ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı rəhbəri Barak Obama arasında görüş yekunlaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə baş tutan görüşdə prezidentlər ölkənin daxili və xarici siyasətini müzakirə ediblər.
Barak Obama bildirib ki, hazırda ABŞ-ın qarşısında duran problemlərə birgə müqavimət göstərmək, həmçinin yaxın iki ayda hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək lazımdır.
Barak Obama Donald Trampla ölkənin yeni seçilmiş prezidenti qismində ilk görüşünü "möhtəşəm" adlandırıb.
Prezident Trampa kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Tramp da öz növbəsində bildirib ki, prezidentliyi dövründə məsləhət üçün Obamaya müraciət edəcək.
ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib. Bu barədə “Wall Street Journal” nəşri xəbər verir.
ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.
Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.
Qeyd edək ki, ABŞ-ın yeni administrasiyası Donald Trampın 20 yanvar 2017-ci il tarixində andiçmə mərasimindən sonra fəaliyyətə başlaycaaq.
21:56
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı rəhbəri Barak Obama arasında görüş başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə baş tutan görüş bir saatdan artıqdır ki davam edir. Tərəflər ölkədə "hakimiyyətin hamar keçidi"ni müzakirə edirlər.
21:20
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin hazırkı prezidenti Barak Obama ilə görüşmək üçün Nyu-Yorkdan paytaxt Vaşinqtona gedib. Modern.az saytı xəbər verir ki, “BBC”-nin məlumatına görə, Donald Trampı səfərdə həyat yoldaşı Melaniya Tramp müşayiət edir.
Məlumata görə, görüşdə hakimiyyətin ötürülməsinə dair məsələlərin müzakirə ediləcəyi də planlaşdırılıb.
Modern.az