Yaşlı oxuculardan üzr istəyirəm, 5-ci sinifdə oxuyan oğlum "Mənim arzum" mövzusunda inşa yazıb. Təxminən 10-12 cümlədən ibarət olan mətn bu sözlərlə başa çatır: "Ən böyük arzum odur ki, tezliklə müharibə başlasın və mən gedib torpaqlarımızı işğaldan azad edim".
Şahinin Azərbaycan dili dəftərini nəzərdən keçirərkən qarşılaşdığım bu mənzərə məni xeyli mütəəssir etdi. Uzun müddət onun qələmindən çıxan bu sözlərin təsiri altında qaldım. Xəyal məni qeyri-ixtiyari olaraq, ötən illərə qaytardı. Orta məktəbdə oxuyanda biz də tez-tez bu mövzuda inşa yazardıq. 1992-ci ildə buraxılış imtahanında bizə ədəbiyyatdan vətənpərvərlik mövzusunda inşa yazmaq tapşırılmışdı. Həmin gün mən "Azərbaycan - mənim vətənim" mövzusunda inşa yazmışdım. Birnəfəsə yazdığım mətni bu sözlərlə tamamlamışdım: "Arzum budur ki, Xocalı, Şuşa, Laçın tezliklə işğaldan azad olunsun".
İndi o vaxtdan təxminən 19 il keçir. Ötən müddət ərzində biz nəinki Xocalını, Laçını, Şuşanı işğaldan azad etdik, hətta Ağdamı, Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını da düşmənə təhvil verdik. Özümüz həll edə bilmədiyimiz problemi sümükləri hələ bərkiməmiş övladlarımızın kürəyinə yüklədik. İndi 11-12 yaşlı uşaqlarımız da bizimlə eyni qayğıları yaşayırlar. Budurmu onlara vəd etdiyimiz qayğısız gələcək?! Onların zərif çiyinləri babalarımızdan bizə miras qalan bu nəhəng problemin ağırlığına tab gətirəcəkmi?
Şahin deyir ki, siniflərindəki bütün oğlanlar torpaqlarımız uğrunda vuruşmağa hazır olduqlarını yazıblar. Onların ən böyük arzusu hər gün bir arpa boyda böyüyüb, əsgər forması geymək, yağı tapdağı altında olan torpaqlarımızı düşməndən azad etməkdir. Müharibəyə aid terminlər son vaxtlar uşaqların leksikonunda daha çox yer tutmağa başlayıb. Hətta balaca qızlar da özlərinin sevimli gəlinciklərini oyuncaq silahlarla əvəz etməyə başlayıblar. Əlbəttə, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi məni çox sevindirir. Amma bu sevincimin üstünə su çiləyən, məni üzən daha ciddi səbəblər var: görünür, övladlarımız atalarının işğal altında olan torpaqlarımızı bir gün azad edəcəyinə daha inanmırlar. Buna görə də çiyinlərini özlərindən qat-qat ağır olan yükün altına verməyə hazırlaşırlar.
Bağışlayın, balalar...
...Şahin uşaq olanda anam hər gün ona kəndimizdən danışırdı. Nənəsinin kənd həyatından bəhs edən söhbətlərinə Şahin maraqla qulaq asırdı. Bir gün Şahin nənəsindən soruşdu: "Kəndimizə niyə getmirik?" Anam bu suala cavab verə bilmədi. Onun yanaqlarından süzülən iki damla göz yaşı uşağın üzünü islatdı. Həmin hadisədən sonra Şahin bir də nənəsinə bu sualı vermədi...
Yayda sinif yoldaşları öz kəndlərinə istirahət etməyə gedəndə biz Şahini Beyləqanda məskunlaşan köçkün qohumlarımızın yanına göndəririk. Uzaqdan bizim dağlar görünür. O dağlardan əsən külək onun körpə qəlbini riqqətə gətirir. Şahin bizim ellərdə bitən çiçəklərin ətrini ciyərlərinə çəkir. O yerlərin həsrətini çəkə-çəkə...
Bağışla, oğlum!..