Modern.az

Deputat Eldar Quliyev və ya təsadüf, yoxsa qanunauyğunluq?

Mədəni̇yyət

17 May 2022, 11:06

Mahir QABİLOĞLU


Ramazan bayramıdır. Atamdan yadigar qalan adət-ənənəyə əsasən özümdən yaşlılara zəng edib bayram təbriklərimi çatdırıram. Seçilmişlər çox deyil. Onlardan biri yox, birincisi deputat, atamın dostu Eldar Quliyev olur.


- Salam, Eldar müəllim.


- Salam, qardaşoğlu. Necəsən? Evdə-eşikdə? Uşaqlar, nəvələr necədir? Təbrik et bayramlarını mənim adımdan. Allah atova, anova rəhmət eləsin.


Ağzımı açmağa qoymur. Ağsaqqaldır. Həm mənəvi, həm rəsmi. Bilməyənlərə xatırladım ki,  Eldar müəllim həm də Respublika Ağsaqqallar Şurasının sədridir. Bircə “Allah Sizi böyüklükdən əksik eləməsin” deyə bilirəm.


- Mahir, sabah Maştağada növbəti bayram süfrəsi açıram. Səni də dəvət edirəm.


- Axı mən oruc tutmamışam. Mənə düşmür, – deyə cavab verirəm.


- Verdiyim İftar süfrələri başa çatdı. Bu, bayram süfrəsidir. Hamı dəvətlidir.


“Yalnız seçicilərim üçün” demir. Axı deputatın seçiciləri üçün nəsə etməsi təbii haldır. Deputatın seçicilərini qəbul etmək, dərdlərini dinləmək onun vəzifəsidir. Borcudur desəm daha düzgün çıxar. Bəs bu problemləri bütün deputatlarmı həll edir?

“Filan deputat seçicilərini qəbul etdi” başlıqlı kütləvi yazıların heç də hamısı problemlərin həllindən xəbər vermir. Bu başlıqlar altında yazılan yazıların əksəriyyəti “pokazuxa” - “quş qoymaq”dır. “Ay camaat, görürsünüz də... mən millət vəkili kimi çox fəalam” deyə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Xeyirxah, əməli deputatlara isə “sağ ol” deyənlər nəinki azdır, hətta bədxahlar da meydana çıxaraq bir ağız banlayırlar – bəziləri görülən işə kölgə salmaq, bəziləri isə yemlənmək arzusuyla...

Eldar Quliyevə qarşı da o cür qaraguruh çıxışlar var. Amma bu, başqa bir yazımın – “Eldar Quliyev seçicilərini qəbiristanlıqda qəbul edir – HƏTTA” adlı növbəti yazımın mövzusudur. İndiki yazım isə bayramdan bəhs edir. İstəmirəm o cür bədxahlara cavab verib qan qaraldanların elə özünün qanını qaraldam.


- Bayram süfrəsi hardadır, Eldar müəllim?


- Sən belə elə. Sabah saat 2-də... keşmiş Məmmədyarovun heykəli olan yeri tanıyırsan da? Bax gəl ora. Onun yaxınlığında mənim nümayəndəliyim yerləşir. Gəl ora, birlikdə gedək. Vüqar Əhmədi tanıyırsan da...


- Bəli, AzTV-də birlikdə işləmişik. Atam da xətrini çox istəyirdi.


- Onu da dəvət etmişəm.


Telefon söhbətimi həyat yoldaşım Sevinc də eşidir. Geyimə çox da fikir verməyən mənə “hücum”lar başlanır. “Bax ha... ictimaiyyət arasına çıxırsan. Kostyum geyin, qalstuk tax. Yəqin ki, deputatlar, İcra Hakimiyyətinin rəhbərləri, rəsmilər  orda olacaq. Onların yanında...”. Yəni ki, fərqlənmə. Qulaq asıram ona.


Ertəsi gün deyilən vaxtda deyilən yerə gəlirəm.  Təsəvvürümdə millət vəkilinin nümayəndəliyi sahə polis məntəqəsi boyda bir yerdir. Sovet vaxtı isə bu, raykom katibinin qəbul otağının yanında balaca otaq olardı. Qapını açıram. Rayon İcra Hakimiyəti başçısının nümayəndəliyinə və ya bələdiyyə binasına bənzər bir məkana daxil oluram. Dəhlizə çox qapı açılıb. Deputatın qəbul otağı isə ayrıdır. Qapını açıram. Köməkçi “xoş gəldiniz” deyir. Qapısı açıq otaq doludur. Yaşlı bir qadın bərkdən danışır. Daha doğrusu deyinir.  Eldar müəllim başda oturub. Məni görmür. Fikri ondadır.


- Eldar müəllim, ümidim sizədir. 350 manat pensiya alıram. Bank kreditim var.  Hər ay 130 manat çıxırlar. 220 manata dolana bilmirəm. Kreditə kömək elə...
 



Beynimə belə bir şey gəlir. Əcəba, bu bank 350 manat alan pensionerə krediti hansı əsaslarla verir? Onun son tikəsinin yarısını əlindən alıb onu “ağappağ” günə çıxarmaq üçünmü? Bu cür “yüklənən” təqaüdçülər Azərbaycanda nə qədərdir? Bu an Eldar müəllim məni görür. İçəri dəvət edir. Deputat Razi Nurullayev də dəvətlilər sırasındadır. Eldar müəllimin qardaşları və köməkçisi Yaşar ayaqüstə dayanıblar.


- Yaşar, - deyə Eldar müəllim üzünü köməkçisinə, həm də qardaşlarına tutur, – bankın yerini, hesab nömrəsini öyrənin və tam ödəyin.


- Allah ömür versin, Eldar müəllim. Bildim ki, məni naümid qaytarmayacaqsan. Bilirsiniz də mən kiməm. Mən siz oxuyan məktəbdə oxumuşam. Filankəsin bacısı qızıyam da... Sizinlə yaxın idi...


...və digər tanışlıqlar, alqışlar. Qadının dediyi prizmadan baxsaq Maştağada, ətraf kəndlərdə yaşayanlar, rəsmi desək – seçicilər Eldar Quliyevin qohumudur, ya da qohumluğu çatır. Hamısı onun həmkəndlisidir, hamısı onunla bir məktəbdə oxuyub – kiçikdən böyüyəcən. Bu cür mühitdə necə deputat olmaq olar? Yəni ki, əsl deputat – hamının deputatı. Düzdü, hamı kasıb, imkansız deyil, amma toxun da öz problemləri var. Ümumi sosial problemlər xali deyil axı.


Pensioner qadın dilində dualar otağı tərk edir. “Gedək. Bizi gözləyirlər” deyib, Eldar Quliyevlə deputat nümayəndəliyini tərk edirik. Şadlıq sarayına gəlirik. 600 nəfərlik bir zaldır. Bütün yerlər doludur. Eldar müəllim “Xoş gəldin” deyib, hamını təbrik edir. Sonra gəlib Razi Nurullayevlə yanaşı oturur. Mən isə o stola bitişik – Vüqar Əhmədlə yanaşı oturururam. Atamla bağlı xatirələr dilə gəlir, AzTV-dəki məzəli hadisələr yada düşür. Eldar müəllimin stolunda isə heç kimin tanımadığı daha iki nəfər gəlib oturur. Görüşməyindən başa düşürəm ki, heç o da tanımır. Əynimdəki kostyum, taxdığım qalstuk məni yavaş-yavaş sıxır. Qalstuk taxmayan Eldar müəllimə, idman stilində geyinən Vüqar Əhmədə baxanda çox sıxılıram. Bəs hanı həyat yoldaşımın dediyi rəsmilər? AzTV-nin  “Xəbərlər”ində işlədiyim dövrlərdə getdiyim bayram çəkilişləri yadıma düşür. Adı bir nəfərin, amma əslində rayonun müxtəlif biznes və idarə rəhbərlərinin cibinin hesabına təşkil olunan, “Xəbərlər”in 20.00 buraxılışında efirə gedən kiçik, uzağı 100-150 nəfərlik məclis? Amma ekran həllindən sonra“dəbdəbəli” məclislər?


Vüqar Əhmədin başqa işi olduğundan tez tərk edir məclisi. Yanımda başqaları oturur. ATS nümayəndələridir – mühəndisli-fəhləli. Bayram süfrəsi boşalır və dolur. İki cür kabab, iki cür plov, iki cür qara, quru balıq, salatlar, halva, qoğal, meyvə, su, meyvə şirələri. Uşağına etdiyin toy məclisinə bərabər bir bayram süfrəsi.


Tədbir yavaş-yavaş başa çatır. Əksəriyyət – sadə insanlar, ağsaqqallar, ziyalılar getməzdən qabaq Eldar müəllimin stoluna yaxınlaşıb “Allah qəbul eləsin. Bayramın mübarək. Allah ömür versin sənə də, qardaşlarına da... Ölənlərinə min rəhmət” deyirlər. Onların kimliyindən, geyimindən asılı olmayaraq Eldar müəllim ayağa durub sağ əlini sinəsinə qoyub razılığını bildirir. Kimisi yaxına gəlib əllə görüşür, kimisi onu qucaqlayıb-öpür. Bu isə Bakı kəndlərində əsrlər boyu mövcud olan – böyüyə hörmətin, qarşılıqlı hörmətin bariz nümunəsidir.


Getmək vaxtıdır. Eldar müəllimə yaxınlaşıram. Keçmiş jurnalist xasiyyətimə uyğun dilimi yenə də dinc qoymuram. “Əla məclis idi. Allah qəbul eləsin. Sizi millət vəkili kimi alqışlayıram” demək əvəzinə, qardaşoğlu kimi mənə verilən ərk çərçivəsində, zaraftyana:


- Eldar əmi, bu nədi? Niyə gender qaydalarını pozmusan? Kişilər üçün məclis qurmusan, amma qadınlar, uşaqlar yaddan çıxıb.


- Yox, ay Mahir. Məscidin içində – oranı kənd camaatı üçün mən tikdirmişəm – 500 nəfərlik mərasim zalı var. Qadın-uşaq ora yığışıb. Ərazidə olan uşaq evinə isə ayrıca pay gedib – şirniyyatı, payı, oyuncaqlarıyla. İstəyirsənsə deyim, aparsınlar səni öz gözlərinlə gör, – deyə naqolay sualıma payımı alıram.


Sağollaşıb küçəyə çıxıram. Eldar müəllim haqqında üç məqaləm var. Amma Eldar müəllimi, millət vəkilini, el ağsaqqalını, Eldar əmimi yeni prizmadan tanıyıram. O cümlədən Hacı Eldarı da... Fiziklərin “bir fakt təsadüfdür, ikinci tendensiya, üçüncü qanunauyğunluq” deyimi yadıma düşür. Təsadüf və tendensiya mərhələsinə gəlib çatan insanlara çox rast gəlmişəm bu həyatda. Amma qanunauyğunluq  zirvəsinə yüksələnlər çox azdır. Əsrlər boyu Maştağa kəndində yaşayan, kök salan bu nəslin ənənələrinin bu gün də yaşamasından məmnunam – Eldar müəllimin və qardaşlarının timsalında. Yəqin ki, bu, növbəti nəsillərə – nəvələrə də aşılanır. Eldar müəllim isə “DEPUTAT ÖZ”ündən danışmır. Deyir ki, “mən atamdan öyrənmişəm bunu, atam babamdan, babam  isə öz atasından... Yəqin ki, bu beləcə həmişə davam edəcək. Qarşıdan isə Qurban bayramı gəlir. Ona hazırlaşırıq. O bir az çətin tədbirdir. Elələri var ki, qurbanlar kəsilən yerə gələ bilmir. Evlərinə çatdırırıq. Kiminsə yaddan çıxacağından qorxuram”.


Maşına minirəm. Yolboyu fikirləşirəm. Görəsən indi gördüklərim, şahidlik etdiklərim deputatın qanunla yazılmış vəzifələrinə daxildirmi? Yaxud bu qanunda onun nəsil-nəcabətindən qaynaqlanan müsbət, insani keyfiyyətləri barəsində nə isə yazılıbmı? Əlbəttə ki, yox. Bunların hamısı ürəkdən və əsil-nəcabətdən irəli gələn işlərdir. Fizika dilində desək, nə təsadüfdür, nə də tendensiya. Sadəcə olaraq qanunauyğunluqdur.Yazıma bu sözlərlə son qoyuram: Deputat olmaq asandır, millətin vəkili, millətin adamı olmaq isə çətin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!