2024-cü il üzrə "dünyanın ən gözəl məhəllələri" açıqlanıb.
Modern.az xəbər verir ki, "Time Out" jurnalı siyahı təqdim edib.
Siyahının tərtib olunması zamanı əsas meyarlar mədəniyyət, icma ruhu, gecə həyatı, yemək və içki əlçatanlığı üzərində qurulub. Siyahıda turistik yerlərdən fərqli olaraq yerli ləzzətlərin dadına baxmağın mümkün olduğu məhəllələr seçilib.
Fransanın Marsel şəhərindəki Notre-Dam du Mont kvartalı birinci yerə çıxıb. Küçə sənəti və gecə həyatı ilə məşhur olan bu məhəllə canlı ab-havası ilə diqqət çəkir. Yerli restoran sahibləri məhəlləni belə təsvir edir: “Burada hamı bir-birini tanıyır, bir-birinə köməklik göstərir. Kvartal daim inkişaf edir. Mağazalar da, burada yaşayan və işləyənlər də çox orijinaldır".
Notre-Dame du Montdakı ictimai obyektlər də "Time Out" tərəfindən xüsusi qiymətləndirilib. Kvartal "kitab dükanları və restoran cənnəti" adlandırılıb. Məhəllədə 19 ildir ki, fəaliyyət göstərən "Histoire de l'œil" kitab mağazasının sahibi Nadia Şampesme deyir: "Biz məhəllənin çox dəyişdiyini gördük, çox gözəldir".
"Caterine" restoranının sahibi Mari Dijon mədəni müxtəlifliyə diqqət çəkib: “Hər şey burada var. Mədəni müxtəliflik buranı xüsusi edir".
İkinci yerdə Mərakeşin Kasablanka şəhərinin Mers Sultan məhəlləsidir. Bu yer bədii orijinallığı ilə seçilir. Üçüncü yerdə İndoneziyanın Bali adasındakı Pererenandır. "Time Out" bu məhəlləni "təmiz çimərlikləri, rahat kafeləri və eklektik mağazaları" olduğu üçün dəyərli hesab edib.
ABŞ-dan siyahıya düşən yeganə məhəllə Portlenddəki Kerns kvartalı olub. Kiçik şəhər ab-havasına malik olan bu məhəllə beşinci yerdə qərarlaşıb. İngiltərənin Bristol şəhərindəki Stokes Croft & St Paul's altıncı yerdə qərarlaşıb.
Portuqaliyanın paytaxtı Lissabonun Principe Real bölgəsi siyahıda səkkizinci yerdədir. Bu rayon da 2018-ci ildə də siyahıya daxil edilmişdi: "Bir məhəllənin bir dəfədən çox siyahıda olmasına mane olan heç bir qayda yoxdur".
Beləliklə, siyahı üzrə ilk onluq aşağıdakı kimidir:
1) Notre-Dame du Mont, Marsel, Fransa
2)Mers Sultan, Kasablanka, Mərakeş
3) Pererenan, Bali, İndoneziya
4) Seongsu-dong, Seul, Cənubi Koreya
5) Kerns, Portlend, ABŞ
6) Stokes Croft & St Paul's, Bristol, Böyük Britaniya
7) Chippendale, Sidney, Avstraliya
8) Principe Real, Lissabon, Portuqaliya
9) Glória, Rio-de-Janeyro, Braziliya
10) Windsor, Melburn, Avstraliya