Modern.az

İqtisadiyyatdan yazan jurnalistlərə görə yaxşı işləyən 5 əsas şirkət hansılardır? (SORĞU)

İqtisadiyyatdan yazan jurnalistlərə görə yaxşı işləyən 5 əsas şirkət hansılardır? (SORĞU)

26 İyul 2011, 16:51

Azərbaycanda özəl sektorun bir sıra aparıcı şirkətləri əhali arasında geniş tanınıb. İstər neft, istərsə də qeyri-neft sektorunda fəaliyyət göstərən bu şirkətlərin bəziləri nüfuzlu qurumlar kimi məşhurlaşıb. Maraqlıdır, iqtisadiyyatdan yazan jurnalistlər Azərbaycanda fəaliyyət göstərən hansı şirkətləri daha nüfuzlu sayır, onların işini qənaətbəxş hesab edirlər?

Modern.az-ın əməkdaşı bu sualla media nümayəndələrinə müraciət edib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Pünhan Əfəndiyev hesab edir ki, hazırda Azərbaycanda ən önəmli şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. P.Əfəndiyev qida sektorunda xüsusi paya malik “Azərsun Holdinq”in də fəaliyyətini qənaətbəxş sayır. Onun sözlərinə görə, o biri şirkətlərin fəaliyyəti elə də qənaətbəxş sayıla bilməz.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Rüfət Sultan qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın, biznesin fəaliyyəti üçün normal şərait yoxdur ki, şirkətlər də normal işləsin. Yəni inhisarçılıq baş alıb gedir.
“Hansı şirkətin necə fəaliyyət göstərməsi məmurlardan asılıdır. Hansı məmur həmin şirkətin işləməyinə razılıq versə, o normal fəaliyyət göstərir. Xarici şirkətlərdən “Azercell”in fəaliyyətini normal qiymətləndirirəm. O, həm də jurnalistlərlə yaxşı münasibətdədir. Neft şirkətlərindən isə Norveçin “Statoil” şirkətinin fəaliyyətini normal qarşılayıram. Azərbaycanın öz şirkətlərindən isə fəaliyyətini normal hesab etdiyim yoxdur. Hamısında korrupsiya halları var və görməmişəm ki, hansısa şəffaf işləsin”.

APA-nın əməkdaşı Rəşad Süleymanov yalnız dörd şirkətin adını müsbət istiqamətdə qeyd edib. Onun Azərbaycanda fəaliyyətini normal hesab etdiyi şirkətlər Dövlət Neft Şirkəti, “Azercell”, “Azərsun Holdinq” və “Azerfon”dur.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Elbrus Cəfərli isə hesab edir ki, Azərbaycanda əlverişli biznes və investiya imkanları var və istər dövlət, istərsə də transmilli şirkətlərin fəaliyyəti üçün geniş hüququ baza mövcuddur.
“Xarici şirkətlərdən neft sektorunda fəaliyyət göstərən bp, “Statoil”, Türk petrolları”nın adını çəkə bilərəm. Qeyri-neft sektorunda Gəncədə “Detal alminium” zavodu, Gədəbəydə qızıl hasilatı ilə məşğul olan transmilli şirkətlər mövcuddur. Daha sonra Türkiyənin yüksək qida sənayesinin Azərbaycanda nə qədər filialları var. Özümüzkülərdən “Gilan Holdinq” və bir çox başqalarının da adını çəkmək olar. Belə şirkətlər kifayət qədərdir”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Fuad Əliyev isə “Azercell”, “Azərsun Holdinq”, “Beynəlxalq Bank”, ARDNŞ , “Beynəlxalq Sığorta” şirkətlərinin fəaliyyətini qənaetbəxş hesab edir.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Mahir Həmzəoğlunun isə Azərbaycanda fəaliyyətini qənaetbəxş hesab etdiyi şirkətlər bp, “Azercell”, “Bakcell”, “Statoil”, milli holdinqlərdən “Ata Holdinq”, “Gilan Holdinq”dir.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlahə Xəlilovanın fəaliyyətini normal hesab etdiyi şirkətlər bunlardır: ARDNŞ , “Beynəlxalq Bank”, “Bank Standart”, “PAŞA Qrup” və “Azercell”.

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərovun sözlərinə görə “Azərsun Holdinq”, “Akkord”, bp, “Beynəlxalq Bank” və “Gilan Holdinq”in fəaliyyəti digərlərinə nisbətən daha üzdədir.
“Məhz bu beş şirkətin fəaliyyəti cəmiyyət tərəfindən daha çox hiss edilir. Həm xidmət sahələrinə, həm istehsal güclərinə, həm də böyüklüyünə görə bunlar digərlərindən fərqlənirlər”.

Araşdırmaçı jurnalist Həbibə Abdulla fəaliyyətini qənaətbəxş hesab etdiyi şirkətlərin adını çəkərkən onlara hansı aspektdən yanaşmağın önəmli olduğunu bildirib. Məsələn, jurnalist ARDNŞ-in  xaricdə təmsilçiliyini qaneedici sayısa da, ölkə daxilindəki işləri haqqında bunu deyə bilməyəcəyini qeyd edib.
“Əgər söhbət milli şirkətlərdən gedirsə, çox təəssüf ki, bir ad çəkə bilməyəcəm. Elə bir şirkət yoxdu ki, işindəki keyfiyyətlə, ölkəyə gətirdiyi mənfəətlə diqqəti cəlb etsin.
Dövlət büdcəsinə vergi ödəməsi baxımından “Azercell”in adını çəkə bilərəm ki, bir neçə il qeyri-neft sektorunda ən iri vergiödəyicisi kimi tarixə düşdü. Amma bu şirkətin tətbiq etdiyi tarif siyasəti ən azı 4 milyon abunəçisinin narazılıq etdiyi məqamdır. Söhbət mobil operatorlardan düşmüşkən, “Azerfon-Vodafon”un ucuz tarif siyasəti alqışlana bilər, amma onun da bildiyimiz kimi şəbəkə problemləri olur”.
H.Abdulla xarici şirkətlər haqda da xoşagələn söz söyləyə bilməyəcəyini deyib: “Ən azı ona görə ki, bp, “McDermot” kimi şirkətlərdə azərbaycanlılara qarşı yol verilən haqsızlıqlar barədə dəfələrlə yazmışam”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi