Modern.az

Azərbaycanda yaranan, dünyanın 54 ölkəsinə yayılan İDMAN

Azərbaycanda yaranan, dünyanın 54 ölkəsinə yayılan İDMAN

İdman

2 Dekabr 2024, 10:26

Alpaqut idmanı Azərbaycanda yaranaraq dünyanın 54 ölkəsinə yayılan idman növüdür. İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb. Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib. Alpaqut "cəsur döyüşçü", "igid" deməkdir.

 

Qeyd edək ki, idman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb. 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib. Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. 

 

Modern.az alpaqut idmanının yaradıcısı Kutsan Vasif Namazovla müsahibəni təqdim edir.

 

- Vasif müəllim, Azərbaycanda yaranıb, dünyaya yayılan Alpaqut idman növünün formalaşdırılması necə meydana gəldi?

 

-Qeyd etmək istəyirəm ki, Alpaqut idman növünü yaratmaq fikri türk dünyasının, eyni zamanda onun bir hissəsi olan Azərbaycanın zəngin döyüş ənənələrini dünyaya tanıtmaq arzusundan doğub. Çünki qədim türk döyüş sənətlərinin müasir kontektsdə yaşadılması və inkişaf etdirilməsi mənim üçün vacib bir məsələ idi.

 

- Bu yolda ən böyük çətinliyiniz nə oldu? Sizə ən böyük dəstəyi kimlər verdi?


-Çətinlik hər zaman var və bu yaxşı prosesdir. Çünki insan çətinlikləri çalışaraq fəth edəndə, eyni zamanda böyük təcrübə qazanmış olur. Ancaq təbii ki, bir idman növünü formalaşdırıb onu yenidən dünyaya tanıtdırmaq və bunu 21-ci əsrdə etmək üçün daha böyük güc, maliyyə, enerji tələb olunur. Bu istiqamətdə dostlarım mənə çox yaxın dəstək oldular. İş adamlarından Fərid Əlizadə, Professor Firudin Cəlilov, rəhmətlik tarixçimiz Kərəm Məmmədov, tarixçi Pərviz Elay kimi insanlar Alpaqutun formalaşmasında mənə böyük dəstək oldular. 
 

- Alpaqut idmanı dünyanın neçə ölkəsinə yayılıb?

 

-Alpaqut idman növü hazırda 54 ölkədə rəsmən tanınır. Yəni bu ölkələrdə rəsmi nümayəndəliklər, müvəqqəti nümayəndəliklər, müxtəlif federasiyaların daxilində olan dərnəklər yaxud müstəlif assosasiyaların tərkibində olan klub və təşkilatlarımız, eyni zamanda 10-dan çox ölkədə də rəsmi milli federasiya kimi fəaliyyət göstərir. Eyni zamanda Amerika, Avropa, Asiya və Afrika qitələri üzrə rəsmi nümayəndəliklərimiz fəaliyyət göstərir. Bununla yanaşı Alpaqut idman növü kimi Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi Şurası və Beynəlxalq Ədalətli oyunlar Komitəsi, İdman Hamı Üçün Platforması kimi tanınan TAFİSA Assosasiyası tərəfindən, Beynəlxalq Döyüş, İdman Oyunları Assosasyası tərəfindən, Beynəlxalq İdman şəbəkəsi və Dünya İdman Federasiyalarının Baş Assosasiyası tərəfindən də tanınmışdır".

 

- Biz Alpaqut idman növünün içərisində bir neçə döyüş sistemi görürük. Bununla bağlı öz fikirlərinizi bildirə bilərsinizmi?

 

- Nəinki Alpaqutda, dünyanın bir çox idman növlərində bir neçə sistem vardır. Bu da normaldır. Məsələ Kickboxingin, Gimnastika idman növünün bir neçə növləri var. Müasir idman həyatında belə şeylər çoxdur. Bu həmin idman növünün zənginliyinin əlaməti olaraq ifadə olunmalıdır. Çünki idmana baxış dəyişir, idman təşkilatları hər biri öz idman növlərində xüsusiyyətlərin daha geniş olmasını ifadə etmək üçüm bu reformları həyata keçirir. Bu nöqteyi nəzərdən Alpaqutda da Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemi var. Biz bu sistemlərin adlarını və elementlərini müasir idman dövrünün tələblərinə uyğun olaraq formalaşdırmışıq.

- Bu idman növünün yaradılmasından artıq 10 il ötür. Bu illər ərzində nələr etdiniz, edirsiniz və edəcəksiniz? Federasiyanın fəaliyyəti sizi qane edirmi?

 

- Biz 10 ildən çox müddətdir fəaliyyət göstəririk. Bu illərdə bir çox uğurlara imza atmışıq. Dəfələrlə, dünyanın bir çox ölkələrində, Rusiyada, Hindistanda, Gürcüstanda, Türkiyədə, Qazaxıstanda beynəlxalq seminarlar keçirmişik. Bundan əlavə 3 dəfə dünya kuboku və 4 dəfə dünya çempionatı keçirmişik. Bu illər ərzində ən böyük uğurlarımızdan biri isə 2022-ci ildə federasiyamızın qurultayından sonra millət vəkillərimiz Jalə xanım Əhmədovanın və Könül xanım Nurullayevanın federasiya rəhbərliyinə gəlməsindən sonra artan dinamikliyi təmin etmək oldu. Belə ki, onların gəlişindən sonra federasiyamızın inkişafı daha çox artmışdır. Xüsusən də Dünya Alpaqut Federasiyasının prezidenti Jalə xanım Əhmədova bu işlərin daha dinamik, sürətli şəkildə keçirilməsi, Alpaqutun dünyada inkişafı üçün çox səylər göstərir.Bu da bizi çox sevindirir və Dünya Alpaqut Federasiyasının komandasına böyük bir stimul verir. Bu mənada düşünürük ki, yaxın illərdə daha çox uğurlar əldə edəcəyik.

 

- 5-ci Alpaqut üzrə Dünya Kuboku hansı şəhərdə keçiriləcək? Hazırlıqlar başa çatıbmı?

 

-Dekabr ayının 5-dən 8-ə qədər Gürcüstanın Kutais şəhərində  Alpaqut döyüş sənəti üzrə 5-ci dünya kuboku keçiriləcək. Bununla əlaqədar olaraq texniki hazırlıqların hamısı başa çatıb. Bütün tələb olunan ölkələrdən sifarişlər alınıb, vizalar açılıb. 20-dən çox ölkənin, 500-dən çox idmançının iştirak edəcəyi mötəbər bir yarış olacaq. Düşünürəm ki, biz bu yarışı ən yaxşı şəkildə həyata keçirəcəyik.

 

- Son olaraq, özünüzə varis hesab etdiyiniz biri varmı?


- Mən özüm üçün heç nə yaratmamışam. O nöqteyi nəzərdən də varis qoyacağım bir şey yoxdur. Yəni özüm üçün bir şey yaratsa idim, övladımı varis qoyardım. Amma Alpaqut döyüş sənəti bildiyiniz kimi milli idman növü, Azərbaycan və türk dünyasının mədəniyyəti kimi tanınır. Belə olan halda bunu özündən sonra hansısa qoymaq məntiqə sığan hərəkət deyil. Ancaq onu demək istəyirəm ki, davamçılar olacaq, bu gün də varlar. Həmin davamçılar Alpaqutda özünü təsdiq edən insanlardır. Hansı ki, onlar bu prosesi ən yaxşı şəkildə aparacaqlar. Mən konkret ad çəkmək istəmirəm, amma bu döyüş sənətinin davamçıları ona sahib çıxan insanlardır. Ola bilər ki, bu gün aramızda olmayan bir insan sabah Alpaquta gələcək, bu yolu davam etdirəcək və Alpaqutun başında olan ən ləyaqətli şəxslərdən biri olacaq. O nöqteyi nəzərdən Alpaqutun davamçıları ona sahib olan insanlardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!