Sovet dönəmində qiymətli balıq növlərinin yetişdirilməsinə görə respublikada ilk yeri tutan Çaykənd Qızılbalıqartırma zavodunun yenidən qurulmasına ehtiyac duyulur. Hazırda illik kvotası 72 min ədəd olan müəssisədə iki cür Kür qızılı və əlvan formalı qızılı balıq yetişdirilir.
Modern.az saytının məlumatına görə, Sovet dönəmində ildə 1 milyona yaxın qiymətli balıq növlərinin yetişdirildiyi Çaykənd Qızılbalıqartırma zavodunda hazırda 200 minə yaxın qızıl balıq növlərinin körpələri yetişdirilir. 1953-cü ildə tikilərək istifadəyə verilən Çaykənd Qızılbalıqartırma zavodu vaxtilə Xəzər və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahələrindən birincisi olub.
Respublikamız müstəqillik qazandıqdan sonra bir neçə il baxımsız qalan zavod son illərdə dirçəliş dövrünü yaşayır. Hazırda “Qırmızı kitab”a düşmüş və nəsili kəsilmiş irili-xırdalı 200 min qızıl balğın yetişdirilməsi istiqamətində fəaliyyət göstərən müəssisə bu gün dövlət qayğısına böyük ehtiyac duyur.
Adıçəkilən zavodun direktoru İlham Məmmədov əməkdaşımıza bildirib ki, istehsalat sahəsi tam olaraq fəaliyyət göstərəcəyi təqdirdə zavod daxili və xarici bazarda qızıl balıq növlərinin satışını da təmin edə bilər. Qiymətli məhsulun yetişdirilməsi haqda danışan zavodun direktoru prosesin çətin və uzunmüddətli olduğunu bildirib.
Belə ki, zavodda 3 faza dövrünü yaşayan qızıl balıqlar kürüdən çıxandan sonra 2 il müddətində müxtəlif hovuzlarda bəslənilir. Onların qida rasionuna isə qurd süfrəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.
Müsahibimiz həmçinin deyir ki, qızılbalıqların yetişdirilməsində ən vacib komponentlərdən biri ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər.
Xaliq Qurbanov
Gəncə