filologiya üzrə elmlər doktoru, professor
“Koroğlu” dastanında Koroğlunun Giziroğlu Mustafa bəy haqqındakı tərifində diqqəti cəlb edən bəzi məsələlər var. Əvvəlcə Koroğlunun Giziroğlu Mustafabəyi tərif edən şeir parçasına diqqət yetirək:
Şeşpərinin ucu qanlı,
İyidlər var dəmir donnu,
Bir iyiddi, addı, sannı,
Gizioğlu Mustafa bəy.
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Gizioğlu Mustafa bəy!
Alapaça haya təpər,
Hayxıranda huya təpər,
Koroğlunu çaya təpər,
Giziroğlu Mustafa bəy!
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.508)
Koroğlunun Giziroğlu Mustafa bəyi tərif etdiyi bu şeir parçasında ikinci bəndin xüsusi izahata ehtiyacı vardır:
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy!
Bu bənd “Koroğlu” dastanında “Durna teli” qolunda belə gedir:
Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139)
Yeri gəlmişkən qeyd edək ki, Koroğlunun Giziroğlu Mustafa bəyi tərif etdiyi şeir parçası “Durna teli” qolunda fərqli bir variantdadır. Yəni Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi arxivində saxlanılan, yuxarıda qeyd etdiyimiz üç bəndlik şeir “Durna teli” qolunda fərqli bir variantda və beş bənddən ibarətdir:
Analar oğul doğubdu,
Giziroğlu Mustafa bəy.
Bu dünyaya tək gəlibdi,
Giziroğlu Mustafa bəy.
Nizəsinin ucu qanlı,
Dəliləri dəmir donlu,
Bir igiddi adlı-sanlı
Giziroğlu Mustafa bəy.
Bir atı var Alapaça
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça,
Giziroğlu Mustafa bəy.
Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.
Hay deyəndə haya basar,
Huy deyəndə huya basar,
Koroğlunu çaya basar,
Giziroğlu Mustafa bəy.
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139-140)
Bundan başqa, buradakı:
“Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.”
bəndi Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi arxivində saxlanılan üç bəndlik şeir parçasından da və bu bənddən də:
“Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy.”
fərqlənir. Bizə elə gəlir ki, bu bənd daha qədimdir. Sonralar bu bəndin mahiyyətini başa düşməyənlər onu dəyişib, sadələşdiriblər. Əslində isə buradakı etnoqrafiyamızla bağlı olan faktı təhrif ediblər. Təhrifin nədən ibarət olduğunu izah etmək üçün bir daha bu bəndə fikir verək:
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy.
Koroğlu “Bir atadan beş olaydım” deməklə anadan doğulanda beş günlük uşağın sağlamlığında olmasını söyləyir. “Beşinnən on beş olaydım” dedikdə isə beş günlük uşaqlıq günlərini keçirib on beş günlük olmasını nəzərdə tutur. Niyə bəs beş günlük uşaq və on beş günlük uşaq? Bu, elə - belə işlənməmişdir. Belə ki, beş günlük uşağın ana südü çox güclü olur. Ümumiyyətlə, on beş gün ərzində ananın südü gücünü, vitaminini və dəyərini itirmir. Beş və on beş gün arasındakı ana südü övladı güclü, sağlam edir və xəstəliklərdən qoruyur. Təbii ki, beş və on beş günlük süd çox yağlı olması ilə fərqlənir. Müqayisə üçün qeyd edək ki, bu süd heyvanlarda ağuz adlanır. Ağuz sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süddür. Məs.: (Səba) camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhimov. (bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006, s.72) Sağmal heyvandan sağılan ağuz südündən bulama hazırlanır. Deməli, bulama təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südündən hazırlanır. Məs.: Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (sayaçı sözü). Məmmədağanın inəyi də yenicə doğmuşdur. Ləzzətli bulaması var, - deyə Tağı əmi tərif etdi. S.S.Axundov. (bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild, Bakı, “Şərq-Qərb”, 2006, s.357). Ağız südündən hazırlanan bulamanın içərisinə yumurta və şəkər qatmaqla köppəcə də hazırlanır. Ancaq bu köppəcə, “Azərbaycan dilinin izahlı lüğəti”ndə səhv olaraq bulama kimi izah edilmişdir. Bu mənada “Azərbaycan dilinin izahlı lüğəti”ndə oxuyuruq: “Yumurta, süd və şəkərdən hazırlanan yemək (yəni bulama – B.X.). (Mərdəli:) Bəs bulama necə? Bu ondan deyil!.. Anam yumurta vurub. Ə.Əbülhəsən. (bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild, Bakı, “Şərq-Qərb”, 2006, s.357).
Beləliklə, Koroğlu Giziroğlu Mustafabəyin qəhrəman, igid olmasını tərif edərək “Mən onnan qardaş olaydım” fikrini də söyləyir. “Bir daha “Bir atadan beş olaydım”, “Beşinnən on beş olaydım” misralarının mənasını aydın şəkildə başa düşmək üçün bu misraların özünə yer aldığı bəndi olduğu kimi verməyi məqsədəuyğun sayırıq.
Bir atadan beş olaydım,
Beşinnən on beş olaydım,
Mən onnan qardaş olaydım,
Giziroğlu Mustafa bəy.
“Koroğlu” dastanında “Həmzənin qıratı aparması” boyundakı bir məqamla bağlı da fikir söyləmək yerinə düşər. Qeyd etdiyimiz boyda Koroğlu qarıya deyir:
Qarı deyəndə tozlanır,
Gəlin deyəndə nazlanır,
Qabaqda qarpız gizlənir,
Dalında topxanası var.
Burada “Qabaqda qarpız gizlənir” misrası qarının qarnının olmasına, kök olmasına işarədir. Eyni zamanda “Dalında topxanası var” misrası da qarının tam əldən düşməsinə, gücü qalmadığına bir ehyamdır.