Modern.az

Parlamentdə danışan deputatların sayı o qədər də çox deyil - MÜSAHİBƏ

Parlamentdə danışan deputatların sayı o qədər də çox deyil - MÜSAHİBƏ

Müsahibə

22 Aprel 2025, 14:30

Tanınmış hüquqşünas və Milli Məclisinin sabiq deputatı Çingiz Qənizadə Modern.az-a geniş müsahibə verib. O, uzun illər ərzində vətəndaş cəmiyyəti institutlarında və parlamentdə insan hüquqları, qanunvericilik və hüquqi islahatlarla bağlı fəaliyyət göstərib. Hüquq müdafiəçisi və ekspert kimi çıxış edən Ç.Qənizadə hüquqi maarifləndirmə və ictimai nəzarət sahəsində müxtəlif təşəbbüslərlə də tanınır. 

- Çingiz müəllim, parlamentin indiki fəaliyyəti ilə sizin dövrünüzü necə müqayisə edərdiniz? 

- Parlament əvvəlki qaydada fəaliyyətini davam etdirir. Yeni simalar gəlib, təbii ki, onların bir çoxu cəmiyyətə tanış olmayan və parlament üzvü olandan sonra tanınan şəxslərdir. Adətən parlamentə ictimai-siyasi həyatda tanınan adamların gəlməyi daha çox görünürdü. Bu cür olduğu halda seçici də öz deputatını tanıyır. Hazırda əvvəlki çağırışlardakı aktivlik hiss olunmur, elə 10 il əvvəlki deputatlardır ki, indi də sadəcə onların aktivliyini görə bilirik. Ola bilər ki, deputatların böyük hissəsi parlamentin daxili işində iştirak edirlər, lakin cəmiyyət üçün mətbuat vasitəsilə mövqeyini bildirənlərin sayı azdır. Deputat mətbuatla təmasda olanda həm parlamentdəki işini cəmiyyətə çatdıra bilir, həm də özünün savad və konkret məsələyə münasibətini ortaya qoya bilir ki, bu halda da insanlar öz deputatını seçə bilir. İndiki gənc deputatların isə cəmiyyət üçün aktiv fəaliyyətləri çox az görünür. "Parlament" sözünün kökü fransız dilindən gələn "danışmaq" sözündən yaranıb, ancaq parlamentdə danışan deputatların sayı bir o qədər də çox deyil.


- Siz həm də hüquq müdafiəçisisiniz, mövcud hüquq sistemində ədalət və qanun hər zaman üst-üstə düşürmü?


- Azərbaycan hüquqi və demokratik dövlətdir, təbii ki, parlamentdə qəbul olunana qanunlar işlək olmalıdır. Bura hüquq, iqtisadiyyat və istənilən sahə və dövlət qurumlarının fəaliyyətini tənzimləyən qanunlar aiddir. Bəzi hallarda deyirik ki, qanunlar işləmir. Ölkənin əsas qanunu Konstitusiyadır. Konstitusiya ilə verilən hüquqlarımızın qorunması ilə məşğul olan müəyyən dövlət qurumları, orqanları var, onlar dərk etməlidir ki, biz Konstitusiya ilə vətəndaşlara hüquqlar vermişik və bu qorunmalıdır. Bəzən qanunlar kağız üzərində qalır və işləmir. Saysız-hesabsız qanunlar qəbul edilir, amma baxırsan ki, uzun illər keçsə də, o qanunlar kağız üzərində qalıb. Deputatlar da bunu dəfələrlə vurğulayıb - filan qanun işləmir, filan dövlət qurumu bu qanuna hörmətlə yanaşmır. Amma insanların hüquq və azadlıqları ilə bağlı olan məsələlərdə qanunların işləməməsi cəmiyyətdə ciddi narazılığa səbəb ola bilir. Məsələn, hansısa nazirliyin fəaliyyətini tənzimləyən qanun az insanın təsir dairəsinə düşür, amma elə qanunlar var ki – mülki, cinayət, inzibati xətalar və sair - bunlar işləməyəndə cəmiyyətdə böyük narazılıqlar yaranır. Şükür ki, bizim məhkəmə hakimiyyəti, istintaq orqanları vətəndaşların pozulan hüquqların qorunması ilə məşğul olurlar, çox yaxşı olardı ki, bu hüquqlar hansısa məmur, dövlət orqanları tərəfindən pozulmasın. İki şəxs arasında hüququn qorunmaması həmişə olub və olacaq, amma vətəndaş və dövlət qurumları arasında münasibətdə vətəndaşın hüququnun pozulması və sonra bunun məhkəməyə getməsi təbii ki, narahatedici məqamdır. Bu səbəbdən biz əgər hüquqi, demokratik dövlətiksə, bizim bütün qanunlarımız işlək olmalıdır və bu mexanizmin reallaşmasına maneə törədəcək hansısa səbəblər varsa, onlar vaxtında aradan qaldırılmalıdır. Bu gün Azərbaycan vətəndaşının hüquq-mühafizə orqanlarına, məhkəməyə inamı elə həddə olmalıdır ki, o, məmur tərəfindən hüququ pozulan vaxt məhkəməyə müraciət edərkən qurumların onun hüququnu bərpa edəcəyini bilsin. Məmurlar da qanuna hörmətlə yanaşmaqla yanaşı, ondan qorxacaq da.

 

- Ölkəmizdə vətəndaşlar arasında hüququnu bilməyən kifayət qədər insan var, həmçinin başqalarının hüquqlarını öz mənfəəti üçün heçə sayan şəxslərin sayı da çoxdur. Bunun qarşısı necə alınmalıdır? 


-  Mən çox istərdim ki, televiziya məkanında “Parlament saatı” adlı veriliş olsun. Bu cür verilişlər yarandıqda insanların həm bu cür maarifləndirici proqramlara baxmaq marağı artacaq, həm də qəbul edilən qanunların şərhi ilə bağlı öz hüquqlarını bilməyə başlayacaqlar. Amma bu gün biz televiziyalarda ailə-məişət mövzularını, bəzən əxlaqsızlığı təbliğ edən məsələlərin qabardıldığını görürük. Belə olan halda insanlar hüquqlarını bilməyəcək, bildiyi halda da digərlərin hüququnu pozmaqdan yayınmayacaq və ümid bəsləyəcək ki, cəzasız qalacaq. Ona görə pozulan hər bir qanuna görə cəzasızlıq mühiti anlayışı ortadan yığışılmalı və hər kəs törətdiyi əmələ görə cəzasını almalıdır. Bizdə zənglə, tanışlıqla, müxtəlif yollarla cəzasız qalan insanlar olduğu üçün maraqlarına qarşı olan qanunları pozan və mənfəətlərini güdənlər də çox olacaq .


- Qanunvericilikdə hansı sahələrdə boşluqların olduğunu düşünürsünüz, bu bizim gündəlik həyatımıza necə təsir edir? 


- Həyat varsa və cəmiyyət inkişaf edirsə, təbii ki, qanunvericilikdə köhnəlmiş maddələr olacaq və o təzələnməlidir. Qanunlarda boşluqların aradan qaldırılması iki halda mümkün ola bilər. Birincisi, artıq qanunun o maddəsi bu günün tələblərinə cavab vermir, ikincisi, qanun qəbul edilərkən bu nəzərə alınmayıb və boşluq kimi qalıb. Hər iki halda sözügedən qanun dəyişməlidir. Bu gün çox sayda qanun var ki, onlar dəyişməlidir. Yadımdadır, parlamentə Cinayət Məcəlləsinin 200-dən çox maddəsinin dəyişməsi ilə bağlı təklif gəlmişdi, biz o maddələri dəyişdikdən sonra başqa maddələrdə də boşluqların aradan qalxmasına çalışdıq. Bugünkü zamanla 10-20 il əvvəl qəbul edilən qanun uyğunlaşmır. Cinayət Məcəlləsindən başqa, Mülkü Məcəllə, İnzibati Xətalar Məcəlləsi və müxtəlif sahələrə aid qanunlarda da zamanında qəbul edilən və bu gün özünü doğrultmayan maddələr var. 


- Müşahidələr göstərir ki, qanunların praktikada reallaşmaması tək zamanla bağlı deyil. Məsələn, ötən il Ailə Məcəlləsinə edilən dəyişiklikdə erkən nikah və qohum evliliyi qadağan edildi. Erkən nikah üçün qanunla bərabər cəzalandırma mexanizmi olsa da, bu, qohum evliliyi üçün keçərli deyil. Bu, qanunvericilikdə boşluq kimi qəbul edilməlidirmi və nəticələri nə olacaq?


- Düzü, bu boşluqla bağlı dəqiq məlumatım yox idi. Elə hesab edirdim ki, qohum evliliyinə yol verənlər də müəyyən məsuliyyət daşıyırlar. Qohum evliliyini qanun qadağan edilirsə, onu digər maddələrlə cəzalandırması mütləqdir. Qohum evliliyi ilə bağlı qanunvericilikdə dəyişiklik çox adam tərəfindən alqışlandı, amma onun cəzalandırılmaması ilə bağlı maddə yoxdursa, o zaman bu qanun da işləməyəcək. Cəzası olmayan hərəkət davamlı olur, qohum evliliyində də bu keçərlidir. Cəzanın olmaması onu göstərir ki, qohum tərəflər arasında evliliyə razılıq olacaqsa, rəsmi nikaha girmədən də bunu edə biləcəklər. 

 

- Əgər bir qanunu dərhal dəyişmək imkanınız olsaydı, bu hansı qanun olardı və niyə?


- Bizim qanunlarımız mükəmməl qanunlardır. Ulu öndər özü Konsitutusiyanın hazırlanması zamanı həmin komissiyanın sədri olub. Bir hüquq müdafiəçisi olaraq qeyd edim ki, Konstitusiyada 41 maddə - 24-cü maddədən 71-ci maddəyə qədər insan hüquq və azadlıqlarına söykənən və çox demokratik, insanlara hüquq verən maddələrdir. Sonradan Konsitutusiyaya dəyişikliklər də oldu. 

Mən qanunların dəyişilməsini yox, qanunlara hörmət edilməsini, qanunların pozulması təqdirində cəzaların daha da sərtləşməsini istərdim. İmkanım olsa, Konstutusiyada vətəndaşlara verilən hüquqların pozulmasına görə cəzaların artırılmasının tərəfdarı olardım. Bəzən demokratik dəyərlər çox olanda insanlar demokratiyadan bəhrələnərək anti-demokratik addımlar atırlar. 


- Ədliyyə Nazirliyi və Ali Məhkəmədə müəyyən kadr dəyişiklikləri baş verdi. Bunun həmin qurumların fəaliyyətinə təsir etdiyini düşünürsünüz?
 

- Ədliyyə Nazirliyində müxtəlif islahatlar gedir, bizdə bunu izləyirik. Onlarla müəyyən əlaqələrimiz, görüşlərimiz də olur. Ali Məhkəmədə də biz artıq uğurlu islahatların olduğunu görürük. Xüsusi ilə Məhkəmə-Hüquq Şurası Ədliyyə Nazirliyinin tərkibindən çıxarıldıqdan sonra daha ciddi işlər görülür. Ümid edirəm ki, insanların məhkəmə və ədliyyəyə olan inamlarını artırmaq məqsədilə hər iki qurumdakı yeni kadrlar uğurlu siyasət yeridəcək və yaxın bir neçə ildə biz bunun nəticələrini də görəcəyik. 


- Süni intellekt və hüquqi tənzimləmələr dövründəyik, həmçinin 2000-ci ilin əvvəllərindən sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu sahələrin hüquq müdafiəsindəki rolunu necə qiymətləndirirsiniz?
 

- Yeni texnologiyalar çoxsaylı qanun pozuntularına gətirib çıxaracaq, vətəndaşların hüquqları pozulacaq. Qanuni nizamlanmanın çətin dövrünə gəlib çıxmışıq. Süni intellekt olsun, sosial media olsun - bunlar gələcəkdə insanların şəxsi həyatına müdaxilə edə biləcək, insanların hətta siyasi-ictimai fəaliyyətinə təsir edəcək. Mən elə hesab edirəm ki, indiki sosial media üzərində müəyyən tənzimləmələr çətindir. Gələcəklə bağlı ürəkaçan nəsə görmürəm. Yeni yaranan texnologiyalar birbaşa insan hüquq və azadlıqlarının pozulmasına daha çox təsir edəcək, nəinki bizim hansısa sahədə irəli getməyimizə. 

 

- Dünyada tək dəyişən texnologiya deyil, insanların seçimləri, maraqları, hətta cinsiyyətləridir. Hazırda da insan hüquqları məsələsində cinsi azlıqların hüquqlarının qorunması məsələsinə yanaşma fərqlidir. Siz bu barədə nə düşünürsünüz, Azərbaycan bu sahədə hansı yanaşmadan istifadə etməlidir?


- Onların hüquqlarını qətiyyən müdafiə etmək olmaz. Onlar cəmiyyət üçün xəstə insanlardır, biz onların hüquqlarını müdafiə edib cəmiyyətdə bu tendensiyanı yaymalı deyilik. Mediada onları daha çox göstərib, hüquqlarını qanun səviyyəsində qorumaqla bu xəstəliyi yaymaq düzgün deyil, ondansa gedib evlərində otursunlar. Azərbaycan mentalitetində cinsi azlıqlarla bağlı çox mənfi reaksiya var və heç kim onların hüquqlarının qorunması, azadlıqlarının müdafiəsinin tərəfdarı deyil. Azərbaycan da bu cür xəstə insanlar üçün qanun qəbul etməməlidir. 
 

- Azərbaycandakı əfv siyasəti haqqında da danışaq. Bu prosesi şəffaf qiymətləndirirsinizmi, bu yaxınlarda gözlənilən əfv prosesində kimlərin azad olunmasını istərdiniz?
 

- Cənab Prezidentin əfv siyasəti təqdirə layiqdir. Hər il əfv siyasətinə uyğun olaraq ondan yüzlərlə insan bəhrələnir. Hüquq müdafiəçisi olaraq biz bu siyasəti həmişə dəstəkləmişik. Əfv haqqında əsasnaməyə görə,  cazasının yarısını çəkmiş şəxslər bağışlanmaq üçün müraciət edə bilərlər. May ayında da növbəti əfv sərəncamının verilməsi gözlənilir və bunun daha çox məhkumu əhatə edəcəyini düşünürük.
Kimlərin əfv siyahısına düşəcəyi saf-çürük olunur – dəymiş zərərin ödənilməsi, cəzasının hansı hissəsinin çəkilməsi, əfvə düşəcəyi təqdirdə yaşana biləcək təhlükələr və sair. Elə adamlar var ki, ağır cinayətlər edib, bir neçə dəfə cinayət törədib, təbii ki, bu cür adamların əfvə düşməsi o qədər də məqsəduyğun deyil. Biz bu mövzuda Əfv kommissiyası, Adminstrasiyanın müəyyən şöbələri ilə də işləyirik, hər dəfə bizlərdən müəyyən siyahı istənilir. Hüquq müdafiə təşkilatlarının monitorinq qrupu var. Orada Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənanyarlı və mən varam. Biz hər il komissiyaya əsaslandırılmış siyahılar göndəririk, amma bəzən bizdən soruşurlar ki, adlar açıqlayın. Biz bu vaxt ad açıqlaya bilmərik, çünki dərhal başqaları deyir ki, bizimkinin adı niyə orada yoxdur və sair. Bu baxımdan adların çəkilməsi düzgün deyil. Biz özümüz də müzakirələr aparır, toplantılar keçiririk. Komissiyaya təqdim etdiyimiz siyahıda 30-40 nəfərin adı olur. Vaxt olub ki, siyahımızda 30 nəfər əfv sərəncamının təsiri altına düşüb. Buna görə əməkdaşlığımızı davam etdiririk və düşünürük ki, o şəxslərin azadlığa çıxmaq hüququ varsa, biz də çalışmalıyıq ki, onlar buraxılsın. Təbii ki, bizə müraciətlər olunmalıdır. Biz özbaşına kiminsə adını siyahıya əlavə edə bilmirik. Müraciəti ya ailəsi, ya özü edə bilər. Bu yaxınlarda jurnalist Əvəz Zeynallının azad edilməsi ilə bağlı müraciətlər oldu. Bizə birbaşa bu haqda müraciət olmasa da, doğurdan da o xəstədirsə, onun üçün də müraciət edəcəyik. Bundan başqa, siyahı yaradarkən həmin məhbusun ailəsinin maddi vəziyyətini də göz önünə gətiririk. Bu hallarda özümüz həmin ailələrlə kontakt yaradıb əfvə müraciət edirik. Əfv kommisiyası ilə işimizi normal hesab edirik və bizə heç vaxt yox deməyiblər. Təbii ki, bizim siyahılar da kommisiya tərəfindən müzakirə olunur. 

 

- Son günlər xaricdəki söyüş blogerlərinin ölkəyə gətirilməsi də ciddi müzakirə olunur, onların burada  hüquq qarşısında cavab verməsi gözləniləndirmi?
 

- Baş Prokurorluğun xaricdə olan blogerlərlə bağlı cəmiyyətə verdiyi açıqlamaları əvvəllər də olub. Onlar haqqında qiyabi hökmlərin çıxarılmasına start verilib. Belə ki, onlar çağırışa gəlməsə, qiyabi qaydada mühakimə olunma məsələsi gündəmdədir. Onları Azərbaycana təhvil verməyəcəklər, mən buna inanmıram. Bu sadəcə onların Türkiyə kimi ölkələrə səfəri zamanı baş verə bilər. Həmin şəxslərin maliyyələşməsi və təhlükəsizliyini dövlətlər öz üzərinə götürüb ki, bundan da Azərbaycana qarşı istifadə edirlər.

 

-  Əgər bugünkü təcrübənizlə 20 yaşınıza qayıtsaydınız, nəyi fərqli edərdiniz? Siyasi fəaliyyətiniz çoxşaxəlidir, bunu dəyişdirməyə çalışardınızmı?


- Bugünədək yaşadığım dövrü şərəfli yaşamışam. Gənclik illərimdə Azərbaycanın müstəqilliyi istiqamətində mübarizəyə qoşulmuşam – tutulmuşuq, buraxılmışıq, çox əziyyətlər çəkmişik, qorxu keçirmişik, müəyyən zərbələr almışıq. Amma müstəqilliyə nail olmaq üçün o hərakatın öncüllərindən olmaq mənim üçün şərəf və ləyaqətdir. Müstəqilliyi elan edərkən Xalq Cəbhəsinin İdarə Heyətində yer aldım. İndiyədək bütün illərdə radikalizmdən uzaq olaraq öz fikirlərimi istənilən siyasi hakimiyyətə çatdıra bilməyi bacarmışam. Sivil və demokratik yolla fikir bildirmişəm, müəyyən vəzifələrdən olmuşam, itirdiyim nəsə olmayıb. Bütün sahələrdə mənim üçün önəmli fərd olaraq imicimi qoruyub saxlamaq və maksimum hədəfim dövlətim, onun suverenliyi və milli maraqlarını qorumaq olub. Bu da hər zaman dəyərləndirilib. 2017-ci idlə cənab Prezident tərəfindən mənə “Şöhrət” ordeni elə-belə verilməmişdi, bu mənim ictimai-siyasi fəaliyyətimə görə idi. Geriyə baxanda itirdiyim nəyisə görmürəm. Bu gün də dövlətin yanındayam. Dövlət hamımızındır, siyasi hakimiyyətlər əbədi deyil bu gün gələn bir gün gedir, amma dövlət əbədidir. Dövləti qorumaq, onun mənafeyini müdafiə etməksə, hər adamın işi deyil. Bu günə qədər gəldiyim yolu yenidən təkrarlamalı olsaydım, yenidən o yolu gələrdim.

Hərəkatda olmuş insanların hamısı ilə normal münasibətim bu gün də qalır, təbii ki, aralarında incik düşdüklərim də var. Hansı ki, mənim uğurlarıma sevinməyib, arxamca danışıblar. Amma heç kimlə düşmənçilik münasibətim yoxdur. Xeyirdə, yasda görüşürük, bəziləri ilə - Pənah Hüseyn başda olmaqla görüşürük, çay içirik, nərd oynayırıq. Hərəkatda olan hər kəs vətənə-dövlətə xidmət edən şəxslər olub. Onların indiki baxışlarında müəyyən radikalizm olsa da, dövlətin müstəqilliyi uğurunda apardıqları mübarizə unudulmamalı və müəyyən dəyər verilməlidir. Belə hesab edirəm ki, yanlış ifadə və yanlış siyasi baxışa görə onları kəsib atmaq lazım deyil, əksinə, onları dövlətə yaxınlaşdırmaq və istifadə etmək lazımdır. O vaxt, biz gənc insanlar idik və hərəkata 20 Yanvardan, tanklardan keçib getdik. Nəticədə ölkəmizin müstəqilliyinə nail ola bildik. Bu müstəqilliyə nail olan hər kəsə dəyər vermək lazımdır. 


- IV – V çağırışlarda parlament seçkilərində iştirak etdiniz və deputat kimi fəaliyyətə başladınız. VI çağırışın seçkilərində də iştirak etdiniz, nəticələr ləğv olundu. 2024-cü ildə isə seçkilərə getmədiniz. Gələcəkdə yenidən parlamentdə təmsil olunmağı düşünürsünüzmü?


- Bugünkü fəaliyyətim məni qane edir. 2020-ci ildə gözləmədiyim halda nəticələr ləğv olundu və bunun da arxasında müəyyən qüvvələr dayanırdı. O vaxt İmişlidə icra başçısı işləyən, hazırda həbsdə olan Vilyam Hacıyev həmin pozuntuların başında dayanan biri idi. Mən həmin rayondan 10 il idi ki, deputat idim, hər kəs məni tanıyırdı. Bir iş adamının da nümayəndəsi gəlib aktiv fəaliyyət göstərirdi, icra başçısı da ona şərait yaradırdı. Mən ona o vaxt zəng etdim, dedim ki, sən onlardan 100 min manat pul almısan, belə işlərə qarışma, heç mənə də kömək etmə. Məntəqədə nəticələri qaraladılar və nəticə etibarı ilə səslər sayılmadı. Pandemiya dövründə hesab edirəm ki, bir çox millət vəkildən daha çox telekanallara ordumuzu, xalqımız, dövlətimizi, Prezidentimizi dəstəklədim. 2020-ci ildən 2024-cü ilin sentyabrına qədər mən 365 dəfə teleməkanda oldum, onlayn mediada müsahibələrlə çıxış etdim. Deputat olmasam da, deputaların çoxundan aktiv ictimai-siyasi fəaliyyətimi həyata keçirirəm və düşünürəm ki, bu, mənim vətənə borcumdur. Elə hesab edirəm ki, vəzifə tutmaq, deputat olmaq şərt deyil. Xalqının, dövlətinin yanında olmaq əsasdır. Hazırda insan hüquqları fəaliyyəti ilə məşğulam, ofisimiz var, vətəndaşları qəbul edirik, dövlət bizə hər sahədə dəstək göstərir, bundan da razıyıq. Bütün hallarda həm savadım və statusum, həm də yaş həddim imkan verir ki, işlərin öhdəsindən gələ bilim. Qarabağdakı qələbədən sonra - 2021-ci ildə YAP-ın üzvü olmaq üçün Prezidentə müraciət etdim, o da mənim bu istəyimi xoş qəbul etdi. 2024-cü il seçkilərində isə partiya mənim deyil, başqa namizədin mandatını qəbul etdi. Mən də buna hörmətlə yanaşdım və peşman da deyiləm. Hələ də bir çox insan elə bilir ki, mən deputatam və buna görə mənə müraciət edirlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir