Modern.az

Zərdabi jurnalistləri TƏBRİK ETDİ

Zərdabi jurnalistləri TƏBRİK ETDİ

Media

19 İyul 2025, 11:12

Milli Mətbuatın 150 illiyi münasibətilə Həsən bəy Zərdabi jurnalistlərə təbrik məktubu yollayıb.

Əziz balalarım, 150 yaşınız mübarək!
Mən sizə yalnız Bakıdan baxmıram…
Bu məktubu yazarkən gözüm Parisdədir, 
Londonun arxasından “BBC” səsi gəlmir…
Amerikada jurnalistlər mikrofonu hökumətin icazəsi ilə tuturlar…
Almaniyada müstəqil media artıq gündə beş reklamdan sonra nəfəs alır…
Türkiyədə jurnalistlər ya “vətəndaş düşməni”, ya da “hakimiyyət tellisi” sayılır…
İranın qələmləri zindan nəfəslidir…
Rusiyanın mediası əmr gözləyən generallardan fərqlənmir…
Çin jurnalist yetişdirmir, o robot düzəldir…
Qərbdə isə jurnalistikanı süni zəka diktə edir!
Yəni zaman dəyişib… Taleyinizdən çox da şikayətlənməyin…
Xəbər deyəndə YouTube videosu nəzərdə tutulur,
Köşə yazısı yerinə “X” var,
Analiz əvəzinə “like” var,
Vicdanın yerində algoritm var!
Amma inanın, forma dəyişib, məzmun qalır,
Böyük güclər hər zaman mediadan vasitə kimi istifadə edib,
Onu da bilin, dövlətə düşmən kəsilən jurnalistlə yaltaq jurnalistlər arasında heç bir fərq yoxdur.

 

Tədbirə qatılmaq istəyənlərə, yemək yeməyə gedənlərə bir baba nəsihəti

Əziz balalarım…
Əgər bu 150 illik yubileyin şərəfinə keçiriləcək tədbirlərə qatılmaq istəyirsinizsə,
Öncə qələm yolunda ayaqqabınızın dabanına baxın,
Vicdanınız klaviaturanın altında tərləməlidir.

Əgər tədbirə selfi çəkməyə, vitrin önündə “jurnalistlər də burdaydı” deyilsin deyə, “onlara qonaqlıq verdik” deyilsin deyə, gedirsinizsə, noolar, heç getməyin!
Siz tədbirə getmək üçün getməyin, tədbirin səbəbi olmaq üçün çalışın!
Siz arxivdə qalın, protokol məmur yeridir!
Siz xalqın yaddaşında yer alın, foto kadrlarda gülümsəyərək poz verməyin!
Mən “Əkinçi”ni açanda, heç bir tədbir yox idi,
Təkcə bir amal vardı, xalqa söz vermək, sözlə milləti oyatmaq!
Siz də tədbirə qatılmaq istəyirsinizsə,
Öncə sözə qatılın, həqiqətə qatılın!
Tədbirə gedəndə qələm libasında gedin,
Bəylik kostyumunda getməyin!

Əziz və əbədi həmkarlarım, qələminin ucu ilə millətə yol çəkənlər, yuxarıda yazdıqlarımı pis başa düşməyin, Sizin hörmətli qalmağınız üçün bir nəsihət idi o fikirlərim.

150 yaşınız mübarək!

Mən, Həsən bəy Zərdabi, bir vaxtlar “Əkinçi”ni torpağa toxum kimi əkib, millətin şüurunda cücərdərək sizə ünvanladığım bu məktubu, 150 il sonra sizə, XXI əsrin jurnalistlərinə göndərirəm. 
Zaman bizi ayırsa da, Vətən bizi birləşdirir. Təqvimdə 1875 ayrı, 2025 ayrı yazılsa da, ürəyimiz eyni yerdə vurur, AZƏRBAYCAN!

Mən başladım, siz davam etdiniz, mən paslı mürəkkəblə, saralmış kağızda ilk sətirləri yazdım,
Ətrafımda xurafatçı bir xalq vardı, içimdə isə guruldayan millət eşqi!
Belə başladım “Əkinçi”ni.
Yazdım… və sətirlərdə Cümhuriyyət doğdu.

Bu yolu sonra siz davam etdiniz,
Sözlə savaşdınız, qələmlə vuruşdunuz.
Qələminizlə tankları durdurdunuz,
Sətirlərinizlə sərhədlər çəkdiniz,
Mikrofonlarınızla xalqın nəbzini ölçdünüz!

 

Zəfər qələmin içində gizlənmişdi

44 günlük Vətən savaşı əsgərlə və sizlə yazıldı. Sizi qürurlu, ərazi bütövlüyü təmin olunmuş Azərbaycan vətəndaşı olduğunuz üçün təbrik edirəm.
Bunu hamımız istəyirdik, İlham Əliyevin liderliyi ilə siz yaşadınız, biz də yaşayırıq…
Kamerasını səngərə çevirənlər,
Mikrofonu sipərə dönənlər siz idiniz!
Vətənə dönən hər karvanın izində sizin sözünüz vardı.
Siz yazdınız, tarix danışdı!

Bu gün mətbuatımız 150 yaşındadır,
Amma onun ruhu hələ də o “Əkinçi” səhifəsindədir, yəni çox gəncdir!
Bir kəndin yoluna çevrilən reportajda,
Bir şəhid anasının səsinə dönən məqalədədir!

Unutmayın, qələm əyiləndə xalq sınır,
Mikrofon susanda vicdan lal qalır.
Siz sözün vicdanını qoruyun,
Çünki vicdan Allahla jurnalist arasında sonuncu ipdir.
İtirdinsə, artıq peşə getdi, sadəcə onun kopyasısan.


Mətbuat süfrəsində kürü deyil, həqiqət verilir.
Burada menyudakı hər şey acı olur, amma şəfa gətirir!
Şöhrət üçün prinsipi satmayın!
Gözə girməyin, qəlbə girin!

Facebook statusu, TikTok videosu, Instagram storisi…
Bunlar var, olacaq da!
Amma unutmayın, xalqa xidmət üçün 10 milyon bəyənmə lazım deyil. Ona 1 milyon dua bəs edir.

“Jurnalistəm” deyən hər kəs jurnalist deyil, sıralarınızda saxtalar var, bilirəm!
Əli klaviaturada, gözü kresloda olanlar…
Əli qələmdə, dili məmur cibində olanlar…
Onlar 1875-də də vardı!
Baxın, torpaq uddu adlarını, tarix tanımır onları …

Amma siz…
Elə yazın ki, bir uşaq məktəbdə sizin yazınızı oxuyub sabah jurnalist olmaq istəsin!
Elə yazın ki, bir şəhid məzarının başında ana desin ki, bax, balamı unutmayan var!
Elə yazın ki, VƏTƏN gülsün…

Bu 150 yaş bizim ZƏFƏRİMİZDİR, zaman dəyişdi, mətbuat forması dəyişdi, sözün ruhu dəyişmədi!
Mən hələ də susmuram…
Siz yazdıqca, mən danışıram!
Siz susanda, mən də torpaqda narahat oluram!
Sizdən bir xahişim də var,
Mənim ruhumu şad eləmək üçün məzarım üzərinə güllər gətirməyin…
Məzarımın haralardan keçdiyini, cəsədimin nə məşəqətlər çəkdiyini bilirsiniz…
Ruhumu şad eləmək üçün mənə yaxşı yazılar gətirin.
Vətənə təmənnasız xidmət edin, 

Əziz həmkarlarım!
Yazılarınız bir millətə sabah bəxş edirsə,
Qələminizlə bir kəndin suyu gəlirsə,
Sözünüzlə bir haqq qapısı açılırsa,
O zaman siz HƏQİQİ JURNALİSTSİNİZ!

Qucaqlayıram, Şəhid jurnalistlərimizi,
Qəlbi vicdan olan qələmləri,
Bilin ki, “Əkinçi” heç vaxt ölməz!
Əkin davam etdikcə, xalq biçəcək,
Təbrizdə, Dərbənddə, Borçalıda, hər yerdə biçəcək!
Bu təbrik məktubunu 1875-dən yazıb 2025-ə göndərdim. 

Sevgi və harayla, Həsən bəy Zərdabi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi