Hafiz Təmirov,
polis polkovniki
O bu millətin ən qiymətli sərvətinə çevrilməyi bacardı
İyulun 22-də milli mətbuatımız yaranmasının 150-ci ildönümünü qeyd etdi. Ötən dövr ərzində keçdiyi tarixi yolda zilləti çox oldu, ancaq milləti zamanla ayaqlaşmağa doğru irəli dartan gücü tükənsə də ümidi üzülmədi, səbri tükənmədi. Onun hər dirənişində minilliklərdən boylanan söz yaddaşımız təzələndi, zehnimizdəki buxovlar qırıq-qırıq oldu. Təəssüflər olsun ki, gələcəyə doğru işıq sürəti ilə getmək istəyimizin qarşısını bəzən “Oxutmuram, əl çəkin”lər də kəsdi.
Dözdü, Sözümüz. Əlində kitab gördüyü uşağın, gəncin məhz söz adlı zirehi geyindikdən, söz adlı səngərə sığındıqdan sonra onun çəkdiklərini çəkməyəcəyinə, onun dözdüklərinə dözməyəcəyinə, üsyankar, azad bir ruhla yetişəcəyinə əmin olan Həsən Bəy Zərdabilərin maarifçilik missiyası günümüzə qədər o əzmlə davam etdi.
Cümhuriyyətimizi qurdu sözümüz, milli mətbuatımız. “Əkinçi”nin milli şüura səpdiyi azadlıq toxumu neçə-neçə aydınlar yetişdirdi. Onlar XX əsrin əvvəllərində Avropanı zəkaları ilə mat qoydular, azərbaycanlı olduqları ilə qürur duydular. Üçrəngli bayrağımızla bərabər söz bayrağımız da bir millətin yaşamaq uğrunda mübarizəsinin simvoluna çevrildi, ucalığından enmədi, daha doğrusu endirə bilmədilər, dilimizin, ruhumuzun keşikçisi kimi ayıq-sayıq dayandı.
Azadlıq sözün də haqqıdır
Ötən əsrdə söz sahibi ola bilməyəcəyini anlayan imperiya zəncirlədiyi xalqların azadlığının başbuğu olan SÖZÜN önünü kəsməyə cəhd etsə də o müqəddəs yaradılmış insanları yumruq kimi birləşdirib azadlıq bəxş etdi. İmperiyanın süqutu ilə bir daha sübut olundu ki, hürr söz azad, demokratik cəmiyyətin məhsuludur. Onu yetişdirmək üçün illərin xış ağzı nəsillərin yaddaşının altını üstünə çevirməlidir. Necəki biz bunu gördük, şahidlik etdik. Yaddaşın təzələnməsi gözəldir, ancaq keçmişi unutmamaq şərti ilə...
Sözün həmişə ictimai yükü olub. Söz cavabdehlikdir, söz məsuliyyət hissidir. İnsanları azadlığına qovuşdurmaq, kostitusion hüquqlarını bərpa etmək bir başqa, onları söz sahibi etmək isə insanı ən ali zirvəyə qaldırmaqdır. Bu ölkəmiz də daxil, o cəmiyyətlərdə mümkündür ki, orada oturuşmuş dövlətçilik ənənələri bərqərardır.
Sözümüz dünyaya səs salır
Vətən müharibəsindən sonra ünümüz kimi, sözümüz də dünyanı tutdu. Bu gün Sözümüzün aşmadığı sərhəd yoxdur. Və bizimlə ona görə hesablaşırlar ki, heç bir kimsənin qarşısında bizi aciz duruma salmayan haqq sözün Sahibiyik. Bütün yalanların üstündən bircə Sözlə xətt çəkmək olar. Çəkdik də. “Qarabağ Azərbaycandır”, -dedik və etdik. İndi bütün dünya bunu deyir. Suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda 30 il boyunca mübarizə apardıq. Nəticə olmayanda isə Sözümüzü bir yerə qoyub, dəmir yumruğumuzu düşmənin başına endirdik. Verdiyimiz sözü isə altındakı imzamız daha möhtəşəm edir. Məsələn, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözü kimi: “Qarabağ Azərbaycandır! Nida!”…
Bu gün bötüvlüyünə qovuşmuş Vətənimizdən, azad Qarabağımızdan dünyaya yalnız bu mesaj ötürülür: insanlar sülh və əmin-amanlıq içərisində yaşasın, dünya qan rənginə boyanmasın…
“Polis”in də deməyə sözü var
Uzun illər xidmətində durduğum sözün qoruqçusuna çevrilən, yaşı əsri haqlayan “Polis” qəzetinin də mətbuatımızın bu xoş günündə deməyə sözü var. Səhifələrində Azərbaycan Polisinin ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə fədakar xidmətini dünən olduğu kimi bu gün də işıqlandıran bu qəzet indi həm abunə yolu ilə yayılır, həm də müasirliyin ona verdiyi imkanlardan yararlanır. Dizaynımız, başlıqlarımız, hadisələrə münasibətimiz dəyişsə də, sözümüz heç vaxt dəyişməyib. Vətən müharibəsindən sonra mövzularımızın da sayı çoxalıb. Müharibənin odundan-alovundan çıxmış gənclərə, həmçinin xidmətdə uğur əldə edən həmkarlarımıza geniş yer ayırırıq. Dünəni-veteranlarımızı da unutmuruq.
“Unutmadıq”larımızın sırasında bizim “Əsgər”imiz də var. 1992-ci ildən bu yana sığındığı səngərin mübariz keşiyindədir. Bu qəzet İkinci Qarabağ savaşında da səngərlərdə əl-əl gəzdi, neçə-neçə gəncin ruhuna qol-qanad verdi. Otuz illik həsrətə son qoyan 44 günlük müharibənin qələbə xəbərini manşetinə çıxardı. Şəhid xəbərlərinin ağrısına büründü, əlini, ayağını itirənləri yıxılmağa qoymadı, şəhid analarına, qazilərə “Vətən sağ olsun!” nidası ilə üzünü tutub səbr dilədi.
Ruhun şad olsun, Həsən bəy Zərdabi
Bu gün harada, hansı sahədə inkişaf, tərəqqi varsa, oradan “Əkinçi” boylanır. Uğurlarımız sözlə tarixə yazılır, arzularımız hədəfimizə çevrilir. Ən əsası, “Əkinçi”nin davamçılarının rifah halı günü-gündən yaxşılaşır, onlar dövlətimizin ali diqqət və qayğısı ilə əhatə olunurlar. Hətta sağlamlıqları ilə sınağa çəkilənlər sağlamlıqlarına qovuşması üçün ən böyük dəstəyi də sözün, jurnalistlərin dostu cənab Prezidentdən görürlər. Odur ki, bizlərin-qələmə, sözə söykək ömür yaşayanların əsas amalı sabiranə yazmaq, torpağımızın sahibi kimi, Sözümüzün də sahibi olmağımızı dünyanın ən ali kürsülərindən səsləndirməkdir.