Avqustun 8-də Prezident İlham Əliyev ABŞ-də səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.
Əlaqələrin yeni mərhələsində ABŞ-ın Qarabağ və Şərqi Zəngəzura sərmayə yatıracağı barədə müzakirələr yaranıb.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtsiadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması və münasibətlərin dərinləşməsi, eləcə də 907-ci düzəlişin ləğv edilməsi faktiki olaraq, Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb olunacağından xəbər verir:
" ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə daha fəal şəkildə iştirak edə bilərlər. Sərmayə qoyuluşları ilə faktiki olaraq Qarabağın iqtisadiyyatının formalaşmasına töhfə verə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan Prezidentinin 2025 və növbəti illər üçün müəyyənləşdirdiyi hədəflər sırasında xarici investisyaların cəlb edilməsi əsas prioritetlərdəndir. Bu baxımdan ABŞ-dən daha çox sərmayənin cəlb edlməsi, həm də texnologiya və innovasiyaların cəlbi baxımdan vacibdir".
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var:
"İlkin qiymətləndirmələrə görə bu, Azərbaycan iqtisadiyyatına bütövlükdə növbəti illərdə 15 milyard manata qədər yeni dəyər qata bilər. Bu dəyərin formalaşması üçün xarici sərmayənin cəlb edilməsi, xüsusən də inkişaf etmiş ölkələrdən investisyaların cəlb edilməsi çox vacibdir. Ona görə də ABŞ-dən daha çox sərmayənin cəlbi, bütövlükdə Şərqi Zəngəzur və Qarabağda Amerika şirkətlərinin daha fəal formada iştirakı mümkün olacaq".