Modern.az

Jurnalistikamızın kübar nümayəndəsi - İLQAR PAŞAZADƏ

Media

4 Aprel 2023, 15:20

“Kübar” sözü dilimizdə çox işlənmir. Çox qədimdə qalıb. Bəlkə kübar adamlar qədim vaxtlarda qaldığına görə bu söz də aktuallığını itirib? Yox. Kübar insanlar hələ də var – tək-tük qalsalar da... Sadəcə, ucuzlaşdırıblar bu sözü. “Elitnı” sözüylə əvəz eləyiblər. Elitnı novostroyka, elitnı toy, elitnı restoran, elitnı ailə, elitnı məclis, elitnı maşın... Qiyməti manatla, dollarla ölçüldüyünə, qiyməti yüksək olduğuna görə yaraşdırırlar, qoyurlar bu adları. Amma bilmirlər ki, hər hansı binanı, toyu, məclisi və daha nələri “elitni” edən insanlardır, var-dövlət, vəzifə yox.

HAŞİYƏ: Yazıçı İsmayıl Şıxlıdan eşitmişəm bu əhvalatı – Avropanın bir ölkəsinə xarici səfərindən sonra təəssüratlarını atama danışanda: “Qabil, təyyarədən birbaşa gəldik mehmanxanaya. Pasportlarımızı verdik, açarları təqdim etdilər. Məlum oldu ki, mənə və yazıçı dostuma (adı yadımdan çıxıb – müəllif) ayrıca nömrə veriblər, amma nümayəndə heyətinin başçısı, Mərkəzi Komitənin üzvü, deputat, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Bakı Ali Partiya Məktəbinin rektoru Tofiq Köçərliyə isə ümumi – üçnəfərlik nömrə. Əlbəttə ki, etiraz etdim. Ayrıca nömrə tələb etdim onun üçün. Onun tutduğu vəzifələri tədbir təşkilatçılarının diqqətinə çatdırdım. Cavab verdilər ki, “o siz dediyiniz Kommunist Partiyasından bizdə bilirsiniz nə qədərdir? Bu, əsas vermir ki, ona ayrıca nömrə verək. Siz isə yazıçısınız. Yaradıcı, seçilmiş adamsınız. Ona görə də sizə ayrıca nömrə düşür”. Birdən yadıma düşdü ki, bəs Tofiq müəllim həm də alimdir, akademikdir. Bunu onların nəzərinə çatdırdım. Yaxşı ki, vəsiqəsi də üstündəydi. Bundan sonra alim Tofiq müəllimə də ayrıca nömrə ayırdılar. (SON)

Sovet vaxtı heç olmasa  kübarlıq azdan-çoxdan qalmışdı. Anarın “Evləri köndələn yar” əsərində incə yumorla da olsa bu, daha qabarıq ifadə olunub.  Çünki hətta sovet dövründə belə, cəmiyyətin qaymağı – inqilabaqədərki cəmiyyətin diliylə desək – kübar təbəqəsi vergili insanlar – yazıçılar, alimlər, rəssamlar, bəstəkarlar... sayılırdılar. Bu sırada ustad-jurnalistlərimiz də vardı.  Opera-balet, milli, klassik musiqi üzrə dünya çaplı müğənnilər də kübar cəmiyyətin nümayəndələri idilər. “Hər aşığın bir dövranı olar” atalar sözündən bir qarış kənara çıxa bilməyən müğənnilər isə toylarda çaq-çuqla məşğul olurdular.

İndi isə dünya dəyişib. “Kübar” sözü ucuzlaşıb, “elita” sözü qiymətə minib. Qaymaq dibə çöküb, ayran isə nəinki üzə çıxıb, hətta paqqapaq qaynayır... Kimdədir günah? Bunu araşdırmaq deyil fikrim. Sadəcə başlığa aydınlıq gətirmək və qədim kübar sözünü öz prizmamdan yadınıza salmaq üçün kiçik bir girişə ehtiyac duydum.

Məqsədim – uzaq tələbəlik illərindən tanıdığım, sonralar AzTV-də birgə çalışdığım, gözəl insan, ələyi əlindən heç vaxt yerə qoymayan xiridar dost – İlqar Paşazadəni 60 illik yubileyi münasibətiylə təbrik etməkdir. Başqa titulları da var: filoloq-dilçi, teleradio jurnalisti, ssenarist, "MİR" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru (2002-ci ildən bu günədək), filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist,  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Rusiya Federasiyasının "Dostluq" ordeni kavaleri.

AzTV

1996-cı ildə AzTV-nin Xəbərlərində işə başladım. Baş Proqram direktoru, professional televizionşik Məmmədəli Zülfüqarov idi. O, 3-4 ay mənim buraxılış redaktoru kimi birbaşa müdirim də olmuşdu. Amma Xəbərlər redaksiyasına keçəndən sonra incimişdim ondan. Rusca efirə gedən “День” proqramını tərifləməyi bir yana, onun 10 dəqiqəlik buraxılışını bizə nümunə də gətirirdi. Əlbəttə ki, kəmiyyət yox, keyfiyyət baxımından. Bu isə dolayısı yolla – “onlar da dövlət kanalında işləyir, siz də. Eyni məzmunlu xəbərlər verirsiniz. Amma onların hazırladıqları süjetlərə bax və sonra da  sizin tavtalogiyanıza” – demək idi.

Bütün günü efirdə olan, televiziyanın setkasını “Xüsusi buraxılışlar”la darmadağın edən “Xəbərlər” kollektivi haqqında bu dolayısı tənqidi fikirləri heç cür qəbul edə bilmirdim. Bu rusdilli kollektivə isə mərhum jurnalistimiz Samir Əsgərxanov və İlqar Paşazadə rəhbərlik edirdilər. Biri baş redaktor, o biri isə onun müavini. Amma yaradıcı işdə amiranəlik elə də rol oynamır. AzTV-də hamı öz işinin fəhləsi idi. Gözəl kollektivləri vardı. O tərəfdən dedi-qodu səsləri eşidilmirdi.

HAŞİYƏ: Yardımlıdan bir qohumumuz var. Adı Firudindir. Söhbət əsnasında bir şeyi zarafatla deyir: “Mahir, bilirsən mənim arvadım niyə dedi-qoduçu deyil? Çünki azərbaycanlı deyil, rusdu”. (SON)

Baxmayaraq ki, redaksiyada azərbaycanlılar əksəriyyət təşkil edirdi, amma hamısı rusca təhsil almışdı. Həm də rus televiziyalarından və rusca yayımlanan xarici ölkə verilişlərindən bəhrələnirdilər, öyrənirdilər. Mən isə o vaxt Türk seriallarına baxmaqdan həzz alırdım. Gözləyirdim ki, əcəba, görəsən Fatmagülün suçu nədən ibarət olacaq? Yox, rus dilində də seriallara baxırdım: “Santa Barbara”, “Rabınya İzaura”, “Mariana”. Hətta Mariananın corabı da dəbə minmişdi. Binə tolkuçkasında adla çağrılırdı.

Samir Əsgərxanov rəhmətə gedəndən sonra İlqar Paşazadə “Üz-üzə” proqramının rəhbəri, “Xəzər” redaksiyasının baş redaktoru oldu. İlqar müəllim iki dildə verilişlər yayımlamağa başladı. Sonralar bildim ki, o,  əmək fəaliyyətinə 23 yaşında – 1986-cı ildə Azərbaycan Dövlət Universitetindən təyinatla Azərbaycan Radiosunda başlayıb. Altı il ərzində kiçik redaktordan Rus dilində verilişlər Yaradıcılıq Birliyinin rəhbəri vəzifəsinə  yüksəlib.

İlqar müəllim 2002-ci il dekabrın 11-də AzTV-dən ayrıldı. "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyinə direktor təyin edildi. Onu tanıdığım altı il ərzində bir dəfə də olsun haqqında pis söz eşitmədim. Nə başçılıq etdiyi kollektivdə, nə AzTV kollektivində, nə də rəhbərlik tərəfindən. Yalnız xoş sözlər. (İndi də qapısı ehtiyacı olanların üzünə açıqdır)

Yeni işə keçsə də, əlaqəmiz kəsilmədi. Hər yeni kitabımın çıxmasını İlqar müəllim bayrama çevirirdi. Günorta işinə gəlirdim. Kitaba avtoqraf yazıb təqdim edirdim. AzTV və ya universitet xatirələri dilə gəlirdi. Çay çay dalıyca gəlirdi. Durub getmək istəyəndə qoymurdu. İş adamıdır, mən isə azad insan. Mane olmaq istəmirdim. Amma qoymurdu gedəm. İş qayğılarını elə mənimlə söhbət edə-edə yoluna qoyurdu. Nəhayət, əqrəblər 18.00-ı vururdu. Ayağa dururdu ki, bəs getdik. - Hara, İlqar müəllim? – deyə soruşurdum: “Necə yəni hara? Yaxınlıqdakı “Dəyirman” restoranına. Kitabın çıxıb. Onu yumalıyıq, ya yox? Amma iki nəfər olmaz”. Bu cür təqdimat mərasimlərində çox adamla tanış edib məni İlqar müəllim. Qohumlarından təkcə bacanağı Vüqardır. Qalanları isə yalnız məktəb yoldaşları və AzTV-dən tanıdıqları.  Sinif yoldaşlarıyla uşaqlığına, biz AzTV-çilərlə isə cavanlığına qayıdır İlqar müəllim. Bilməyənlərin isə nəzərinə çatdırım ki, mənim bu günəcən 13 kitabım çap olunub. Əlavə olaraq isə Atamın 7 cildliyini də (hər cild çıxa-çıxa) İlqar müəllimə təqdim etmişəm. Yox elə bilməyin ki, İlqar müəllim yalnız “təqdimat mərasimləri” keçirir. Kitab yox idi, səhər açılmırdı ki? İlqar müəllimin sevdiyi insanlar daim onun yadındadır. İşdən başı ayılan kimi arıyır. (Maraqlananlar üçün onu da qeyd edim ki, indiki görüş yerimiz “Ləvəngi”dir)

Amma bir görüşümüz heç vaxt yadımdan çıxmaz. Atamın yeddi cildliyindən hansısa nüsxəsi çıxmışdı. Gedib təqdim etdim. Bu dəm oğlu otağa girdi. Görüşdük. İlqar müəllim digər cildləri də toparlayıb onun qabağına qoyub, – Görürsən də Mahir atasının cildlərini necə tərtib edib? Redaktə, korrektə edib, yüksək nəfislə nəşr edib, buraxıb. Atasına sanki abidə ucaldıb, – dedi. Anlamaq çətin deyildi bu təqdimatı. O məni oğluna nümunə göstərirdi.

İlqar müəllim də atasını sevən, ruhuna hörmətlə yanaşan bir insandır. Kabinetini dövlət atributları və atasının şəkli bəzəyir. Oğluna atası Tahirin adını qoyub, daim də atasıyla fəxr edir. Bilməyənlər üçün deyim: Mərhum Tahir Paşazadə şərqşünas, ssenarist, tərcüməçi, sovet Azərbaycanında partiya və ictimai-siyasi xadimi olub. 1958-ci ildən 1990-cı ilə qədər Dövlət radiosunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsinəcən yüksəlib. Bəlkəm də məhz buna görə televiziya və radio işinə sevgi İlqar müəllimin cövhərindədir. 37 ildir ki, bu sahədə çalışır. Onun 31 ilini isə rəhbər vəzifələrdə. Oğlu Tahir də bu yolu davam etdirir.

MİR kanalı elə-belə yer deyil

İlqar Paşazadə özünü gözə soxmağı sevmir – müsahibələr versin, ekspert qismində ictimai-siyasi hadisələrə isti-isti öz münasibətini bildirsin. Amma bu cür məsələlər onluq deyil desəm, əlbəttə ki, yanılaram. O, daim qaynar qazandadır. Mərkəzi paytaxtda yerləşən bir televiziyada və ermənilərlə bir təşkilatda işləməyin nə qədər çətin olmasını başa düşmək elə də çətin deyil. “MİR”in Ermənistan nümayəndəliyi tərəfindən yayılan dezoinformasiyalar bir yana, onların Moskva qərargahındakı havadarlarına da cavab hazırlayıb, operativ reaksiya verməyin və Azərbaycanın mövqeyini efirdə qabartmağın çətinliyini hamımız gözəl başa düşürük. Xüsusilə də 44 günlük müharibədən sonra. İlqar müəllim 21 ildir ki, bu işin öhdəsindən ləyaqətlə gəlir.

HAŞİYƏ: Bakı DYP-sinin keçmiş mətbuat katibi günlərin bir günü zəng edir MİR kanalının işçisi Mübarizə ki, hansısa tədbirə çəkiliş qrupu göndərsin.

- Mübariz, cəddinə qurban, tez bizə çəkiliş qrupu göndər, tədbir iki saatdan sonra başlayacaq.

- Ay Vaqif müəllim, mən seyid deyiləm.

- Bəs onda niyə mənim telefonumda MİR Mübariz yazılıb?

Rus dilini bilməyənlərin nəzərinə çatdırım ki, MİR tərcümədə sülh, və ya dünya deməkdir. Məşhur lozunq yadıma düşdü: “Miru mir” – dünyaya sülh. (SON)

KÜBAR İLQAR PAŞAZADƏ

Kübar olmaq çox çətin məsələdir. Bu ailəylə miras qalan titullardan asılı deyil. Əlbəttə ki, o da başlıca amillərdəndir. Tahir müəllimi görməsəm də, onu tanıyanların, xüsusilə də qocaman jurnalistimiz Akif Cabbarlının dilindən eşitdiklərimə əsaslansam, ot kökü üstə bitib, oddan kül törəməyib. Özünü aparmaq qabiliyyəti, geyim stili, həyat tərzi, xüsusilə də danışıq qabiliyyəti, təfəkkür... 25 illik müşahidələrim onu deməyə əsas verir ki, İlqar Paşazadə jurnalistikamızın kübar nümayəndəsidir. Niyə “jurnalistikamızın kübar nümayəndələrindən biridir” demədim?

HAŞİYƏ: Atamın 70 illik yubileyi idi. Evdə keçirirdik. Fikrət Sadıq sağlığa başladı. Bir-iki xoş sözdən sonra “mən Yazıçılar Birliyi adından Qabil üçün “Ədəbiyyat qəzeti”nə təbrik sözü yazanda” sözünü demişdi ki, Nəbi Xəzri əlini bərkdən stola çırpdı. Az qaldı ki, qarşısındakı boşqab, çəngəl-bıçaq yerə düşə.
- Nəəə... o təbriki, Fikrət, sən yazmısan?
- Hə.
- Mən də elə bilirəm ki, Anar və digərlərinin işidir. Demə, Fikrət, sən yazmısan da?
- Bəli, burda nə var ki... təkcə Qabilçün yox. Hamıyçün təbrik sözlərini mən yazıram.
- Necə yəni “burda nə var”? Mənim 70 illiyim olanda “Ədəbiyyat qəzeti” verdi ki, “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Nəbi Xəzri”. Qabillə, Bəxtiyarın 70 illiyində isə yazıblar ki, “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabil, Bəxtiyar Vahabzadə”. Necə olur ki, mən “görkəmli nümayəndələrdən biri” oluram, onlar isə “görkəmli nümayəndəsi”?
- Nəbi, axı nə fərqi var e.., – deyə söhbətə Anar qarışdı.
- Fərqi yoxdusa, onda məni də onlar kimi yazaydınız da... (SON)

Belə anlaşılmır ki, İlqar Paşazadə odu sönüb, közü işaran jurnalistikamızın yeganə, yaxud da sonuncu kübarıdır? İlqar müəllimlə yanaşı, tək-tük kübar nümayəndələrimiz qalıb. Amma adlarını çəkməyə qorxuram. Kimisə unuda bilərəm. İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin adını çəksəm, Arif Əliyevi deməsəm, o inciyəcək. Mehman Əliyevin adını çəksəm, Həsən Həsənovu unutsam o inciyə bilər. Nəcəf Nəcəfovu, Samir Əsgərxanovu, Rauf Talışınskini yad etsəm, diri Elçin Şıxlı inciyəcək... Ona görə də ad çəkməyi bir yana qoydum.

5 Aprel onun bayramıdır – telejurnalist, media rəhbəri İlqar Paşazadənin,  dost, ata, qardaş, oğul, baba... İlqarın 60 yaşı tamam olur.

TƏBRİKLƏR! 70 yaşında mətbuat səhifələrində və yubiley banketində görüşənədək! Axı “Yubiley” sözü şair Fikrət Sadıq demişkən həm də iki sözdən ibarətdir: “YU - BİLEY”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!