Modern.az

Deputat Eldar Quliyev və ya “UŞAQLAR”

Mədəni̇yyət

26 İyul 2022, 10:22

Mahir Qabiloğlu


Deyilənə görə yaxşı yaddaşım var. Amma bu yaddaş müxtəlif qatlardan ibarət olduğundan zaman keçdikcə, özü də ki, yavaş-yavaş açılır. Yeni xatirələr varağa düzülür. Öz yazılarımı təkrar-təkrar oxumağı da sevirəm. Hər hansı birini oxuyanda isə yeni bir xatirə yadıma düşür.

Modern.az saytında xüsusi şərhlə yayımladığım “Prezident Heydər Əliyevlə şair Qabilin zarafatları-1” videosuna (//modern.az/articles/68821/1/) çoxunuz baxmısınız. Xüsusilə də bu yeri:
 

“QABİL: Uşaqlar bir balaca süfrə açıblar. Gedək istəyirsiz.

HEYDƏR ƏLİYEV: Hardadır süfrə?

QABİL: İnturistin “mramornı” salonunda.

HEYDƏR ƏLİYEV: Mramornı? (Gülür)

QABİL: Gedəyin qutab-zad qoyublar. Qutab-zad bişirib uşaqlar. Başqa şey... Gedəy bir az oturağın. Bir yüz vurağın. 70 ildə bir dəfə olan şeydir də... Vaxtınız varsa feyziyab olarıq. Hamınızı dəvət eləyirəm e... hamınızı. MƏNİM ÖZÜMÜ DƏ DƏVƏT ELƏYİBLƏR...
 

Ən sevdiyim videoxatirədir bu. Deyirlər ki, sevginin, tütünün, şərabın qiyməti olmur. İllər keçdikcə daha da qiymətə minir. Bu videoxatirə də çox qiymətlidir, daha doğrusu qiymətsiz. İndi soruşacaqsınız ki, iki dahi şəxsiyyətin arasında olan bu söhbətin Eldar Quliyevə - özü də o vaxt deputat olmayan, sovet dövründəki şöhrətə malik olmayan “Azərittifaq” kimi qurumun sədri, 45 yaşlı Eldar Quliyevə nə dəxli?

Öz-özümə fikrə gedirəm. Xəyalım məni 1997-ci ilin yanvar ayına aparır. Atamın Opera və Balet Teatrında 70 illik yubileyi keçiriləcəkdi. Yanvarın 6-na təyin olunmuşdu. 70 yaşı 1996-cı il avqustun 12-də tamam olsa da, payız ayında keçirilməsi nəzərdə tutulsa da, mədəniyyət nazirinin səhlənkarlığı nəticəsində ötür-ötürə salınmışdı. Prezident Heydər Əliyev işə qarışandan sonra hər şey yoluna düşdü.
 

Amma yenə də nazirlik maneələr yaradırdı. Daha doğrusu bəhanələr: “Dəvətnamə çap etməyə, bədii hissədə iştirak edəcək artistlərə verməyə, teatrı arendaya götürməyə pulumuz yoxdu” və sairə, ilaxır.
 

Bu ərəfədə Naxçıvanda, Hüseyn Cavidin yubileyində atamın Heydər Əliyevə dediyi “Polad Bülbüloğlu yubileyimin keçirilməsinə pəl vurur” cümləsi “öz bəhrəsini” bu formada verirdi. Bu yubileydə daha bir böyük problem isə banketin təşkili idi ki, bu nə Poladlıq, nə də Qabilliydi. Mədəniyyət nazirinin dəvətnamə çap etdirməyə pulu “yox idi”, o ki qalsın qonaqlığa. Heç Qabilin də o qədər pulu yox idi. Mənim də, qohum əqrabamızın da, dostların da...
 

Heydər Əliyevlə səhnəarxası görüşdə xəbər tutdum ki, bəs qonaqlıq da olacaq. Özü də Təzə “İnturist”in “Mərmər salon”unda. “UŞAQLAR” təşkil edib, özü də ki, qutab da bişiriblər. Özü də ki, yüksək səviyyədə. Atam özü də dəvətlidir. Çünki Heydər Əliyevə “Mənim özümü də dəvət ediblər” dedi. Yubileydən sonra ora getdik. Yüksək səviyyəli, 150 nəfərlik bir ziyafət idi. Süfrəyə də atamın diliylə desək “bülbül dilindən kotletəcən” düzülmüşdü.
 

Sonradan isə bildim ki, atamın  ərkiyanə, özü də prezidentin hüzurunda iki dəfə  “UŞAQLAR” dediyi, onun özünü də, bizim hamımızı da ora dəvət edən, nazirliyin bütün bəhanələrini kəsən şəxs “Azərittifaq”ın sədri Eldar Quliyev imiş. 



Hər bir bədii əsərdəki qəhrəmanların prototipi var. Lakin bu, çox vaxt açıqlanmır. Yazıçı ölüb dünyadan gedəndən sonra da. Bu yük tədqiqatçı-alimlərin boynuna düşür. Onlar da bu sirləri çətin ki, aça bilsinlər. Çünki bilmirlər. Şahidlər isə azala-azala gedir. Sayta qoyulan videonun səbəbkarı isə mənəm. Dolayısı yolla mən Mahir Qabiloğlu bu əsərin müəllifiyəm. Orda iki nəfər var. Bir Prezident Heydər Əliyev, bir də Xalq şairi Qabil. Bu hamınıza gün kimi aydındır. Bir də ki, atamın ərklə dediyi “UŞAQLAR”. Mənim bu yazımdan sonra yəqin ki, onu da tanıdınız - millət vəkili Eldar Quliyev. Qabilin 70 illik yubiley banketinin səbəbkarı. Atam Qabilin bu cür səxavətli və təmənnasız insanlar barədə dediyi bir cümləsini xatırlatmağın lap yeridir: “Pulunu verən, canını da verər”.

P.S. 26 iyul tarixi deputat Eldar Quliyevin doğum günüdür.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi