Qlobal bazarda düyünün qiymətində artım müşahidə edilir.
Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dərc edilən Düyü Qiymətləri İndeksində bildirilir.
Düyünün qiyməti iyul ayında iyun ayı ilə müqayisədə 2,8%, 2022-ci ilin iyul ayı ilə müqayisədə artım 19,7% artıb və 129,7 bənd təşkil edib. Bu, 2011-ci ilin sentyabrından bəri qeyd alınan ən yüksək qiymətdir. Ekspertlər düyü qiymətlərinin avqust ayında daha da bahalaşacağını ehtimal edir.
Qiymətlərin bu qədər ciddi artması bir neçə amillə bağlıdır. Əsas səbəb hava şəraitidir. Belə ki, bu il daha yüksək temperatur, quraqlıq əkin sahələrində problemlər yaradıb.
Digər səbəb Hindistanın iyul ayında düyü ixracına qadağa qoymasıdır. Qadağa daxili qiymətləri nisbətən aşağı səviyyədə saxlamaq məqsədilə tətbiq edilib. Düyünün bahalaşması həm də münaqişə səbəbindən Ukraynadan taxıl və qarğıdalı ixracında yaranan çətinliklərlə bağlıdır.
Mütəxəssislər deyirlər ki, qiymət artımı qida rasionunun əsasını düyü təşkil edən yoxsul ölkələrdə yaşayan insanlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Afrika və Cənub-Şərqi Asiyada insanların qidadan aldığı kalorilərin 60%-ə qədəri düyüdən əldə edilir. Banqladeş kimi bəzi ölkələrdə isə bu rəqəm 70%-ə çatır.