Modern.az

Azərbaycan cəmiyyəti üçün yeni reallıq: Çayxana əvəzinə "kofeşop"

Azərbaycan cəmiyyəti üçün yeni reallıq: Çayxana əvəzinə

Mədəniyyət

20 İyun 2024, 11:15

Son illərdə Azərbaycanda, xüsusən də paytaxt Bakıda "kofeşop"ların sayında artım müşahidə edilir. Şəhərin dörd bir yanında, parklarda, bulvarda kofe satılan restoranları, köşkləri və digər iaşə obyektlərini görmək mümkündür. Obyektlərin əksəriyyəti özəl investisiya ilə yaradılsa da, kofe köşklərinin bəzilərinin yaradılmasına dövlət qurumları da dəstək verib.

 

Azərbaycanda "kofeşop"ların artması yalnız insanların vərdişlərinin dəyişməsini əks etdirmir, bu, həm də ölkədə mədəni dəyişikliyi ifadə edir. Belə ki, tarixən Azərbaycanda insanların sosial həyatı ənənəvi "çayxanalar" ətrafında cərəyan edib. Bu məkanlarda insanlar gündəlik həyat, siyasət, cəmiyyət və digər mövzular barədə müzakirələr aparırdı. Çay mədəniyyəti Azərbaycan cəmiyyətində dərin köklərə sahibdir və qonaqpərvərliyi simvollaşdırır. Ancaq kofe dükanlarının çoxalması sosial əlaqələrə yeni dinamika qazandırıb.

 

Kofe mədəniyyəti əsasən Qərbdən gələn tendensiyadır. Müasir dekorasiyası, Wi-Fi əlaqəsi olan "kofeşop"larda daha gənc insanlar toplaşır. Onların müzakirə etdiyi mövzular da "çayxana" mühitindən fərqlənir.

Çayxana əvəzinə "kofeşop"...

 

Mövzu ilə bağlı Modern.az-a danışan kulturoloq Aydınxan Əbilov bu tendensiyanı mənfi hesab edir.

 

"Son illər Azərbaycanda milli olan nə varsa, onun Avropa alternativini yaratmağa çalışırlar. Hətta bizə yad olan əyləncə və xidmət sahələri də yaranır. Bunun müsbət cəhəti odur ki, ölkə iqtisadi cəhətdən inkişaf edir və dünyada olan texnologiyalar gətirilir, yeni iş yerləri yaranır. Gənclərin xaricə axınının qarşısını almaq üçün onların sevdiyi bir çox təchizatların alternativi Aazərbaycanda yaranır, onlardan biri "kofeşop"lar, yaxud mədəni dildə desək qəhvəxanalardır. Vaxtilə Azərbqaycanda geniş yayılmış çayxanalara qarşı qəhvəxanalar yaradılır. Ən yeni nəslin nümayəndələri, cavanlar heç kofeni sevməsələr də, dəb dalınca düşüb səhəri çayla açan valideynlərinə rəğmən dostları ilə vaxt keçirmək üçün yığışdığı çayxanalardan imtina edərək Bakıda və rayon mərkəzlərində yaradılan "kofeşop"lara üz tuturlar. Baxmayaraq ki, "kofeşop"larda qiymətlər 1-ə 10 bahadır, oradakı insanların əksəriyyəti tənhadır, ətraflarında heç kim yoxdur, bu tipli təsisatlarda bizə yad olan xarici musiqilər səslənir, orada satılan məhsulların gənclərin sağlamlığına ziyan olub-olmaması araşdırılmır, insanlar yenə də oraya qaçırlar. Qızlar rəfiqələri, oğlanlar dostları ilə bu kimi təsisatlara üz tuturlar”. 

 

Kulturoloq "kofeşop", dönərxana, suşi kimi bizə yad olan mətbəx nümunələrini özündə ehtiva edən restoran və kafelərin olmasını normal saymır.

"1 manatlıq kofeni "kofeşop" formatında əhaliyə baha sırıyırlar"

 

“Çünki hər bir xalq özünün mətbəxi, qidaları ilə formalaşmış insanlardan ibarət toplumu özündə birləşdirir. Biz Afrikada deyilik ki, ancaq banan yeyən, yaxud kakao içən bir xalq olaq. Azərbaycanlıları azərbaycanlı edən onun plovu, kababı, ləvəngisi, çayxanası, şirniyyatı, Novruz bayramında süfrələrdə olan nemətlərinin olmasıdır. Mən yeniliyə, xaricdən gələn hansısa formata qarşım deyiləm. Amma bütövlükdə götürdükdə axı kofe içən babamız olmayıb? Bilirik ki, kofeni çox içəndə ziyandır. Onsuz da cavanlarımız bütün gün enerji içkiləri, süni soyadan olan, süd adı altında bizə satılan və müxtəlif qatqılar olan içkilər içirlər. İndi isə evdə 1 manata hazırlanması mümkün olan kofeni "kofeşop" formatında əhaliyə baha sırıyırlar. Gənclərimiz də gözüyumulu dəbə düşüb bu obyektləri doldururlar. Qədərincə olan hər şey gözəldir. Çayxanalarla yanaşı alternativ olaraq "kofeşop"ların, yeməkxanalarla yanaşı dönərxanaların olması normaldır. Amma ellikcə oraya axını mən qəbul edə bilmirəm. Yeni nəsilə anlatmaq, başa salmaq lazımdır. Onsuz da onlar bir az yaşlanandan sonra Azərbaycanın milli formatlarına qayıdırlar. Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti "kofeşop"lara yox, məhz çayxana və milli mətbəxə üstünlük verirlər. Ya evdə yemək yeyir, ya da şərq mətbəxi təqdim edən restoranlara üz tuturlar”. 

A.Əbilov qeyd edib ki, Azərbaycana gələn qonaqlar toylarımızı tərifləyir, məclislərdə, kafe və restoranlarda verilən qida və içkiləri bəh-bəhlə qəbul edirlər:

 

“Öz insanlarımız isə natural, təbii şəkildə hazırlanmış mövsümü nəzərə alan Azərbaycan mətbəxinə, içkilərinə arxa çevirirlər. Nəinki çaylarımız şərbətlərimiz, zəfərandan tutmuş digər bitkilərdən hazırlanan içkilərimiz, ağartı məhsullarımız var. Dünyanın müxtəlif yerlərindən gəlib bizim uzunömürlü insanlarımıza baxanda onları cavabı bir idi: “Biz nə kofe, nə şərab içir, nə də siqaret çəkirik. Bunların yerinə ağartı məhsullarından istifadə edirik”. Düzdür, Azərbaycan mətbəxində yağlardan, ağır yeməklərdən istifadə edilməsinə müəyyən mənada etiraz edə bilərik. Amma nəzərə alaq ki, bu coğrafiyada yaşayan insanların formalaşdırdığı mətbəxdir. Onlar əla bilirlər ki, nəmliyin daha çox olduğu olan Lənkəranda ləvəngi, plov yemək daha düzgündür. Yaxud Gəncədə ayran və region nemətlərini özündə birləşdirən qida məhsulları, Bakıda daha çox un məhsullarından hazırlanan qidalar mövcuddur. Bunların bəziləri artıq ümumiləşib, bəziləri isə bölgə yeməkləri olaraq qalır. Bu qidalar, içkilər həmin bölgədə yaşayan isanların həyat tərzinə uyğundur. İndi isə Afrikada, ABŞ-də, Avropada inasanları kütləvi şəkildə kökəldən, həyatına və sağlamlığına mənfi təsir edən qida məhsullarını özündə birləşdirən xidmət və yeyinti sənayesi məhsullarının Azərbaycana gəldiyini görürük. Əlbəttə müsbət tərəfləri var, burada insanlar toplanır, amma qeyd etdiyim kimi, hər bir yeniliyin müsbət tərəfi kimi mənfi tərəfi də var. Bunlar tətbiq edilməmişdən əvvəl aidiyyəti qurumlar bununla bağlı müəyyən araşdırmalar aparmalıdır. Necə ki, dərmanlar, bəzi ərzaq məhsulları Azərbaycana ixrac yoxlanılırsa, bu tipli məhsullar da yoxlanılıb sobnra əhalinin geniş istifadəsinə icazə verən dövlət qurumları olmalıdır”.

 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər