Son dövrlər əhali arasında banklara etibarın azaldığı müşahidə olunur. Bəziləri bunu ötən il bəzi bankların bağlanması ilə əlaqələndirir.
Bəs səbəb həqiqətənmi budur? Hazırda bank sektorunda vəziyyət necədir? Bank sektorunda hansı yeniliklər gözlənilir?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bank sektoruna inamın azalmasını belə izah edib:
"Devalvasiyadan sonra bank sektoruna inam azaldı. Son illər bu daha çox müşahidə edilir. Bir neçə bankın bağlanması, eləcə də depozit gəlirlərinə verginin tətbiq olunması müəyyən həcmdə əmanətlərin məhdudlaşmasına öz təsirini göstərdi".
Eldəniz Əmirov indiki vaxtda vəziyyətin müsbətə doğru dəyişdiyini söyləyib:
"Hesab edirəm ki, bank sektoruna olan inam iki il bundan əvvəllə, eləcə də ötən illə müqayisədə müsbətə doğru dəyişib. İrəliləyiş var. Çünki inflyasiya göstəricisi, bank sektorunda müəyyən qədər stabilləşmə sektora olan inamın bərpasına töhfə verəcək".
Digər iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə isə bank sektoruna inamın azalmasına əsas təsir edən amil depozit gəlirlərindən vergi yığılması olub:
"Əslində rəsmi rəqəmlər göstərir ki, banklara güvən əvvəlki illərlə müqayisədə artıb. Depozit həcmlərində artımlar var. Lakin ötən il depozitlərdən 10 faiz vergi yığılması ilə bağlı qərar səhv idi. Bu, banklara olan inamı azaltdı və kiçik həcmli depozitlərin banklardan çıxarılmasına səbəb oldu. Bir sıra banklarda problemlər yarandı və bəziləri bağlandı. Keçən il də bəzi bankların bağlanmasının şahidi olduq. Bu, əlbəttə güvəni zədələyici amildi".
N.Cəfərli yanvarda depozit gəlirlərindən vergi yığılması ilə bağlı qərarın ləğv olunduğunu və bunun bank sektoruna inamı artıracağını bildirib:
"Yanvarda depozit gəlirlərindən vergi toplanması ilə bağlı səhv qərar ləğv olundu. Demək olar ki, depozitlərdən vergilərin toplanması dayandırıldı. Bu, bank sektoruna güvənin artmasına səbəb olan amilə çevriləcək".