Modern.az

Əsgərimə!

Əsgərimə!

5 Aprel 2016, 09:26

Cəsur, igid əsgər qardaşım əvvala deyim ki, mən sayəndə sağ-salamatam, sənin də sağ-salamat olman üçün Allaha dua edirəm. Cəsur əsgərim, Bakıda bir neçə gündü  havalar soyuqdu, güclü külək əsir. Külək özüylə Qarabağ qoxusu gətirdiyi üçün bu məktubu sənə yazmağa qərar verdim.

Səndən sormaq istədim: Qarabağda havalar necədi? Burda deyirlər ki, ordumuz işğalçılara dərs verir. Kəndlərimiz pis məxluqların işğalından azad edilib. Əsgərim, o məxluqların adını çəkib o gözəl könlünü bulandırmaq istəmirəm. Amma mən könlümdən keçənləri sənə yazmaq istədim.

Gözlərim yaşlı, əllərim titrəyərək yazıram. Yox, yanlış anlama. Bu sevinc gözyaşlarıdı, əllərim həyacandan titrəyir. Sən məni bilirsən axı. Mən müharibə uşağı, müharibə gənciyəm. Artıq yaşlanıram, indi də yurd həsrəti çəkən orta yaşlı nəsiləm. Nələr yaşadığımı bilirsən əsgərim, 23 ildir qəlbim gülmədi. Qaçqın adıyla böyüdüm, məclislərdə başı aşağı oturdum.  Yurd həsrətiylə yandım, kül oldum. Əsgərim, burda şəhid xəbərləri alırıq. Bilirsənmi artıq bu xəbərə ağlamırıq, qürürlanırıq. Bizim qardaşlarımız vətəni üçün savaşır. Əvvəllər şəhid xəbərlərindən vahimələnərdik. İndi qəribə cəsarət gəlib bizə. Canım qardaşım, əsgərim, bilirəm bu məktubu oxuyanda çox həyəcanlanacaqsan, bəlkə də bir az kövrələcəksən. Amma siz bizə elə bir dərs verdiniz ki...

Nə zamandı içimizdə birikmiş sualları, inamsızlığı alt-üst etdiniz. Məktubu oxuduqdan sonra məni bağışla. Sənə bir etirafım var. İçimdə “bizim ordumuz edə bilməz, biz elə gözləmə mövqeyində qalacağıq” hissi vardı. Utanıram deməyə, ınanmırdım sizə. Məni bağışla, haqqını halal et! Mənə elə bir dərs verdin ki... O yuksəkliklərə sancdığınız bayrağımız mənə dərs oldu.



Əsgərim, bir etirafım da var. Deyirdim ki, müharibə başlasa, hamı qaçıb gizlənir, biz bir ola bilmərik, falan, filan... Məni bilirsən, bəzən emosional oluram. Amma göstərdiniz ki, mənim xalqım heç dəyişməyib. Ruhuna qurban olduğum bir qığılcımla alovlanırmış. Bir olub, dünyaya meydan oxuyurmuş. Əziz əsgərim,  bilirsənmi son 23 ildə ilk dəfədi, uşaqdan böyüyə, dəlidən ağıllıya, sevənindən seviməyəninə hər kəsin qulağı Qarabağda, hər kəsin dilində Qarabağdı. İlk dəfədir ki, hər şeyi Qarabağdan gələcək xoş xəbərlərə qurban verərik. İlk dəfədir insanların hamısı eyni dildən danışır. Uzun zamandı Azərbaycan bu qədər bir olmamışdı. Sanki hamımız qohumuq, eyni ailənin üzvüyük. Küçədə bir-birimizin üzünə ümidlə baxırıq. Bilirsənmi uzun zamandı əlaqəm olmayan dostlarım belə, mənə zəng edir, mesaj yazır. Sən ordasan axı. Bəlkə məndən bir xəbər duyurlar deyə.

Uzun zamandı ilk dəfə məktub yazıram, bax, qələbə ruhu, döyüş ruhu məni də dəyişdi. Dünən Şəhidlər xiyabanına da getdim, şəhid qardaşına dedim ki, rahat yat. Sənin kiçik qardaşın ordadır, irəlidədir! Bizi Ağdama, Şuşaya, Zəngilana, Cəbrayıla, Qubadlıya, Füzuliyə, Kəlbəcərə aparacaq.

Əsgərim, bilirəm bəlkə də məktubumu sona qədər oxumayacaqsan. Buna zamanın yox, mən isti otaqda rahat yazarkən, sən soyuq səngərdə atəş püskürürsən. Mən indi isti yatağıma girib yatacam!  Əsgərim, sənə bu gün hər gündən daha çox güvənirəm. Sənə Güvənirəm!!! Döyüşdən sonra məktubuma cavab yaz!

Lütfən şəhid olmayın! Siz də bizim üçün aldığınız torpaqlarda səfa sürün. Bilirəm, deyəcəksən şəhidlik uca mərtəbədir, hər kəs orda ola bilməz. Bilirəm əzizim, amma bizim o mərtəbədə çox qardaşlarımız var! Siz qalib olun, bərabər sevinək!  Əziz Əsgərim, vida zamanı gəldi, sən səngərdə, mən isti yatağımda. Amma uzun zamandı ilk dəfə sabaha ümidlə yatacam. Yatacam  ki, sabah Vətən bayrağını Qarabağa sancılmış görüm. Bu gün yatağımda sağa-sola dondükcə ilk dəfə sabah evə hardan bazarlıq edim, bank borcunu neçə ödəyim fikriylə dönməyəcəm. Çünkü hər tərəf Qarabağ qoxur. Hər tərəfdən Vətən ətri duyuram. Salamat qal igidim! Salamat qal qardaşım, salamat qal Əsgərim! 

P.S.Unutmuşdum, qonşu qızın da salamı var. Məktubun üzərinə çilədiyimiz ətir qoxusu da onundu...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!