Modern.az

Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin rekord göstəricisi 

Dünyanı iflas dalğası bürüyür – Son 12 ilin rekord göstəricisi 

İqtisadiyyat

25 İyun 2025, 17:03

Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. “Dun & Bradstreet”in yaydığı “2024 Qlobal İflas Raporu”na görə ötən il 47 ölkənin 65 faizində şirkət iflasları artıb.

Modern.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir.

Şirkətlərin bağlanmasının əsas səbəbləri pandemiya sonrası dövlət dəstəklərinin sona çatması, faiz dərəcələrinin artması, zəif qlobal iqtisadi artım, azalan istehlakçı tələbi, tədarük zəncirindəki çətinliklər və geosiyasi gərginliklərdir.

Türkiyədə 2024-cü ildə şirkət iflasları 23 faiz artıb. Rəsmi məlumatlara görə ötən il 465 şirkət fəaliyyətini dayandırıb. Mütəxəssislər bildirirlər ki, yüksək kredit faizləri və zəif daxili bazar bu vəziyyəti daha da ağırlaşdırıb.

2024-cü ildə iflasların ən çox artdığı ölkə Ukrayna olub. Müharibə şəraitində olan bu ölkədə şirkət iflasları bir ildə 126 faiz artaraq rekord həddə çatıb. Sinqapurda artım 40 faiz, Belarusda 39 faiz olub. İflasların artdığı digər ölkələr arasında Fransa, Kanada, Avstraliya, Almaniya və İtaliya da var.

Bəzi ölkələrdə isə iflasların sayı azalıb. Yunanıstan 48 faiz azalma ilə ən yaxşı nəticə göstərən ölkə olub. Həmçinin Kolumbiya, Çin, Rusiya, Cənubi Koreya və Finlandiyada da şirkət iflasları azalıb.

 “Dun & Bradstreet” şirkətinin rəhbər şəxslərindən Julian Prover bildirib ki, pandemiya dövründə dövlət dəstəkləri sayəsində iflaslar süni şəkildə az görünürdü. Lakin artıq real vəziyyət ortaya çıxır. “Faizlərin yüksəlməsi və xərclərin artması xüsusilə kiçik və orta sahibkarlıq üçün ağır nəticələr doğurur,” – deyə o bildirib.

Prover həmçinin vurğulayıb ki, sürətli texnoloji dəyişikliklər və istehlakçı davranışlarının dəyişməsi də bir çox şirkət üçün əlavə çətinliklər yaradıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?