Modern.az

Xalq Cümhuriyyətinin əlifba uğrundakı çabaları - Dil və əlifba

Xalq Cümhuriyyətinin əlifba uğrundakı çabaları - Dil və əlifba

1 Avqust 2017, 17:44

1 avqust  Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçid başa çatdırıldı. 1992-ci ildən başlanan latına keçid prosesi uzun müddətdən sonra müsbət sonluqla yekunlaşdı. O vaxta qədər isə “Xalqlar həbsxanası”nın 70 illik əsarəti öz buxovunu əlifbanın da üzərinə saldığından Azərbaycanda slavyan mənşəli kiril əlifbasından istifadə edilirdi.

Sovetin idarəçiliyi başladığı andan Şərqin ilk müsəman demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin birinci islahatı - əlifba dəyişiklliyi də belə boğulmuş oldu.

Modern.az Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı təqdim etdiyi bu yazıda 23 aylıq hakimiyyəti olan AXC-nin dil və əlifba islahatına nəzər salır.

100 illik yubileyinə hazırlaşdığımız Xalq Cümhuriyyətinin dil və əlifba islahatları barəsində verdiyi rəsmi qərarları elə o dövrün yazı üslubunu saxlamaqla tədqim edirik:
 

Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (27 iyun 1918)

 

“Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.

Üstündən çox keçmir ki, AXC-nin yeni hökuməti daha bir qərar qəbul edir: (mənbə: Azərbaycan Milli Ensiklopediyası. Mətn ruscadan tərcümə edilib)

Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı (28 avqust 1918)

 

1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın;

2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə, ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər;

 3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin;

 4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər;

5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin.

Gördüyümüz kimi, dil  islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılıb. Bunu əlifbaya da şamil etmək gərəkir. AXC hökuməti latın qrafikasına keçidə başlar-başlamaz süqut etdi. Təəssüf ki, o dövrün mətbuatının əsas hissəsi əski əlifbada çıxası oldu.

1919-cu ildə milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənildi.

AXC hökumətinin  əlifba sevgisi və onun vacibliyini anlamaq məsələsi təbii ki, birdən-birə meydana çıxmamışdı. Axundov və Zərdabidən başlanan əlifba islahatı modeli AXC-nin yarandığı dövrdə- XX əsrin əvvəllərində də aşağıdakı şəxsiyyətlərin sayəsində davam etdirildi:

Məhəmməd ağa Şahtaxtinski – Azərbaycanın ilk professoru olan maarif xadimi mətbuat, təhsil və ictimai sahələrlə yanaşı, dil və əlifba sistemində də müstəsna işlər görüb. O, 1871-ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873-1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. O, sonradan "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib.


Sultan Məcid Qənizadə
 - Azərbaycan maarif tarixində əsas simalardan biri olan Qənizadənin diqqət etdiyi ən ümdə amillərdən biri də dil idi. Çoxsaylı lüğətləri lk dəfə o, azsaylı məktəblilər üçün hazırlayıb. İlk orta təshil məktəbinin yaradıcılarından biri də Sultan Məcid Qənizadədir.

Əhməd bəy Ağaoğlu: Əhməd bəyin çoxşaxəli işləridnən biri də əlifba məsələsi olub. O, ərəb əlifbasının mətbuata əsl zərbə vurduğunu qeyd edirdi. Yazırdı ki, əsasən poetik və elmi üslub üçün keçərli olan ərəb qrafikası qəzet dilinə qətiyyən uyğun gəlmir. Bir sətri başa düşmək üçün oxucu xeyli fikirləşməlidir. Qəzet dili isə yüyrək olar.


N.Nihad

 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi