Modern.az

Azərbaycanlı döyüşçü rusiyalı rəqibi ilə qarşılaşacaq - VİDEO

Azərbaycanlı döyüşçü rusiyalı rəqibi ilə qarşılaşacaq - VİDEO

İdman

3 Noyabr 2023, 15:34

Noyabrın 11-də Nyu-Yorkda yerləşən məşhur Madison Square Garden (MSG) idman kompleksində keçiriləcək UFC-295 yarışında azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov da iştirak edəcək. Onun rəqibi rusiyalı döyüşçü Vyaçeslav Borşçev olacaq. 

 

Döyüş ərəfəsində Nazim Sadıxov “The All Star” proqramının aparıcısı Con Hyon Ко-ya müsahibə verib. Müsahibə zamanı o, zəngin mədəniyyətə və qonaqpərvərliyə malik Azərbaycandan olduğunu, tarixi vətənində olarkən təlim-məşq təcrübəsindən, ölkəmizdəki istedadlı idmançılardan və UFC-295 yarışında iştirakından danışıb.

 

Qeyd edək ki, Borşçev qələbələrini Kalinka rəqsi ilə qeyd etməyi xoşlayır. Rəqibinin bu şakərinə Nazim Sadıxov belə münasibət bildirib: “Noyabrın 11-də biz “Kalinka” deyil, “Qaytağı”nı rəqs edəcəyik”.

 

Sadıxovun peşəkar MMA-da 9 qələbəsi, 1 məğlubiyyəti var. Vyaçeslav Borşçevin UFC-də 7 qələbəsi, 3 məğlubiyyəti var.

 

İdmançının atası Əzim Sadıxov bildirib ki, əfsanəvi MSG-də iştirak etmək oğlunun çoxdankı arzusudur və noyabrın 11-də ABŞ-da yaşayan bütün soydaşlarımızın döyüşçümüzə mənəvi dəstək göstərməsini istəyir: “Bu, nəhəng fürsətdir. Nazim Azərbaycanı təmsil edir. İnşallah, biz böyük qələbə qazanarıq”. 

 

Nazim Sadıxov 6 yaşı olanda ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu-York şəhərinə köçüb. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başlayıb. 16 avqust 2022-ci ildə UFC prezidentinin qarşısında yüngül çəkidə əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə “Contender Series 2022” yarışmasında qarşılaşıb və kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağlayıb.

 

O, ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edir və hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

 

Nazim Sadıxovun müsahibəsini aşağıdakı linkdən izləmək mümkündür:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi