Məhərrəmlik ayının başlanması ilə cəmiyyətdə bu dövrə münasibət, dini dəyərlərə yanaşma və adət-ənənələrin icrası məsələləri yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda bu ayla bağlı edilən müzakirələr dini dəyərlərin təhrif olunması, xüsusilə toy və şənliklərin keçirilməsi məsələsində fikir ayrılıqlarını artırıb. Müşahidələr isə onu göstərir ki, hər keçən il bu ayda edilən toy, konsert və şənlik proqramları getdikcə artır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı cəmiyyətə çağırış edib. Onun sözlərinə görə, mövzuya münasibətdə dini və mənəvi dəyərlərin qorunması vacibdir:
“Ümumi vəziyyəti təhlil edəndə bir neçə məqamı qeyd etməliyik. İlk növbədə, cəmiyyətdə dinə münasibətlə bağlı iki ziddiyyətli prosesin getdiyini görürük. Bir tərəfdən dinə maraq artır, dindarların sayı çoxalır, digər tərəfdən isə müəyyən qisim insanlar dindən uzaqlaşaraq bu kimi mənəvi ənənələrə, o cümlədən Məhərrəm ayına diqqət yetirmirlər”.
Deputat qeyd edib ki, son dövrlər bəzi qruplar tərəfindən İslam dini baxımından məhərrəmlikdə toy və şənlik keçirilməsinin qadağan olunmadığı barədə ictimaiyyətə ziddiyyətli mesajlar verilir. Bu isə cəmiyyətin həssas təbəqələrində çaşqınlıq yaradır:
“Bu cür açıqlamalar bəzən insanlar arasında çaşqınlıq yaradır və nəticədə bəzi şəxslər bu ayda toy və şənliklər təşkil edirlər. Halbuki bu, cəmiyyətin milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir”.
Deputat onu da əlavə edib ki, İslam dininin əsas prinsiplərindən biri israfçılıqdan uzaq olmaq və hər məsələdə orta mövqedə dayanmaqdır:
“Ümumilikdə hər bir məsələnin çərçivəsi və meyarı olmalıdır. Heç bir məsələdə israfçılıq və həddi aşmaq olmaz. İslamın da bu məsələyə yanaşması ondan ibarətdir ki, orta yol seçilməli, ifrat və təfriqə yol verilməməlidir. İnsanlar bu prinsipi rəhbər tutmalıdır”.
Millət vəkili vurğulayıb ki, cəmiyyətin dini və mənəvi sağlamlığının qorunması üçün həm maarifləndirici tədbirlər, həm də düzgün təbliğat aparılmalıdır.