran Səxavəti salmaq olar. Kamran Nəzirlinin dili o qədər aydın, maraqlıdı ki. Çox önəmli mövzulara toxunur, məncə yeniyetmələr üçün maraqlı olar.Ya Mövlud Süleymanlı. Vaqif Səmədoğlunu salmaq olar. Musa Yaqub kimi şairimiz yoxdu. Ağacəfəri, Vaqif Bəhmənlini, Rüstəmi, Əbülfəti, Paşanı və bir çoxlarını salmaq olar.Heç olmasa 70, 80, ya 90-cı illərdə ədəbiyyata gələn imzalarla bağlı saat ayrıla bilər. Elə mənim şeirlərimi də sala bilərlər.Ayrı-ayrı müəllimlər var ki, oxucularımdı, dərslərdə istifadə edirlər".

Aydın Əbilov yazıçı, kulturoloq:  "Əvvəlcə onu bildirim ki, Rusiya və Avropa ölkələrində yuxarı - 7-11 sinif şagirdləri üçün ədəbiyyat dərslikləri ilə yanaşı, klassik, dünya və çağdaş söz sənəti nümayəndələrinin dəyərli nümunələrindən ibarət 3-4 cildlik müntəxabatlar nəşr olunur və Təhsil nazirlikləri tərəfindən ya mütləq, ya da tövsiyəedici xarakterdə tədris olunur. Xüsusən də yay tətili zamanı hər sinifdə 10-15 müəllifin yaradıcılığından nümunələrin bütöv, yaxud qismən ixtisarla oxutdurulur. O mənada müxtəlif estetik dünyagörüş sahibləri sayılan çağdaş yazarlarımızdan İsa Muğanna, Anar, Elçin, Fikrət Qoca, Vaqif Səmədoğlu, Çingiz Hüseynov, Əkrəm Əylisli, Çingiz Abdullayev, Ramiz Rövşən, Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Kamal Abdulla, Afaq Məsud, Günel Anarqızı, İlqar Fəhmi, Səlim Babullaoğlu, Aqşin, Həmid Herisçi, Qismət, daha neçə-neçə istedadlı qələm adamlarının yaradıcılıq nümunələri zəmanəmizin ədəbi səlnaməsi kimi mütləq dərsliklər vasitəsilə yeni nəslin zövqünə ünvanlanmalıdır".

Xəyal Rza, AYB-in mətbuat xidmətinin rəhbəri:  “Çağdaş Azərbaycan ədəbiyyatnda dərsliklərə salına biləcək, məktəblilərin yararlana biləcəyi çox imzalar var. Düşünürəm ki, bunun üçün Təhsil Nazirliyi bir komissiya yarada və komissiyanın təklifləri əsasında seçimlər edə bilər. Bir və ya iki nəfərin adını çəkməklə olmaz bu işlər. Bir dəfə orta məktəb kitabında Səməd Vurğunun "Azərbaycan" şeirinə rast gəldim. Şeiri tanımadım. Kimsə Səməd Vurğunun yerinə şeiri yenidən yazmışdı sanki. Belə bir komissiya yaradılarsa, belə nöqsanlar da aradan qalxar".

Mövlud Mövlud, gənc yazar:  Məncə, Kamal Abdullanın yaradıcılığı, onun yazıçı, alim, ictimai-siyasi xadim kimi fəaliyyəti şagirdlərə örnək ola bilər. Çünki o, son illərdə dünya ədəbi okeanına çıxa bilən yeganə Azərbaycan yazıçısıdır. Bu mənada öz müstəqilliyini dünyaya tanıtmaq istəyən Azərbaycanın məktəbliləri indidən Kamal Abdulla fenomeni ilə daha yaxından tanış olmalı, onun ədəbi-elmi irsini yaxşı öyrənməlidir".

Ağa Cəfərli jurnalist:  "Deməli, bu gün bir yazı oxudum senet.az-da və mənə bəlli oldu ki, Əli Kərimin yaradıcılığı orta məktəbdə-ədəbiyyat fənnində hələ də tədris olunmur. Məncə əvvəlcə bu məsələyə diqqət yetirməli və bunu problem kimi qaldırmalıyıq. Əli Kərim Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir və onun yaradıcılığının orta məktəb dərsliklərində tədris olunmaması çox böyük ədalətsizlikdir. Bilirəm bu sizin sualınızın cavabı deyil, amma mən də sizin sualınızdan istifadə edərək bu məqamı, bu məsələni qabartmağı lazım bildim. Sualınıza gəlincə, bu gün də yaşayıb-yaradan sənətkarlardan Əkrəm Əylislinin əsərləri mütləq orta məktəb dərsliklərinə salınmalıdır. Şagirdlərimiz Azərbaycan dilinin gücünü, qüdrətini məhz Əkrəm Əylisli yaradıcılığında görə bilərlər. Azər Abdullanın da orta məktəb dərsliklərinə salınacaq gözəl hekayələri var".

Qılman İman, şair: "Məmməd İsmayıl, Vaqif Bayatlı, Azər Abdulla".

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!