Modern.az

Bakı necə meqapolis ola bilər - Paytaxtın şəhərsalma problemləri

Bakı necə meqapolis ola bilər - Paytaxtın şəhərsalma problemləri

Analitika

3 İyul 2023, 15:24

Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəri mühüm iqtisadi, mədəni və paytaxt kimi siyasi mərkəz rolunu oynayan yaşayış məntəqəsidir. Şəhərin tarixi, onun necə yaranması haqqında müxtəlif mülahizələr olsa da, müasir Bakının böyük yaşayış məntəqəsinə çevrilməsində iki önəmli məqam özünü göstərir:

 

1) Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıda güclü zəlzələ və genişmiqyaslı dağıntıların meydana gəlməsi

 

2) Abşeron yarımadasında neft çıxarılması və neft sənayesinin inkişafı

 

Bakı şəhərinin yerləşdiyi ərazi qədim yaşayış məskənlərinin formalaşması üçün lazım olan şərtləri - bolsulu çaylar, vadi və ya vahə kimi əlverişli və münbit sahələrin olması və s. - ödəmədiyindən, iqlim və coğrafi amillərin təsirindən burada böyük yaşayış məntəqəsinin yaranması nisbətən yaxın tarixdə baş verib. Yuxarıda göstərilən iki səbəb isə təxminən XVIII-XIX əsrlərdən Bakıya Azərbaycanın digər bölgələrindən, Çar Rusiyası ərazilərindən, qismən İran və digər yerlərdən insanların axınına gətirib çıxardı. Həmçinin Bakı nefti avropalı bəzi maqnatları da özünə cəlb edirdi. Bu baxımdan hazırkı standartlarda şəhər adlandıra biləcəyimiz müasir Bakının formalaşması məhz bu dövrə təsadüf edir. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindən şəhərin inkişafı sürətlənməyə başladı.

 

Bakıda neft bumunun yaşanması ilə bir tərəfdən şəhər inkişaf etməyə başlasa da, bu kortəbii inkişaf özü ilə bir sıra problemlər gətirirdi. Şəhərin iqtisadi perspektivi artır, gözəl memarlıq nümunələri inşa edilirdi. Lakin bu inkişaf plansız, şəhərin müxtəlif hissələri arasında qeyri-proporsional, ekstensiv üsulla gedirdi. Bu cür inkişaf isə qısa müddət üçün cəlbedici olsa da, şəhərin gələcəyi, müasir şəhərsalma baxımından xeyli problematik idi. Oxşar model sovet dönəmində təzahür edirdi. Sənayenin inkişafı, iqtisadi tərəqqi regionlardan işçi qüvvəsinin axınına səbəb olsa da, şəhər bu həcmdə yüklənməyə cavab verəcək səviyyədə deyildi.

 

 

Şəhər ətrafında yeni qəsəbələrin, mikrorayonların, peyk şəhərlər olan Sumqayıtın qurulması əks effekt verir və axını daha da artırırdı. Nəticədə müstəqillik illərində bütün sferalarda köklü problemləri olan Bakı ortaya çıxdı. Respublikanı əhatə edən iqtisadi tənəzzül, mürəkkəb siyasi vəziyyət və işğal faktorları da paytaxtın yükünü artırırdı. Şəhərsalma və müasir Bakının vəziyyəti istənilən yaşayış məskəni - şəhər, qəsəbə, kənd - adından da göründüyü kimi yaşamaq, məhz insanların yaşaması üçün nəzərdə tutulub. Bu baxımdan “City for people” yanaşması yeni paradiqma hesab olunsa da, əslində şəhərsalmanın fəlsəfəsi elə buna söykənməlidir. Yəni şəhərlər insanların normal şəkildə həyatını sürməsi, rifah halının yüksək səviyyədə, xoşbəxt ola bilməsi üçün zəruri şərtləri ödəyə bilməlidir.

 

Burada həm iqtisadi, həm sosial-psixoloji, həm mədəni, həm də texniki baxımdan memarlıq və mühəndis işləri aspektləri nəzərə alınmalıdır. Bunun üçün şəhərdə infrastruktur, ekoloji vəziyyət, nəqliyyat sistemi də qaydasında olmalıdır. Müasir Bakıya nəzər yetirsək, sadalanan və sadalanmayan bütün sahələrdə böyük problemlərin, hətta ayrı-ayrı sahələrdə acınacaqlı vəziyyətin hökm sürdüyünü görərik: Mənzil fondunun kəmiyyət və keyfiyyətindən tutmuş, binaların tikintisinə, bəşəriyyətin yaranandan öyrəşdiyi yağış və qar kimi elementar və təkrarlanan təbiət hadisələri qarşısında aciz qalan kanalizasiya sisteminə qədər böyük problemlər dağarcığı.

 

Hər bir mürəkkəb problemi sadəcə bir səbəblə izah etmək mümkün olmadığı kimi, Bakının urbanistik problemini də bir neçə səbəblə - səbəblər qrupu ilə izah etmək və həll yollarını tapmaq lazımdır. Səbəbləri nəzəri cəhətdən aşağıdakı kimi qruplaşdırmaq olar:

 

1) İnstitusional səbəblər - a. Müstəqil yerli özünüidarəetmə orqanının olmaması, b. Ölkəmizin regionları arasında sosial-iqtisadi inkişafın disproporsiyası

 

2) Xüsusi səbəblər - a. Bakının keçdiyi plansız və kortəbii tarixi inkişaf yolu, b. İşğal faktoru, c. Sosial məsələlər, d. İqlim və ekoloji səbəblər

 

 

Yuxarıda sadalanan bütün səbəblərin doğurduğu şəhərsalma problemini həll etmək üçün görülməsi vacib olan bəzi tədbirlər mövcuddur. Problemi həll etmədən əvvəl bu problemi həll etməli olan qurumun yaradılmasına ehtiyac var. Bu qurum Bakı bələdiyyəsidir. Azərbaycan Avropa Şurasına üzv olan dövlətlər arasında yeganə ölkədir ki, paytaxtında, habelə ikinci böyük şəhəri olan Gəncədə müstəqil yerli özünüidarəetmə orqanı kimi bələdiyyə institutu yaradılmayıb. Bunun əvəzinə yerli icra hakimiyyəti orqanları mövcuddur ki, bütün səlahiyyətlər bu qurumda cəmlənsə də, seçkili vəzifə olmadığı üçün paytaxt sakinləri qarşısında öhdəlik və məsuliyyət yaradacaq, şəffaflığı və hesabatlılığı təmin edəcək, ictimai nəzarəti stimullaşdıracaq sistem yoxdur. Bakı bələdiyyəsi formalaşdırıldıqdan və quruma seçkilərdən sonra peşəkarlar və ixtisaslaşmış kadrlarla problemlərin həllinə start verilə bilər.

 

Bakının daxilindəki inzibati quruluş - şəhər rayonları ilə bağlı islahatlar aparılması, administrativ ərazi vahidlərinin müasir tələblərə uyğun şəkildə sosial-iqtisadi prinsiplər əsasında yenidən təşkil edilməsi problemlərin həllinə kömək edə bilər. Xəzər dənizi və sahil zolağında neftlə çirklənmiş sahələrin rekultivasiyasının həyata keçirilməsi, normal ekoloji mühit və biobalansın yaradılması da mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə Azərbaycan ərazisində inzibati islahatlarla çoxsaylı rayonlar əvəzinə 10-15 vilayət formalaşdırılaraq bu sayda yeni mərkəzlərin yaradılması məqsədəuyğundur ki, əhalinin paytaxta axınının qarşısı belə yolla alına bilər. Eyni zamanda iqtisadi disbalansın da aradan qaldırılması mümkündür.

 

Problemin köklü həlli məqsədilə həmçinin ayrıca Bakı şəhəri üçün yox, bütün Abşeron yarımadası və ətraf əraziləri əhatə edən yeni vilayət üçün (şərti adı Abşeron vilayəti) baş plan və şəhərsalma konsepsiyasının işlənib hazırlanması təklif oluna bilər. Belədə, tarixən Bakının keçdiyi kortəbii inkişaf yolu əvəzinə yeni vilayətin qurulması və inkişafının planlı və əsaslandırılmış şəkildə yeni çağırışlara uyğun olaraq təmin edilməsi asanlaşar. Yarımadanı əhatə edən bu vilayətin kommunal infrastruktur şəbəkəsi (su-kanalizasiya sistemi, elektrik və istilik enerjisi ilə təchizat, rabitə təminatı) yenidən qurulmalıdır. Nəqliyyat sistemi, memarlıq və mühəndis işləri bina və digər obyektlərin yerinin düzgün seçilməsindən tutmuş, iqtisadi və ekoloji tələblərə qədər bütün müasir standartlara cavab verməlidir. Həmçinin sosial məsələlər - elm və təhsil, səhiyyə və tibbi xidmət, mədəniyyət, sənaye, turizm, idman, ictimai iaşə və digər sahələrində əlçatanlıq və sosial-iqtisadi inkişafın təmin edilməsi qarşısındakı əngəllər aradan qaldırılmalıdır.

 

Müasir icma və dayanıqlı inkişaf anlayışı çərçivəsində dünya meqapolisləri ilə rəqabət qabiliyyəti olan Bakının yaranması bunlardan keçir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi