Azərbaycan Dövlət İqtisad Universitetində 2013/2014 tədris ilinin qış imtahan sessiyası 29.12.2013 – 03.02.2014 tarixlərində keçiriləcək. ADİU-nun bütün fakültələrinin əyani şöbəsinin I - IV kurslarında təhsil alan 11465 tələbəsi kompüterləşdirilmiş test üsulu ilə 363 fənn üzrə imtahan verəcək. Bu barədə Modern.az-a İqtisad Universitetinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, qış imtahan sessiyası üçün universitetdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müvafiq infrastruktur yaradılıb. ADİU-nun 3 tədris binasında 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 485 ədəd kompyuter quraşdırılıb. Universitetdə imtahan sessiyasına qədər semestr ərzində bütün kurslar üzrə kompüter vasitəsilə 3 dəfə kollokvium keçirilib. Semestr ərzində və qış imtahan sessiyası zamanı toplanılmış ballar tələbələrə yekun qiymət kimi real zaman rejimində kompyuter vasitəsilə bildiriləcək.
“İmtahanlarda üzürlü səbəblərdən iştirak etməyən tələbələrə 03.02.2014 – 15.02.2014 tarixlərində imtahan vermələri üçün, qeyri-kafi qiymət alan tələbələrə isə kredit sisteminin tələblərinə müvafiq olaraq növbəti tədris ilində və yaxud yay semestrində həmin fənn üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmələri üçün imkan yaradılacaq”-deyə universitetdən bildirilib.