Modern.az

Azərbaycana çox önəm veririk - CHP-nin sədr müavinindən ÖZƏL MÜSAHİBƏ

Azərbaycana çox önəm veririk - CHP-nin sədr müavinindən ÖZƏL MÜSAHİBƏ

Müsahibə

15 İyul 2024, 17:56

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) təhlükəsizlik məsələləri üzrə sədr müavini, admiral Yankı Bağcıoğlu Modern.az-a müsahibə verib.

 

Sədr müavini Türk Dünyasının hərbi sahədəki mövqeyi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və CHP-nin Türk Dünyasına olan baxışı barədə geniş danışıb. Bağcıoğlu Türk Dünyasının genetik kodlarında əsgərlik və silahlı qüvvələrin xüsusi yer tutduğunu vurğulayaraq, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətindən söz açıb.

 

- Cənab admiral, hazırda Türk Dünyasının hərbi sahədəki vəziyyəti barədə bir hərbçi kimi nə deyə bilərsiniz?

 

- Türk Dünyasının tarixən gələn genetik kodları içərisində əsgərlik və silahlı qüvvələr xüsusi yer tutur. “Hər türk əsgər doğar” ifadəsi cəmiyyətlərimizdə çox yayğın olaraq istifadə olunur. Bu baxımdan, xüsusilə Türkiyə və Azərbaycan başda olmaqla, bu genetik meylin texnoloji üstünlük ilə birləşdirilməsinə yönəlik səyləri böyük bir sevinclə izləyirik. 

Həm Hərb Akademiyasında birlikdə təhsil aldığım, həm də peşə həyatımdakı fərqli mühitlərdə tanış olmaq fürsəti əldə etdiyim Azərbaycan hərbi personalının Vətən sevgisi, peşəkar biliyi və təcrübəsi, Türk Silahlı Qüvvələri personalı ilə olan dostluqdan daha çox qardaşlığı məni yaxşı mənada həddən artıq təsirləndirir. 

Türk Müdafiə Sənayesinin istehsal və inkişafa yönəlik əldə etdiyi müsbət sürətin nəticəsi olaraq, orijinal və texnoloji cəhətdən üstün silah sistemlərinin Türk Dünyası tərəfindən də seçildiyi və bir çox qardaş ölkənin silahlı qüvvələri tərəfindən də istifadə edildiyi gerçk olaraq ortadadır. Bu baxımdan, Türk Dünyasının hərbi sahəyə baxışının say üstünlüyündən daha çox texnoloji üstünlüyü hədəfləyən bir baxışa çevrildiyini demək doğru olar. 

Bundan başqa, Türk Dünyası ölkələrinin ortaq təlimlər təşkil etməsi, hərbi sahədə bilgi və təcrübə paylaşımını artırmaq baxımından önəmlidir. Birlikdə işləmə qabiliyyəti yalnız texnologiya ilə deyil, eyni zamanda hərbi doktrin və təlimlərin də uyğunlaşdırılması ilə mümkün olacaq. Bu istiqamətdə Türk Dünyasının hərbi əməkdaşlıq çərçivəsində daha çox koordinasiya və ortaq layihələrə ehtiyacı olduğunu düşünürəm.

 

- Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsi imzalayıb. Bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

 

- Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında illərdir davam edən hərbi əlaqələrin əsas çərçivəsini ortaya qoyan və bu çərçivənin əsaslarını beynəlxalq aləmə bəyan edən çox önəmli bir sənəddir.

Önəmli olan sənəddə ümumi xətləri çəkilən fəaliyyətlərin real həyatda tətbiqi formasıdır. Türkiyə və Azərbaycan silahlı qüvvələri Şuşa Bəyannaməsində ifadə edilən hərbi fəaliyyətləri bir yerinə yetirirlər. Xüsusilə qarşılıqlı hərbi təlimlər və hərbi qabiliyyətləri artırmaya yönəlik fəaliyyətlərin davam etdiyini böyük sevinclə izləyirik. 

Ancaq bu əlaqələr yönündə bəzi məqamlara ehtiyac olduğunu düşünürəm. 

Məsələn, bir Azərbaycan Dəniz Qüvvələri zabitinin Türk Dəniz Qüvvələri gəmilərində izləyici zabitlik etməsi (və ya əksinə) iki ölkənin silahlı qüvvələri arasındakı əlaqələri dərinləşdirəcək. Eyni şəkildə iki ölkənin hərbi təhsil qurumlarında uzun müddətli akademik personal dəyişmələrinin də bu əlaqələri artıracağını düşünürəm.

Bununla yanaşı, ortaq müdafiə sənayesi layihələrinin inkişaf etdirilməsi, iki ölkənin hərbi qabiliyyətlərini daha da gücləndirəcək. Xüsusilə pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və elektron müharibə kimi texnologiyalara yönəlik əməkdaşlıqlar, hər iki ölkənin müdafiə qabiliyyətini artıracaq. 

Bundan başqa, sayını artırmaqla birlikdə həyata keçiriləcək ortaq təlimlərə digər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin də daxil edilməsi, geniş miqyaslı bir hərbi əməkdaşlığın yaradılması baxımından önəmli addımlar olardı.

 

- Cənab admiral, Türk Dövlətləri Təşkilatı (TDT) demişkən, Türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılması ilə bağlı düşüncə aktuallığını qoruyur. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Bu fikri önəmsəməklə yanaşı, deyə bilərəm ki, daha vacib olanı Türk Dövlətləri Silahlı Qüvvələri arasındakı qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsidir. Ortaq yaradılacaq bu birlik tam olaraq istədiyimiz nəticəni verə bilər. Bunun üçün digər birliklərin də qarşılıqlı çalışması vacibdir. 

Vacibi Türk Dövlətləri Təşkilatının silahlı qüvvələri arasında tam bir uyğunluq və qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılmasıdır. 

Bundan başqa, prosesin sürətləndirilməsi üşün TDT üzvləri arasında müdafiə əməkdaşlığı müqaviləsinin imzalanmasıdır. Eyni zamanda mövcud müqavilələrin inkişaf etdirilməsi və genişləndirilməsi də faydalı olar. Bu müqavilələr ortaq təlimlərin planlanması, müdafiə sənayesi layihələrində əməkdaşlıq edilməsi və hərbi personal dəyişmə proqramlarının artırılmasını ehtiva edə bilər. Beləliklə, Türk Dövlətləri arasındakı hərbi inteqrasiya daha güclü şəkildə təmin edilə bilər və regional təhlükəsizlik yaranar. 

 

- Dedikləriniz CHP-nin Türk Dünyası ilə bağlı düşüncəsidir?

 

- CHP tarixi olaraq qurucu liderimiz Mustafa Kamal Atatürkün əmanət etdiyi siyasi baxışın nəticəsi olaraq Türk dövlətlərini, “İki dövlət - tək millət” anlayışında ifadə edildiyi kimi eyni millətin fərqli coğrafiyalarda yaşayan parçaları olaraq görməkdədir. CHP olaraq, Türk Dünyası ilə iqtisadi, mədəni və sosial əlaqələri də inkişaf etdirmək üçün səylər göstəririk. Ortaq tarix və mədəniyyətimizi daha yaxşı tanıtmaq, təhsil sahəsində əməkdaşlıqları artırmaq və ortaq layihələr həyata keçirmək üçün addımlar atırıq. Türk Dünyası ilə olan əlaqələrimizi daha da gücləndirmək və ortaq gələcəyimizi formalaşdırmaq üçün üzərimizə düşən məsuliyyətləri yerinə yetirməyə qətiyyətliyik.

Azərbaycan ilə olan əlaqələrimizi daha da gücləndirmək üçün müxtəlif layihələr gerçəkləşdirir, əməkdaşlıqlar edirik. Ortaq mədəniyyət tədbirləri, iqtisadi əməkdaşlıqlar və təhsil sahəsində layihələrlə iki ölkə arasındakı əlaqələri daha da gücləndirməyi hədəfləyirik. Azərbaycan xalqı ilə olan qardaşlıq əlaqələrimizi gücləndirmək, qarşılıqlı anlayış və əməkdaşlığı artırmaq üçün hər cür səyi göstərməyə davam edəcəyik. 

CHP-dəki son dəyişikliyin memarı başqanımız Özgür Özel vəzifəni təhvil almasının ardından ilk rəsmi ziyarətini Şimali Kipr Türk Cümhuriyyətinə, ikinci ziyarətini isə Azərbaycana etməyi hədəflədiyini açıqlayıb. 

CHP olaraq can Azərbaycan ilə əlaqələrə çox önəm verdiyimizi bir daha vurğulamaq istərdim. Sədrimiz Özgür Özel tərəfindən uyğun bir tarixdə Azərbaycanı, Azərbaycanın liderini ziyarət etmək arzusunda olduğumuzu da bildirirəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın ən böyük limanı partladıldı - 15 nəfər itkin düşdü