Modern.az

“Zırrama” İskəndər

“Zırrama” İskəndər

12 Sentyabr 2015, 18:46

(hekayə)

Elə ki, Azərbaycan müstəqilliyinə qovuşdu, kapitalizm bir göz qırpımında ilk növbədə Bakını ağuşuna aldı. Qırmızıdan başqa rəng tanımayan, gözünü açandan seçim etmək imkanından məhrum, ömürləri boyunca eyni şeyləri görüb, eyni cür düşünməyə vadar edildiklərindən “inkubator təfəkkürlü” sovet adamlarının əksəriyyəti iş-işdən keçənə qədər bazar iqtisadiyyatının caynaqlarını onlara sarı nə qədər ciddi-cəhdlə uzatdığının mahiyyətinə vara bilmədilər. Daşlaşmış sovet ruhu onlara həyata diri gözlə baxmağa imkan vermədi ki, vermədi. Kütləni bolşevik himnində yuxuya verənlər, hələ sovet dövründə kifayət qədər özünü tutanlar isə mahir balıqçı tək bulanıq suda ov ovladılar ki, gəl görəsən...

Günlərin birində İskəndər də qəflət yuxusundan ayılıb gördü ki, onun vaxtilə əməlli-başlı ev sandığı daxması tək-tənha qalıb “Nyu-York”un ortasında. Ətrafdakı imarətlərə isə dövrünün ən məşhur padşahları belə həsəd aparardılar. İskəndərin daxması vaxtilə Nəriman Nərimanovun, indisə Hüseyn Cavidin adını daşıyan prospektdəki beşmərtəbəli binaların arxasında sıralanan sarayların fonunda təcili kəsilib atılmalı olan kor bağırsağı xatırladırdı. Həmin komanın hisi-pası, yöndəmsizliyi, cır-cındır libası, damına dəfələrlə necə gəldi basılmış qırı buradan ötənlərdə ikrah və acı təəssüf hissi doğururdu. Bu acınacaqlı mənzərəni seyr edənlərin əksəriyyətinin bundan heç nə ilə fərqlənməyən evləri bir qədər də gözlərindən düşürdü. Onlar cır-cındırından adam ürkən evlərindən varlıların onları  xilas edəcəkləri günü səbirsizliklə gözləyirdilər. İskəndərsə inadından dönmürdü ki, dönmürdü. Növbəti “yağlı” müştəri ilə də söhbətləri alınmırdı:

- Əşşi, sotuna 50 min dollar verirəm?!.

- Dedim, satmıram, qurtardı...

- Səhərin kənarında bir neçə yerdə ev, babat maşın ala bilərsən verəcəyimiz pula, a kişi, gəl, bu daşı tök ətəyindən?!. Yaxşı, şəhərin istənilən toçkasındakı müasir binalarda 3-4 otaqlı mənzil alırıq sənə, bircə saatın içində, üstəgəl, sənə əməlli-başlı xeyli pul da qalır...Buna nə sözün var?!.

- Özünüzü də, məni də yormayın. Satan olsaydım, bu kişilərə, təzə qonşularıma satardım, elə bilirsiniz, onlar sizdən az pul təklif edirlər?!. Bax, bu qonşum Misirin yanında üzü qarayam, pulunu da balta kəsməz. Axır vaxtlarda həyət-bacasına baxıram, yardımçı oluram, bu işsiz-gücsüz zamanda o kişi də pis-yaxşı dolandırır məni.

- Yaxşı, bir bizi başa sal e!.. Bu komada nə görmüsən, axı?!.

- Qardaş mən bakılıyam, evimin yerləşdiyi yerdən doğma yer yoxdu mənim üçün...Əlbəttə, mən də istərdim, rahat, yaraşıqlı evim olsun, amma mənim qismətim budu...Neynəyim ki, zamanə mənim kimilərin deyil...

- Əşşi, qəribə adamsan, guya, bu ətraf Bakı deyil?!. Sənin məntiqinə qalsa, əsl Bakı İçərişəhərdi!?.

- Qardaş, elə deyil!!! Mən gözümü dədə-babamın bu daxmasında açıb, Bakını buradan hiss eləmişəm, sevmişəm... Buradan tərpənsəm, Bakı mənim üçün Bakı deyil!!! Başa düşürsən, mənim üçün bura əzizdir, məhz bu həyətdə mən Bakını qədərincə duyuram, hiss eləyirəm, buranın abı-havası mənə Bakını doğmalaşdırıb, sevdirib!!!

- Sən nə təhər adamsan, başa düş, onsuz da səni burada yaşamağa qoymayacaqlar, ey dili qafil, bir də gördün, “təsadüfən” başına iş gəldi!?. Çatır sənə nə deyirəm?.. Gəl, daşı tök ətəyindən...

- Özünü yorma... Mən artıq vəsiyyətimi də yazıb qoymuşam, notariusda da təsdiqlətmişəm... Mənim başıma qəfil iş gəlsə, vəsiyyət eləmişəm məni həyətimdə basdırsınlar!!!

Bu qıy-qışqırığa həmişəki kimi xeyli insan toplaşmışdı. İskəndəri başa düşməyə çalışanlar tək-təkdi. Çoxsu fikirləşirdi ki, kaş mən onun yerində olaydım... Ağıllı adam da yüz minlərlə dollardan imtina edər?!. Səbri tükənən “yeni azərbaycanlı” yoldaşına:

- Gəl gedəy e!.. Mən beləsinə rast gəlməmişəm?!. Adam nə qədər tupoy olarmış?!. Ay yazıq, elə ona görə də bu cındır gündəsən!?.

Onun ürəyi soyumamışdı, nəsə fikirləşib, addımlarını səngidərək geri qanrıldı və alimcəsinə İskəndərə qışqırdı:

- Ey... Bərk-bərk yadında saxla, “Ölülər”dəki İskəndər, kefli İskəndərdi, sənsə zırrama İskəndərsən, zırrama...

Qəribədi, bu “yeni azərbaycanlı”nın ağzı falmış... O gündən kişinin adı qaldı zırrama İskəndər. Ən çox da, İskəndərdən yanıqlı olan varlı qonşularının əlində bu, göydəndüşmə fürsət oldu...

Son vaxtlarda elə bil İskəndəri qarğımışdılar, heç cür işi düz gətirmirdi. İşlədiyi müəssisə bağlandığından gecə-gündüz onun-bunun qapısında əlmuzduna çalışırdı. Axşama bir parça çörək pulu ilə evə dönəndə tamam heysiz olurdu. Nə yaxşı ki, arada-bir Misirgildə də “iş” tapılırdı. Ehtiyac olanda yeniyetmə oğlu da ona kömək edirdi. Yarı ac, yarı tox dolanırdılar.

Misir üç gündən bir, beş gündən bir “təklif”indən qalmırdı:

- Qonşu, gəl, at bu zırramalığın daşını, nə vaxtacan ona-buna hamballıq  edəcəksən?!. Sat məhəlləni mənə, sənə ev də alım, kiçik bir dükan da açım, dolan özün üçün... Qalan pulu da saxla oğlanlarının xeyir işinə, maşallah, daha nə qalıb ki?!.

İskəndərdən səs çıxmırdı ki, çıxmırdı... Artıq bu ailənin paltarları da nimdaşlaşmışdı, ev-eşiyin də əyər-əskiyi başdan aşırdı. Bu da danılmaz bir həqiqətdir ki, cılxı kasıblıq insanı miskinləşdirir, yazıqlaşdırır!!?

Axır vaxtlarda Misir lap ağını çıxarmışdı... Elə ki, bir işi oldu, var gücü ilə “zırrama” –deyə İskəndəri səsləyirdi. “Kecliyindən” əl çəkməyən qonşusundan beləcə hayfını çıxır, ürəyini soyudurdu...

- Heç olmasa, uşaqların yanında məni belə çağırma?!. Xahiş eləyirəm səndən...

   Tamam harınlayan Misir:

- Deməli, təpik atmağa başlamısan... Şükür elə ki, sənə arada iş tapıram. Gör, qonşulardan bircəciyi sənə qara qəpiklərini də olsa, qıyırlarmı?!. Çoxsu səni adam sayıb salam da vermir?!.

Həmin ana qədər balalarının çörəyi naminə özünü birtəhər boğub saxlayan İskəndər bu dəfə dözmədi, var gücü ilə dilə gəldi:

- Tüpürüm sənin kimilərə... Sizin çörəyiniz də başınıza dəysin...

O gündən küsülüşdülər. Xeyli axtarışdan sonra İskəndər yaxınlıqdakı mağazalardan birində günəmuzd iş tapdı. O, ailənin gündəlik yemək pulunu çıxarırdı. Mağaza sahibləri insan adam idilər. Daimi iş yeri tapmaq isə müşkül məsələ idi. Son vaxtlarda dövlət iş yerlərinin sayının çoxaldılması üçün səyini əsirgəmədiyindən İskəndər də ümidini üzmürdü.

Qara birini basmasın, elə ki, basdı, əl çəkən deyil?!. Mitinqlərin başlaması ilə İskəndərin də növbəti qara günləri başladı. A kişi, tərslikdən, üçüncü gün idi ki, paytaxt meriyası ayrı-ayrı siyasi partiyaların mintiqinin marşrutunu məhz İskəndərin birtəhər çörək pulu çıxardığı mağazanın yerləşdiyi küçədən salırdı. Həmin küçədəki mağazaların sahibləri də obyektlərinə ziyan dəyməsin deyə alveri dayandırmaq məcburiyyətində qalırdılar. Neçə gün idi, İskəndər evə əliboş, kor-peşiman qayıdırdı. Evdə yeməyə heç nələri qalmamışdı. İskəndər kiçik oğlunun aclığa dözümü olmadığını yaxşı bilirdi. Uşaq da ki, adamı düşmən qapısına göndərər?!! Xeyli götür-qoydan sonra əlacsız qalan İskəndər borc üçün Misirgilə yollandı. “Mənim əlimin duzu yoxdu”-deyə qonşusu İskəndəri təhqir edib, əliboş yola saldı:

- Sən doğrudan da, zırramasan ki, varsan... Bəs, o gün “kişi-kişi” danışıb mənə şıllaq atırdın?!. İndi də gəlmisən ki, uşaqlar acdı, çörək pulu ver... Vermirəm, Allah yaxşı bilir, kimə nə edir...

İskəndər suyu süzülə-süzülə komasına döndü, bir küncə çəkilib, arvad-uşaqdan gözü kölgəli şəkildə dərin fikrə daldı... Bir andaca balaları qədər sevdiyi Bakı gözlərində özü kimi yamanca cılızlaşdı. Həmin məqamda özünə kəskin nifrət elədi, bu acı nifrətdən Bakıya da kifayət qədər pay düşdü. Fikirləşdi ki, gör, bu şəhər mənə nə qədər qənim kəsilib ki, bir parça çörək pulunu da çox görür... Misir kimi nanəcimlərə pənah aparmaq məcburiyyətində qoyur məni... Qəti qərar verdi, satıram məhəlləni, vəssalam... Bəsdi, bu məşəqqətə dözdüm?!. Misirsə dirsəyimi görər!!!

Ümidsizlik onun kürəyini yerə vurmaqdaykən böyük oğlu əlində çörək və digər ərzaqlar içəri girdi. Ananın gözünə işıq gəldi:

- Köhnə şalvarımın (guya, başqa şalvarı vardı) cibindən bir az pul tapdım, yadımdan çıxıb qalıbmış...

Hamı əzbər bildi ki, o, özündən uydurdu, amma kimsə cınqırını çıxarmadı. Əslində, atasından gizlin arada bir  İskəndərin oğlanları ilə oynayan Misirin oğlu vermişdi həmin pulu. Atasının hay-küyündən sonra gündəlik cibxərcliyini yalvar-yaxar, xəlvəti İsgəndərin oğluna ötürmüşdü. Bu pul qonşuların təxminən üç-dörd günlük yeməyinə birtəhər yetərdi...

Səhərisi gün məlum oldu ki, Misirin atası rəhmətə gedib. Bu xəbər hamını təəccübləndirdi. Çoxları Misirin atasının hələ sağ olduğundan xəbərsizdi. O, ötən müddətdə bir dəfə də olsun atası barədə söz-söhbət salmamışdı. Atasının onlara gəldiyini və ya Misirin atasına baş çəkməyə getdiyini kimsə görüb-eşitməmişdi. Misirin ürəyinə ilkin gələn bu oldu ki, İsgəndərin qarğışı tutdu onu. Kasıbların qarğışı isə yaman olur ha, lap, siyal daşı da dələr!!!

Misirin atası şəhərin kənarında uçuq-sökük bir məhəllədə ömrünü tək-tənha başa vurdu. O, bu komanı hələ rayondan Bakıya köçərkən,  oğlu Misir balacaykən  qaralamışdı. Neçə illərdi, bircə oğlundan da əlini üzən ata pensiyasıyla dolanırdı. Sağ olsunlar, qonşuları da ona əl tutur, köməyinə yetirdilər. Əməlli-başlı var-dövlət sahibi olandan Misirin ona zərrə qədər də olsun xeyri dəyməmişdi. Qabaqlar hərdən bir də olsa atasına baş çəkərdi, amma son illərdə buraların yolunu tamam yaddan çıxarmışdı.Nə yaxşı ki, atasının canı sulu idi, xəstələnmirdi. Ölüm də onu qəfil yaxaladı, son nəfəsdə “oğul” deyib gözləri yolda dünyadan köçdü. Qonşuları Misirin evinin yerini dəqiq bilmədiklərindən onu tapanacan gec oldu... Artıq kişi keçinmişdi...  

Misirə başsağlığı verməyə gələnlərin sayı-hesabı yox idi. Ölkənin ən tanınmış adamlarının əksəriyyəti buradaydı. Yas yeri Həmkarlar İttifaqları Konfederasiyasının sarayında keçirilirdi. Adətləri üzrə elitanın əksəriyyəti yaslarını burada təşkil edirdilər. Süfrənin üstə nələr yox idi... Yasa gələnlər də hamısı bazburdlu kişilərdi. Gözlənilmədən qapıda cındırından cin hürkən İskəndəri görəndə Misir təşvişə düşdü, özünü tanımamazlığa qoydu:

- A kişi, ünvanı səhv salmısan deyəsən?!.

- Misir, Allah rəhmət eləsin, gəldim başsağllığı verəm, qonşuluqda söz-söhbət olar, amma bunun xeyir-şərə dəxli yoxdu.

Hövsələdən çıxan Misir İskəndərin üstünə çımxırdı:

- Rədd ol, gözüm görməsin səni, zırramanın biri zırrama... Adam yerini tanıyar, qanmaz...

İskəndərin başına elə bil qaynar qazan aşırdılar... Onun bir-iki addımlığında dayanıb, bu acınacaqlı səhnəni məəttəlcəsinə seyr edən, geyim-keçimlərində İskəndərdən bir o qədər də fərqlənməyən Misirin atasının qonşuları da başsağlığı verməyə gəldiklərinə peşiman oldular...Onlardan biri özünü saxlaya bilmədi, şığıdı Misirin üstünə. Həmin şəxsin İskəndərə simsarlığı da çatırdı. O, Misiri də hələ tələbəlik dövründən yaxşı tanıyırdı, dabbaqda gönünə bələddi. Döşədi, nə döşədi:

- Ay binamus, kişinin üstünə niyə çımxırırsan, sən heç onun atılan dırnağı da döyülsən. O, alın təri ilə çörək qazanır. Sənsə rüşvətlə “kişi” olmusan. Papağını qoy qabağına bir fikirləş e!.. Onun sənin məclisinə yaraşıb-yaraşmadığına yox e, öz gününə utan, qızar, yerə gir!?. Bu boyda məclis açmısan, amma atanın sağlığında bir marqlanmırdın ki, bu kişi acdı, toxdu, əyin-başı varmı?!. Halal xoşu olsun. Biz ona dayaq durmasaydıq, o, biabır günə düşərdi. Biz kişiliyimizə sığışdıra bilməzdik bunu. Birimiz həyətimizdən göy-göyərti, o birimiz  ayran, başqa birimiz mer-meyvə aparırdı onun üçün. Hansımızınsa evində babat yemək bişirdisə, mütləq ona da min bir bəhanə ilə pay göndərirdik. Həyətimizdə xeyir iş olanda onu da başda otuzdururduq. Qeyrətimizə sığışdırmırdıq, o , üstü-başı kirli gəzsin, onun pal-paltarlarını bizim övrətlərimiz çiçək kimi saxlayırdılar... Ay bədbəxt, sən anlamırsan e, onun sənə deməyə o qədər sözü vardı ki... Həmişə gözləri yol çəkirdi... Şan-şöhrət üçün qurduğun bu məclisin, günah olmasın, rəhmətliyə nə dəxli, başına dəysin sənin !?. Başa düş, ayıl, zırrama İskəndər deyil e, əsl zırrama sənsən, sən, ay bədbəxt?!.

Bu sözlər məclisdə ildırım tək çaxdı. Misir yerindəcə quruyub qaldı. Yas mərasiminin iştirakçıları ciddi-cəhdlə İskəndəri və Misirin atasının qonşularını içəri dəvət etsələr də, onlar razılıq verməyib məclisdən çıxıb getdilər.

O gündən Misir məhəllədə görünməz oldu. Qonşuları onu yalnız evdən çıxanda və bir də qayıdanda görürdülər. O da bir neçə gündən bir.  Yaman qaradinməz olmuşdu.

Aradan beləcə qırx gün ötdü. İskəndəri qeyrət boğdu. Fikirləşdi ki, həyatda hər şey olar. Biz Misirlə artıq gor qonşusuyuq.  Birbaşa yollandı qəbirüstə. Orada xeyli adam var idi. Ürkək addımlarla yaxınlaşıb Misirə başsağlığı verdi. İskəndərin bu məramından hədsiz dərəcədə təsirlənən Misir günahkar tək başını aşağı salıb ona “sağ ol” dedi, bundan başqa dili söz tutmadı. İskəndər məzara diqqət kəsildi. Təmtəraqlı idi. Cəmi qırx günə kişinin oturaq vəziyyətdə heykəlini də düzəltdirmişdilər?. Diqqətindən yayınmadı. Heykəlin gözləri uzaqlara dikilmişdi...

Səhərisi günü sübh tezdən İskəndərgilin qapısı bərkdən-bərkdən döyüldü. Ailəliklə çaşqın vəziyyyətə düşdülər. Tamam kasıblaşandan bəri ilk dəfəydi kimsə onların qapısını ürəklə döyürdü?!! İskəndər yarıyuxulu vəziyyətdə qapını açıb qarşısında Misiri və tanımadığı bir neçə nəfəri görəndə özünü itirdi. Bir qədər də qorxdu, ilk növbədə ürəyinə pis-pis fikirlər gəldi... Misir icazə alıb içəri keçən kimi var gücü ilə onu bağrına basıb, hönkür-hönkür, için-için göz yaşları tökdü. İskəndər də özünü saxlaya bilməyib ona qoşuldu.

- İskəndər kişi, bağışla məni?!. Var-dövlət hərisliyi gözümü bağlamışdı, dönə-dönə xahiş edirəm, əfv et məni, vaxtilə özüm səndən də betər kasıblığın ağır yükünü çəkmişəm...

İskəndər birtəhər qonşusunu ovundura bildi. Misir ona:    

- Tez yır-yığış eləyin, hələlik mənim o biri evimdə yaşayarsınız, boşdu, heç kəs yoxdur orada, hər cür şəraiti var... Yox, yox, başqa heç nə eşitmək istəmirəm, fəhlələr gözləyir, maşın da gətizdirmişəm evdəki əşyaları daşımağa. Hələ sənə yaxşı iş də tapmışam.

Misir qonşusunun yalvarışına məhəl qoymadı. İskəndərin həyat yoldaşı və uşaqlarının sevinci isə yerə-göyə sığmırdı. Tezliklə Misirin ailəsi də bu köçə köməyə gəldi.

Aradan yarım il ötmüşdü. İskəndərgil bir neçə gün olardı həyətlərindəcə inşa olunmuş yeni evlərinə köçmüşdülər. Bu altı ay İskəndərə hədsiz dərəcədə uzun görünmüşdü, yaman darıxmışdı məhəllələri üçün!?. Lap burnunun ucu göynəmişdi!!! Utandığından tikinti gedən dövrdə bu ətrafa hərlənməyə heç cür ürək eləməmişdi. Əvvəlki daxmasının yerində indi altı otaqlı, ikimərtəbəli ev ucalırdı. Həyət-baca cənnəti xatırladırdı, hər tərəf gül-çiçək, yaşıllıq içindəydi... Deyəsən, uşaqlar gizlənpaç oynayırdılar. Hərə bir kolun dalında gizlənmişdi. Bir, iki, üç, dörd, maşallah, deyəsən, məhəllədəki bütün uşaqlar buradaydılar. Şükür, kəramətinə pərvərdigara, yoxsulların da qapısı bu qədər qonaqlı-qaralı olarmış!?. Axşamüstü olduğundan kiçik oğlu səbirsizliklə İskəndərin işdən gəlişini gözləyirdi, axı, sifarişi vardı... Övladları atalarının təzə avtomobilinin səsini əzbər tanıyırdı. Qulaqları qapıdaydı... Aha, deyəsən, gəldi İskəndər. Oğlanları qapıya sarı götürüldülər, bir göz qırpımında qonşu uşaqların köməyi ilə ərzaq, tərəvəz və meyvələri evə daşıdılar. Yorğun-arğın İskəndər tezcə özünü verdi bu həyət-bacaya olmazın yaraşıq gətirən çarhovuzun yanındakı oturacağa. “Oxxay”-deyib fəvvarənin şırıltısına qulaq kəsildi, uşaqların hay-küyü isə ona şirin, həzin nəğməni xatırladırdı. Ömrü boyu həsrətində olduğu günləri yaşayırdı indi bu bəxtəvər ailə!!! Vaxtilə İskəndərin ürəyinə dağ çəkən Misir günahlarını qismən də olsa yumaq üçün yarım il ərzində gecəsini gündüzünə qatıb, pulunu da əsirgəməmişdi bu cür ürəkaçan məhəllənin salınması üçün... İskəndər evinə və avtomobilinə çəkilən xərci hissə-hissə qaytarmaq şərtilə razılıq vermişdi burada yaşamağa. Məvacibi kifayət qədər yüksək idi, borcunu tez qaytarmaq üçün çox vaxt işdən evə gec dönür, əlavə bir neçə saat da çalışırdı. İşdən qayıdanda həyətdəki çarhovuzun yanında cəmi beşcə dəqiqə oturmaq onun yorğunluğunun çıxmasına bəs edirdi. Günlər keçdikcə, borcu azaldıqca nəinki işin yorğunluğu, həmçinin, illərin yorğunluğu da tədricən canından çıxırdı.

Müstəqil Azərbaycanın füsunkar  paytaxtı barədə qənaəti də dəyişməzdi... İskəndərin “hesabına” indi Misir də Bakını qədərincə duyur, sevirdi!!! Hər dəfə imarətinin dördüncü mərtəbəsindən oğrun-oğrun bu məhəlləyə boylananda Bakı Misir üçün daha da doğmalaşırdı... Artıq İskəndərlə həmfikirdi!!! Doğrudan da, Bakı dünyanın ən cəlbedici, ən həsəd aparılası şəhərlərindən biridi... Həmin reallığı qədərincə duymaq üçünsə təkcə bircə dəfə İskəndərgilin dədə-baba məhəlləsində olmaq kifayətdi!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?