Modern.az

Ağsuda içməyə ağ su tapılmır…

Ağsuda içməyə ağ su tapılmır…

6 Yanvar 2011, 13:46

Ağsulu jurnalistlər doğulduqları bölgədən danışırlar


“Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” layihəmizin bu dəfəki unvanı Ağsu rayonudur. Ağsulu jurnalistlər doğulduqları bölgənin iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə Modern.az saytına danışıblar.

“Hələ o səviyyədə inkişaf etməmişik ki, kənd yollarımız şəhər yolları kimi abad olsun”

Ağsu rayonundan olan həmkarımız, “Azərbaycan” qəzetinin əməkdaşı Samir Elmanoğlu bildirib ki, son illər Ağsu rayonunda müsbət istiqamətdə irəliləyişlər hiss olunur:
“Bir vaxtlar diqqətdən kənarda qalan, ərazicə kiçik, böyük iqtisadi potensialı olmayan, baxımsız Ağsu rayonunda son illər quruculuq işləri sürətlə gedir. Rayon kifayət qədər abadlaşıb. Hər halda Ağsuya qədəm qoyan insanlar onun simasının dəyişdiyini aydın görə bilər. Rayonumuza girişdə insanların istirahəti üçün böyük park salınıb. Eyni zamanda, əgər əvvəllər rayon mərkəzində yollar bərbad idisə, son illər yolların, səkilərin abadlaşdırılması, yaşıllaşdırma işləri göz oxşayır”.

S.Elmanoğlu rayonun ən ciddi probleminin – içməli su çatışmazlığının son illərdə  həll olunduğunu da deyib: “Ölkə başçısının sərəncamı ilə Ağsu rayonunda təbii bulaqlardan su çəkilişi üçün 3 milyon 700 min manat vəsait pul ayrılmışdı ki, bununla da əhalinin ən ciddi problemlərindən biri həll olunub”.

Həmkarımızın sözlərinə görə, Ağsu rayonunda insanların  əvvəldən xüsusi ənənəvi məşğulluq sahələri olub:
“Əvvəllər rayon sakinləri üzümçülüklə məşğul olub. İndi həmin sahələr bərpa olunur, üzüm plantasiyaları salınır. Yəni bu sahə  üzrə də müsbət meyllər özünü göstərir.

Rayonda hazırda bir sıra sənaye müəssisələri işə salınıb ki, bu da işsizlik probleminin həlli baxımından əhəmiyyət kəsb edir. Amma işsizlik problemi hələ də qalmaqdadır və Ağsu rayon rəhbərliyi mənim müşahidələrimə görə bu istiqamətdə müəyyən işlər görür”.

Samir Elmanoğlu Ağsu kəndlərinin qaz, işıq, yol problemlərindən də danışıb: “Ümumiyyətlə, Azərbaycan kəndlərinin Sovet dövründən yol problemi olub və o problemlər indi də mövcuddur. Bununla belə, nəzarə almaq lazımdır ki, bizdə yolların təmiri səviyyəsi hələ kəndlərə qədər gedib çatmayıb. Hələ biz o səviyyədə inkişaf etməmişik ki, kənd yollarımız şəhər yolları kimi abad olsun. Şəhər mərkəzi ilə kəndləri birləşdirən yollar isə Avropa standartlarına uyğun olmasa da, nisbətən təmir olunub.

Əvvəllər kəndlərin əsas problemlərindən biri qaz xətlərinin çəkilməsi ilə bağlı idisə, son illərdə bu istiqamətdə də əhəmiyyətli dəyişikliklər hiss olunur. Artıq bir sıra kəndlər mavi yanacaqla təmin olunub.

İşıqla bağlı isə heç bir problem yoxdur. Hətta bayramda rayonda olduğum müddətdə elektrik enerjisinin verilməsində heç bir fasilə olmadı”.

S.Elmanoğlu rayonun səhiyyə və təhsil sistemi barədə fikirlərini bildirib: “Ağsuda Mərkəzi Xəstəxana əvvəl bərbad vəziyyətdə idi, amma sonar əsaslı təmir olundu. İndi orada müalicə üçün yaxşı şərait var.

Rayonda təhsilə maraq isə  həmişə olub. Orta məktəblərin hər zaman güclü müəllim potensialı olub. Amma təmirə ehtiyacı olan məktəblər də var. Təbii ki, bu istiqamətdə müəyyən addımlar atılır”.

S.Elmanoğlu Ağsu rayon İcra Hakimiyyəti və deputatın fəaliyyətini yüksək qiymətləndirib.

“Rayonun icra başçısını şəxsən tanımasam da, bilirəm ki, Ağsudandır. İcra başçısının rayonu tanıyan şəxs olması çox önəmlidir. Buna görə o, həmyerliləri ilə təmaslara üstünlük verir və doğulub boya-başa çatdığı rayonun hansı problemlərinin olduğunu daha yaxından bilir. Bu baxımdan son illər icra başçısının sadə vətəndaşlarla ünsiyətinin intesivləşdiyini eşidirəm.

Deputat Ərəstun Cavadov isə Ağsuda kifayət qədər hörməti olan və əhalidən real olaraq səs qazanan millət vəkilidir. O, son 5 ildə də rayonun abadlaşmasında, gənclərin təhsil almasında, abituriyentlərin ali məktəblərə hazırlaşması prosesi üçün xüsusi mərkəzin açılmasında və digər xeyriyyə işlərinin həyata keçirilməsində bilavasitə iştirak edib. Ağsu rayonu üçün Ərəsrun müəllim bir deputatın görə biləcəyi işlərdən daha çox iş görür”.

“Ağsuda təhsilin keyfiyyətində problemlər var” 

Digər ağsulu jurnalist - “Kaspi” qəzetinin baş redaktor müavini İlham Quliyev isə bildirib ki, respublikadakı inkişafdan onların da rayonuna pay düşür: “10 il bundan əvvəllə müqayisədə rayonda xeyli dəyişiklik, inkişaf var və hər dəfə ora gedəndə bunu hiss etmək mümkündür. Xüsusən Ağsunun mərkəzi abadlaşdırılıb, yeni binalar tikilib, yollar təmir olunub, küçələr səliqəyə salınıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində Ağsuda da xeyli işlər görülüb”.

İ.Quliyevin sözlərinə görə, yeni iş yerlərinin açılması istiqamətində də müəyyən addımlar atılır: “Rayon mərkəzində yeni müəssisələr işə salınıb. Bundan başqa, Ağsunun kəndlərində nar bağları salınıb və camaat orada aylıq maaş ilə işləyir ki, bu da onların sosial vəziyyətinin yaxşılaşmasına kömək edir.

Amma Ağsuda ciddi problemlər də var və onlar həllini gözləyir. Rayonda işsizlik problemi bu gün də aktual olaraq qalır. Rayon mərkəzində, kəndlərdə xeyli sayda işsiz insan var. Buna görə də əhali işləmək üçün paytaxta gəlir. Son dövrlər paytaxtda tikinti işlərinin bir qədər səngiməsi ilə əlaqədar bu sahədə də problemlər mövcuddur”.

Həmkarımız Ağsu rayonun qaz, işıq, su və yol problemlərindən də danışıb: “Rayon kəndlərinin ciddi yol problemi var. Anadan olduğum Xəlilli kəndinin təxminən 12-13 km-lik yolu çox bərbad vəziyyətdədir. İpək yolunun çəkilməsi ilə əlaqədar kəndin yaxınlığından ağır maşınların keçməsi bu yolu bərbad vəziyyətə salıb və bu günə qədər yolun yenidən çəkilməsi istiqamətində ciddi addım atılmayıb.

Rayonun bəzi kəndlərinin içməli su problemləri var. Kəndlərin bir qismi işməli su kimi Kür suyundan istifadə edir ki, onun da təmizlik səviyyəsi qənaətbəxş deyil.

Rayon kəndlərinin əksəriyyəti qazlaşdırılmayıb. Buna görə də qış aylarında əhali əziyyət çəkir. Bir maşın odunu 400-500 manata almaq məcburiyyətində qalırlar ki, bu da çoxlarının imkanı daxilində deyil.

İşıq problemi isə demək olar ki, həll olunub. 90-ci illərin əvvəlindən axırına qədər bu sahədə də ciddi problemlər var idi, işıq fasilələrlə verilirdi. Amma son 4-5 ildə elektrik enerjisinin təminatı məsələsi öz həllini tapıb.

Ümid edirik ki, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı  Dövlət proqramları çərçivəsində bu qeyd etdiyim problemlər həllini tapacaq”.

Ağsuda təhsilin keyfiyyətində problemlər olduğunu deyən İlham Quliyev səhiyyə sahəsində isə vəziyyətin normal olduğunu qeyd edib: “Ümumi götürsək, bütün respublikada olduğu kimi Ağsuda da məktəb yaşlı şagirdlərin təhsil alması ilə bağlı ciddi problem yoxdur. Bütün kəndlərdə məktəblər var və ya yeniləri tikilib, amma təhsilin keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələrinə diqqət yetirəndə Ağsudan ali məktəblərə qəbul olan abituriyentlərin sayının çox az olduğunu görürük və buna əsaslanıb deyə bilərik ki, rayonda təhsilin keyfiyyətinin artırılmasına böyük ehtiyac var.

Səhiyyə sahəsində respublikanın digər rayonlarında vəziyyət necədirsə, Ağsuda da elədir. Uşaq xəstəxanası, Mərkəzi xəstəxana var, böyük kəndlərdə tibb məntəqələri fəaliyyət göstərir. Burada təbii ki, yüksək səviyyəli xidmətdən danışmaq mümkün deyil, amma elementar səviyyədə xidmətlər göstərilir”.

İ.Quliyev rayonun icra başçısı və millət vəkilinin əhali ilə münasibətləri barədə də fikrini bildirib: “Yaxınlarımdan eşitdiyim məlumata görə, rayonun yeni icra başçısı təyin olunandan sonra bu istiqamətdə müsbət irəliləyişlər var.

Ağsudan seçilən millət vəkili isə qonşu kənddəndir və seçkiqabağı gəlib əhali ilə görüşüb, onlara müəyyən vədlər verib, qaz, yol problemlərini həll ediləcəyini bildirib. Vətəndaşlar şəxsi problemləri yarananda da ona müraciət edir və onun səlahiyyətlərindən kənar olsa da, kömək ala bilirlər. Amma reallıq hamıya məlumdur ki, rayondakı problemlərin həlli deputatdan asılı deyil”.

“Ərəstun Cavadovun gəlib vədlər verdi, seçildi, sonra da çıxıb getdi” 

“Olaylar” İnformasiya Agentliyinin Ağsudan olan əməkdaşı Samir Güləliyev bildirib ki, Ağsu rayonun iqtisadi vəziyyəti normaldır.

“Rayona yeni icra başçısı təyin olunub, mərkəzdə abadlıq işləri aparılır, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət yetirilir”.

S.Güləliyev son vaxtlar rayon əhalisinin dolanışığının da yaxşılaşdığını qeyd edib: “Kənd camaatının əsas məşğuliyyəti əkinçilik, taxılçılıqdır və sahibkarlığa normal şərait yaradılıb. İnsanların əlavə iş yerlərində işləməsi üçün biznes sahələri var, yeni sənaye müəssisələri açılıb. Burada rayon əhalisinin bir qismi işləsə də, işsizlik problemi yenə də qalmaqdadır”.

Həmkarımız rayonun qaz, işıq, yol problemlərindən də danışıb: “Bu sahədə problemlər hələ də qalır. Tədricən həll olunur, amma tam başa çatmayıb. Rayon mərkəzinin yolları yaxşı olsa da, kəndlərə gedən yollar bərbad vəziyyətdədir. Bəzi kəndlərin qazlaşdırılması hələ tam başa çatmayıb. İşıq isə son iki ildə artıq fasiləsiz verilir”.

Jurnalistin sözlərinə görə, Ağsuda təhsilin səviyyəsi çox aşağıdır: “Təhsilin keyfiyyətindən danışmağa dəyməz. Son ilin statistikası göstərir ki, keçən tədris ilindən əvvəlki 4-5 ildə Ağsudan ali məktəbə qəbul yoxdur”.

“Rayon mərkəzindəki xəstəxana normal vəziyyətdədir, amma kəndlərdəki xəstəxanalar elə də yaxşı deyil, ordakı vəziyyət bərbaddır”-deyə müsahibimiz əlavə edib.

Samir Güləliyev icra başçısının əhalinin problemləri ilə maraqlandığını vurğulayıb: “İnsanları qəbul etdiyinə görə yəqin ki, onların problemləri ilə də maraqlanır. Amma son iki ilə qədər belə şərait yox idi. Yeni icra başçısı təyin olunandan sonra insanlar istənilən vaxt qəbula yazılıb, dərdlərini deyə bilirlər. Problemlərinin həll olunub-olunmadığı barədə isə heç bir məlumatım yoxdur.

Ağsudan seçilən millət vəkili isə seçiçilər ilə maraqlanmır. 5 il bundan əvvəl seçilən Ərəstun Cavadovun - Mərkəzi Univermağın sahibinin - üzünü rayon camaatı ötən seçkilərdə görüb. Gəlib vədlər verdi, seçildi, sonra da çıxıb getdi”.

Camaatın işləməsi üçün xüsusi müəssisələr yoxdur…

“Pensiyaçı” qəzetinin redaktoru Soltan Soltanlı Ağsunun iqtisadi vəziyyətinin başqalarına nisbətən zəif olduğunu bildirib:

“Amma əvvəlki illərə nisbətən rayonda inkişaf meyilləri də var, rayon mərkəzi yaxşı abadlaşdırılıb, quruculuq işləri aparılır. Ümumilikdə, rayon mərkəzinə tez-tez gedib gəlmədiyim üçün ancaq öz doğulduğum kənd - Kalva kəndi barədə danışa bilərəm. Qədim kənddir, “Kalva” sözü qədim türk sözüdür, mənası “kalafa” deməkdir. Bizim kəndimiz dağların başındadır. Ən azı 800-1000 yaşı var”.

S.Soltanlı qaz, işıq və yol problemləri barədə danışarkən bunları deyib:

“Kənddə qaz xətləri hələ də yoxdur. Bizim kəndə qaz çəkilişi dayandırılsa da, qonşu iki kəndə mavi yanacaq boruları çəkilib. Qaz borusu bizim kəndin yaxınlığına qədər gətirilib. Hardasa iki ildir ki, o xəttin çəkilişi dayanıb.
İşıq isə hər zaman verilir.

Yol problemi kəndin ən aktual problemidir. Dağların başına 15-20 km daşlı yollarla gedirik. Bu yola ilk dəfə asfalt 1995-ci ildə salınıb, daha sonra isə həmin yol dağılıb, indi pis vəziyyətdədir.

Kəndin su problemi də həll olunub. Eşitdiyimə görə dağdan təzəlikcə su çəkilib, məhəllələrə bölüşdürülüb”.

Həmkarımız təhsil, səhiyyə sistemi barədə də fikirlərini bildirib: “Kəndimizdə bu ilin sentyabrında yaxşı məktəb tikib istifadəyə verdilər. Orada məktəb 130 ildir ki yaradılıb. İlk dəfədir ki, kəndimizdə belə müasir məktəb tikilib istifadəyə verilib. Bu müsbət cəhətdir. Problem isə məktəbdə müəllim çatışmazlığındadır.

Kənddə xəstəxana 2 il öncə tikilib istifadəyə verilib. Xəstəxanada peşəkar həkimlər fəaliyyət göstərir. Kalva rayonun ən böyük kəndidir, buna görə orada müasir xəstəxana və müasir kənd məktəbi tikilib əhalinin istifadəsinə verilib”.

S.Soltanlı deyir ki, kənddə qış uzun sürür, 5-6 ay qar yağır və dağ kəndi olduğundan havalar çox soyuq keçir.

Həmkarımızın sözlərinə görə Kalva kəndində böyük problemlərdən biri həyətyanı torpaqların qeyri-bərabər şəkildə zəbt olunmasıdır: “Bu torpaqlar düzgün bölünməyib və bu iş ləngidilir. Kimin nə qədər gücü çatır, torpaq sahəsi tutub, nəticədə ehtiyacı olan insanlar torpaq ala bilmirlər. Orada daimi yaşamaq, ev tikib qalmaq istəyənlər torpaq sahəsi tapa bilmirlər. Təbiəti gözəl olduğu üçün ətrafdan insanlar gəlir və bu da kənddə problemlər yaradır. Ən başlıcası, orada yaşayan əhalinin həyətyanı torpaq sahələrinin gənclərə verilməsi gərəkdir. Bu məsələdə də problemlər var”.

Soltan Soltanlı əhalinin əkinçilik, heyvandarlıq, kömürçülüklə məşğul olduğunu qeyd edib: “Əsasən meşədən ağacları qırıb gətirib kömür istehsal edirlər ki, buna da bizdə “batma” deyirlər. Kənddə məktəb və xəstəxanadan başqa digər müəssisələrdə işləyənlər yoxdur. Torpaqlar camaata  paylanıb. Əkinçiliklə məşğul olanlar onu becərir, məşğul olmayanlar isə yəqin ot biçir.  Kəndimiz dağ kəndi olduğu üçün əhalinin dolanışığında da problemlər olur. Camaatın işləməsi üçün xüsusi müəssisələr yoxdur. Buna görə də kənd əhalisi sürətli şəkildə çıxır, Bakıya gəlib burada qalıb işləyirlər”.

Hurnalist icra başçısı ilə Ağsudan seçilən millət vəkilinin əhali ilə mütəmadi əlaqə saxlayıb, problemləri ilə maraqlanması barədə məlumatsız olduğunu qeyd edib:
“İcra başçısının əhalinin problemləri ilə maraqlanıb-maraqlanmadığı barədə heç bir şey deyə bilmərəm, çünki bu barədə məlumatım yoxdur.

Rayondan seçilən deputat barədə də həmçinin. Amma bildiyimə görə, o, ara-sıra, seçki ərəfəsində rayona dəyir. Bu ilin sentyabrında məktəbin açılışı vaxtı, eyni zamanda seçkilər zamanı gəlmişdi. Məncə rayon əhalisinin xüsusi narazılığı yoxdur”.

Aytən ƏLIYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı