Modern.az

Zamana təhvil verilən obrazlar – Kinomuzun günü

Zamana təhvil verilən obrazlar – Kinomuzun günü

Mədəniyyət

2 Avqust 2022, 16:44

Əvvəlcə şüurda reallığın obrazları yaranır, sonra o obrazları reallığa çevirmək üçün çalışırsan, zərrə-zərrə onu toplamağa başlayırsan, yaratdığın simvolların necə əks olunacağını ardıcıllıqla düzürsən, emosiyaların rənglərini, musiqisini seçirsən... Kinosənətinin məhsulu bir-iki kəlmədə, məncə, belə yaranır. Bir elementi də əlavə edərdim ki, onu yaradan şəxslər bütün bunları iliklərinə qədər hiss edirlər, özünün daxili aləmindən keçirərək bizlərə təqdim edirlər. Çünki onlar tamaşaçıya filmə baxdıqlarını hiss etdirməməlidirlər, həm obrazların reallığı, həm də reallığın obrazları göz qarşısında olmalıdır. 


Bu gün Azərbaycan kinosu günüdür. Özünün ən rəngarəng bədii və sənədli filmləri ilə şüurumuzda, ürəyimizdə özünə unudulmaz yer tutan kinomuzun. 


Ona görə bu yazıda həm hazırda işlədiyimiz Cəbrayılla bağlı filmdən, həm də bu işi çiyinlərinə götürən peşəkar bir komandadan yazmaq istədim. Əslində çəkilişlər başlayandan ürəyim çox dolub, düşündüm ki, bu gün onları bölüşmək əsl yerinə düşərdi. 


İlk çəkilişlər üçün Cəbrayıla gedəndə artıq nə görəcəyimi bilirdim. Torpaqlarımız azad olunandan sonra o yerlərin xarabalığa çevrilmiş evləri, küçələri, bağları barədə çox görmüşdüm efirlərdən. Bu mənim o torpaqlara ilk səfərim idi. Amma bu sadəcə yerlə bir olan evimizə baxmaq üçün edilən səfər deyildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı azad etdikdən sonra daim düşündüyüm o idi ki, şəhidlərimiz, qazilərimiz və igid döyüşçülərimiz yüz minlərlə insana o torpaqlardakı yarımçıq qalmış həyatlarına davam etmək şansı verdi. Bu yarımçıq həyatları görmək və göstərmək, qəhrəmanlarımızın dilindən Cəbrayılı necə azad etdiklərini eşitmək əsas məqsədimiz idi. Daim bu həssas mövzuları diqqətdə saxlayan Azad Azərbaycan televiziyasının dəstəyi ilə biz bu işə başladıq. İndiyədək ATV "Ağdam və mən", şəhidlərimiz, qazilərimiz, döyüşçülərimiz barədə çox təsirli, öyrədici, düşündürücü silsilə layihələr reallaşdırıb. Cəbrayıl barədə film də belə layihələr sırasında dayanır. Çünki tariximizi, mədəniyyətimizi yaşatmaq, gələcək nəsillərə ötürmık ATV-nin əsas missiyalarından biridir.


Cəbrayılın firavan həyatını, işğalını və azadlığını rejissor Fariz Əhmədovun rəhbərliyi ilə çəkilişləri başlayan filmdə əks etdirmək niyyəti peşəkar bir komandanı bir araya gətirdi. Bu çəkilişlərə bir ildən çox idi ki, hazırlaşırdıq. Haradasa bilərəkdən uzadırdıq, gecikdirirdik deyim... Bəlkə həyatımızda ilk dəfə nədən başlayacağımızı belə bilmirdik. Tam özümüzü hazır bilənədək uzatdıq... Çox çətin idi... Çünki 30 il əvvələ qayıtmaq, yollarda, köçlərdə, ev, mənzil dəyişimlərində keçən, yaşanmayan uşaqlığımızla, gəncliyimizlə  üz-üzə, göz-gözə, nəfəs-nəfəsə dayanmaq heç də asan deyildi...


Böyük bir komanda ilə Fariz Əhmədovla çiyin-çiyinə bir çox filmlərə imzalarını atan, peşəkar operatorlar, səs və təsvir resjissorları, prodüserlərlə, daha dəqiqi isə ən yaxın dostlarımızla gedirdik. Rejissorlar Seyran Bədəlov, Ayşad Səfərəliyev, operatorlar Rəşad Səmədov, Şahmar Səfəroğlu, Zeynal Həsənov, dron operatoru Orxan İslamov, səs rejissoru Hafiz İbrahimli, prodüsser Fəxri İbrahimov və Elmin Həmzə... Bu filmin görünməyən qəhrəmanlarıdır onlar. Filmin qəhrəmanları ilə birlikdə kövrələn, ağlayan, bəzənsə göz yaşlarını gün eynəyinin altında gizlədənlər...


Cocuq Mərcanlıda çoxdan görmədiyim doğmalar, dəyərli insalarla olan görüşlə birlikdə Cəbrayılın səhər-səhər əsən səba yelinin yaratdığı xoş ovqat bir az həyəcanımı azaltsa da bu çox çəkmədi.
30 ildən sonra ilk qarşılaşdığımız mənzərə içimizi, qəlbimizi sızlatdı...


Düzdür, geri alınandan sonra, bu yerləri videolarda, süjetlərdə görmüşdüm və sanki o xarabalıqlara öyrəşmişdim, alışmışdım. Amma üz-üzə, göz-gözə dayanmaq, bu xarabalıqların içindən keçdiyin kimi, onları da içindən, ürəyindən keçirmək çox çətindir.


İllərdir göz yaddaşıma köçürdüyüm Cəbrayıla daxil oluruq. Mən bələdçilik edəcəyimdən o qədər əminəm ki, haradan gedəcəyimizə, hər yeri tanıdığıma bütün komandamızı inandırmışam... Düzü, bu çox çəkmədi, ilk mühafizə postunu keçəndən sonra sanki tamam bir başqa bir yurda gəlmişdim, heç elə bil məni özünə bağlayan yurd yerləri deyildi. Amma xatirələrimiz bizə bələdçi oldu, elə bil ki, bu yerləri görüb dilə gəlmişdilər, elə hey parlayıb dilimizdə sözə çevrilirdilər. Amma ən gülməli anımız, ən məzəli xatirəmiz belə içimizi sızladır, çünkü davamı yoxdur, hamısı yarıda qırılır...


Evimizə çatdıq. Əgər ev demək mümkünsə... Nə qədər çalışsam da hönkürtümü saxlaya bilmirəm və bu mənim həyatımda ilk dəfə olan səsli ağlamağımdı. Hara baxım, nəyi tapım bilmirdim. 
18 yaşımı axtardım evimizdə, yaşamadığım gəncliyimi axtardım... Qayğısız günlərimi, atamı axtardım... Amma heç birini tapa və tanıya bilmədim.


Doğulduğun evin, ata ocağının dağıntılarını yaxından görmək, onlara, o divarlara toxunmaq sözlə ifadə olunmayacaq dərəcədə ağrılıdı...


Xatirələri hər kəs bölüşür – uşaqlığından, gəncliyindən, başına gələn hadisələrdən. Biri var ki, o xatirənin yarandığı salamat yerdə olasan, biri də var vəhşicəsinə dağıdılmış yerdə durub o günləri göz önünə gətirəsən. Birinci xoş hisslər yaşadır, o biri isə ağrı-acı. 


Daha bir evin xarabalıqları qarşısında dayanıb baxırıq... Fariz Əhmədovun ata evidir… Elə həmin andaca o, adam boyu qalxan qanqalları, tikanlı alaq otlarını ayağı ilə əzə-əzə arxaya baxmadan düz evə tərəf gedir. Daşkəsən kəndində də eyni hal yaşadıq. Filmimizin növbəti qəhrəmanlarını çəkərkən Fariz Əhmədov yaxınlıqdakı evin nənəsinin evi olduğunu dedi və yenə də bir göz qırpımında sürətlə bizdən uzaqlaşdı. Arxaya baxmadan gözdən itdi... Bir qədər sonra isə operatorumuz Rəşad Səmədov, rejissorumuz Ayşad Səfərəliyevlə mən yaxınlaşıram. Daha sonra isə Şahmar Səfəroğlu da gəlir. Fariz Əhmədov artıq yaşadıqlarını biruzə verməmək üçün uşaqlığı ilə bağlı hekayə qisminə əl atsa da səsindəki nisgili və sızıltını hər birimiz açıq-aydın hiss edirik. Evin arxasında, dama qalxan dəmir nərdivan yerində idi: "Bax, həyətə gələn kimi, birinci bura qaçırdım, bu nərdivanla dama çıxırdım, nənəmsə ardımca, “orada heç nə yoxdur, düş aşağıya” deyə məni çağırırdı”, - deyir.


Beləcə bitməyən əhvalatlarımız, tükənməyən xatirələrimiz var... Kimi üçün bu, 9 yaşında bitib, kimi üçün 18 yaşda, kimilər üçün isə daha çox və ya daha az yaşda. Amma sonluq eynidir... 30 ildən sonra kimsə yenidən o torpağın azadlığını gördü, kimlərə isə qismət olmadı... 


Burada bizim əhvalatımız arxa planda qalır, hekayələrimiz çoxdur, onları göstərmək məqsədimizdir, əsas missiyamızdır. Başqa hekayələrə qulaq asmaq, özününküləşdirərək eyni duyğuları yaşamaq... Bu isə işin ən çətin tərəfidir.


Filmin qəhrəmanlarından biri yaşadığı evin xarabalıqları qarşısında dayanıb öz hekayəsini anladır. Atasının bu evi necə bir əziyyətlə tikdiyindən, son nəfəsinədək buranın həsrətini çəkdiyindən ağlaya-ağlaya danışır. Yaşamasan, bilməzsən deyirlər. Burada hər kəs öz hissləri, illərlə sıxılıb qalmış xatirələrin bu torpaqlar kimi azadlığa qovuşduğu, yarandığı yerə gəldiyi anları ilə üz-üzədir... 


Qəhrəmanlarımız arasında yazıçı da var, professor da, müğənni də, aktyor da, hərbiçi də, müəllim də, həkim də... Bu torpaqlarda döyüşəni də var, 30 ildən sonra ilk dəfə Şəhid atasının məzarı ilə üz-üzə dayananı da var, 44 günlük müharibədə qəhrəmancasına şəhid olan atalarının doğulduğu evin xarabalıqlarına təəccüblə baxan 6-7 yaşlı körpələr də var.


Çəkilişlərimizdə Cəbrayılın Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpasını da görürük. Yollar çəkilir, kommunikasiyalar yenidən qurulur. Hər şey sıfırdan başlanır. İndi yeni xatirələr zamanı gəlir. İndi insanlarımızın daha fərqli obrazlar qurmaq və onları yaşatmaq dövrü başlayır. Dirçəliş dövrü. Bu torpaqların xoş dövrünü, ağrılı dövrünü və azad dövrünü gördük. İndi Dirçəliş dövrünü görürük və onun başlanğıcında dayanıb əlimizdə kamera və qələmlə tarixə ötürürük. Zamana təhvil veririk. Dirçəliş dövrünü yaşadıqca yeni xatirələrlə dolacaq şüurumuz və bu dəfə onlar yalnız xoş hisslər yaşadacaq bizə, heç vaxt bir daha yarımçıq qalmayacaq. Məhz Ali Baş Komandan, məhz Şəhidlərimiz, məhz qazilərimiz, məhz döyüşçülərimiz sayəsində.

 

Aygün Həsənova
Jurnalist-ATV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər