Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünovrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu Tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı.
Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı, kəlbəcərli alim, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, son dövrlər işğaldan azad edilmiş ərazilərdə məskunlaşma aparılmışdır, yalnız Kəlbəcərdə məskunlaşma yox idi. Bir neçə aydır ki, “Kəlbəcərə koç başlayır”, “Kəlbəcər doğma sakinlərini qəbul etməyə hazırdır”, “Kəlbəcərə köçlə bağlı püşkatma keçirildi” və s. kimi informasiyalar mətbuatda geniş yayılırdı və xalqımız, xüsusilə də kəlbəcərlilər bu köçü səbrsizliklə gözləyirdilər. Nəhayət, 20 avqust tarixində - rayonun işğalından 32 il sonra Kəlbəcərdə canlanan həyat hamımızı çox sevindirir və BÜTÜN BUNLARA GÖRƏ MÜZƏFFƏR ALİ BAŞ KOMANDANA SONSUZ TƏŞƏKKÜRLƏRİMİZİ, MİNNƏTDARLIĞIMIZI BİLDİRİRİK. KƏLBƏCƏRƏ KÖÇ MİLYONLARIN QƏLBİNDƏN KƏLBƏCƏRSİZ GÜNLƏRİN KÖÇÜDÜR, ARTIQ YENİ HƏYAT – KƏLBƏCƏRLİ HƏYAT BAŞLAYIR.
Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı rayonun inkişaf perspektivləri, relyefi, coğrafi şəraitə uyğun memarlıq ənənələri araşdırılıb və necə deyərlər Kəlbəcərdə elə bir gözəllik yaradılıb ki, İsveçrə memarlığına uyğun, turistləri valeh edəcək rahatlıq və mənzərə bir vəhdət təşkil edir. Bildiyimiz kimi, Kəlbəcərin Baş planının konseptual əsasını da, elə sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Artıq dövlət başçısının “Biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” sözlərinin real nəticələri Kəlbəcərdə də insanları valeh edir.
O ki qaldı Kəlbəcərin iqtisadi imkanlarına, bir kəlbəcərli və bir iqtisadçı kimi bildirmək istəyirəm ki, Kəlbəcər ölkə iqtisadiyyatına nəzərə çarpacaq qədər qatqı vermək potensialına malik, təbii-iqtisadi resurslarla zəngin bir rayondur. Rayonun qızıl, mis, civə və digər qiymətli material ehtiyatları, yüzlərlə müxtəlif dərdlərin dərmanı olan müalicəvi bulaqlar, dağ, yaylaq, kanat, qış turizminin inkişafı üçün geniş imkanlar, dərman bitkiləri, heyvandarlığın inkişafı imkanları, arıçılığın inkişafı üçün münbit şərait və s. Bu siyahını daha da genişləndirmək mümkündür. Bütün bunların məcmusu onu deməyə əsas verir ki, ilkin proqnozlara görə, Kəlbəcər iqtisadiyyatı ölkə iqtisadiyyatına, ən azından 2-3 faizlik töhfə vermək imkanındadır.
Bir neçə rəqəmlə fikrimi əsaslandırmaq istərdim. Yalnız 1993-cü ilədək təsdiq edilmiş yataqlar üzrə, Kəlbəcərdə 130 ton qızıl, 190 ton gümüş, 249 ton selen, 939 ton civə, 11 min m3 mişar daşı, 4.5 min m3 sement xammalı mövcuddur. Eləcə də, statistik məlumatlara görə, Azərbaycanda ümumilikdə mineral su ehtiyatlarının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. Nəzərə alsaq ki, hər il yay aylarında Aran zonasından yüz minlərlə iri və xırda buynuzlu heyvanlar da Kəlbəcər yaylaqlarına köç edir, onda heyvandarlıq məhsullarının istehsalı baxımından rayonun ümumi ölkə əhəmiyyəti daha da aydın olar.
Ən əsas məqamlardan biri odur ki, uzun illər sərt relyefə malik yolların ümidinə qalmış Kəlbəcərə artıq dəmir yolu çəkilməsinin də konseptual layihəsi hazırlanıb. Dəliməmmədli-Kəlbəcər dəmiryol xətti əsasən sərt iqlim şəraiti ilə fərqlənən Kəlbəcər və Laçın rayonlarının turizm perspektivli ərazilərinin potensialından istifadədə, eləcə də sərnişinlər üçün avtomobilə alternativ nəqliyyat xidmətlərinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar, nəiniki qısa zamanda Kəlbəcərdə qaynar həyatı tam bərpa edəcək, eləcə də ümumilikdə regionun inkişafına ciddi töhfə verəcəkdir.