Noyabrın 8-i Amerika seçki tarixinin ən böyük sensasiyalarından biri baş verdi və demək olar ki, dünya gündəmi dəyişdi.
Aparılan bütün rəy sorğularının və ekspert proqnozlarının əksinə olaraq Respublikaçılar partiyasının sədri Donald Tramp Demokrat rəqibi Hillari Klintonu üstələyərk ABŞ prezidenti seçildi.
Hadisənin gözlənilməzliyi fond birjalarında və dövlət başçıları arasında qısamüddətli şok effekti yaratdı. Dollar əsas valyutalara, o cümlədən avroya qarşı ucuzlaşdı, neft dəyər itirdi və s. baş verdi.
Lakin hadisənin şok effekti keçdikdən sonra ortada təbii sual yarandı – siyasi təcrübəsi olmayan, heç zaman dövlət vəzifələrində çalışmayan, qalmaqallı bəyanatları ilə daha çox şou-biznes aləminə yaxın olan Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti kimi ağır bir yükünü məsuliyyətini daşıya biləcəkmi? Merkel, Putin və s. siyasət akulaları ilə baş-başa gəlmək gücündə olacaqmı?
Xüsusən, Rusiya prezidenti Vladimir Putinlə Donald Tramp arasında münasibətlərin necə qurulacağı maraq kəsb edir. Sirr deyil ki, Obama ilə Putin arasında Suriya və Ukrayna məsələlərində fərqli yanaşma mövcuddur, tərəflər biri-birinə etibar etmir və əməkdaşlıq etməkdən çox uzaqdırlar.
Bu fonda Putin ilk növbədə ABŞ və Avropa ölkələrinin sanksiyalarının ləğvinə çalışacaq. Çünki Qərb mediası Trampı Rusiya prezidentinə simpatiyada və hətta ondan maliyyə yardımı almaqda ittiham edir.
Yeni prezidentin Putin haqda çıxışlarını yada saldıqda və onun bu çxıçlarına sadıq qalacağı təqdirdə doğurdan da Trampın rəsmi Moskva üçün ən ideal prezident olduğuna əmin olmaq mümkündür.
“Putin hər nə olsa da, bizim prezidentimizə hörmət etmir. Lakin onun Rusiyada böyük populyarlığı var, onu gördüyü işlərə görə sevirlər”. (2015-ci il 18 iyun)
“Əgər Vladimir Putin Suriyaya girib ordan İŞİD-i çıxarmaq istəyirsə, onu 100% dəstəkləyirəm. Kimnisə buna qarşı çıxmasını heç cür başa düşə bilmirəm”. (2015-ci il 10 noyabr)
“Putindən söhbət gedirsə, o, ölkəsi üçün çox vacib liderdir. O bizim Obamadan daha güclüdür. Bu faktıdır. Bu o demək deyil ki, bunu alqışlayıram”. (2016-cı il 10 mart)
“Putin əsl liderdir, ölkəni bərk əllə idarə edir. Bu tamam başqa sistemdir. Həmin sistem mənə xoş gəlməli deyil. Amma Putin öz sistemində Obama öz sistemində olduğundan daha çox lideridr. Putinlə çox, çox yaxşı münasibətlərim olacaq. Rusiya ilə çox, çox yaxşı münasibətlərim olacaq”. (2016-cı il 7 sentybar)
“Deyirlər ki, mən Putini sevmirəm. Mən Putini nə sevirəm nə də nifrət edirəm”. (2016-cı il 6 oktyabr)
“Klinton Putini ona görə sevmir ki, o, hər şeydə məharətlə Klintonu aldadıb. Putin Obamanı da məharətlə aldadıb. Mən Putini tanımıram, onunla görüşməmişəm. O mənim ən yaxın dostum deyil. Amma ABŞ Rusiya ilə yola getsə, hər halda pis olmaz”. (2016-cı il 19 oktyabr)
Bu açıqlamalardan da göründüyü kimi yaxın illərdə Donald Trampla Vladimir Putin arasında yaxın şəxsi münasibətlərin yaranması ehtimalı var. Hər iki liderin biri-biri haqda isti danışması, regional və qlobal münaqişələrdə mövqelərinin üst-üstə düşməsi, hətta Trampın Krımı Rusiyanın ərazisi kimi tanıya biləcəyini söyləməsi bu ehtimalları real edir.
İstənilən halda, Moskva-Vaşinqton yaxınlaşması qlobal təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərəcək. Digər tərəfdən isə iki nəhəng gücün yaxınlığı ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həllinə də pozitiv siqnallar verə bilər.
Və nəhayət, bəzi avropalı politploqlar Trampın prezident seçilməsini Putin tərəfindən Amerikanın SSRİ-ni dağıtmasına cavab addımı kimi də qiymətləndirirlər.
Vüqar İSMAYILOV