Bakıda"Azərkitab" Kitab Təbliğatı Mərkəzinin açılış mərasimində çıxış edən xalq yazıçısı Çingiz Abdullayevin fikirləri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, xalq yazıçısı müasir gəncləri və cəmiyyəti kəskin tənqid edib. O, Azərbaycan xalqının kitab oxumadığını deyib.
Və sosial şəbəkələrdə Çingiz Abdullayev bu sözlərə görə müzakirə edilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, burada söhbət yazılı ədəbiyyatdan gedir.
“Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb bundan ibarətdir ki, yeni informasiya texnologiyaları yaranıb. Bir kitabı oxumaq üçün internetə daxil olmaq kifayətdir. Və yaxud müvafiq kitabxanadan kitabı götürmək üçün müəyyən məbləğdə pul köçürməklə əldə etmək mümkündür. Keçmişdə bunun üçün insanlar ezamiyyətə göndərilirdi. Bədii ədəbiyyatla bağlı növbəyə dururdu. Çünki kitablar az miqdarda çap olunurdu və hamı da oxumaq istəyirdi. İnsanların informasiya almaq mənbəyi çox az idi. İndi isə insanlar radiodan, televiziyadan, internetdən, hətta öz mobil telefonlarından bu informasiyaları rahatlıqla əldə edə bilirlər. Hazırda bədii ədəbiyyatla bağlı müxtəlif üsul və vasitələr var. İnsanlar istədikləri kitabları oxumadan da, qulaq-asa-asa bilir”.
Komitə sədri qeyd edib ki, insanlar indi kitab oxumaqdansa, bir-biri ilə yazışmağa daha çox vaxt sərf edirlər.
“Onlar sosial şəbəkələrdə hər hansı bir kitabın, əsərin , ictimai-siyasi prosesin müzakirəsini yox, gündəlik öz məşğuliyyətlərini müzakirə edirlər. Bu da kifayət qədər ünsiyyət imkanlarını məhdudlaşdırır. Çingiz Abdullayev dünyada tanınan Azərbaycan yazıçılarından biridir. O, ən çox kitabı çap olunan və oxunan yazıçıdır. İnsanların kitabları az oxumasında yazıçı problem də var. insanlara təsir edən yazılar olmalıdır ki, oxunsun”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, kitab oxumaqla əlaqədar Azərbaycanda çox ciddi problem var.
“Amma müasir gənclərin Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeləri çox yüksək səviyyədədir. Çünki onların mövqeyi Aprel döyüşlərində açıq-aşkar görünürdü. Kitab oxumaqla əlaqədar isə müəyyən işlər görülməlidir. Amma yenə də internet saytları, elektron kitabxanalar var. Yəqin ki, oradan müəyyən materiallar əldə edirlər və oxuyurlar”.
Mirmahmud KAZIMOĞLU